adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AN-jUUU-Lİİİ-SSS!..

MEHMAN CAVADOĞLU
65951 | 2017-11-23 10:53

Bu sözü, daha dəqiqi bu nidanı, lap dəqiqi bu söyüşü, yəqin ki, stajlı futbol azarkeşləri yaxşı xatırlayırlar. SSRİ kubokunun 1966-67-ci il mövsümünün yarımfinalında Neftçi komandası Moskvada OMİK-lə 0-0 oynayandan sonra o vaxtkı qaydalara əsasən təkrar oyun keçirilir və həmin oyunda Litvalı hakim Kestulis Andzyulis Moskva komandasına zorla 2-0 qələbə qazandırır. Mərkəz müdafiəçisi Bruxtini meydandan haqsız olaraq qovur, səhv etmirəmsə, saxta penalti təyin edir və s. Yeri gəlmişkən, o vaxt Moskva komandaları SSRİ futbol federasiyasının və futbol hakimlərinin ərköyün komandaları idi. Bunu kim unutsa da, Kiyevin Dinamo komandasının oyunçuları və azarkeşləri heç vaxt unutmayacaqlar. Əlqərəz, Neftçi həmin oyunda zorla uduzdurulduqdan sonra Adzyulis kəlməsi (bizim ləhcədə Anjulis) Azərbaycan azrkeşlərinin dilində dünyanın ən mundar sözünə, ən latayır söyüşünə çevrilmişdi. Hətta stadionda hakimi hər hansı səhvinə görə milli ana-bacı söyüşlərinə qonaq eləyəndə də camaatın hirsi soyumurdu. Bu vaxt kimsə iki əlini ovurdlarının kənarına qoyub uzun-uzadı bir An-yuu-liii-sss deyə qışqıranda əsəblər sakitləşir, azarkeşlərin ürəyindən tikan çıxırdı. Desəm inanmazsınız, "An-yuuu-liii-sss” nidası bəlkə yüzlərlə, minlərlə fanatın ürəyinə sakitlik gətirərək, onları infaktdan xilas edib. İndi də mənim bu Qarabağ-Çelsi oyununun hakiminin ünvanına An-juuu- liii-sss kəlməsindən başqa deməyə bir söz tapmadım. Ürəyiniz sakit olsun. Bir müddətdən sonra Andzyulislər də bu gözəl komandanın qarşısını saxlaya bilməyəcəklər.



TƏQVİM / ARXİV