adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Noyabr 2017 17:45
19372
ELM VƏ TƏHSİL
A- A+

ADU-nun rektoru Kamal Abdulla Polşa səfiri ilə görüşüb

Noyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüşüb.

Səfiri universitetdə görməkdən məmnunluğunu bildirən rektor onu ADU-nun "Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib. K.Abdulla ümid etdiyini bildirib ki, bu cür görüşlər təkcə tələbələr üçün deyil, səfir üçün də maraqlı olacaq.

Polşa universitetləri ilə birbaşa əlaqələrin qurulmasının vacibliyinə toxunan K.Abdulla səfirdən bu istiqamətdə köməklik göstərməyi xahiş edib. O, həmçinin ADU-da Polşa dili və mədəniyyəti mərkəzinin açılmasının mümkün olduğunu bildirib. Rektor əlavə edib ki, Polşada tövsiyə edilən universitetdə də Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması məqsədəuyğun olardı.

Öz növbəsində səfir bildirib ki, Polşada universitetlər müstəqildir. Bununla belə, o, bu məsələdə ADU-ya köməklik göstərmək üçün müvafiq universitetlərlə maraqlanacaq. Qarşılıqlı şəkildə hər iki ölkədə dil və mədəniyyət mərkəzlərinin açılması ideyasını müsbət qarşılayan diplomat "Səfir saatı”nda mühazirə oxumaq təklifini də məmnuniyyətlə qəbul edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.