adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Noyabr 2017 00:19
11182
GÜNDƏM
A- A+

Ehtiyac duyulan söz

REDAKSİYANIN POÇTUNDAN

Vidadi
XƏLİLOV,
pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim.

Əsas mətləbə keçməzdən əvvəl qəzetin təsisçisi və baş məsləhətçisi, millət vəkili Aqil Abbasa, baş redaktor İradə Tuncaya, habelə qəzetin məzmunlu, oxunaqlı alınmasında əməyi olan digər əməkdaşlara səmimi təşəkkürümü bildirirəm. Dərin razılıq hissi ilə deməliyəm ki, qəzetin yaradıcı kollektivi bizim günlərin, müxtəlif həyat hadisələrinin ahəngini, müsbət və nöqsan cəhətlərini vaxtaşırı nəzərə çatdırmaqla oxucuların rəğbətini qazanıb.
Təqdirəlayiq cəhətlərdən biri də qəzetin səhifələrində elm, sənət adamlarının həyat və yaardıcılığına həsr edilən məzmunlu yazıların əks etdirilməsidir. Yazıçı-publisist, Cəfər Cabbarlı Mükafatı laueratı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rafiq Hacıyevin qəzetin 17, 18 və 19 oktyabr 2017-ci il tarixli nömrələrində Azərbaycan Respublikasının əməkdar artisti, novator tarzən, musiqi tədrisi üzrə professor Həmid Vəkilovun geniş, çoxcəhətli yaradıcılığına həsr olunan yazılarını həyəcansız oxuya bilmədim.
İlk səhifələrdən müəllifin öz qəhrəmanının yaradıcılığına böyük məhəbbət və bələdlik hissiylə yanaşması, musiqinin - musiqi ifaçılıq sənətinin fəlsəfəsinə, təsviri sənətlə musiqinin üzvi əlaqəsinə xüsusi diqqət yetirməsi, yeni, orijinal fakt, söz və terminlərlə nəzərə çatdırması oxucularda, sənət mütəxəssislərində heyrət və heyranlıq yaradır. Gəlin səmimi şəkildə etiraf edək: Rafiq müəllim inandırıcı şəkildə sübut edir ki, rənglər - rəng çalarları musiqi çalarları ilə doğma münasibətdədir. "Oxuyan rənglər", "sakit rənglər", "qışqıran rənglər", "isti, soyuq rənglər" elə musiqidə də var. Növündən, janrından asılı olmayaraq musiqidə bu rəngləri görə bilənlər, onların təsiriylə yaşayıb-yaradanlar ucalığa, zirvələrə inamla addımlayırlar. Nə yaxşı ki, Rafiq Hacıyev elm, sənət prinsipləri baxımından çox böyük əhəmiyyət kəsb edən bu məsələlər üzrə oxucuların zövqünü, dünyagörüşünü inkişaf etdirir. Ustad, novator tarzən, pedaqoq Həmid Vəkilovun sənət tablosundan fraqmentlər ilə ustalıqla, qəlb genişliyi ilə oxucuların maraq dünyasının qapılarını taybatay açır, "buyurun, gəlin" - deyir. Bu da maraqlıdır ki, Həmid Vəkilov sənətinin, onun xəlqliklə - bəşəriliyin vəhdətini parlaq şəkildə nəzərə çatdırmaq ideallarını mavi, sürməyi, bənövşəyi, sumağı, narıncı, çəhrayı, innabı rənglərin vasitəsilə inandırıcı fikir və müddəalarla şərh edir. Daha aydın olmaq üçün bir-iki nümunəyə diqqət edək:
Narıncı... Şüura, idraka, məntiqə əsaslanan ifanın özülünü dərin ifadəlilik təşkil etdiyi üçün çoxelementli struktura malik tutumlu və əhatəli çalğıda məntiqi təfəkkür, daxili ahəng, səs rəngarəngliyinin müxtəlifliyi, zənginliyi, əsl dramatizm və parlaq obrazlı qarşılaşdırmalar dinləyicini valeh edir.
Çəhrayı... V.Montinin "Çardaş" əsəri, F.Mendelsonun "Skripka ilə orkestr üçün konsert"i, P.Sarasatenin "Əndəlüs" romansı və "Qaraçı havaları"... Bu əsərləri bütün romantik vüsəti ilə çalmaq şərəfi hər ifaçıya nəsib olmur. Həmidin çalğısında onun yaradıcılıq simasının ən ümdə şərtlərini - musiqi fakturasında psixoloji xarakteri gözəl əks etdirməsini, emosional xüsusiyyətləri konkret və düzgün formalarda verməsini, parlaq ifadəliliyi, mizrab palitrasının müstəsna zənginliyini, harmonik dilin koloritini, alətin bütün pərdələrinin ifadə imkanlarını nümayiş etdirmək cəhdini görürük.
İnnabı... Bəlkə də bu virtuoz ifaçılıq məziyyətləri, müxtəlif səs bəzəkləri, məna və fərq incəlikləri yaratmaq ustalığı muğamın və klassik əsərlərin məntiqinə son dərəcə uyğun olduğu üçün Həmidi "ştrix (mizrab) müğənnisi" də adlandırmaq olar.
Dərin məna dəyəri ilə diqqəti cəlb edən bu sətirlərin müəllifi Rafiq Hacıyevə və bunları artırıb-əksiltmədən qəzetin səhifələrində oxuculara çatdıranlara minnətdarlıq hissiylə "sağ ol"un deməkdən başqa sözüm qalmır. Onu da nəzərə çatdırım ki, "Ədalət"in səhifəsində öz əksini tapan fikirləri və qəzetin 17, 18 və 19 oktyabr nömrələrini Həmid Vəkilovun Beynəlxalq Muğam Mərkəzində noyabrın 14-də keçirilən yaradıcılıq gecəsində sənət bilicilərinin də nəzərinə çatdırdım. Həmin fikirlər sürəkli alqışlarla qarşılandı. Əlbəttə, bu prosesdə redaksiyanın da mövqeyini, xoş məramını unutmaq olmaz. Çox güman ki, bu, yaxın günlərdə Az.TV-nin "Mədəniyyət" kanalında da milyonlarla tamaşaçının diqqətinə çatdırılacaq. Daha nə deyim? Geniş oxucuların rəğbətini qazanan qəzetin bütün əməkdaşlarına təşəkkür edirəm. Sağ olun! Nə yaxşı ki, varsınız!..