adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Noyabr 2017 00:47
19806
ƏDƏBİYYAT
A- A+

Payız meşəsi

O yaşıl yarpaqların, solanı xatirədir...

Baba Vəziroğlu

Payızda meşəyə gedə bilmirəm,
getmək çətindir mənə.
Son bahar, lap qızıl payız da olsa,
meşə sevinc gətirmir mənə.
Sarılı, qırmızılı,
bozlu, qaralı xalı kimi,
ayağımın altında
xışıldayan yarpaqlar,
əlləri budaqdan üzülmüş,
bir daha yenidən yaşıl olacağına
ümidi qalmayan yarpaqlar,
şirin, acı xatirəli,
sevincli, kədərli
keçən günlərimdir elə bil,
geriyə dönən deyil.
Bu boyda yarpaq xalılar,
yazda kol dibindən çıxacaq
bir otun,
bir çiçəyin yerini verən deyil...

Bu ağaclara nə olub ilahi,
budağının biri əyilmiş,
biri sınmış, qurumuş,
xəfif bir küləyə bəndimiş kimi,
qopub düşməyə hazır durmuş.
Uca-uca, qoca-qoca ağaclar,
itirəcəyimdən qorxduğun
hər dəqiqə, hər vaxt,
birində şəkər, qan təzyiqi,
birində infarkt dostları,
yaxınları xatırladır mənə.

İlləri yola vermiş,
bir ildırım zərbəsinə,
bəlkə də, bu ilin istisinə
dözməyib quruyan,
artıq yazın gəlişində
bir yarpağı da açılmayacaq,
əbədiyyət yuxusunda uyuyan,
qollu, budaqlı ağaclar
itirdiyim insanları xatırladır mənə.

Talada tənha, yanında bir kol,
bir cavan çubuq da olmayan,
tufanda, çovğunda əl-ələ,
budaq-budağa
söykənməyə imkansız ağaclar,
dadına kiminsə yetişəcəyinə
gümansız ağaclar.
Yer üzündəki unudulmuş
kimsəsizləri,
ataları, anaları xatırladır mənə...

Bu son baharda,
bu qızıl payızda,
nə olub mənə?
Bu nə duyğu, bu nə hiss,
bu nə şeydi?
Ürəyim yaman sıxılır,
bircə yaz tez gəlseydi...

RUH

Ömrünü qaçqın şəhərciyində başa vurmuş mərhum şair Vahid Əlifoğlunun xatirəsinə ( yurdsuza hər yer qaçqın şəhərciyidir).
Günün günorta çağında,
hamının gözü qabağında,
elə metronun içindəcə
qaraldı qəm dolu gözləri,
boşaldı dizləri.
Gündən qaralmış sifəti,
oldu ağappaq,
başından sürüşdü,
düşdü köhnə papaq.
Söykəyib yerə gücdən
düşmüş əllərin,
oturdu üstündə soyuq mərmərin.
Toplandı başına bir neçəsi
yanından keçənlərin.
Biri nəbzini tutdu,
biri sildi alnından
purçum-purçum süzülən
soyuq tərin.
Biri açdı köynəyinin
hərəsi bir rəng olan düymələrin.
Biri qışqırdı:
-qoyun, təmiz hava gəlsin,
kimdə varsa dərman versin,
dava versin.
Biri qulağına çığırdı,
bu kimsəsiz qocanın:
-necədir ünvanın?
Həyatla ölüm arasında
qaşla-göz qədər yol qalanda,
pıçıldadı son anda:
-Füzuli şəhəri, bazarın yanı,
Natəvan küçə...- dedi.
Eşidən olmadı ev nömrə neçə dedi.
Baxdılar, hamı bir-birinin üzünə,
-yazıq, qaçqındı-deyib,
bir qadın da vurdu dizinə,
ah çəkdi yana-yana:
-özü gedə bilmədi,
heç olmasa, ruhu getdi
dediyi ünvana.
Beləcə, günün günorta çağında,
hamının gözü qabağında,
bir anda dayandı ürəyi.
Yanında torbası qalmışdı,
içi dolu, satdığı
"Dərnəgül çörəyi".