ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Atamın şəkli haqqı yadımdasan...

5045    |   2017-11-28 13:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az şair Oğuz Ayvazın şeirlərini təqdim edir.


Uşaqlıq şəhəri

əllərim quş kim uçmuşdu
günəş toplamağa gedərkən
at ayaqlarının tapdalayıb keçdiyi çöldən...
bir uşaq şəhəri salmışdı böyüklər
küçələrinə sevgi adı vermişdilər
1-ci sevgi küçəsində mən qalırdım
7-ci sevgi küçəsində o qız.
ayaqlarımı küçə tutub saxlayırdı
qızın pəncərəsi görünəndə
top aldığım gün qədər sevinmişdim
qızın saçlarına gül hörəndə...
böyüklər kölgə salırdı üstümüzə
topumuzu göydə tutub parçalayırdı
günəşə əlvida deyirdi göz yaşımız…
uşaq əllərimə sığışmırdı atamın ayaqqabıları
qucaqlaya bilmirdim onları
anama tərəf qaçırdım hər günəş batışında
bir də 7-ci sevgi küçəsinə…
hərdən sevdiyim qızın qollarına gecə düşür
ulduzları göstərirəm ona
hərdən təyyarələri göstərir mənə
deyir ki, atam keçib getdi
sonra buludların arasında yoxa çıxır atası...
bircə velosipedim yoxdu mənim
ayaqlarım hələ torpaqdan üzülməyib
əllərim isə havada uçur
günəşə qonur hər səhər
işıqlaşan uşaqlıq şəhərimizdə
yağışlı addımlar eşidilir qızın küçəsindən…




Yaşamağın səsi

kədərli gözlərini
üzündən çıxartmalıyıq dostum,
gözyaşları süzülən yanaqlarını da....
hərdən ay çıxanda,
qaranlıq güllə tək göy üzünə sancılanda,
aramsız yağış kimi başından döyən xatirələri,
bir də, bir də, dostum
şəkillərə baxıb
köks ötürməyini çıxarmalıyıq həyatından,
bir dəfəlik...
fikir çəkməyin də başını burax,
düşüncələrini qəfəsdən uçurt,
qoy otaq boyu uçsunlar,
sevdiyin qız üçün
özünü öldürməyi də yaraşdırmıram sənə...
ondansa bir ətirşah gülünü sev,
yaxşı qulluq eləsən
heç vaxt ayrılmaz yanından...
gəl səninlə oyun oynayaq dostum,
əzabları, ağrıları sevgiyə çevirək...
necə deyə soruşma
əlimizdə bir boşluq var, yəni heç nə,
o boşluq yaşamağın lap elə özüdür...
ölümünə yaşayacaqsan, dostum,
bütün əzalarını itirsən də,
ayaqlarını, əllərini, gözlərini...
amma dayan...
dayan, bir anlıq dinlə,
həyatın özü-özünə bəstələdiyi musiqini,
maşınların uğultusunu,
gəmilərin fit səsini,
qab-qacaqların,
dənizin, dalğaların,
itlərin, pişiklərin, qağayıların...
yəni bütün səslərin bir səs kimi gəldiyini eşit...
yaşamağın səsidir o,
yaşamığın səsi...
sən olmasan
bu bəstə yarımçıq qalacaq dostum,
küsmə həyata,
küsmə insanlara,
bəstəmiz yarımçıq qalmasın
səslər kəsilməsin...
gəl sənə yaşamağın sirrini deyim,
elə bir şey deyim ki,
yaşamaq sevdiyin adamın portreti kimi
asılsın başının üstündən...
dostum, qulaqlarında sırğa elə,
heç vaxt unutma:
ölmək istəsən
uşaqların gözlərində qaçışan həyata bax...


Quyruğu taleyindən kəsik

sən ey günəşin sakini
küçələri özünə vətən seçən
qulaqları sonuncu yarpaq tək əsən
quyruğu taleyindən kəsik köpək...
sümüyünü oğurladı kölgələr
çiynindən qaçaq düşdü bir mələk
gözləri çiskinli yağış köpək...
Tanrının axtarışıdı ayaqların
pəncələrində yara açıb yaşamaq
bir ümid asılıb boğazındakı tasmadan
sən ey günəşin sakini
quyruğu taleyindən kəsik köpək
adamlara quyruq bulaya bilməmək
necədir görən, gözləri çiskinli yağış köpək...
küçələri özünə vətən seçən köpək
necədir göyüzünü gözlərində yaşatmaq
ayın çıxmasına
ulduzların uçuşuna
günəşin batışına səhnə olmaq?
qovulmaq günəşin ölkəsindən
və hüznlü bir nəğməni
götürmək torpağın altına
sən ey günəşin sakini
quyruğu taleyindən kəsik köpək...


