adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Noyabr 2017 23:33
53022
LAYİHƏ
A- A+

Ən qədim türk soylarından - KOLANILAR...

Kolanılar ən qədim türk boylarından biridir. Geniş ərazidə yayılmışlar. Bu gün təkcə şimali Azərbaycanda deyil, eyni zamanda, cənubi Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumi olaraq 100 minlərlə kolanı türkü yaşayır. Tarixi mənbələrdə və son yüz ilin arxiv sənədlərində Kolanı adı keçən çoxsaylı sənədlər var. Eyni şəkildə, son illər kolanı türkləri ilə bağlı bir neçə araşdırmalar qələmə alınıb. Ancaq indiyə qədər bu qədim Türk tayfası haqqında ayrıca monoqrafiya yazılmayıb. Kolanıların tarixi, mədəniyyəti, etnoqrafiyası, onların ümumtürk tarixindəki yeri və rolu geniş, əhatəli bir şəkildə araşdırılmamışdır. Bu səbəbdən də Kolanıların tarix səhnəsinə çıxışı, "kolanı" sözünün etimologiyası və digər cəhətləri ilə bağlı bir çox tədqiqatçıların ortaq fikri hələ ki, yoxdur. Biz də bu yazıda kolanılar haqqında əsas araşdırma aparmaq və ortaya fundamental əsər qoymaq niyyətimiz yoxdur. Niyə ki, bunun üçün ən azı illərlə vaxt və digər mühüm şərtlər lazımdır. Qismət olsa, gələcəkdə Kolanı soyu ilə bağlı ayrıca kitab - tədqiqatlar silsiləsi hazırlamaq niyyətimiz var...

Kolanı sözünün etimologiyası
haqqında

Kolanı sözünün etimologiyası haqqında bir çox versiya var. Bəziləri bu adın izahını farsca, bəziləri Kürd dilində, bəziləri də digər dillərdə axtarıb. Bu ifadə ilə bağlı irəli sürülən variantlara birlikdə baxaq;
Bəzi müəlliflər kolanı sözünün farsca "qüvvətli, çox böyük" mənasını verən "Kelan" və ya "Kalan" sözündən törəndiyini, bəziləri kürdcə "güclü, məğlubedilməz" mənasına gələn "kolneder" sözündən yarandığını deyir.
Əlbəttə, bunlar olduqca zəif versiyadır və qədim adlarımızın izahının Fars, Ərəb, Kürd və digər dillərdə axtarışı ənənəvi hal alsa da, kifayət qədər yanlış və zərərli bir tendensiyadır.
Digər versiyaya görə kolanılar erkən orta əsrlərdə Qazaxıstanın cənubunda yerləşən Kulan - Qulan şəhərinin sakinləri olub. Sonralar Kulan şəhərindən digər bölgələrə köç edən türklərə Kulan şəhərindən gəldikləri üçün "Kulanlı" və ya "Kolanlı" demişlər. Bu da kifayət qədər zəif versiyadır və hər hansı tutarlı qaynağa, mənbəyə əsaslanmır. Təkcə bir faktı deyək ki, Suriya və İsrail torpaqlarında minlərlə il əvvəldən Kolanı türklərinin yaşadığı məlumdur və onların dilləri ilə Azərbaycan türklərinin danışdığı dil arasında çox az fərq var.
Yəni kolanıların Orta Asiyadan Suriya və İsrail torpaqlarına deyil, əksinə, kolanıların bu bölgələrdən Orta Asiyaya getməsi fikri daha ağlabatan görünür. Niyə ki, erkən orta əsrlərdə Kulan şəhərində yaşayan türklər yaşadığımız torpaqlara köç edəndə min illər ondan qabaq, Qafqaz və Qafqazətrafı bölgələrdə məskən salan yerli kolanılar vardı.
Kulan (Kolan) Uyğur türklərinin dilində "vəhşi at", "çöl adı" mənasına gəlir. Kolanı adının bu sözdən ortaya ehtimal da var. Bu izahı da, məqbul hal kimi qəbul etmirik.
Kolanı boyu qədim türk soylarından, nəsillərindən biri olduğu üçün zənnimizcə, bu sözün etimologiyasını da qədim Türk dilində arayıb tapmalıyıq. Qədim Türk dilində "Kül", "Kol" kimi ifadələrə rast gəlmək mümkündür. Bunlardan bəzilərinə diqqət edək:
1. Türkiyəli tədqiqatçı Semih Tufan Güləltay yazır: "Qədim Türklərdə ordu komandirlərinə "Kol Ata "adı verilirdi". O, eyni zamanda MÖ Kuman kökənli, mənşəli Kol və Koluman tayfasının Misirdə məskunlaşdığını yazır.
2. Ən qədim Türk, Monqol və Skif (İskit) mifologiyasına görə dünyada ilk insanın adı Targitay (Tarqutay) idi. O, bütün bəşəriyyətin - insanlığın əcdadı sayılır. Targitayın 3 oğlu vardı; Arpaksay, Lıpoksay və Kolaksay...
Antik Yunan tarixçisi Heredot yazır: "Targitayın (Skif panteonunda ilk insan, skiflərin əcdadı) üç oğlu vardı: Lipoksay, Arpoksay və Kolaksay. Targitayın Skif ölkəsində krallıq etdiyi dövrlərdə göydən yerə qızıl əşyalar düşmüşdü: kotan, boyunduruq, sakaris (balta) və şərab camı. Böyük oğul Lipoksay yaxınlaşıb onları qaldırmaq istədikdə, o əşyaları alov bürüdü. İkinci oğul Arpoksay da yaxınlaşanda bu əşyalar yenidən alovlandılar. Amma kiçik oğul Kolaksay onlara doğru gedərkən alov söndü və o, həmin əşyaları evinə apardı. Buna görə də böyük oğul atasının şahlığını kiçik qardaşına verməyə razı oldu." (Araz Qurbanov, "Damğalar, simvollar, ....mənimsəmələr").
Hər üç sözdə təkrar olunan "say" kompanenti var. Mərhum tarixçi alim Q. Qeybullayev bu kəlmənin "dəliqanlı", "oğlan", "gənc" mənasında olduğunu yazır. Kolaksay sözünün kökü "Kol" dur. "Kol" sözü bəzi qədim Türk soylarına, nəsillərinə, xüsusilə Karluq türklərində Xan səviyyəsinə bərabər olan titul idi. Ulularımızdan biri olan Kül Tikinin adındakı "Kül" sözü də titul bildirən sözdür. Bu, eyni zamanda onun mənsub olduğu sinfin və soyun göstəricisi də olurdu. Tarixçi alim Zaur Həsənov da, hesab edir ki, Kolaksay sözünün kökü sadəcə "Kol" düşünülməməlidir. Kolaksay sözü isə "Kol"un, yəni, çarın, başqanın, xanın tərəfdarları kimi yozulur. Zənnimizcə, kolanı sözü də "Kol" kəlməsindən törəyib. Minlərlə il əvvəl də bu boyun adı Kolanı yox, məhz Kol (Kül, Kul) olub. Qıyasəddin Qeybullayev "Kul" sözünün qədim türkcədə "Xan sinfinə mənsub olan" mənasında işlədildiyini yazır. Qədim Monqol dilində "kul" (kuluq) qəhrəman, igid mənasını verirdi. Türk xaqanı Kül Tikin, Kül Xan, "Kitabi-dədə Qorqud" da Kulbaş da, bu titulun daşıyıcıları idi. Tarixdə Kül (Kol) adı daşıyan ulularımız haqqında araşdırmanın sonunda ayrıca söz açacağıq...
Türkiyəli araşdırmaçı Nicat Çetinkaya Peçeneqlərin 8 boyundan birinin Külbəy olduğu. İğdır mərkəzə bağlı böyük kəndlərindən olan Küllük kəndinin adının bu kimi mənbələrdən gəldiyini deyir (İ.Çətinkaya, "İğdır tarixi", İstanbul - 1996). Səncər Digitçioğlu isə Peçeneqlərin bu boyunun adını "Suru Külbəy" kimi yazır ("Oğuzdan Selcukluya", İstanbul - 1994). Akademik Ə. Quliyev qədim Türk dilində "kül", "Külüg" komponentlərinin titul bildirən söz olduğu qənaətindədir. (Quliyev Ə.A. Qədim Türk onomastikası, Bakı - 2007). Naxçıvan Dövlət Universitetinin müəllimi, tədqiqatçı-alim Qalibə Hacıyeva yazır: "Bir çox tarixi mənbələrdə eradan əvvəlki Türk tarixində də Kül komponentli antroponimlərə - Hun xaqanların Sürük-Külük Xan, Kül Xan adlarına rast gəlirik" (Qalibə Hacıyeva "Cənubi Azərbaycan toponimləri", Bakı - 2008).

Kola boyunun mənşəyi - kökəni haqqında

Kolanı boyunun hansı türk soyundan gəldiyinə dair fikirlər birmənalı deyil. Kolanıların Peçenek mənşəli, kökənli olduğunu yazanlarla bərabər, Kəngərli nəslindən olduğunu iddia edənlər də var. Bəzi tədqiqatçılar isə kolanıları Səlcuqluların bir qolu kimi görür. Kolanıların Kürd əsilli olduğunu yazanlar da var. 16-ci əsrdə yaşamış tarixçi Şərəfxan Bitlisi "Şərəfnamə" əsərində kolanıların Kürd mənşəli olduğunu yazdı. Şərəfxan Bitlisinin anası Türkmən elinin Mosullu tayfasından olan Əmir Xanın qızı idi. Atası isə Kürd əsilli Əmir Şəmsəddin idi. Keçmişdə Sultan Süleymanın əmrlərindən olmuşdu. Sultan Süleyman tərəfindən əmirlikdən çıxarıldıqdan sonra Səfəvilərə sığınmışdı. Bu səbəbdən Şərəfxan Bitlisi Qumda dünyaya gəlmişdi. Sonralar Səfəvilər tərəfindən Naxçıvana vali göndərilən Şərəfxan araçılar vasitəsilə Osmanlının tərəfinə keçmişdi. Osmanlı sultanı III Murad da onu Bitlis Bəyliyinə təyin etmişdi. Sonrakı dövrlərdə və eyni zamanda, yaşadığımız dövrdə kolanıların Kürd əsilli olduğunu düşünənlər Bitlisiyə əsaslanaraq, bu fikri hasil etmişlər. Amma dediyimiz kimi, Şərəfxan Bitlisi tarixçi olmaqla yanaşı, həm də dövlət xadimi idi. O, əsərini yazarkən daha çox siyasi maraqlarını nəzərə almışdı və səhv olaraq kolanıların Kürd boylarından biri olduğunu iddia etmişdi. Odur ki, Bitlisinin yazdıqları qətiyyən ciddi mənbə olaraq qəbul edilməz. Azərbaycanda və eləcə də Şərqin bir neçə ölkəsində yaşayan yüz minlərlə kolanının min illərdir ki, ana dili türk dilidir. Bu da onların qəti olaraq, kəsinliklə türk mənşəli, türk kökənli olduqlarını müəyyən edir.
Tədqiqatçı Xaqani Ədəboğlu "Türkçülükdə" Səlcuqlu "xəstəliyi" kitabında yazır: "Aid olduğum kolanı (kolanlı - Türkiyədə belə deyilir) beçeneq qövmündəndir". Görkəmli araşdırmaçı bu kitabda fikrinə davam edir: "Türk olmağımız sabitdir. Bu icma Qara Dənizin şimal sahillərindən gəlmiş sakların bir qoludur. Buradan getmiş və buraya qayıtmışdır. Həm Anadoluda, həm İran Azərbaycanda, həm də Suriya və İraqda yaşayırlar".
Tarixdə ən qüdrətli Türk dövlətlərindən birinin banisi olan Səlcuq Bəyin oğullarından biri Musa Kolan idi (digər adı Musa Yabqu). Səlcuq bəy tarixən Türklərin ən çox yaşadığı yerlərdən olan Xorasana Musa Kolanı vali təyin etmişdi. Şimali Azərbaycanda yaşayan Türklərin böyük bir qismi kolanıların orta əsrlərdə şimala Xorasandan gəldiyinə inanır. Maraqlıdır ki, Anadolu Səlcuqlu Dövlətinin sultanı Süleyman Şahın (XI əsr) oğlunun adı Kulan və ya Kulan Arslan idi. Bu və bu kimi səbəblərdən kolanıların Oğuz Türklərinin Kınık nəslindən olan Səlcuq Türklərinin bir qolu hesab edən tədqiqatçılar da var.
Tarixçi-tədqiqatçı Şahin Əhmədov "Kolanı tayfasının mənşəyi" ("Kolanı əşirətinin kökəni") adlı məqaləsində: "Oğuz tayfa ittifaqı içərisində olmuş Kolanı tayfasının Azərbaycana eramızın ilk əsrlərindən başlayaraq Oğuz-Səlcuq cərəyanları ilə birlikdə gəldiyini təxmin edirik" - deyir. Kolanıların Azərbaycan torpaqlarına erkən orta əsrlərdə və bir az daha sonra Səlcuq axınları ilə gəldiyini düşünən digər tədqiqatçılar da var.
Zənnimizcə, Kolanı türklərinin Azərbaycana gəlmə olduğunu düşünmək yanlışdır. Kolanılar Qafqaz mənşəlidir və ən azı 10 min il əvvəl bu ərazilərdə mövcud olmuşlar. Şumer sivilizasiyası yaranandan sonra Qafqaz regionundan o ərazilərə axın etmişdilər. Orta Asiya və Türküstan torpaqlarına də buradan getmiş ola bilir. Erkən orta əsrlərdə və daha sonra Səlcuq axını ilə kolanıların bu ərazilərə gəlməsi onların yenidən əzəli torpaqlarına qayıdışı idi. Türkiyəli tədqiqatçı yazıçı Rüstəm Kocadurmuşoğlu "Kolan Türkmənləri" adlı araşdırma məqaləsində Suriya və İsrail torpaqlarında olan başıbelalı "Kolan təpələri"ndən bəhs edərək yazır: "Kolan təpələri" on min ildən bəri Kolan adını daşımaqdadır". Demək ki, Kolan Türkləri bu ərazilərdə aborigen etnoslardan biridir. Zaman keçdikcə buradan ətraf və uzaq regionlara köç etmişlər. Ola bilsin ki, bu gün cənubi və şimali Azərbaycanın bir hissəsini əhatə edən Gilan (Golan, Kolan) ərazisi də Kolan Türklərinin yadigarıdır. Etnos min illər əvvəl köç edib getsə də, ad bu gün də yaşayır...
Yeri gəlmişkən, Kola sözünə "ı" səsi 20-ci əsrdə artırılmağa başlamışdır. Tarixçi Cahangir bəy Nəsirbəyovun 1924-ci ildə çap olunan "Müxtəsər Azərbaycan Tarixi" əsərində və həmçinin M.S. Ordubadi "Qanlı illər" kitabında kolanılardan məhz Kolan kimi bəhs edilir.
Bu gün Kolanı türklərinin yaşadığı ayrı-ayrı bölgəıərdən - rayonlardan bəzilərini nəzərdən keçirək:

Naxçıvan kolanıları

Mərhum alimlərimiz Budaq Budaqov və Qıyaseddin Qeybullayev birlikdə yazdıqları "Naxçıvan mahalının yer yaddaşı" (-2004) kitabında kolanıları "yerli və qədim qəbilə" adlandırır. Antik dövrün astronom, filosof və coğrafiyaçısı Ptolomey Naxçıvanda Araz çayı yaxınlığında Koltene adlı yaşayış yerinin olduğunu yazır.
Naxçıvan bölgəsində eramızdan min il əvvələ aid olan Xaraba Gilan nekropol, Şahbuz rayonu yaxınlığında təxminən, 2500 il yaşındakı Kolanı nekropolu kolanıların ən az 3 min ildi ki, Naxçıvan torpaqlarında yaşadığını müəyyən edir.
(ardı növbəti sayımızda)
Namiq Hacıheydərli,
Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırdı:
Professor Qurban Bayramov.
Mənbə: Ovqat.com, 29.04.2017.

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