adalet.az header logo
  • Bakı 20°C
22 Noyabr 2017 00:23
19627
ƏDƏBİYYAT
A- A+

Yeni nəşrlər

Bu günlərdə Mingəçevir ədəbi mühitini öz ətrafına cəmləmiş "Bənövşə" ədəbi-bədii jurnalının yeni sayı işıq üzü görüb. AYB-nin Mingəçevir bölməsinin rəhbəri tanınmış şair İsmayıl İmanzadənin rəhbərlik etdiyi ədəbi mühit özünün zamana, hadisələrə münasibəti, söz məkanında fəallığı ilə seçilir. Elə İsmayıl müəllimin rəhbərliyi ilə, yəni təsisçisi və baş redaktoruluğu olmaqla işıq üzü görən "Bənövşə" də hər sayında Azərbaycan ədəbi mühitinin yeni imzalar, yeni fikirlər çatdırır. Bax, masamın üzərində olan "Bənövşə"nin yeni sayında da həm tərtibat baxımından, həm də oxunaqlıq baxımından kifayət qədər diqqət çəkən bədii fikirlərə rast gəlmək mümkündür.
Çox maraqlıdır ki, bu dərgi həmişə baş redaktorun oxucuya ünvanlanan fikirləri ilə başlayır. Özünün oxucu-müəllif münasibətlərini elə bu sayda da baş redaktoru vurğulayır ki, dəyərsiz kitablar oxucunu incik salır, bədii sözdən uzaqlaşdırır. Bu haqlı fikrin davamı olaraq vurğulamaq yerinə düşər ki, çalışdığım "Ədalət" qəzetinin redaksiyasına da hər gün kifayət qədər yeni müəlliflər, yeni kitablar gəlir. Təəssüf ki, bu yeni kitabların çoxu elə oxunulmamış da qalır. Çünki o kitablar bizim ədəbiyyatımıza, bizim ədəbi fikrimizə dəxli olmayan, korlanmış kağızlardan ibarətdir.
Bəli, "Bənövşə"nin bu sayının ilk şeir çələngi tanınmış şair Sabir Abdindəndi. Onun misralarını gözdən keçirdikcə nostalji duyğular məni ötən günlərə qaytarır. Sabir Abdin yazır ki:

Özümdən-özümə çəkilən yolam,
Qəlbimdən dünyaya uzanan qolam.
Nə vaxtdı gözləyir yamyaşıl talan,
Yolçu yolda gərək, qalx gedək, ömrüm.

Beləcə, ömrünü yola dəvət edən Sabir Abdin həm də deyir ki:

Gözü-ürək arası bir tənha yolam,
O titrək bənövşə ən kövrək balam.
Uçmaz sevgimizə tikdiyim qala,
Qayıt şirin yuxum, gözümə qayıt.

Dərginin poeziya bölməsində Malik Əhmədoğlu, Sədi Şirinov, Bəhmən Gülövşəli, Ülviyyə Məmmədli, Araz Süleymanov, Şahid Nəbiyev, Mahir Musa, Seymur Sönməz, Əhməd Süleymanov, eləcə də İsmayıl İmanzadə şeir çələngləri ilə "Bənövşə"nin oxucularını xoş ovqatda kökləyə biliblər.
İsmayıl İmanzadə yazıb ki:

Dirilik rəmzi deyil saray-dam,
Sönür əzəl-axır yandırılan şam.
Bəlkə xəbərsizsən allahsız adam -
Məzlumun ahı da dil aça bilər.

Zənnimcə, bu müraciət çox mətləblərdən xəbər verir. Əgər dəyərli oxucu İsmayıl İmanzadənin şeirləri ilə yaxından tanış olsa, onda dediklərimlə razılaşar. Xanım şairələrdən Ülviyyə Məmmədli isə vurğulayır ki:

Daha əldən salıb bu yollar məni,
Sənsiz dolaşıram çölü, çəməni.
Ay mənim ömrümün sevgi yelkəni,
De, görüm sən axı hara qaçırsan?

Ümumiyyətlə, "Bənövşə"nin bu sayındakı şeir nümunələri çox oxunaqlıdı. Eləcə də nəsr bölümündəki yazıların da özünəməxsusluğu diqqəti çəkəndir.
Yeri gəlmişkən vurğulayım ki, "Bənövşə" təkcə Mingəçevir ədəbi-mühiti ilə özünü təcrid etmir. Bu dərginin əhatə dairəsi çox genişdir. Hətta paytaxt yazarlarına da bu dərgi öz səhifələrində yer ayırır. Tanınmış ədəbiyyatşünas alim Rüstəm Kamal, dəyərli qələm adamı Seymur Verdizadə, həmçinin gənc alimlərimizdən Şakir Əlifoğlu və digərləri də bu dərginin sizə təqdim olunan sayında oxucularla söhbət olmaq imkanı qazanıbdı. Düşünürəm ki, "Bənövşə"nin ətri hamımız üçün xoş olacaqdır.

"YADA DÜŞDÜ"

Mənim üçün həmişə maraqlı olan, yəni xüsusi diqqət yetirdiyim dərgilərdən biri də "Yada düşdü"dü. Ədəbi nostalji jurnal olan "Yada düşdü" məni daha çox öz səhifələrində yer ayırdığı xatirələrlə, yadıma düşənlərlə ovudur. Yəni bu dərginin hər sayında mütləq bir yarpaq da olsa xatirə mənim dünənimi bu günümə qaytarır. Və mən də həmin o xatirələrin saralan vərəqlərini çevirə-çevirə "Yada düşdü"nün işığında xatırlanan, yada düşən insanların təkrar həmsöhbətinə çevrilirəm.
Çox maraqlıdır ki, 2011-ci ildən işıq üzü görən, artıq 7-ci yaşına doğru yaxınlaşan "Yada düşdü" özünün ilk səhifəsi ənənəvi olaraq təsisçinin fikirləri, oxuculara ünvanlanan deyimləri, arzuları, şeir çələngi ilə açılır. Bu dəfə də jurnalın təsisçisi şairə Nəzakət xanım "Ədalət"in oxucularının artıq tanış olduqları "Şəhid qızı" şeiri ilə jurnalın üzünü - qapısını oxucuları açıbdı. Həmin şeir "Ədalət"də çap olunduğundan mən bu barədə ayırca fikir söyləməkdən bir az çəkinirəm. Ona görə ki, şeirin yaratdığı ovqatla bağlı fikirlərimi öncələr dilə gətirmişəm. Amma vurğulamaq istərdim ki, bu şeirdəki təsvir və fikir çox kövrək və çox da tutarlıdır. Çünki şəhid qızının göz yaşı təkcə Nəzakət xanıma deyil, elə mənim özümə də tanışdı.
Jurnalın ilk yazısı Zülfüqar Şahsevənlinin hazırladığı "Xəlil Rza Ulutürkün gündəlikləri" silsiləsindəndir. Xalq şairi, azadlıq fədaisi Xəlil Rza Ulutürkün xatirələri bu dəfə də maraqla oxunur. Çünki onun şəxsiyyəti kimi, fikirləri də diqqətçəkən olubdu.
Dərgidə tanınmış araşdırmaçı, daha çox Azərbaycan hərb tarixinə diqqət yetirən Şəmistan Nəzirli özünün ötən sayda çap olunmuş "Yaddaşlarda yaşar Vurğun" yazısının ardıyla oxucuların qonağıdır. Şəmistan müəllim gərgin axtarışlar sayəsində xalq şairi Səməd Vurğunla bağlı yeni, daha tutarlı bilgiləri araya-ərsəyə gətiribdir.
Çox maraqlıdır ki, ədəbiyyatşünas alim Vaqif Yusifli də xalq şairi Qabillə bağlı növbəti xatirəsiylə jurnalın oxucularını sevindirib. Bu sayda xatirə çələnginin bir yarpağı da bizim, yəni söz adamlarının həmişə diqqət mərkəzində olmuş Famil Mehdidir. Onun "Təbriz xalısı" şeiri bir oxucu kimi mənim qarabağlı günlərimin ilmələrini çözdü.
Jurnalın bu sayında Nəzakət Məmmədlinin "Əhməd - Cabir İsmayıl oğlu Əhmədov kimdir?" yazısı şəxsən mənim üçün yeni bir sahənin adamıyla tanışlıq baxımından çox maraqlı oldu. Güney Azərbaycandan göndərilən Hüseyn Şərqidərəcək Soytürkün yaşadığı mühütin ədəbiyyatı haqqında düşüncələri də bizi, yəni Azərbaycanı, yəni Arazın o üzündə qalan ədəbi mühitilə yaxınlaşdırır, məlumatlandırır, doğmalaşdırır.
Böyük həvəslə oxuduğum yazılardan biri də jurnaldakı "Qəlbimizə yazılan şeirlər" bölümündə verilmiş xalq şairi Zöhrab Tahirin "Çöpü də ikiyə bölmərəm daha" şeiridir. Hələ gənclik illərimdən sevə-sevə oxuduğum bu şeiri təkrar oxumaq bir oxucu kimi məndə nostalji duyğuları bir daha ayağa qaldırdı. Zöhrab Tahir yazmışdı:

Mənim səadətim hardasa bitdi,
O asan gəlmişdi, asan da getdi.
Mənə nə etdisə səadət etdi -
Bədbəxt səadətə gülmərəm daha.

Oxucuların diqqətinə onu da çatdırım ki, "Yada düşdü"nün bu sayında yeni nəşrlərlə bağlı informasiyalar, uşaq dünyası, xalq təbabəti ilə bağlı fikirlər və digər bir-birindən maraqlı yazılar da yer alıbdı. Elə burada onu da xatırladım ki, dəyərli şairlərimiz Oqtay Rzanın və Qədir Tərtərlinin də duyğulu misraları hər kəsin ürəyincə olacaq. Necə deyərlər, "Yada düşdü" bu sayda da kifayət qədər yada düşən məqamları özündə ifadə edə bilib.