NORMADAN ARTIQ YÜK DAŞIYAN İYİRMİ «ŞADMAN» SÜRÜCÜSÜ CƏRİMƏLƏNDİ
Hamı yaxşı bilir ki, son on ildə respublikamızın bütün avtomobil yolları dünya standartlarına uyğun inşa edilərək istifadəyə verilir. Yəni istər şimal, istər cənub, istər qərb və istərsə də şərq istiqamətlərində avtomobil yolları birmənalı olaraq çox rahatdır və sürücülərin, sərnişinlərin razılığına səbəb olur. Təbii ki, dünya standartlarına cavab verən avtomobil yollarını həm də mühafizə etmək və qorumaq tək dövlətin deyil, eyni zamanda hamının borcudur.
Respublikanın avtomobil yollarında həmin vəzifələrin yerinə yetirilməsində yol polisinin üzərinə də bu və ya digər dərəcədə məsuliyyət düşür. Yəni yol polisi normadan artıq yük daşıyan maşınları idarə edən sürücülərə qarşı mütəmadi olaraq mübarizə aparmalıdır. Əlbəttə, Azərbaycanın yol polisi nəinki normadan artıq yük daşıyan maşınlara qarşı, ümumiyyətlə, kobud qayda pozuntularının qarşısının alınması üçün vaxtaşırı olaraq tədbirlər həyata keçirir.
Son vaxtlar isə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi bütün tağmlar qarşısında yükdaşıma qaydalarının pozulmasının qarşısının alınması üçün ciddi vəzifələr qoyub. Məhz həmin vəzifələrin icra edilməsi məqsədilə demək olar ki, Yol Patrul Xidməti Alayının bütün tağımlarında xeyli vaxtdır ki, reydlərə başlanılıb. Aydındır ki, bu reydlər birmənalı olaraq bu cür qayda pozuntularının qarşısının tamamilə alınmasına yönəldilib. Çünki əgər belə tədbirlər vaxtaşırı olaraq həyata keçirilməsə, milyardalarla pul xərclənmiş respublikamızın avtomobil yolları bərbad günə düşə bilər.
Çox təəssüf ki, bir çox səhlənkar şirkətlərin və yük daşıyan ağır tonnajlı maşınların sürücülərinin günahı üzündən artıq respublikanın avtomobil yollarının bir çox hissəsində yolların sıradan çıxmasının, dağılmasının şahidi oluruq. Şahidi oluruq ki, istər şimal istiqamətində, istər qərb istiqamətində, istərsə də cənub istiqamətində bəzi yerlərdə ağır tonnajlı yük maşınlarının normadan artıq yük daşıması nəticəsində yollara ziyan dəyib.
Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da son vaxtlar yükdaşıma qaydalarının pozulmasına qarşı mübarizəni daha da gücləndirib. Bu məqsədlə xeyli vaxtdır ki, həm adi günlərdə, həm də şənbə-bazar günlərində reydlər keçirilir. Reydlərdə «Ədalət» qəzetinin əməkdaşı olaraq biz də yaxından iştirak edirik.
Son bir neçə gün ərzində keçirilmiş reyd zamanı nə az, nə çox 20 «Şadman» markalı yük maşınının sürücüsü saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Məlum olub ki, həmin ağır tonnajlı maşınların sürücüsü normadan artıq yük daşıyıblar. Mövcud qanunla üç oxlu yük maşınları 30 ton, dörd oxlu yük maşınla 40 ton, beş oxlu yük maşınları isə 45 ton yükdaşıma gücünə malikdir. Ancaq real vəziyyət isə tamamilə fərqlidir.
Məsələn, haqlarında inzibati protokol tərtib edilmiş və 600 manat civarında cərimə edilmiş «Şadman» markalı yük maşınları normadan nə az, nə çox düz 25-30 ton yük daşıyırmış. İndi gəlin bir qədər kiçik bir hesablama aparaq. Əgər bu yük maşınları hər gün artıq yükü aparırsa və eyni zamanda bu cür maşınların sayı yüzlərlədirsə, onda görün respublikanın avtomobil yolları necə bərbad günə düşə bilər? Axı, bu yollar bayaq dedik ki, dövlətin ayırdığı milyardlarla vəsait hesabına başa gəlib.
