ANA SƏHİFƏ / RUBRİKA

Yuxuyozma kitabları cəfəngdi - YUXU QAPISI

44983    |   2017-11-24 14:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı tanınmış filosof, dosent Müşfiq Şükürovdur. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Yuxular fərqli planda, fərqli dərinlikdə aşkarlanırlar. Froyd ən geniş yayılmış yuxuları tədqiq edir. Digərlərini də onlara müncər edir, zorla həmin sxemə soxmağa çalışır. Bu səbəbdən, tələbəsi Yunq zamanla yuxuların yozumunda daha dərin, kollektiv qeyri-şüuri ilə bağlı formalarına meyllənir. Sanki bu bəsitliyi aradan qaldırmaq üçün.

Amma Froyd heç də bəsit deyildir. Yuxuların əksəriyyətinin mədəniyyətin insan təbiətinə basqısının nəticəsi olaraq aşkarlandığını, sublimativ xarakterli olduğunu, bizə nəsə çatdırmaq istədiklərini, simvolizmini yaxşı açdı.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-İndi az yuxu görürəm. Son 10 olar. Gördüyüm yuxuları ciddiyə alıram. Onların mənə nə demək istədiyini anlamağa çalışıram. Bəzi yuxularım olur ki, növbəti 5-6 ilimin istiqamətini nişan verir. Bəzən daha çox. Əvvəlki, başqa həyatlarım barədə, tamam fərqli təcrübələr barədə işarələr olur.

Bilirsiniz, ağıl insana çox şeydə yardım olur bu dünyada. Amma bütün yardımçılar kimi, sonradan adama sahiblənməyə meyllidir ağıl da. Sənə sahiblənir və sonra həqiqəti səndən gizlətməyə başlayır. Sənə yalnız öz sistemindəki "bilikləri” sunur. Yuxular ağıla tabe olmadığından gerçəklik, sənin gerçəkliyin barədə fərqli məlumatlar, ağılın sənə çatmasını istəmədiyi məlumatları ötürür. Beləcə, harda olduğunu, necə olduğunu fərqli mənbədən öyrənə və vəziyyətini qiymətləndirə bilirsən. Yuxular insanı ağıl əsarətindən çıxarır.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Təbii düşünürəm. Yuxuların simvolizmində ümumi məqamlar olsa da (məsələn, kollektiv şüursuzluğun kodları) insan öz yuxularını tam olaraq, yalnız özü aça bilər qənaətindəyəm. Çünki yuxular onun özünün özünə məktublarıdır. Bir az da şəxsi simvolizm olur yuxularda. Kifayət qədər həssas ağıllı adam oxuya bilər öz yuxularını.

Bəzi kitablar var yuxuyozma barədə. Cəfəng, gülməli şeylər çoxdur o kitablarda.

Hər bir halda, yuxular bütün adamları narahat edir. Çünki daşıdıqları informasiya çox dərindən və bu səbəbdən də çox etibarlı mənbədən gəlir. İnsan yuxularının əhəmiyyətinə şübhə edə bilmir. Dərinlik - həqiqlik dəlili kimi çıxış edir bu zaman. İnsan özünə yer tapmır. Kimilər suya danışır, kimilər başqalarına... Hərə bir cür çarə axtarır narahatlığına.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Təbii. İnanıram. Hərçənd yorğunluqdan və psixoloji basqılardan dolayı yaranan yuxular da çoxdur. Onları zamanla insan tanımağı öyrənir. Bəzi yuxular, ümumiyyətlə, gələcəkdən xəbər verir. Mən dəfələrlə elə yuxular görmüşəm. Və sonra o yuxuların həyata keçdiyini də görmüşəm. Anlaşılmazdır. Tamamilə rasionalizmə ziddir. Bayaq dedim, yuxular insanı ağılın, rasionalizmin hökmündən də azad edir. Rasionallıqdan yararlanmaq lazımdır. Rasionallığa bərabər olmaq – insan kimi qurumaqdır. Ekzistensiyanın daha dərin qatları ilə əlaqəni itirməkdir. Təbii ki, asan və sxematik deyil bu məsələlər. Hər irrasional olan da müdrikdir anlamına gəlib çıxmamalıdır. Şərqdə indi rasionalizmin hökmü azdır. Səbəbdən də insanlar əzab çəkirlər. Qərbə qaçırlar, ədalət və ağlabatanlıq axtarışları ilə. Dəlixanaya döndərmişik həyatı Şərqdə. Amma Qərb adamı da daxildə öz rasionallığından çıxış axtarır. Şərqin dini təlimlərinə marağı da ondandır. Bir zamanlar Fukuyama Qərbin sonunu proqnozlaşdırırdı. "Tarixin sonu” əsərində. Çünki rasionalizm qələbə çaldıqdan sonra başqa çıxış yolu qalmır. Lakin tarixin təkəri fırlandı, Avropa Şərqdən gələn qaçqınlarla doldu. İndi istənilən qədər irrasionalizm var Qərbdə. Gəmiyə minib gəmiçi ilə dalaşırlar. Gülməli şeylər də çoxdur. Amma hər bir halda, bu irrasionalizmin müdaxiləsi oldu. Qəribə də olsa, Qərbi mənəvi ölümdən qurtaracaq bu. Onlara reaksiya vermək üçün Qərb adamları yenidən mənəvi fəal olmağa, yenidən fəlsəfi problemlər üzərində baş sındırmağa başlayacaqlar. Qaçqınlar qərbliləri mənəvi ölümdən qurtaracaqlar, paradoksal səslənsə də.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Anlamadığım, yoza bilmədiyim yuxularım da çox olur. Çin çıxan yuxularım da. Hər bir adamda olan kimi. Taleyim, ruhum barədə düşünürəm belə hallarda.

Ümumiyyətlə, proqnostik yuxular ağla böyük bir çağırışdır. Və insanı müdrikliyə yönəltmək ağlının sərhədlərini dağıtmaq, genişləndirmək üçündür. Bu, min illər əvvəl də belə idi. İndi də belədir. Məsələn, Bibliyada və Quranda Yusif peyğəmbərin yuxu yozmaları təsvir olunur. Hələ baş verməmiş hadisələrin dolğun təsviri yuxularla gəlir. Necə ola bilər bu? Bizim elmi, rasional ağlımız dəli olur belə informasiyalar qarşısında. Səbəb-nəticə əlaqələrini görmək olmur. Hadisə hələ baş verməyib, amma gələcək göstərilir.

Amma mən yuxuların dəyişdirilməsinə də inanıram. Yəni yuxu xəbərdarlıqdır. Uzaq Şərqdə yuxuların transformasiyası üzərində işləyənlər də olub. Yəni taleyin dəyişdirilməsi üzərində. Hər bir halda informasiya (yuxu da o cümlədən) fəaliyyət üçün, korreksiya üçün əsasdır.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Təbii belə yuxularım olub. Lakin onları mən ən yaxın dostlarıma danışıram. Düşünmürəm ki, bu platformada bunu etmək lazımdır. İntim məsələdir yuxular. Hamıya da danışmaq olmaz.

Bircə onu deyim ki, doğru olub olmadığını. Düz gedib getmədiyimi yuxularımdan öyrənmişəm. Bu halda adam dəlilini öz içərinsindən alır. Başqalarının rəyindən asılı olmur, düzmü gedirəm, əyrimi gedirəm... Manipulyasiya edə bilmirlər səninlə. Sənə yalançı amallar aşılaya bilmirlər. Ağlını aldada bilmirlər.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Düşünməmişəm bu barədə. Rənglərə fikir vermirəm yuxularımda. Varmı, yoxmu? Əsas süjetdir, məzmundur. O, bütün ruhumu zəbt edir. Kinoda da belədir. Nə fərqi var ağ-qara ya rəngli. Yaxşı kino olsun. Biz uşaqlığımızda bütün filmlərə ağ-qara baxırdıq. Ağlayırdıq, gülürdük. Qətiyyən bu barədə düşünmürdük.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Özümü. Bəzən ailə üzvlərimi, bəzən dostlarımı. Hamı kimi.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Fikrin kontekstini hiss edə bilmədim. Hər bir halda, bir şey var bu fikirdə, yuxular gerçəkliyə əlavədir. Onun sərhədlərini genişləndirir. Gerçəkliyin gerçəkliyə sığmadığının dəlilidir.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Heç zaman, heç kimi görməmişəm. Ağsaçlı, ağ paltarlı müqəddəslər, peyğəmbərlər falan da görməmişəm heç zaman. Amma bu cür yuxular çox danışıblar mənə. Dediyim kimi, mənə görə, yuxu sənin özünün özünə məktubundur. Burada sənin inancların, simvolların, kodların əlifba rolunu oynayır. Sən xristianlığa cəlb olunmusansansa, xristian müqəddəslərini, islama cəlb olunmusansa, müsəlman müqəddəslərini, ateistsənsə, məsələn, Saqanı görə bilərsən yuxularında və s. Bu sənin daxili aləminin seçimləri ilə bağlıdır. Kainat sənə informasiyanı sənin etibar etdiyin simvollar dolayısı ilə çatdırmaqda problem görmür. Mövcudluq üçün İsa ilə Saqan obrazları arasında fərq yoxdur.

Görünür, daxilən mən, heç bir avtortetə sığınmıram. Ondan irəli gəlir. Heç bir obrazın mənim ruhum üzərində həlledici avtoriteti yoxdur. Ona görə də görmürəm, dahiləri yuxularımda. Hərçənd sevdiyim dahilər də çoxdur.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Təbii ki, yuxular özünüdərkin əhəmiyyətli hissəsini təşkil edir. Yuxular həyatımızda irrasional başlanğıcı təmsil edir bu baxımdan. Həm rasional, həm də irrasional başqlanğıcların vəhdətində insan müdrikliyə doğru irəliləyir. Rasional başlanğıcdan məhrum şüur irrasionalizm cəfəngiyyatına sürüklənir, irrasional başlanğıcdan məhrum, rasionalizmə sarılmış şüur isə həyatın quruması, ölməsi demək olur.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK