“KİV haqqında” qanun dəyişdirilir
"Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər edilir.
10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan ediləndigər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir.
Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması.
Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.