Anamın xatirəsinə

şəhərə anamın qalıqları yağırdı,
saçıma qonurdu əlləri
günəşə oxşayan əlləri...
islanmış küçəyəm indi mən,
maşınların işıqlarında görünən
qaranlıqlarda yox olan küçə
bir nəfərin gələ bilmədiyi küçə...
o bir nəfər
onu deyirəm
saçıma qonurdu əlləri
yoxluğunu yerkürəsindən asmışdı,
xatirəsi sulu qara çevrilmişdi,
ayaqlarından yetim qalmışdı küçələr
kağızlarda oxunmurdu kəlmələr...
sənsiz qalıb o küçə
uşaqlarla dolu küçə
burdan bir ömür keçə
üstünü örtə gecə...


Kibrit boyda gülüşlər

seviləcək bir tərəfim yoxdu mənim
balaca bədənim daşıyır nəhəng ağrıları
uşağa oxşayıram bir az
bir az yorğunam
bir az da qoca
gülüşlərim var amma...
kibrit boyda gülüşlər
parçalanmış üzümdə yanıb-sönərlər
mənə yaxın durma
sənə də bulaşar yanğınım
toxunma, qanayar əllərin
bir az uşağa bənzəyirəm mən
bir az yorğunam
bir az da qoca
gülüşlərim var amma...
həyatım uzaqlara gediş biletidi
mənə getmək üçün gəlir insanlar
gözlərimdən əvvəl əllərim ağlayar
tutmaq olmaz mənim əllərimdən
bir az uşağa oxşayıram düzü
bir az yorğunam
bir az qoca
gülüşlərim var amma...
məni sevmək çətindi biləsən
elə bil şüşə dağılmış evə
ayağıyalın girirsən
elə bil ölümlə çarpışan adamı
bir anlıq güldürürsən
çətindi məni sevmək
yaraşığım da yoxdu biləsən
bir az uşağa bənzəyirəm düzü
bir az utancağam,
bir az həssas
gülüşlərim var amma...
qardaşım Ayxan üçün...


Bağışla

mən gedəndə yarpaqlar tökülmüşdü o parka,
bir az içmişdim, şəhərə sənin adını pıçıldayırdım
sərxoşdum, bir az qışqırdım,
qabağıma çıxan qızlara sataşdım, bağışla...

paltarım bədənimə yapışmışdı elə bil,
adamlar işıqdan çıxıb arta-arta
bir qatar kimi üstümə gəlirdilər,
bu da sizin yol, tez-tez görüşdüyümüz yerlər
sənin keçdiyin küçələrə tüpürdüm, bağışla...

daha gözəl qızlarla baxışdım bu gün
sonra başladım arxanca deyinməyə,
ağzıma gələni deməyə, söyməyə,
Tanrını, səni, yoxluğunu...
sənə aldığım gülün başını üzdüm, bağışla...

küçəmiz sizin küçəyə bənzədi
bircə zibil maşınıdı fərq
qaranlıqda ağaca dırmaşan pişiyə daş atdım
pişikləri çox sevirdin, bağışla...


Yaddan çıxmış küçəyəm...

atam olsaydı, deyərdi, səndən adam olmaz,
anam ağlayardı, əllərini dizinə çırpardı, ölmüş atasını xatırlayardı.
qardaşıma soruşsanız, deyər ki, o artistdi,
bacım olsa get özünə iş tap deyərdi,
mən hələ də qarın yağmasını gözləyirəm,
yolları yorğan tək örtmüş ağappaq qar.
adamların ayaq izlərini təmizləyərəm qar yağsa.
dostum Nicata qalsa belə havalarda içmək daha yaxşı,
boşalan içki şüşələrinə, qışqıra-qışqıra danışan dostlara
və silkələnən, tərpənən hər şeyə baxmaq.
sən olsan çox içmə deyərdin,
sərxoş olanda səsin anama bənzəyirdi həmişə
evə tələsərdim onda
ağaclar asılan adamlara bənzəyərdi həmişə.
sevdiklərimə soruşsanız
mənim haqqımda heç nə deməzlər əslində,
mənə soruşsanız, böyük bir evin içinə atılmış
lazımsız bir əşyayam.
sən olsan deyərdin ki, yalançısan,
mən isə bütün qadınları anam kimi sevdim
amma anamı da aldatmadım desəm, yalan olar.
deyim, biləsiniz ki...
hələ də top oynayan uşaqlara baxan biriyəm.
hələ də itləri pişiklərlə dost eləməyə çalışan
və bütün qadınları unudan biriyəm,
mən böyük bir şəhərin yaddan çıxmış küçəsiyəm..


