... Aparıcıda kamal da yoxdur

ETİBAR CƏBRAYILOĞLU
38998 | 2017-11-25 00:37
Hətta Zimbabvenin doxsan neçə yaşlı prezidenti Robert Muqabe də cavan arvadı qədər istədiyi vəzifəsindən getdi. Amma bizim bəzi televiziya tamaşaçıları inadlarından əl çəkmək istəmirlər. Düşüblər allı-güllü, ağıllı-kamallı aparıcının üstünə. Mətbuatda, sosial şəbəkə deyilən xarabada aparıcı yazığı saqdan da vururlar, soldan da. Elə bir hay-küy qaldırıblar ki, sanki BMT dağılıb.
Özüm baxmasam da vallah-billah bilirəm ki, yazılan qədər də deyil. Nə BMT dağılıb, nə də ATƏT-in damı uçub. Təqribən 3/3 adlı verilişin aparıcısı özünə bab 5-6 nəfəri də götürüb gedib elçiliyə. Guya bizim efir məkanında birinci dəfədir ki? Onsuz da telekanallarımızda hər gün səhərdən axşamacan çal oynasın, vur çatlasındır. Sadəcə, bu dəfə aparıcının qapısını döydüyü qızın cəmi 15 yaşı var imiş. Aparıcı da insandır, səhv edə bilməz bəyəm? O yekəlikdə portuqal hakim Manuel De Souza "Qarabağ"- "Çelsi" matçında səhv edə bilər, təqribən 3/3 verilişinin aparıcı çaşa bilməz?
Mən də ürəyimin dərinliyində inanıram ki, bu, sadəcə balaca bir xəta imiş, aparıcı bir də belə səhv eləyib 15 yaşlı qız üçün TV-də elçilik qurmaz. Bundan 14 yaşlı qızın qapısını döyər. Milli Teleradio Şurasından verilən açıqlama əminliyimi bir qədər də artırdı, qurumdan aydınca şəkildə dedilər ki, aparıcının nə Frans Ferdinandın ölümündə, nə də Birinci Dünya savaşının başlanmasında bir günahı olub.
Mən də elə o fikirdəyəm, amma camaatın, yəni tamaşaçıların necə deyərlər, tərs damarı tutub. O boyda rəsmi təşkilatın sözlərindən sonra da nə 3/3 verilişindən, nə də onu hara gəldi aparan aparıcıdan əl çəkmək bilmirlər. Məsələni bilən də aparıcıya döşəyir, uzaqdan-uzağa eşidən də. Hər işə bayatı, şeir, sonet, poema, dastan qoşmağa adət edən camaatımız "mahir elçi"yə poeziya nümunəsi həsr ediblər:

Çox da öyünmə ki, TV-lərdə kamal var,
Gördük, aparıcıda kamal da yoxdur.

Sözün açığı, heç bilmirəm bunu camaat yazıb, ya yox, bəlkə də elə özüm uydurmuşam? Bildiyim və son günlər müşahidə elədiyim odur ki, tamaşaçılar həmin aparıcının üstünə çox gedir. Vallah-billah uşağın pis bir niyyəti olmayıb, istəyib ki, yeni toy mövsümünə balaca bir töhfə versin, şadlıq evlərinin qapıları, camaatın da üz-gözündəki qırışıq açılsın. Əvvəlcə elçilik, sonra nişan, xınayaxdı, paltarkəsdi, nə bilim, şalvarbasdı, sonra canım sizə desin, xonçatutdu, düyüsüzdü, salatdaddı olsun. Sonra da Araz üstə, buz üstə, kabab yansın köz üstə, qız toyu, oğlan toyu çalınsın. Yeyən yesin, oynamaq istəyən oynasın, sonra da dağılışıb getsinlər, işıqlar sönsün... Bütün bu vacib prosesi də telekanalda biz tamaşaçılara göstərsin, yolüstü bir qədər də reytinq yığsın. Amma...
Tamaşaçılar imkan vermədi, düz-əməlli elçilik olmamış bütün işləri korladılar, o boyda hazırlıq yarımçıq qaldı, sponsorların şabaş kimi tökdüyü pullar yelə verildi. Üstəlik, yazıq aparıcını ağ yuyub, qara sərdilər. Deyəsən təsadüfən aldığı fəxri adına da heç hörmət eləmədilər. Aparıcıya qoşulub 15 yaşlı qızın qapısına elçiliyə gedənləri də qatdılar onun gözünə.
Yenə o fikrimdə qalıram ki, tamaşaçılar tənqidin "barıtını" bir az çox edirlər. Hakimiyyətdə olduğu 40 il ərzində düz-əməlli bir gün görməyən Muqabe müəllim kreslodan əl çəkdisə, bizim tamaşaçılar da bir verilişi tənqid etməkdən vaz keçə bilərdilər. Bəzən "keçənə güzəşt deyib" yola vermək olar.
Lap bərkə qalsa, tamaşaçıları günahkar çıxartmaq təzə şou verilişi açmaq kimi asandır. Yazıq aparıcıdan kamal tələb edib üstünə yeriyən tamaşaçılara demək lazımdır ki, niyə belə səs-küy salırsınız? 3/3 verilişi xoşunuza gəlmir, elçiliyə baxmaq istəmirsiz, düyməni basıb televizoru söndürün. Səbirli olun, bir azdan elə həmi kanalda boşanmaqla bağlı şou olacaq, yəqin ki, xoşunuza gələcək. Yox əgər onu da bəyənməsəniz, daha sizə heç nə deyən deyiləm. O siz, o da Xəzər dənizi. Nə qədər istəyir ürəyinizi boşaldın... 

TƏQVİM / ARXİV