adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Noyabr 2017 00:21
29203
LAYİHƏ
A- A+

HƏR DAŞIN ALTINDA BİR TARİX YATIR

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


(əvvəli ötən sayımızda)
Tarixi həqiqətləri özündə yaşadan və onu günümüzə gətirib çıxaran abidələr sırasında özünəməxsus yeri olan və Azərbaycan coğrafiyasında da geniş yayılan türbələr barəsində fikirlərimizi davam etdirərkən Füzuli rayonu timsalında daha bir türbəyə üz tuturuq.
Bəri başdan deyim ki, öncə də qeyd etdiyimiz kimi, Füzuli rayonu ərazisində sirləri görüb gəlmiş, daş kitabələri ilə bizə sirli keçmişimizi pıçıldayan xeyli türbə var. Həmin türbələr arasında bu gün də ziyarət etmək imkanımız olan Arğalı və Şeyx Babı türbələri də var. Bu türbələr artıq Azərbaycan tarixində həm tarixi abidə kimi, həm də meyarlıq nümunəsi kimi öz yerini təsdiq etmişdi. Yəni tarixçilərimiz, arxeoloqlarımız bu abidələrlə bağlı araşdırmalar aparmış və bu gün də həmin araşdırmalar davam edir. Demək istəyirəm ki, Füzuli rayonu ərazisindəki Əhmədalılar kəndinin yaxınlığında yerləşən Arğalı türbəsi həm bir memarlıq nümunəsi kimi, yəni tikinti konstruksiyası baxımından diqqəti çəkir, həm də bir tarixi abidə kimi çox önəmlidir. Həm də burda bir maraqlı məqam da var ki, onu da mütləq vurğulamaq lazımdır. Yəni diqqətlə yanaşanda, tarixilik baxımından qiymət vermək istəyəndə məlum olur ki, Arğalı türbəsi ilə Şeyx Babı türbələri müəyyən oxşarlıq ifadə edir. Onların həm zaman, həm də dediyimiz kimi, konstruksiya-tikinti baxımından üst-üstə düşən cəhətləri var. Lakin mütəxəssislərin apardığı araşdırmalar sübut edir ki, Şeyx Babı türbəsindən fərqli olaraq Arğalı türbəsi daha münbit və düzən ərazidə inşa edilibdi. Bir az da konkret ifadə etsək, Şeyx Babı türbəsindən fərqli olaraq Arğalı türbəsi əkib-becərmək üçün yararlı olan sahədə inşa edilibdi. Bugünün özündə də hər iki türbəyə baş çəkəndə, onları ziyarət edəndə dediyimiz gerçəklikləri müşahidə etmək mümkündür. Yəni aydın şəkildə görünür ki, hər iki türbənin, yəni Şeyx Babı və Arğalı türbələrinin itkinti plan-layihəsi oxşarlıq təşkil edir. Hər ikisi səkkiz bucaqlı şəkildə tikilib. Eləcə də hər iki türbənin gövdəsi və günbəzləri eyni sayda tillərə malikdir. Lakin bu oxşarlıqlarla yanaşı, onları fərqləndirən cəhətlər də var. Memarlıqla məşğul oaln mütəxəssislər, daha dəqiq ifadə etsək, bu sahənin biliciləri birmənalı şəkildə ifadə ediblər ki, memarlıq və konstruksiya baxımından Arğalı türbəsi Şeyx Babı türbəsindən müəyyən elementləri ilə fərqlənir. Həmin fərqlənən cəhətləri mütəxəssislər bu cür qeyd ediblər. Onlar vurğulayıblar ki, Şeyx Babı türbəsinin günbəzi birqatlı olduğu halda, Arğalı türbəsinin günbəzi ikiqatlıdır. Arğalı türbəsinin həmin ikiqatlı günbəzinin arası daş, əhəng qarışığı ilə doldurulub. Bu da onun dayanıqlığını daha da artırıb, möhkəmlədib. Digər tərəfdən baxanda o da məlum olub ki, Arğalı türbəsində şimal tərəfdən qoyulmuş qapı ilə üzbəüz həm də mehrab əvəzinə ikinci bir qapı da yerləşdirilib. Bu da həm günbəzə fərqli bir ornament, görüntü verir, həm də hər iki qapının çərçivəsinin həndəsi naxışlarının bir-birini tamamlaması onun gözəlliyini də artırmış olur.
Bütün bunlarla yanaşı, mütəxəssislərin qənaətinə görə, adı çəkilən Şeyx Babı türbəsindən fərqli olaraq Əhmədalılar kəndi ərazisində yerləşən Arğalı türbəsinin çox böyük bir fərqi də var. Bu da ondan ibarətdir ki, Şeyx Babı türbəsində daş kitabə olduğu halda, Əhmədalılar kəndi ərazisində yerləşən arğalı türbəsində heç bir kitabəyə, yazıya rast gəlmək mümkün deyil. Araşdırmaçıların qənaətinə görə, bölgədə, eyni zamanda el arasında tanınan bu Əhmədalılar türbəsinin cizgiləri, onun memarlıq və tikinti konstruksiyası sübut edir ki, bu abidə tariximizin XIII əsrinə aiddir. Yəni bütün tədqiqatlar, bütün araşdırmalar nəticəsində birmənalı şəkildə qəbul olub ki, Əhmədalılar kəndi ərazisindəki Arxalı türbəsi məhz XVIII əsrə aid edilən abidədir.
Bu gün də hər iki türbənin müqayisəli şəkildə öyrənilməsi işi davam etdirilir. Həm tarixçilərimiz, həm də memarlıq, tikinti sahəsi ilə məşğul olanlar Azərbaycan tarixinin müəyyən dövrünü ifadə etmək gücündə olan Əhmədalılar kəndindəki Arxalı türbəsi ilə yanaşı, Şeyx Babı türbəsinin də bütün cizgiləri ilə yanaşı, hətta onun daşlarını da öyrənməyə, onun hansı üsulla tikildiyini, daşların divara hansı qaydada hörüldüyünü və nəhayət, bərpa edilərkən nələrdən istifadə edildiyini öyrənərkən belə bir fikir ortaya qoyublar ki, məhz Şeyx Babı türbəsinin layihəsi üzərində Arxalı türbəsi tikilibdi. Onların arasında müəyyən zaman fərqi olsa da, Əhmədalılar kəndi ərazisində tikilən türbənin bir növü əsası bir az da obrazlı desək, mənbəyi Şeyx Babı türbəsi olmuşdur. Bax, bu qənaət də ortaya ikinci bir maraqlı məqamı da çıxarmışdı. Bu məqam da ondan ibarətdir ki, daş kitabəsi olan Şeyx Babı türbəsinin tikilmə tarixi təqribən bəllidir. Əgər həmin tarixə istinad etsək, onda məlum olur ki, Əhmədalılar kəndi ərazisindəki Arğalı türbəsi XIII əsrdən bir az da öncə inşa edilibdi.
Dediklərimizin sübutu kimi, Şeyx Babı türbəsi ilə bağlı aparılan araşdırmalara diqqət yetirilir. Həmin araşdırmalardan məlum olur ki, Füzuli rayonu ərazisindəki Şeyx Babı türbəsində 1273-1274-cü illərdə Şeyx Babı Yaqubi dəfn edilib. Tarixçi alimlərin təsdiqlədikləri fikrə görə, bu türbə memar Əli Məcdəddin tərəfindən inşa olunub. Səkkiz güşəli olan türbə ağ daşdan hörülüb.
Türbənin üstü səkkiz guşəli çatma günbəzdən ibarətdir. Bu günümüzə həmin türbə kompleksindən bir türbə və zədələnmiş minarə qalıb.
Burada onu da əlavə edək ki, yuxarıda dediyimiz kimi, türbənin təkcə tikilmə tarixini yox, həm də onun memarlıq baxımından öyrənən mütəxəssislərin fikrincə, Şeyx Babı türbəsinin xarici səthində Möminə Xatun türbəsinin təsiri aşkarca hiss olunur. Görünür, burda ya hansısa əlaqələrin təsiri, ya da memar Əli Məcidinin Möminə Xatun türbəsinin tikintisindən xəbərdarlığı öz sözünü demişdir.
Ümumiyyətlə, Füzuli rayonu ərazisindəki türbələrin hər birinin tikinti konstruksiyasında, memarlıq cizgilərində ölkə coğrafiyasının, həm də şərq memarlığının təsiri bu və ya digər formada az, ya çox hiss olunmaqadır.

(ardı növbəti sayımızda)

Əbülfət MƏDƏTOĞLU


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