Yağışa bulanmış şeir

yağış yağanda türk filmi oldu aramızda,
sən mesaj yazdın: hardasan?
mən yazdım, parkda, bizim parkda...
zəng elədin, dedin, yağış yağan kimi sən yadıma düşdün
dedim onda gəl parka, bizim parka...
yağış bir az da artdı, gölməçələr yarandı, çox islandım
səni gözləməkdən cücəyə döndüm.
saçım eynəyimə yapışdı.
eynəyim yağışa bulandığından görə bilmədim səni
səsimi eşitdin, deyəsən, söymüşdüm
dedin ki, nə bağırırsan,
dedim ki, gəlib çıxa bilmirsən parka, bizim parka...
yağış bir az da gücləndi, ələ-ələ tutuşub qaçdıq,
bir daldalanacaq tapdıq,
sən dedin üşüyürəm,
mən dedim üşüyürəm,
şəhər dedi üşüyürəm,
mən dedim, öpüm səni,
sən dedin, qucaqla məni,
şəhər dedi, sevin bir-birinizi,
sən dedin biz ayrılmışıq,
mənim nə dediyim yadımda deyil, yağış yumuşdu sözlərimi
hələ bir də külək əsmişdi,
yağışın yuduğu bir film kimi
günəşli bir şəhəri arzuladım,
sənsə yağışı...
təkrar görüşməmək şərtilə,
o gündən yağışa nifrət elədim
şəhərə də, elə sənə də...


Atamın şəkli haqqı

atamın şəkli haqqı
indi ən gözəl uzağımın adı sənsən...

atamın şəkli haqqı yadımdasan,
indi daha çox mənə oxşayırsan...
inan, bir az keçəndən sonra
ağrı da doğmalaşır,
çox ləzzətlə ağrayır canın da...

atam kimi ağrayır bütün ağrılarım
anam kimi
inan mənə, elə ləzzətlə ağrayır ki...

mən elə bilirdim ağrıdan yıxılar insan
oysa itirdiyin adama çevrilərmiş ağrı
o qədər darıxarsan ki, ağrın dönüb atan olar, anan olar,
günlərcə yalvararsan Tanrıya
əzab çəkməyin üçün
qolunu sındırmaq istəyərsən,
ayaqlarını qırıq şüşələrə batırmaq istəyərsən
ağrımaq üçün min hoqqadan çıxarsan
sonra ağrını qucaqlayıb
gah ağlayarsan, gah gülərsən
elə bil atan uzaqdan gəlib
istədiyin oyuncağı almayıb amma

atamın şəkli haqqı yadımdasan
indi sənə çevrildi bütün əzablar
doğmalaşdı çıxıb getməyin
qucaqladım bütün gözyaşlarımı
sən bilməyəcəksən, bir az keçəndən sonra
əzab üçün Tanrıya yalvararsan...

o qədər darıxarsan ki, o qədər, e o qədər...
sevdiyin adama bənzətmək istəyərsən adamları
yalvararsan ağrımaq üçün
atamın şəkli haqqı düz deyirəm...


Alınmayan şeir

səndən şeir yazıram,
yazmasam daha yaxşı,
bu şeir alınmayacaq,
misralar qəzaya uğrayacaq,
sözlər tüfənglə vurulan
quş kimi yerə çırpılacaq...

sənə yazdığım şeirlərin nəfəsi yoxdur,
boğuluram içində,
sənə çata bilmirəm misralarda,
əlimi uzadıram boşluqdu, təklikdi,
niyə belə yazmışam, bilmirəm...

sən həmişə mənimləydin oysa,
hələ ayrılanda da
şəkillərin vardı, mesajların,
aldığın bir köynək, Bukovskinin kitabı,
mən oysa istəyirəm sənin üçün darıxam,
misralarım imkan vermir...

mən şeirlərdə darıxıram,
sənin olmadığın şeirlərdə
yağışa bulaşmış
göy üzü kimi xatırlayıram səni...
oyuncaq silahlarla
bir-birini öldürən,
ölənə sevinən uşaqlar kimi...

sən bu şeirdə də yoxsan,
bu şeir də sənə yazılmadı,
ən yaxşısı yandırmaq şeiri,
silkələyib atmaq içimdəki şairi
və sənə çılpaq sözlərlə bağırmaq:
Səni sevirəm!



İmza:
SON XƏBƏRLƏR
2017-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK