adalet.az header logo
  • Bakı 19°C
27 Noyabr 2017 15:34
55093
HÜQUQ
A- A+

MTN generalı bəraət istədi

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə E.Quliyev son sözlə çıxış edib. O, verilən ittihamları qəbul etmədiyini, günahsız olduğunu və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prosesdə son söz deyən sabiq MTN polkovniki A.Mehdiyev də məhkəmədən bətraət istəyib.

Məhkəmə hökm elan etmək üçün müşavirəyə yollanıb və proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, prokuror E.Quliyevin 15 il, A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda, onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib. Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də mülki iddiasının təmin olunmasını tələb edib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onların barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.