Reyd zamanı polis baş serjantı Elmir Məmmədov «Şadman» markalı yük maşınını saxlatdırdı. Məlum oldu ki, həmin maşında da normadan 30 ton artıq yük daşınır. Polis baş serjantı Elmir Məmmədov qanunu pozması ilə bağlı sürücünün nəzərinə bir daha həmin məsələni çatdırdı. Təbii ki, sürücü heç bir mübahisə eləmədi və yol polisinin iradı ilə razılaşdı. Amma bununla da sürücü canını qurtara bilmədi. Çünki onun barəsində inzibati protokol tərtib olundu və normadan artıq yük daşıdığı üçün 600 manat civarında cərimə edildi.
Polis baş leytanantı İlyas Vəliyev digər bir yük maşınını saxlatdırdı. Düzdür, həmin maşın yük daşımırdı. Amma buna baxmayaraq, polis baş leytenantı sürücüyə öz məsləhətlərini verdi. İlyas Vəliyev sürücüyə bildirdi ki, kimliyindən asılı olmayaraq, normadan artıq yük daşıyırsa, o, məsuliyyətə cəlb ediləcək. Ona görə də bəribaşdan sizə xəbərdarlıq edərək bildiririk ki, maşina normadan artıq yük vurdurmayın.
Sürücü yol polisi əməkdaşının belə səmimi söhbətindən razı qaldı və dedi ki, rəis, arxayın olun, mən həmişə çalışmışam ki, qanuna əməl edim və normadan artıq maşına yük yığdırmayım. Üstəlik də, daşıdığım yükün üstünə örtük saldırmağı yaddan çıxarmayım. Çünki bu örtük olanda qum, çınqıl yola səpələnmir və arxadan gələn nəqliyyat vasitələri üçün heç bir təhlükə törətmir.
Polsi baş serjantı Vaqif İsmayılov yükdaşıma qaydasını pozan sürücüyə «saxla!» işarəsi verdi. Maşını kənara çəkib saxladı. Aydındır ki, sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılarkən, bəzi hallarda narazılıq eləyirlər. Amma bu dəfə əksinə oldu. «Kamaz» markalı maşınının sürücüsü çox sakit tərzdə maşını saxladı və yol polisini dinlədi. Yol polisi əməkdaşı ona bildirdi ki, siz də digər sürücülər kimi, normadan artıq yük aparırsınız. Ona görə də barənizdə inzibati protokol tərtib ediləcək. Həmin sürücü də 600 manat məbləğində cərimə olundu.
Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, yükdaşıma qaydalarının pozulmasına qarşı onlar həmişə mübarizə aparıblar. Son vaxtlar isə mübarizə daha da gücləndirilib. Çünki rəhbərlik bizə bu barədə tapşırıqlar verib. Həmin tapşırıqlar bundan ibarətdir ki, biz kimliyindən asılı olmayaraq əgər normadan artıq yük aparırsa onun qarşısını alaq. Daha doğrusu, «Şadman», «Kamaz», «Kraz» markalı yük maşınlarında normadan artıq yük daşıyanlar çoxdur. Elə biz də birmənalı olaraq bu cür sürücülərin qarşısını almaq istəyirik. Qısa zaman kəsiyində 20 «Şadman» sürücüsü normadan artıq yük daşıdığına görə, 600 manat cərimə edilib. Şənbə-bazar günü biz əksər yük maşınlarının sürücüləri ilə səmimi söhbətlər elədik və onları maarifləndirdik. Yəni hər iki tərəf bir-birilə anlaşa bildi. Bu cür maarifləndirmə ünsiyyət formasının yaradılması təbii ki, yükdaşıma qaydalarının pozulmasının qarşısının alınmasında önəmli rol oynayır.
Keçirilən reyd onu göstərdi ki, bu cür tədbirlərə çox böyük ehtiyac var. Yəni ehtiyac var ki, yük maşınlarının sürücüləri maarifləndirilsin, onlara hər şey olduğu kimi çatdırılsın və sürücülər də təkrarən qanunu pozaraq normadan artıq yük daşımağa maraq göstərməsinlər. Biz onu da öyrəndik ki, yükdaşıma qaydalarının pozulmasına qarşı reydlər növbəti həftələrdə də davam etdiriləcəkdir.
Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoyoru; Namiq ƏZİZOV – 6-cı tağımın naryad rəhbəri, polis kapitanı; Elçin ORUCOV – 6-cı tağımın baş inspektoru, polis kapitanı, Qalib RZAYEV – 6-cı tağımın baş inspektoru, polis kapitanı; Əhliman MƏMMƏDOV – 6-cı tağımın inspektoru, polis baş serjantı; Elmir MƏMMƏDOV– 6-cı tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.