adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Noyabr 2017 00:33
13139
ƏDƏBİYYAT
A- A+

Həyat və iş təcrübəmin diktəsi

(əvvəli ötən sayımızda)

Ümumiyyətlə istər sözügedən şuralarda digər məhkum yoldaşlarının (xüsusən yaşlıların), istərsə də CM rəhbərliyinin bir kəlmə "ayıbdir"ı, "yekə kişisən"i, "səndən gözləməzdim"i bəzən cəza tədbirindən də, xüsusi vasitənin tətbiqindən də təsirli olur. Bütün bunlar nəzərə alınmaqla, hələ müəyyən günahı olan məhkuma bu qədər təsir imkanları mövcud olduğu halda, aşkarlıq və demokratiya mühitində, aşağıda sadalayacağım nəzarət mexanizminin dəqiq işlədiyi CM-lərdə günahı olmayan məhkumun "durduğu yerdə", qanunsuz olaraq, özü də sərt, yolverilməz üsullarla, heç bir çərçivəyə sığmayan şəkildə cəzalandırılması kimin nəyinə lazımdır axı?
Əvvəllər fikirləşirdim ki, yəqin nisbətən cəmiyyətə, ictimaiyyətə qapalı sahə olduğu üçün qəzetin, xəbər saytının maraqlı olması, oxucu cəlb etməsi üçün bu tip yazılara yer verilir. Fəqət indi görürəm ki, yanılmışam. Zira son zamanlar penitensiar xidmət sahəsi, Cəzaçəkmə Müəssisələri ən demokratik dövrünü yaşayır. Azadlıqdan məhrum edilmiş şəxslər doğmaları ilə qanunun nəzərdə tutduğu say və qaydada telefon əlaqəsi saxlayır, onlarla qısa və uzunmüddətli görüşlərdə olur, CM-lərin aidiyyəti əməkdaşları tərəfindən məhkumların hüquqları, cəza-icra qanunvericiliyinin tələbləri həmişə izah olunur, CM-yə yeni gəlmiş hər məhkum bu qayda və tələblərlə, məhkumun hüquq və vəzifələri ilə tanış edilir.

Məhkumlar

Məhkumların vəkilləri, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, Qımızı Xaç Komitəsinin nümayəndələri ilə görüşlərini, Ədliyyə Mazirliyi yanında ictimai komitənin, Ombudsmanın, İşgəncələrə qarşı Azərbaycan komitəsinin CM-lərə müntəzəm reydlərini, məhkumların saxlanma şəraiti, səhhəti, qidalanması, CM əməkdaşları ilə münasibətləri, hüquqlarının qorunması və s. bu kimi məsələlərlə daim maraqlandıqlarını, məhkumların böyük əksəriyyətinin savadlı, müasir insanlar olduğunu və s. və i.a. nəzərə alsaq, hər hansı məhkuma qarşı baş verən qanunsuzluq, hüquqlarının pozulması hallarının kənar müdaxilə olmadan, elə məhkumun özü tərəfindən dərhal ictimailəşdirilə bilmək imkanının olduğunu görərik. Hələ mən məhkumların özləri tərəfindən hazırlanan, qısa zaman ərzində geniş tamaşaçı auditoriyası toplamış "Rezonans" televiziya verilişini demirəm. Dünyanın hansı ölkəsində belə bir layihə gerçəkləşib? Əgər CM-lərdə bəzi yazılarda rast gəldiyimiz qədər gerçəklikdən uzaq, neqativ hallar baş versəydi, verilişin hazırlanması, efirə verilməsi, ərsəyə gəlməsi üçün CM-lərə televiziya işçilərinin, rejissor, operatorların gələcəyinin zəruri olacağını bilən Penitensiar xidmət rəhbəliyi, həmin şəxslər vasitəsi ilə neqativ hal barədə məlumatın mətbuata sızdırıla biləcəyi ehtimalından ehtiyat etmək baxımından bu layihənin həyata vəsiqə almasına nəinki hərtərəfli yardım etməz, əksinə hər vasitə ilə mane olardı. Bu ki, sadə bir məntiqdir!

Bu yerdə

məncə bir məsələni də qeyd etmək yerinə düşərdi. Olur ki, bəzən bir neçə məhkumla CM rəybərliyi arasında fikir ayrılığı, anlaşılmazlıq yaranır. Dərhal bəzi KİV-lər bunu şişirdib tirajlamağa başlayırlar ki, bəs filan CM-də iğtişaş baş verib. Vallah hərdən bu tip yazıları oxuyanda məndə belə təsəvvür yaranır ki, sanki bəzi KİV-lər belə hadisələrin baş verməsinə sevinir, daha tez-tez və genişmiqyaslı olmasını arzulayırlar. Bu gün Azərbaycan məkanındakı CM-lərdə iğtişaş baş verməsi üçün nəinki heç bir səbəb, hətta bəhanə belə yoxdur. Çünki iğtişaş cəza-icra qanunlarının, məhkumların hüquqlarının gündəlik, ucdantutma və kobud surətdə pozulması hallarının baş alıb getdiyi, aidiyyəti orqanlar tərəfindən belə hallara göz yumulması, məhkumlarla qeyri-insani münasibətlərin və s. bu kimi halların adiləşdiyi, kütləvi hal aldığı zaman baş verə bilər ki, yuxarıda sadaladığım səbəblərdən belə bir şəraitin yetişməsi mümkün deyil.
Düzdür, keçmişdə məhkumların özlərinə sərf edən "qayda-qanun"un bərqərar olması, tələbkar olan, onlara "sərf etməyən" hər hansı əməkdaşın müxtəlif bəhanə ilə işdən kənarlaşdırılması, yaxud digər müəssisəyə keçirilməsi və s. bu kimi məqsədlərlə də iğtişaşlar törətməyə cəhdlər olub. Lakin belə cəhdlər həmişə uğursuzluqla nəticələnib. Hazırda isə belə məqsədlər məhkumları ümumiyyətlə maraqlandırmır. Hamı yaxşı bilir ki, dövlətlə şantaj, hədə, təhdid dilində danışmaq olmaz. Sözün, şikayətin varsa, buyur, müraciət et.
Prokurorluğa gəldikdə isə qeyd etmək lazımdır ki, orada da öz işini bilən peşəkar insanlar çalışır və heç mümkün deyil ki, məhkuma qarşı baş vermiş qanunsuzluq faktı barədə onun qohumlarının şikayətinə biganə yanaşılsın. İnanın ki, bəzən əksinə olur. Hər hansı məhkumun hüquqları pozulursa, qohumları çox vaxt araşdırma aparıldıqdan, müvafiq tədbirlər görüldükdən sonra hadisə barədə xəbər tutur. Çünki, qeyd etdiyim kimi, məhkumun hər an aidiyyəti üzrə müraciət, şikayət etmək imkanı var. Elə bunun və CM-lərin fəaliyyətinə ciddi nəzarətin nəticəsidir ki, xidmətdə qanun pozuntusuna yol verən əməkdaşlar aşkar edilir, onlar barəsində müvafiq tədbirlər görülür, intizam məsuliyyətinə cəlb olunur, ədliyyə orqanlarından xaric edilir. Mən qəti əminəm ki, bu cəza tədbirləri heç də mütləq məhkumların qohumlarının şikayətindən sonra tətbiq edilmir. Yuxarıda bəhs etdiyim, təqsirləndirilən şəxslərin xüsusi vaqondan, müşayiət altından qaçmağında günahı olan nə qədər əməkdaş cəzalandırıldı, ədliyyə orqanlarından xaric edildi, həbs olundu.
Və bütün bunları - CM-lərdə yaradılmış demokratik mühiti, cəzaçəkmə qanunlarına əməl olunmasının təmin edilməsi üçün daim Penitensiar xidmət rəhbərliyi tərəfindən atılan addımları, bu istiqamətdəki ciddi nəzarəti CM əməkdaşları da görür axı. Həmin əməkdaş cinayət məsuliyyətinə cəlb olunacağı, ədliyyə orqanlarından xaric ediləcəyi riski bir tərəfə, nəyə görə "macəra axtarmalı", "ağrımayan başına duz bağlamalı", ümumiyyətlə qanunu niyə pozmalı, məhkumu niyə incitməlidir ki? Özü də digər bir məhkumla əlbir olaraq. Məlumunuz olsun ki, "məhkum həmrəyliyi" deyilən bir anlayış var və özünə zərrə qədər də hörmət qoymayan məhkum belə CM əməkdaşı ilə əlbir olaraq, yaxud onun təhriki ilə digər məhkum yoldaşını döyməz. Eyni zamanda heç bir CM əməkdaşı hər hansı məhkuma qarşı qanunsuz hərəkət etsə belə, bunu digər məhkumun yardımı ilə etməz. Və bu iki müddəanı şərtləndirən, demək olar ki, mümkünsüz edən səbəblər barədə geniş bir məqalə yazmaq olar.
Yığcam bir yazı yazmaq fikrində olsam da, kifayət qədər geniş alınmasına rəğmən bir neçə kəlmə də CM-lərdən mərkəzi xəstəxanaya məhkumların göndərilməməsi barədə KİV-lərdə gedən "şikayətlərə" münasibət bildirmək istərdim. Hazırda bütün CM-lərdə stasionarlar var ki, orada təcrübəli və savadlı həkimlər çalışır. Ehtiyacı olan məhkuma tibbi yardım göstərilir, lazım gəldikdə məhkum orada yatmaqla palata şəraitində müalicə olunur. Demək istəyirəm ki, mütləq deyil ki, hər xəctələnmiş məhkum hökmən mərkəzi xəstəxanaya göndərilməlidir. İnanın ki, bəzən əksinə olur: uyğunlaşdığı şəraitdən, məhkum yoldaşlarından ayrılmaq istəməməsi, tezliklə qohumlarının görüşə gələcəyi və onları tanımadıqları mərkəzi x/x-nı axtarmaq məcburiyyətində qoymaq istəməməsi, digər məhkum yoldaşının yanına görüşə gələcək valideynləri ilə birgə qoca anasının da gələcəyi və i.a. və s. bu kimi səbəblərdən olur ki, CM şəraitində müalicəsi mümkün olmayan məhkum mərkəzi x/x-ya getməkdən imtina edir və o, məcburən oraya göndərilir. Belə olan halda CM şəraitində müalicəsi mümkün olmayan xəstənin mərkəzi x/x-ya göndərilməsinə nəyə görə mane olunmalıdır ki? Məhkumun xəstəliyinin şiddəti, CM-də müalicənin mümkünlüyü, mərkəzi x/x-ya göndərilmə zərurətinin olub-olmadığı, oraya can atmağın əsl səbəbləri barədə CM-lərin aidiyyəti xidmət sahəsində adətən dəqiq məlumat olduğundan, bəzən məhkumun mərkəzi x/x-ya göndərilməməsi yeni cinayətin baş verməməsi, cəza müddətinin uzadılmaması baxımından elə məhkumun öz xeyri üçün edilir.

