hacklink Adalet.az | Nənə... Adalet.az | Nənə... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nənə...

Əzizə İsmayılova

23696    |   2017-11-27 15:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

79 nömrəli avtobusdayam. Sürücünün arxasındakı birinci oturacağın yanında dayanmışam.

Dayanacaqların birində şaxta vurub parıldadan qar kimi ağappaq saçlarını tez-tələsik başına örtdüyü qara yaylığın altına itələyə-itələyə, yaşına uyğun olmayan bir qıvraqlıqla üzügülər bir nənə mindi avtobusa.

Bazar günü günorta saatları olduğu üçün avtobusda da çox adam yoxdu. Noyabrın sonu olmasına baxmayaraq, elə bil günəşin gözləri böyümüşdü bu gün. Səhərdən gülə-gülə doğmuşdu zatən. Kefi kökdü. Şüşədən düşən şüası sanki adamın ruhuna sığal çəkirdi, xumarlandırırdı...

Nənənin yarı açılmış başındakı ağ saçlar da bu işıqda bir ayrı cür diqqət çəkirdi. Öz nənəmin saçlarını xatırladım. Elə bilirdim o saçlardan artıq heç kimdə qalmayıb. Varmış...

Bir başqa yaşıdı yola salırdı onu. Sürücüyə "28-də ona deyərsən" tapşırmasından bildim.

Nənə, kartı tərzinə uyğun ehtiyatla aparata yaxınlaşdırdı. Aparatdan nəsə səs çıxdı. Nənə bir də kartı aparata yaxınlaşdırdı. Bu dəfə aparatdakı səslə bərabər sürücünün də səsi çıxdı. Şəhərimizdəki əksər avtobus sürücülərinə xas yorğun və kənardan kobud eşidilən səslə:

-Kart boşduuuu. Boşdu kart.

Balansının olmadığını bilən nənə ani anda elə içini çəkdi ki, üzündə heç bir ifadə olmayan sürücü belə ixtiyarsız həyəcanlandı.

-Oy..., ay allah..., sən allah..., ay bala..., qoy düşüm -deyə eyni həyəcanla geri çevrildi nənə, düşmək üçün.

Bu vaxt onun ardınca avtobusa qalxan gənc, anındaca nənənin qarşısını kəsib, kartını iki dəfə aparata toxundurdu və

-Keçin, keçin, - deyə nəzakətlə gülümsədi. Gəncin gözü ilə bərabər səsi də gülümsəyirdi.

Qeyri-iradi salona tərəf çəkilməli olan nənənin rəngi qıpqırmızı olmuşdu.

-Yox, ay oğlum... mən... qoy... - pərt olduğunu ört-basdır edə bilmirdi. Cümlələri də qurulmurdu.

Əlini cibinə atıb çıxartdığı pulu gəncə uzatdı, nə illah elədisə, oğlan götürmədi. Hər ikisinin üzündə avtobusu dolduracaq qədər təbəssüm vardı...

Bu vaxt onu yola salan digər nənə, pəncərədən yola saldığı nənənin üzündəki təlaşı və ya həyəcanı görüb nəyinsə yerində olmadığını anladı və əlindən bərk-bərk tutduğu nəvəsini buraxıb yerdən sürücüyə səsləndi:

-Aaa, kartı yoxdu? Sən allah bağışla. Al, al. Heç ağlıma gəlmədi soruşum, - deyib öz kartını içəri tərəf uzatdı.

Sürücü, "ödədilər, ödədiləəər, ay arvad" deyə həmişəki rəngsiz-ruhsuz cavabı ilə dillənib, adəti üzrə adamın sözü ağzında qapını üzünəcə bağladı.

P.S. Bütün bunlar bir neçə saniyənin içində baş verdi. Amma çox uzun bir tablo kimi göründü gözümə. Bu qıvraq, üzü-gözü gülən nənənin və gəncin bu bir neçə saniyəlik yolunun kəsişməsi, necə boyük əhval yaratdı avtobusdakı hər kəsdə, görsəydiniz...

Həqiqətən də, hər şeyə ramən gülümsəmək gözəldir və ondan həmişə ətrafdakı hamıya pay düşürmüş, sən istəməsən belə. Əminəm, bunu oxuyub sən də ixtiyarsız gülümsədin, əziz oxucu.

Nənənin həyadan doğan həyəcanının qızartısı, mən düşənə kimi yanağından çəkilməmişdi. Baxışlarından "siz allah, bağışlayın" kəlməsi süzülürdü eləcənə.

Oğrun-oğrun baxırdım ona. Gözləri gülürdü, amma fərqli gülüş, fərqli təbəssüm idi onda olan. Kənardan baxanı gülümsəməyə məcbur edən bir təbəssüm...

Bu müşahidədən niyə bu boyda nostalji hiss yaşadım, hələki anlamış deyiləm...




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK