adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QƏHRƏMANINI ÖLDÜRƏN AKTYOR...

BABƏK YUSİFOĞLU
71710 | 2013-03-19 11:04
Alimlərə, mütəxəssislərə, ümumiyyətlə dünyanın ağıllı adamlarına görə İnsan mükəmməl yaradılışdır. Və mən də bu fikirləri tam bölüşürəm. Həqiqətən də Allah-Təala bəndələrin simasında ən mükəmməl varlıqlardan birini xəlq edib. Bəlkə də belə İlahi mükəmməllik üzündəndir ki, insan oğlu əli yetməyən, ayağı dəyməyən yerləri, məkanları, obyektləri  öyrənsə belə özünü hələ də tam çözə bilməyib...
Nəinki özünü, heç duyğularından bircəciyini də tam şəkildə izah etməyi bacarmayıb. İnsan niyə sevir? Bu onun hansı duyğularının təlabatından doğur? Niyə bəzən insanlar sevdiklərinə görə öldürürlər, ölürlər, hətta sevdiklərini məhv edə bilirlər?  Övlada, valideynə, digər yaxınlara olan sevgiylə, sevgiliyə olan duyğular mahiyyəticə nədən  bir-birndən fərqlənir? Bunların hamısı sonucda Sevmək deyilmi? Axı nədən, necə başlayır bu?..             
Əslində bütün bunlar bəşər övladının uzun əsrlər boyu baş sındırdığı saysız-hesabsız suallardan yalnız bir neçəsidi. Niyəsə ən çox da həmin suallara cavablar verilib. Amma bir-birindən fərqli... Məşhur fransız yazıçısı Antuan  De-Sent Ekzüperi  belə hesab edirdi ki, Sevgi məhz qurban verməkdən başlayır. Ananın körpəsinə sevgisi onu dünyaya gətirərkən çəkdiyi əzablardan,  yuxuların, əməyin, ömrünün... qurban verilməsindən başlayır. Sevgiliyə olan sevgi rahatlığın, ömründən sərf etdiyin zamanın, bəzi arzuların, ürək təpərinin... qurban verilməsindən başlayır. Sevgi sənin olan nələrisə digərinə qurban verməkdən başlayır...   Bəlkə də belədi...
O da sevdiyi və sevdirdiyi obrazı itirməmək üçün qurban verdi... Bəli, sözün əsl mənasında qurban verdi. Mən məşhur aktyor Plaçidonu deyirəm... O, yadınızdadırmı?..
HƏQİQƏTƏN
MƏN  KİMİNLƏ  
RASTLAŞMIŞDIM?

Bir çoxlarının tanıdığı, hətta deyərdim ki, sevdiyi dünyaca məşhur həmin sənət adamından söz açacağam. Amma  söhbətə yaddaşımda artıq unudulmaqda olan bir hadisə ilə başlamaq istəyirəm. Ona görə "unudulmağa başlayan" deyirəm ki, həmin epizodun üstündən nə az,  nə çox 17-18 il ötüb və çox təəssüf  iştirakçıların adları belə yaddaşımdam silinib. Amma həmin təsadüfün özü mənim üçün çox maraqlıydı...
Günlərin birində dostlardan biri ilə Sabirabada getmişdim. Yay vaxtı olduğundan Sabirabadın bürküsü, istisi bizi yaxşıca təntitmişdi. İşlərimizi bitirdikdən sonra  bizi dostun yaxın adamlarından biri evlərinə qonaq apardı.
Bu diqqət çox dəyərliydi və bizə əsl Azərbaycansayağı qonaqpərvəlik göstərən o ev sahibləri  həmin səmimi və isti  münasibətlərə görə ən azı dərin minnətdarlığa layiq idilər. Amma...
Amma təsəvvürünüzə gətirin, bütün bunlardan savayı orada mən qəfldən elə bir səhnə ilə qarşılaşıram ki, heyrətimdən nə edəcəyimi bilmirəm. Evin pilləkanından düşən cavan bir oğlan təzəcə oturub rahatlandığımız kölgəliyə tərəf gəlir. Və mən şaşırıram, gözlərimə inanmıram. Bu necə ola bilər? Məşhur italyan aktyoru Mikele Plaçido (bir zamanların məşhur Komissar Kattanisi) üzündə zorla seçiləcək təbbəsümlə bizə yaxınlaşır. Ani olaraq öz-özümə düşünürəm: "O burda nə gəzir?" "Onun Sabirabadla nə əlaqəsi?"..
Və "Komissar Kattani" ədəb-ərkanla bizə  "xoş gəldiniz" deyəndə qarmaqarışıq suallardan, çaşqınlıqdan qurtuluram.
Ətrafdakılar halımdan xəbərsiz olsalar da o, heyrətimi anlayır, sakitcə aydınladır ki, həmin filmə baxanların bənzər davranışlarıyla tez-tez rastlaşır. Mübaliğəsiz deyirəm, evin ortancıl oğlu olan bu adam yerli ləhcə ilə danışmasaydı, eləcə sussaydı, bəlkə də mən onun həmin məşhur italyan aktyoru olduğuna inanardım. Qəribəydi, bu bənzərlik onun baxışlarından tutmuş saç düzümünə qədər eyni idi. Sabirabadlı "Mikele Plaçido" ilə...