Səbəblər

müxtəlif ola bilər. Mən birini misal çəkim. Bəzən müxtəlif CM-də cəza çəkən məhkumlar münasibətlərini aydınlaşdırmaq, köhnə haqq-hesabı çürütmək, CM-də baş vermiş hər hansı məsələni araşdırmaq və s. niyyətlə görüşməyə can atırlar. Belə görüşün isə yalnız mərkəzi x/x-da baş tuta bilmək ehtimalı olur. Belə hallarda məhkum özünə müxtəlif dərəcəli xəsarət yetirməkdən tutmuş ən müxtəlif yollarla "xəstələnmək" üsullarına əl atır. Əgər belə hal baş verən anda görüşməyə can atan məhkumlardan heç biri mərkəzi x/x-da deyilsə yenə dərd yarı. Yox əgər biri artıq mərkəzi x/x-dadırsa, gərək o, müalicə alıb cəza çəkdiyi CM-yə qayıtsın ki, digəri oraya göndərilsin (və hələ buna lüzum varsa). Mərkəzi x/x-ya göndərilməsinə əngəl olan bu və digər səbəblər barədə məhkuma hesabat verilməli deyil və bunun "niyə"si, səbəbi geniş bir mühazirənin mövzusudur.
Yuxarıda sadalananlar fonunda CM-lər haqqında yazılan bəzi məlumatlar absurd görünmürmü?
Bizdə bir yaxşı məsəl var: "İnsaf dinin yarısıdır". İnsafınız olsun, CM-lərin müasir sivilizasiyanın standartları tələblərinə cavab verən səviyyəsindən, orada çalışan əməkdaşların çətin, fədakar və şərəfli əməyindən, peşəkarlğından, son vaxtlar aparılmış köklü demokratik islahatlardan yazmasanız da, heç olmasa hansısa CM-də baş vermiş olsa belə, hadisəni şişirtməmək, səhihliyini dəqiqləşdirmək şərti ilə yazın. Bu barədə yazmaq əlbəttə, nəinki lazımdır, həm də vacibdir. Milli mətbuatımızın 140 illik yubileyi münasibəti ilə mətbuat nümayəndələri ilə görüşdə dövlətimizin başçısı cənab İlham Əliyev mətbuatı izlədiyini, bəzi hadisələr barəsində mətbuatdan xəbər tutduğunu dedi. Bunu vaxtı ilə ümummilli liderimiz mərhum Heydər Əliyev də qeyd etmişdi. Və CM-lərdə baş vermiş hər hansı heqativ hadisənin, qanun pozuntusunun dərhal araşdırılması, təkrar baş verməməsi üçün tədbirlər görülməsi, günahkarların məsuliyyətə cəlb olunmasının təmin edilməsi, ictimaiyyətə hadisə və araşdırmanın nəticələri barədə yanlış olmayan, həqiqətəuyğun məlumat verilməsi baxımından belə halların mətbuatda işıqlandırılmasını çox yəqin ki, Penitensiar xidmət rəhbərliyi də təqdir edər. Bu şərtlə ki, belə yazılar şayiələrə əsaslanmasın, dəqiqləşdirilmiş, dürüst, obyektiv olsun, həqiqəti əks etdirsin, ucuz sensasiya xatirinə yazılmış olmasın.
P.S. Üzümü keçmiş Penitensiar xidmət əməkdaşlarına, təqaüdçü həmkarlarıma tuturam: əminəm ki, əksəriyyətininz mənimlə tam razılaşacaqsınız. Görüşlərimiz, söhbətlərimiz zamanı hamı Penitensiar xidmət barədə KİV-lərdə qeyri-obyektiv yazıların verilməsini qınasa da, eyni zamanda heç olmasa bu xidmət sahəsindən məlumatsız olan yaxınlara, dost-tanışa həqiqəti izah etmir. Bəlkə də bəziniz deyəcəksiniz ki, əşşi, boş şeydir, qoy yazsınlar, onsuz da hər məlumat diqqətlə araşdırılır. Günahı olmayan heç kəs cəzalandırılmır. Mən razı. Amma axı barəsində düzgün olmayan məlumat getmiş əməkdaşın, onun qohum-qardaşının, ailə üzvlərinin, dost-tanışlarının ədalət yerini tapanadək keçirdiyi hiss və həyəcanı, narahatlığı nə ilə kompensasiya edək?
P.P.S. KİV-lərdə dəqiqləşdirilməmiş məlumatın verilməsinə dair təzə bir nümunəni diqqətinizə çatdırım. "MTN işi" üzrə məlumatların birində oxudum ki, MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi general Akif Çovdarov 2 saylı CM-də "nadzor" işləyib və həmin vaxt CM-nin rəisi Ramiz Heybətov, müavinləri isə Elxan Sadıxovla Akif Hacıyev olub. Məlumunuz olsun ki, əslində 2 saylı CM-də heç vaxt nə A.Çovdarov "nadzor", nə R.Heybətov rəis, nə də E.Sadıxovla A.Hacıyev onun müavini işləməyiblər.