adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Noyabr 2017 12:19
11125
GÜNDƏM
A- A+

ÖMÜR YOLU ZƏHMƏTDƏN VƏ İNAMDAN KEÇƏN İNSAN

O, Bakıda doğulub - Bülbülə qəsəbəsində. Düz 80 il bündan öncə. O dünyaya gələndə Azərbaycan adlı məmləkət Sovetlər Birliyinin ağuşunda idi... Və bir də o dünyaya gələndə Azərbaycanın başı üzərində repressiya qılıncı oynayırdı. İnsanlar bir xof içərisində idi. Kimlərsə Stalinin böyüklüyü qarşısında səcdəyə dayanmışdı, kimlərsə bu kabusdan qurtulmaq barədə düşünürdü. Amma yenicə dünyaya gələn bu oğlanın isə hələ heç nədən xəbəri yox idi. Dünyaya gəldi və nələr baş verdiyini çox kiçik yaşlarından həm anladı, həm də şahidinə çevrildi. O yenicə sərbəst addımlamağa başlamışdı ki, sovet-alman müharibəsi başladı. Onu da acılarını ömrünə-gününə yazdı.

Sonra 9 may qələbə sevincinə qoşuldu hamı kimi o da. Və beləcə, həyat yollarında özünün kimliyini təsdiq etmək üçün büdrəməkdən, qorxmaqdan, tərəddüdən qəti şəkildə imtina etdi. Özünü toparladı və günlərin birində də bugünkü Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi oldu. Eyni zamanda, öncə Bədən Tərbiyə fakültəsini, sonra paralel olaraq Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini uğurla bitirib həyat yollarına qədəm qoydu.

İlk iş yeri kimi 1966-cı ildə itirdiyi Politexnik İnstitutunda müəllim kimi tələbələr qarşısına çıxdı. 5 il burada çalışan Ağacan Qulam oğlu Abıyev 1971-ci ildə Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri kimi davam etdirdi. 1983-cü ildə vətənə qayıtdı. Və yenidən Azərbaycan gənclərinin, daha doğrusu, ali məktəbə qəbul olunmuş tələbələrin qarşısında bildiklərini, ixtira etdiklərini bir müəllim kimi onlara öyrətməklə bu şərəfli peşəni daha da sevdirdi.

Sonra İnşaat Mühəndislər İnstitutunun kafedra müdiri kimi də özünü təsdiq etdi. Və nəhayət, 1987-ci ildə ona böyük etimad göstərərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasına rektor təyin etdilər. Bir monoqrafiyanın, 100-dən çox elmi məqalənin, 4 ixtiranın müəllifi olan Ağacan Abıyev həm də idmanla ciddi məşğul olub. Onun həyatında idmanın özəl yeri var. Məhz bu idmana olan özəl sevgi onun 6 dəfə Azərbaycan çempionu olmasına gətirib çıxarıb. Zamanında dəfələrlə beynəlxalq turnirlərdə mükafatlar qazanıb, SSRİ-nin fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası adlarını şərəflə daşıyan Ağacan müəllim hələ 1957-ci ildə "Neftçi" İdman Cəmiyyətinin məşqçisi idi. O, Avropa Beynəlxalq Federasiyasının vitse-prezidenti olmaqla yanaşı, həm də Dünya Boks Federasiyası İcraiyyə Komitəsinin üzvüdür. Bu gün isə həmin şərəfli fəxri adların ən sanballı zəhmətini də uğurla çiyinlərində daşıyan Ağacan müəllim Milli Olimpiya Komitəsinin baş katibi olmaqla bahəm, həm də Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir.

Bütün həyatını gənc nəslin yetişdirilməsinə, onların sağlamlığına, peşəkarlığına həsr etmiş Ağacan müəllim ölkənin ictimai-siyasi həyatında da öz sözünü demiş ağsaqqallardan biridir. Heç də təsadüfi deyil ki, son üç çağırış Milli Məclisə seçkilər zamanı Ağacan müəllim millət vəkili adına layiq görülüb. Seçicilər ona etimad göstərərək ilk dəfə 2005-ci ildə onu parlamentə öz təmsilçiləri kimi göndərdilər. Etimadı doğruldan Ağacan Qulam oğlu Abıyev 2010-u ildə də, elə 2015-ci ildə də millət vəkili seçildi. O bu gün də parlamentdə İntizam Komissiyasının sədridir. Azərbaycanın beynəlxalq əlaqələrində, xarici ölkələrlə dostluq münasibətlərinin qurulmasında onun fikri, sözü həmişə önəmli sayılıbdı. Elə bu yerdəcə onu da xatırladaq ki, Ağacan müəllim ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. Həmin sərəncamda vurğulanıb ki, ölkənin ictimai-siyasi həyatında, idmanın inkişafında böyük xidmətlərinə görə, Ağacan müəllim ölkə rəhbərliyi tərəfindən mükafatlandırılır.

Noyabrın 24-də 80 yaşı tamam olacaq ağsaqqal millət vəkili, tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının üzvü Ağacan Qulam oğlu Abıyev bütün həyatı boyu xalqına, dövlətinə sədaqətli xidmət edən, onun uğurlu sabahları üçün çalışan ləyaqətli ziyalılarımızdan biridir. Bu gün adı fəxrlə çəkilən Ağacan müəlim öz tərcümeyi-halı ilə də gəncliyə nümunədir. Bu tərcümeyi-halın ən diqqət çəkən və böyük hərflərlə yazılan mənası belədir:

- Zəhmət, inam, əqidə və sədaqət uğurlara aparır!

Bəli, biz də yubiley ərəfəsində tanınmış ziyalımız, dəyərli ağsaqqalımız, sevilən millət vəkilimiz Ağacan Abıyevi ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar diləyirik.

P.S. Yazını yenicə tamamlamışdım. Televizorun düyməsini basdım və "Xəbərlər” proqramında ölkə prezidentinin sərəncamı ilə Ağacan Abıyevin "Şərəf” ordeninə layiq görülməsi xəbərini eşitdim. Layiq görüldüyünüz ordenə görə də Sizi təbrik edirik, Ağacan müəllim!


Ceyhun Rüstəmov