MİKELE  KÖNÜLLÜ  
NİYƏ GEDİRSƏN?

1980-ci illərdə Sovet İttifaqında televiziya ilə nümayiş olunan və tamaşaçıların böyük sevgisini qazanan  məşhur italyan teleserialı "Sprut" filminin sevimli qəhrəmanı Komissar  Kattani - Mikele Plaçıdo əslində bir filminin qəhrəmanı olmayıb. O, neçə-neçə obraza daimi "həyat" verib. Elə özünün  həyatı da, keçdiyi yaradıcılıq yolu da, bənzərsiz xarakteriylə başqalarından çox fərqlənib.
Sonradan ekranların Komissar Kattanisi olacaq bu cocuq 1946-cı ildə İtaliyada - Apennin "çəkməsi"nin düz "dabanı"nda yerləşən  kiçicik Askoli Satriano şəhərciyində anadan olub. Belə demək mümkünsə,  əslində Mikele dünyaya gəlişiylə böyük ailəyə yeni qayğılar da gətirdi. Çünki çox kasıb güzəran keçirən Plaçidolar ailəsində səkkiz uşaq böyüyürdü və onları keçindirmək ata üçün elə də asan iş deyildi. Bütün məhrumiyyətlərə baxmayaraq valideynləri balaca Mikeleni monastr məktəbinə qoydular. Və hələ uşaqlıqdan ehtiyacın sərt üzüylə qarşılaşan oğlan buradakı təhsilindən sonra vilayət mərkəzindəki kollecdə təhsilini davam etdirməyə getdi. Beş il də orada oxuyan Mikele yenidən doğma evinə dönəndə artıq 15 yaşındaydı. Ürəyində aktyorluğa olan hədsiz arzularıyla...
İtaliyanın ucqarında, adi bir əyalət cocuğunda haradan idi bu istək? Əslində özü də sonradan izah edə bilmirdi ki, onda teatra, aktyorluğa sevgi, həvəs necə yaranmışdı. Çünki onların yaşadığı şəhərcikdə belə məşğuliyyətlər yox idi.
Plaçido çox sonralar həmin günləri belə xatırlayacaqdı: "Yadımdadır, özümü başa düşəndən niyəsə aktyor olmağı  arzulayırdım. O vaxtlar buna necə nail olacağımsa mənə çox dumanlı görünürdü. Çünki bizim şəhərdə hətta teatr belə yox idi. Ona görə də çalışırdım ki, orduya gedib hərbi xidməti tez başa vurum.
İstəmirdim ki, əsgərliyim nə vaxtsa  sevdiyim işlə məşğuliyyətimdə  fasilə yaratsın. Axı mən özümü tamamən teatra həsr etmək istəyirdim".
Onunku gətirdi. Çünki bir müddət sonra Mikeleni əsgərliyə tez apardılar, amma könüllü olduğu üçün onu ordu hissələrinə deyil polis sıralarında  xidmətə götürdülər, sonra isə Romaya göndərdilər.
Əslində  bunları onun həyatının dönüş nöqtəsi adlandırmaq olardı. Çünki  bundan sonra Mikele ürəyində böyütdüyü arsuları həyata keçirmək üçün real imkanlar qazana bildi.  Polisdə xidmət keçə-keçə sənədlərini milli teatr incəsənəti akademiyasına təqdim etdi və imtahanları uğurla keçərək qəbul olundu. Burada Mikele üçün 3 il müddətində aktyor sənətinin incəliklərini öyrənmək üçün böyük imkanlar yarandı. O da var gücü ilə çalışdı, öyrəndi.  

SƏNƏT  DÜNYASININ  
KANDARINDA

Təhsilini başa vurduqdan sonra Mikele Plaçido teatrda çalışmağa başladı, hələ çox gənc olmasına rəğmən rejissorlar tərəfindən ona etibar edilən rolların öhdəsindən layiqincə gəlməyə  başladı. O, burada özünü rahat hiss edirdi. Çünki artıq həyatını  bütün varlığı ilə sevdiyi sənətə bağlaya bilmişdi. Üzərində böyük məhəbbət və həvəslə  çalışdığı müxtəlif rolların və yaradıcı insanların əhatəsindəydi.
O dövrlərin məşhur  rejissorlarından biri olan Luka Ronkoninin truppasına gəldi, burada nə az, nə çox, düz beş il çalışdı. Sonrakı hadisələrsə elə gətirdi ki, sənət həyatını Corcio Streler teatrıyla bağladı. Özünü oynadığı tamaşalardakı surətlərin hər birində tapdı. Seyirçilər onun ifasında gördükləri obrazlara məftun qalırdılar.
Elə Mikelenin onları sevdiyi qədər. Hətta həmin illər Plaçidoya elə gəlirdi ki, teatrdan başqa heç bir yerdə özünü doğrulda bilməz. Amma görünür bu məsələdə o, səhvə yol verib. Çünki çox keçməyəcəkdi ki, həyat Mikeleni yeni bir səmtə yönəldəcək, o, ekranların ulduzuna çevriləcək, nəinki İtaliyada, hətta dünyada belə tanınmağa  başlayacaqdı.  
Onu ilk dəfə bir televiziya filimində  - "Piççotto"da oynamağa dəvət edəndə yaşı təzəcə 25-i adlamışdı. Və bu dəvəti onun həyatında ikinci bir xoşbəxt dönüş adlandırmaq olardı. Çünki  1972-ci ildə rejissor Alberto Neqrino tərəfindən çəkilən və  Siciliya dialektində  oğlancığaz mənasını verən "Piççotto" filmi ekranda nümayiş etdiriləndən sonra çox böyük maraqla qarşılandı. Tamaşaçılar birinci dəfə onu ekranda gördülər və o, ilk oyunu ilə insanların qəlbinə yol tapa bildi. Əslində başlanan uğurları tamamən onun parlaq aktyorluq istedadı ilə izah etmək doğru olmazdı. Gənc Mikele Plaçido həm də zahiri görnüşü ilə olduqca cəzbedici, yaraşıqlıydı. Tamaşaçıların ürəyinədək işləyən səmimi davranışları, mənalı baxışları ona olan məhəbbətin, diqqətin səbəblərindən biriydi.
İstedadlı, yaraşıqlı Mikele  Plaçido ilk filmiylə ekranlarda görünər-görünməz digər tanınmış italyan rejissorların da diqqət mərkəzinə düşdü. İtaliya kinosunun məşhur simalarından biri sayilan Karlo Di Palma gənci bəyəndiyindən onu böyük ekranlar üçün çəkməyə hazırlaşdığı "Oğru-Tereza" kinokomediyasına çağırdı. Mikele razılaşdı. Ailəsinin, elə özünün də maddi ehtiyaclarına rəğmən o ilk dövrlər ümumiyyətlə kinodakı rolların necəliyinə diqqət vermədən işləyirdi. Çünki kinoda  teatrda aldığı puldan daha çox qazanmaq mümkündü.  

İLK  FİLMLƏR  
VƏ POPULYARLIQ

Maraqlıydı, növbəti təklifi də bir komediya filminin rejissoru Mario Moniçellidən gəldi. Mikele bu lentdə  -   "Xalq romanı"nda Covanni obrazını oynadı. Və film gözləniləndən də böyük uğur qazandı. Ölkənin hər yerində sevilə-sevilə izlənən film Mikele Plaçidoya da çox böyük populyarlıq gətirdi. Qısa müddət ərzində artıq sadəcə onu ekranlarda izləmək adıyla filmlərə gələnlərin sayı ağılasığmaz dərəcədə artdı. Bu da öz növbəsində Plaçidoya edilən təkliflərin günü-gündən çoxalmasına səbəb oldu. Və belə demək mümkünsə, Mikele Plaçido şöhrətə gedən yolun qapısını özü üçün artıq aralamışdı. İntim filmlər çəkən müəlliflər  məmnuniyyətlə bu yaraşıqlı aktyorun istedadından istifadə etməkdə yarar görürdülər.
Əslində 1970-80-cı illərdəki yaradıcılığını nəzərdən keçirsək onun 7-8 il ərzində oynadığı filmlərin sayı başqalarının 15-20 ildə çəkildiyindən daha çoxdur. "Ailəvi günahlar", "Aman Allah, mən necə alçalmışam", "Ağılsızcasına yataqda", "Ernesto", "Kazotto",  "Əsir qadın", "Diz çökmüş adam", "Şənbə, bazar və cümə"... və s. Və bunların hər birində Mikele Plaçido əsərdəki obraza çevirilməyi, onun daxili aləmini, vərdişlərini ən xırda detallarınadək tamaşaçılara göstərməyi ustalıqla bacarmışdı.
(Davamı  olacaq)
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV