adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Noyabr 2017 17:30
14458
SİYASƏT
A- A+

Seçki ili yaxınlaşsa da seçki ovqatı hiss olunmur

Yeni il artıq qapının ağzını kəsdirib. Təxminən bir aydan sonra ölkə 2018-ci ilə, yəni növbəti prezident seçkiləri ilinə qədəm qoyacaq. Ancaq bəzi istisnaları nəzərə almasaq, hələ ki, cəmiyyətdə seçki havası hiss olunmur. Halbuki, hər bir seçki, xüsusilə birinci şəxsin seçkisi istənilən ölkənin siyasi həyatında çox mühüm hadisədir və adətən, siyasi düşərgə ən geci bir il əvvəldən öz fəaliyyətini büsbütün bu sahəyə yönəltməli, cəmiyyəti seçki ovqatına kökləməlidir. Bunun nə qədər çox səbəbini sadalasaq axırda yenə bir məqamın üstündə dayanmalı olacağıq: real nəticə əldə etməyin perspektivinə inamsızlıq.

Bütün deyilənlərə rəğmən hər halda proses tam ölü nöqtədə də deyil, ara-sıra ümumi susqunluğun pozulması halları müşahidə edilməkdədir. Nə qədər qəribə də olsa, ilk təşəbbüs elə iqtidar düşərgəsindən gəldi. Bir müddət əvvəl həmin düşərgənin ayrı-ayrı təmsilçiləri iqtidarın mümkün namizədi barədə fərqli fikirlər səsləndirməyə başladı, bəziləri hazırkı prezidentin, bəziləri isə birinci vitse prezidentin adlarını hallandırdılar. Amma proses elə startdaca dayan(dırıl)dı.

İndi mövzu yalnız mühacirətdə olan iddiaçıların hesabına gündəmə gəlir. Həmin iddiaçıların namizədlik istəkləri yolunda mövcud olan bəzi hüquqi və siyasi çətinliklərdən söz açmamış bir məqamı vurğulamaq yerinə düşər. Görünür, bizim mühacirətdəki siyasətçilərin də daxildəkilər kimi birləşib birgə fəaliyyət göstərməyə allergiyaları var. Əks halda, onların birləşməsinə nəyin mane olduğunu anlamaq çətindir. Aralarındakı fərqli ideologi və siyasi baxışlar? Qətiyyən! Həmin iddiaçıların hər hansı ideoloji və siyasi cərəyana mənsubluğu barədə ən azından Azərbaycan cəmiyyətində heç bir bilgi yoxdur. Əvəzində hər ikisini birləşdirən ümumi məqamlar var. Məsələn, ortaq mühacir taleyi. Bəlkə, aralarındakı böyük okean görüşüb razlığa gəlməyə imkan vermir? Bu da az inandırıcıdır. Lap elə müasir informasiya texnalogiyalarını bir yana qoyaq, axı, indiki halda onların hər biri üçün həmin nəhəng okeanı keçmək Azərbaycan sərhədlərini keçməkdən xeyli asandır.

Ölkə daxilindəki müxalifətdən isə hələ ki, səs-səmir yoxdur. Bir neçə ay əvvəl Razi Nurullayevi keçirdiyi "Müxlifətin prezident seçkilərində iştirakı və perspektivləri” mövzusundakı "Dəyirmi Masa”dan başqa elə bir mühüm gəlişmə hiss olunmur. Həmin tədbir də prosesin gedişinə heç bir əlavə çalar qata bilmədi. Amma tam səssizliyin özünü də tam fəaliyyətsizlik kimi qiymətləndirmək olmaz. Baş tutmayan sövdələşmələr ətrafında əlavə ajiotajlar yaratmamaq və digər potensial müttəfiqləri qıcıqlandırmamaq üçün bu cür həssas mövzular ətrafında ilkin fikir mübadiləsi və diskussiyalar, adətən, qapalı görüşlərin mövzusu olur. Çox güman ki, artıq müəyyən iddiaçılar arasında bu cür qapalı görüşlər başlayıb. Son günlər "Ədalət” partiyasının sədri İlyas İsmayılovun belə bir görüş keçirməsi haqqında məlumat olsa da onun konkret kiminlə görüşdüyünü hələlik müəyyənləşdirə bilməmişik. Əlimizdə dəqiq informasiya olmadığı üçün həmin görüşün digər subyekti barədə yalnız ehtimallar söyləmək olar. Təbii ki, söhbət virtual yox, canlı görüşdən getdiyi üçün mühacirətdəki iddiaçılar mövzusu tam istisnadır. Daxildə isə onun Müsavat və AXCP kimi ənənəvi radikal müxalifətlə hər hansı sövdələşməyə getməsi inandırıcı deyil. İlyas İsmayılovun öz potensialının, siyasi nüfuz və imkanlarının fərqində olan bir siyasətçi olduğunu nəzərə alsaq, onun hər hansı kiçik partiyalardan birinin başçısı ilə ciddi müzakirə masasına əyləşəcəyi də mümkünsüz görünür. Fikirləşdik ki, əgər belə bir görüş olubsa, şübhəsiz, o öz dəsti-xəttinə uyğun liderlərdən biriylə görüşüb. İlk ağlımıza gələn, nə vaxtdır ki, siyasi səhnədə görünməyən Lalə Şövkət Hacıyeva oldu. Bunun sadəcə jurnalist marağından başqa bir şey olmadığını deyən Əvəz Temirxanın məlumatı qəti şəkildə təkzib etməsi həmin versiyanın da üstündən xətt çəkdi. Ancaq İ.İsmayılovun müavini Mütəllim Rəhimlidən isə konkret təkzib eşitmədik, o, sadəcə, partiya sədrinin bu mövzuda kiminləsə müzakirələr apardığından xəbərsiz olduğunu bildirdi. Sədrin özüylə əlaqə yaratmaq cəhdlərimizsə hələlik baş tutmayıb.

Seçkilərin gələn ilin axırlarında keçiriləcəyini nəzərə alsaq, mövzu ətrafında dartışmaların hələ bundan sonra vüsət alacağını gözləmək olar. Görünür, iddialı və şanslı namizədlərin susqunluğu seçkilərdə hansı formatda iştiraklarını dəqiqləşməkdə çətinlik çəkmələri ilə bağlıdır. Yox, əgər sona kimi belə davam eləsə, onda seçkilərin alternativliyi büsbütün növbətçi namizədlərin ümidinə qalacaq.


Sübhan Mahmudlu