adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Noyabr 2017 13:15
43410
MÜSAHİBƏ
A- A+

“Problemlər öz həllini tam tapa bilməyib” - MÜSAHİBƏ

Millət vəkili Ülvi Quliyev adalet.az saytına müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Ülvi müəllim, 2018-ci ilin dövlət büdcəsi Milli Məclisdə müzakirə olundu. Yaxın günlərdə qəbul olunması gözlənilir. Büdcə layihəsi ilə bağlı sizin fikirlərinizi bilmək istərdik.

- Bilirsiniz ki, son illər dünya iqtisadiyyatında müəyyən geriləmələr var. Bunu beynəlxalq təşkilatlar və eyni zamanda supergüclər özləri də etiraf edir. Nə qədər qorunsaq belə Azərbaycan da dünyanın bir parçası olduğu üçün böhran bizdən yan keçməyib. Ancaq onu da qeyd edim ki, bütün bunlara baxmayaraq Azərbaycanda həyata keçirilən siyasət böhranın təsirlərini minimuma endirib. Cənab Prezidentin də son illər apardığı siyasətin kökündə neft və qaz amilindən asılılığın azalması, digər sahələrin inkişaf etdirilməsi, əsas da Azərbaycana uyğun olaraq kənd təsərrüfatının və turizmin münasib sahələrinin inkişaf etidirilməsi durur. Bu isə böhrandan qorunmağın başlıca yoludur. 2018-ci ilin büdcəsində əsas məqamlardan biri büdcənin sosial yönümlü olmasıdır. Bu müsbət bir haldır. Bütün bu işlər hamısı Azərbaycan vətəndaşı üçün, insanların rifah halının yaxşılaşdırılması üçündür.

- Büdcəylə bağlı millət vəkilləri bir sıra təkliflərlə çıxış edirlər. Sizin hər hansı bir təklifləriniz var idimi?

- Açığı tam səmimi deyim. Mən iqtisadçı deyiləm. Büdcəylə bağlı iqtisadçılar daha yaxşı fikir bildirə bilərlər.

- Milli Məclisdə təmsil olunduğunuz komitənin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- V çağırışda yeni yaranmış komitələrdən biri də Gənclər və İdman Komitəsidir. Komitənin fəaliyyəti sayəsində qısa müddətdə bir çox qanun layihələri qəbul olunub və bu işlər davam etdirilir. Fikirlər, təkliflər çoxdur. Bu sahəyə Cənab Prezidentin xüsusi diqqət və qayğısı var. Çünki Azərbaycan əhalisinin çox hissəsini gənclər təşkil edir. Ona görə də idman siyasəti hökumətin prioritet hesab etdiyi sahələrdəndir. İdman da Azərbaycanın dünyada tanınması üçün yüksək platformalardan biridir. Ona görə də Cənab Prezident bu sahəyə xüsusi diqqət ayırıb. Son vaxtlar Prezident Adminstrasiyasında gənclər idman şöbəsinin yaranması bir daha bunun sübutudur. İşlər gedir. "İdmandadopinqvasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunun qəbul olunması, "Bədən tərbiyyəsi və idman haqqında” qanuna bir çox dəyişikliklər əlavə edilib. Bu sahəd fəaliyyətimiz bundan sonra da davam edəcək.

- Yeri gəlmişkən, Gənclər siyasəti ilə bağlı Dövlət Proqramı da qəbul olunub. Bu proqramla bağlı nə deyə bilərsiniz?

- Bu dövlət proqramı çox əhatəli hazırlanmış bir sənəddir. Dövlət Proqramı hər bir sahədə yaradıcı gənclərin üzə çıxması, onlara dəstək baxımında öz töhfəsini verəcəkdir. Gənclər siyasəti Dövlət Proqramı 2017-2021-ci illəri əhatə edir və bu proqramda bütün müddəalar öz əksini tapıb.

- Davamlı olaraq hökumət tərəfindən gənclər siyasəti ilə bağlı addımlar atılır, qanunvericilik aktları qəbul olunur və silsilə tədbirlər keçirilir. Problemlərimiz nədən ibarətdir?

- Məşğulluqla bağlı müəyyən problemlər olur. Düzdür, gənclərimiz ali təhsil almağa meyllidilər. Ancaq peşə təhsili ilə bağlı da stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Ümumiyyətlə, dünyanın hər bir yerində bu var. Ona görə də bu sahədə təhsil sisteminin təkmilləşdirilməsi çox vacib olardı. Yəni məşğulluq məsələlərinin yükünün azaldılması üçün öz müsbət töhfəsini verə bilər.

- Yeri gəlmişkən, növbəti ildə xaricdə təhsil anlan tələbələrlə də bağlı müəyyən qərarlar qəbul olunub. Bu yöndə nə deyə bilərsiniz?

- Bizim əvvəllər xaricdəki təhsillə bağlı Dövlət Proqramlarımız var idi. Təbii ki, bu da bir dövr üçün nəzərdə tutulmuşdu. Düşünürəm ki, bu proqramın dayandırılmasının səbəblərindən biri valyuta axınının qarşısını almaqdır. Üstəlik, Azərbaycanda dünya standarından da yüksək səviyyədə ADA-nın fəaliyyət göstərməsi, Rusiyanın dünyada məşhur olan Lomonosov adına Universitetin filialının olması, eləcə də Bakı Dövlət Universitetinin özü ölkə daxilində keyfiyyətli təhsil almağa imkan verir. Düşünürəm ki, bu amil də, yəni ölkə daxilində də yüksək standartlara cavab verən təhsil almaq, xarici dilləri mükəmməl mənimsəmək imkanlarının mövcudluğu, eləcə də uşaqların, gənclərimizin, tələbələrimizin dünya görüşünün artması, təhsil sistemində olan islahatlar və s. bu proqramdan imtina etməyə imkan yaradır.

- Bir məsələyə də toxunmaq istəyirəm. Təmsil olunduğunuz Yasamal rayonunda bir sıra söküntü işləri həyata keçirilir. Bununla bağlı vətəndaşların sizə müraciəti olubmu? Haqqı tapdanırmı onların, kompensasiyaları verilirmi?

- Mən indi deputat seçildiyim ərazidən və bundan əvvəl seçildiyim Sovetski adlanın ərazidə söküntü işləri gedirdi və özünüz də görürsünüz ki, ordakı infrastruktur dəyişiklikləri necə göz oxşayır. Bununla yanaşı yollar nə qədər rahatdı. Nə qədər gözəl işlər görülüb. Adam baxanda ürəyi açılır. Bütün bunlar vətəndaşlar üçündü. İnsanlarda əvvəllər yalnış fikirlər yaranırdı, narazılıqlar böyük idi. Amma get-gedə bunlar aradan qaldırldı. Düzdür, şikayətlər də olur. Hamımız insanıq, İnsan faktoru olan yerdə narazılıqlar da, yalnışlıqlar da olur. Amma bunun qarşısı alınır.

- Mənim üçün maraqlıdır, seçiciləriniz sizinlə rahat görüşüb problemlərini bölüşə bilirlərmi?

- Təbii ki. Açığı, müəyyən icra strukturlarının məmurları arasında narazılıq yaradan insanlar oduğu kimi, insanlarımızın özündə də müəyyən problemlər yaşanır. Baxırsan ki, müəyyən bir pilot layihə həyata keçirirlər. Ancaq iddia çox böyükdür. Görürsən bəzən reallığa uyğun verilmiş bütün normatiıv aktlardan tam kənar istəklər olur. Bir var bu istəklər qeyd etdiyim layihələrin həyat keçirilməsi ilə bağlı olsun, bir də var insanların sürdükləriqeri-real təklif və tələblərlə. Bunları izah edəndə narazılıqlar olur. Ancaq nəzərə almaq lazımdır ki, bu cür laiyhələrin həyata keçirilməsi birinci növbədə elə insanların öz gələcək həyatlarını yüngülləşdirmək naminə çox vacibdir.

- Bəs, "Hacı Cavad” Məscidin açılması nə vaxta planlaşdırılır?

- Vallah onu mən dəqiq bilmirəm. Bu məsələ cənab prezidentin xüsusi nəzarətindədir. Bilirsiniz ki, böyük problemlər yaşandı. Belə halın olması din xadimləri, dini inancı olan insanlar arasında mənfi fikir yaratmışdı. Biz hamımız dinə inanan adamlarıq. Bilmirəm siz o məscidi görmüşdünüz, ya yox. Çox yararsız bir vəziyyətdə idi. Hal-hazırda yüksək səviyyədə işlər gedir və "Hacı Cavad” Məscidi tam təmirli və yüksək standartlara cavab verən səviyyədə dini icmaya təqdim olunacaq.

- Bu gün bir sıra yerlərdə açılan Olimpiya Komplekslərinin maddi problemlər ucbatından dövlətdən asılılığı var deyə fəaliyyətlərini davam etdirə bilmirlər. Bu yaxınlarda keçirilən tenderlərdə bir çox idman müəssisəsi özəlləşdirilməyə çıxarılıb. Bununla bağlı fikirlərinizi bilmək istərdik. Bildiyimə görə gələn ildən Olimpiya Komplekslərinin tikintisinə maliyyə ayırılması dayandırılacaq.

- Bu barədə dəqiq məlumatlı deyiləm. Yanlış fikirlər söyləmək istəmirəm. Düşünmürəm ki, idman qurğularının tikintiləri tam dayandırılsın. Burda say etibari ilə müəyyən azalma ola bilər. Çünki idman qurğalırın hər yerdə olması, çox olması Azərbaycan gəncliyinin sağlam həyat tərzinə bir töhfədir.

- Şəki İdman Kompleksi artıq qapılarını bağlayıb, tam fəaliyyətsizdir. Özünü doğrulda bilməyib. Bəs, digər Komplekslər öz fəaliyyətlərini doğrulda biliblərmi?

- Düşünürəm ki, doğruldublar. Əsas nəticədir. Nəticə də var. Nəticə odur ki, olimpiya oyunlarında, İslam oyunlarında idmançılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırıb, dövlət himnimizi səsləndiriblər. Nəticə varsa, deməli, doğruldublar. Amma düşünmürəm ki, Bakıda, eləcə də regionlarda komplekslərin fəaliyyəti dayandırılsın, özəlləşdirilsin. Bunlar hamısı Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən tənzimlənir. Mən bu məsələnin içində olmadığım üçün dəqiq bir söz deyə bilmərəm. Bilirsiniz ki, cənab prezidentin bu sahəyə xüsusi diqqəti var. Ona gödə düşünmürəm ki, komplekslər özəlləşdirilsin, fəaliyyətini dayandırsın.

- Fikir verirəm, deyəsən siyasi məsələlərə toxunmağı elə də xoşlamırsınız.

- Yox, niyə? Elə Mili Məclis siyasət yeridi.

- Ülvi müəllim, gündəlik informasiyaları hardan alırsınız, qəzetləri gündəlik oxuyursunuzmu?

- Qəzetləri oxumağa vaxt baxımından imkanım olmur. Amma gün ərzində 10-15 sayta baxıram. Bu prosesi səhər, günort, axşam həyata keçirirəm. Çünki daim informasiyalar yenilənir. Rus kanallarına baxıram, bizim televiziya kanallarının bəzi xəbərlərini izləyirəm, BBS-yə, «Evronyus»a baxıram.

- Efirlərdə bəzi verilişlərin bayağı olması ilə bağlı iradlar bildirilir. Sizin də bu haqda fikirlərinizi bilmək istərdim.

- Mən də fikirləşirəm ki, bəzi verlişlər ürəkaçan səviyyədə deyil. Ona görə də Azərbaycan televiziyasında ən çox xəbərlərə, bəzən intellektual oyunlara, «Nə? Harda? Necə?» və o tipli digər verlişlərə baxıram. Efirdəki bayağı verilişlərlə bağlı mütəxəssislər tərəfindən də tez-tez müxtəlif iradlar söylənilir, Milli Teleradio və Yayım Şurasına müəyyən təkliflər verilir. Amma, təəssüf ki, problemlər hələ də tam öz həllini tapa bilməyib.

- Qırx ildən artıqdır ki, karate ilə məşğul olursunuz. Bəs sizin digər hobbiniz nədir?

- Digər hobbim hərdən istirahət məqsədilə ova getməkdir. Bəli, məqsəd, sadəcə, istirahət etməkdir, daha ova gedib bütün heyvanları öldürmək yox.

- Silahınımz var?

- Bəli, ov silahlarım var.

- Milli Məclis sizə silah veribmi, o silahdan istifadə etmisinizmi?

- Biz ümumiyyətlə, Milil Məclisdən silah almamışıq. Hətta versələr belə, həvəsində olan adam deyiləm.


Ədil Ədilzadə