ANA SƏHİFƏ / YAZARLAR

SARI SİNİ

Fəridə RƏHİMLİ

13432    |   2017-11-24 16:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən bir söz, bir qoxu, bir əşya insanın unutduğu sandığı, amma əslində beyninin bir küncündə ilişib qalmış xatirələri oyatmaq gücünə malikdir. Beynimizin qatlarında nə qədər acılı-şirinli xatirələrimiz yatır – himə bənddirlər ki, onları oyadan bir səbəb olsun.

İlləri adlayıb gəlmiş, neçə nəslin insanlarının əlindən keçmiş bir sini uşaqlığımın ən gözəl çağlarını yenidən yaşatdı mənə, adi sarı mis sini! Uşaqlar köhnə əşyaları atmağa hazırlaşarkən evi təmir edən ustanın atmağa qoymayaraq sinini saxlaması və... içində emulsiya qarışdırması məndə təəssüf doğurdu. Həm uşaqların, həm də ustanın bu tarixi, antik əşyaya səthi münasibətləri ağrıtdı məni.

O sinini yuyub təmizləyənə qədər uşaqlıqdan gəncliyimə qədər olan həyatımı sanki bir sinidə gətirib qarşıma qoydular.

Gözdən uzaq düşüb

bir küncdə

küskün-küskün,

gizli-gizli

qaçqın həyatını

yaşayan sarı sini,

səninlə

üz-üzə gəlməkdən,

yenidən başlanan

həzin görüşdən

dilləndi...

kövrəldi

qəlbimin sarı simi...

Məni kövrəldən, ağladan səbəbi bir parça çörəyini qazanmaq üçün çalışan usta anlamadı.

İlk dəfə onu nənəmin əlində görmüşdüm, ən çox o, istifadə edərdi. Ləzzətli plovdan əvvəl, ilıq yaz günəşinin şəfəqləri altında həyətdə sərdiyi kilimin, mütəkkənin üstündə oturub, bu sinini dizinin üstünə qoyaraq düyü təmizləyən zaman seyr etmişdim nənəmi. O zaman 3-4 yaşım olardı. Düyülər qarışıq, zibilli olardı, indiki kimi kauçuğu xatırlatmırdı. Onu təmizləyib arıtlamaq da bir iş idi. Plov dəmləyib ortaya çıxarmaq da hər qadının bacardığı iş deyildi o vaxtlar, qədərini bilməsən xəmirə dönərdi...

O sinidə, isti yay günlərində kənd həyatının ağır zəhmətindən sonra həyətdəki tut ağacının altına çay gələrdi. Və gərgin əməyin xoş rahatlığıyla içilərdi o çaylar, bekarçılıqdan deyil. Ona görə də ləzətli idi. Və yoldan, çəpər dibindən keçənləri də çağırıb samovar çayına qonaq edərdilər. Paylaşmaq, bölüşmək vardı o zamanlar, ona görə çörək də bərəkətli idi, yemək də dadlı olurdu, yaşamaq həvəsi, ümidi də indikindən qat-qat üstün idi.

O sinidə, babam hektarlarla ot sahəsində dəryaz çalarkən bir gündə neçə dəfə çay daşıdığımızı da xatırlayıram. Əsəbləşib: "Dəvəni xəlbirlə sulamayın, samovarı gətirin!” deməsini də...

Toy məclislərində bir-iki gün əvvəldən qonşudan stəkan-nəlbəki, boşqab, xalça-palaz-kilim, yastıqlar, duz qabı, qənd qabı və təbii ki, sinilər topladığımızı da xatırlatdı mənə. Eyni şeylər yaslarda da təkrar olunardı.

O sini nənəminmi cehiziydi, anamın anasınınmı? Bəlkə daha da əvvələ gedib çıxırdı tarixcəsi. Hardan alınmışdı, hansı ustanın əl işiydi, kimlərin əlindən keçib, bizə gəlib çıxmışdı? Bəlkə də qıza cehiz olaraq bir boxça verilən həmin zamanlarda onu cehiz aparan qadın xoşbəxtlərin xoşbəxtiydi...

Anamın anası indi Ermənistan deyilən, Qərbi Azərbaycanda doğulmuşdu. Bəlkə anamın "aclıq illəri” dediyi o illərdə ordan köçərkənmi qiymətli əşya kimi özüylə götürmüş, bərabər köçkün həyatı yaşamışlardı? Belə idisə, onda bu sininin cizgilərində illərin əzabları da yazılıb, mən oxuya bilmirəm!

İndi atılmaq üçün çıxarılmış və mənim israrla saxladığım sini ikinci qaçqın həyatını yaşayır. Əvvəllər yalnız Novruz bayramlarında xonça üçün istifadə edilən sarı sinini bəyənməyən uşaqların istəyiylə yeni sinilər alındıqdan sonra o, işlənməyən əşyaların arasında yer tutdu. Və bu gün yenidən ortaya çıxmaqla bir ömürlük həzin xatirə gətirdi özüylə. Maraqlıdı, məndən sonra atılacaqmı, yoxsa mənim kimi kövrələn biri tapılacaqmı, bilmirəm...




İmza:

YAZARIN ARXİVİ

2017-12-11 : Neft ucuzlaşdı
2017-12-08 : Dağlar oğlu
2017-12-08 : Oqtay RZA
2017-12-07 : ƏBDÜL DAYI
2017-12-07 : Qoşa qanad
2017-12-06 : ƏBDÜL DAYI
2017-12-06 : Qoşa qanad
2017-12-05 : ƏBDÜL DAYI
2017-12-05 : CANLI TARİX
2017-12-04 : MUŞTULUQ
2017-11-30 : Xalası göyçək
2017-11-30 : Hanı bizim Deda?
2017-11-30 : "FOTODASTAN"
2017-11-28 : Təbrik
2017-11-25 : Payız meşəsi
2017-11-24 : İti və atası
2017-11-24 : SARI SİNİ
2017-11-22 : Yeni nəşrlər
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO