adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Noyabr 2017 17:20
26566
MƏMLƏKƏT
A- A+

BÖYÜRDÜLƏN DANALAR, AXAN QANLAR…

Bu anları, bu məqamları görmək və ona baxmaq çox ağırdır. Hətta o qədər ağırdır ki, bəzən o anları görəndə gecələr də yuxuna bu səhnələr girir. Və həmin səhnələr təkrar-təkrar adama rahatlıq vermir. Əgər böyüklər bu anları yuxularında görürsə və o yuxular onlara rahatlıq vermirsə, bax, onda görün balaca uşaqlar bu səhnələri görəndə hansı anlar yaşayırlar.

Bir çoxları elə təsəvvür edəcək ki, biz hansısa ölümsaçan filmin səhnəcəkilərindən danışmaq istəyirik. Düzdür, bu anlar bir az filmə də bənzəyir; bir az insana qorxu gətirir, bir az da onu düşünməyə vadar eləyir. Amma bizim danışacağımız mövzu film qədər maraqlı olsa da, ancaq bir o qədər də qorxulu deyil. Qorxulusu odur ki, bu anlar, bu məqamlar Bakıda hər gün təkrarlanır və onu da məktəbli uşaqlar görürlər…

Yəqin siz də səhər tezdən ət köşklərinin yaxınlığındakı ağaca kəndirlə bağlanmış danaları və inəkləri görürsünüz. Onların ölüm səhnəsi, yəni kəsilmə anları səhər saat 6-7 arasında baş verir. Bizim evin yanında da bir neçə belə ət köşkü var. Və qəsablar da hər səhər o danaları, o inəkləri kəsirlər…

Bir gün səhər 6-nın yarısı olardı. Qəribə bir dana böyürtüsü eşitdim. Kənd adamı olduğuma görə, danaların böyürtüsünü və harayını çox eşitmişəm. Amma o böyürən dana kimi böyürtü eşitməmişdim. Sanki dana böyürmürdü, insanları köməyə, haraya səsləyirdi. Dana böyürdü, böyürdü, axırda da səsi birdən kəsildi. Necə birdən böyürürdüsə, elə səs də birdən batdi...

Özümü saxlaya bilməyib evimizin yanında yerləşən ət köşkünə getdim. Bizim evdən ora 150 metr məsafədir. Gördüm ki, artıq qəssab dananı kəsib və onu soymağa başlayır. Dedim ki, ay qardaş, bu dana yazığı niyə belə böyürdürsən, axı o da canlıdır? Elə olmazmı ki, onu normal qaydada kəsəsən? Qəssab diqqətlə mənə baxdı və sonra da dilləndi:

- Qardaşım, mənim vəzifəm qəssablıqdı. Tay o dana necə böyürəcək, necə haray salacaq bunun mənə dəxli yoxdur. Gündə bir-iki heyvan kəsirəm. Onun biri böyürür, biri buynuz atır, biri də bıçağa gəlmir. İndi mən bunlara fikir versəm, gərək onda mal-qoyun kəsməyəm və camaata da ət satmayam. Bəs onda nə etməliyəm?

Qəssabı yenidən sorğu-sual etdim. Dedim ki, bax, o biri heyvanların gözündən yaş axır. Elə bilirsən heyvandı deyin, onun ürəyi, qorxusu yoxdur? Heyvan olanda noolar, axı o da canlıdır. Heç olmasa kəsdiyin heyvanı digərinin gözünün qarşısında kəsmə. Bəlkə belə etsən o biri heyvanlar da qorxmazlar. Qəssab gülümsəyərək dedi:

- Ay əmioğlu, elə bilirsən mən kef eləyirəm? Gəl görüm bunun birini kəsə bilərsən? Bunu da kəsməyə ürək lazımdı ey! Görürəm sən heç indiyə kimi toyuq başı da kəsməmisən. Amma düzdür, mən bunları kəsirəm. İnanın, gecələr heç vaxt rahat yata bilmirəm. Gözümə yuxu gedən kimi görürəm ki, kəsdiyim bu dana, çöngələr buynuzuna alıb məni yuxarı qaldırır və yerə çırpır. Yerə necə çırpılıramsa, birdən qəfil yuxudan oyanıram. Görürəm ki, yuxudu, sevinirəm. Sizə bir sirr açım da. Tanıdığım qəssabların heç biri öz əcəliylə ölməyib. Biri binadan yıxılıb ölüb, birini maşın vurub, birini də qonşusu bıçaqlayıb. O gün bir qəsab vardı, gözünün ağı-qarası bir oğul atasydı. Onun bir oğlunu da maşın vurub öldürüb. Bilmirik, nə günah eləmişik ki, qabağımıza çıxır? Elə mənim özüm də necə öləcəm, indidən düşünəndə tüklərim biz-biz olur. Deyirlər ki, camaatı çəkidə aldadırıq, kiminsə haqqını yeyirik. Deyilənlərdə həqiqət də var. Ancaq bunu eləməsək, ev-eşik düzəldə bilmərik, özümüzə bir gün ağlamaq çətin olar. Gərək o əlləm-qəlləm işləri eləyək ki, yaxşı pul qazanaq. Şükür Allaha, gündə 100 manata yaxın qazancım olur. Hələ müdirin, itin-qurdun pulunu demirəm. De görüm, sənin bu qədər gəlirin olur? İmkanın varsa, gəl, mənə kömək elə, sənə 20 manat verəcəm. Amma görürəm sən bacaran iş deyil. Üst-başından intelligentə oxşayırsan. İntelligentin isə işi kimlərəsə məsləhət verməkdir. Sənin məsləhətinə isə ehtiyacım yoxdur.

Hansı qəsabxanaya getsən təbii ki, bu cür mənzərə ilə üzləşərsən. Kim harda gəldi bir ət köşkü açıb və orda da ət satışı ilə məşğuldur. Səhərlər bu cür səhnələr bütün ət köşklərində təkrarlanır. Hansı ki, Bakı şəhərində mövcud qanunla harda gəldi ət satışı təşkil edilə bilməz. Amma Bakının Əhmədli, Köhnə Günəşli və Yeni Günəşli yaşayış sahələrində nə az, nə çox yüzlərlə bu cür ət köşkləri var. Və həmin ət köşklərinə də müxtəlif imkanlı adamlar nəzarət eləyir. Məsələn, bir adamın üç-dörd yerdə ət köşkü var və üç-dörd yerdə o adam ət satışı ilə məşğuldur.

İndi gəlin görək, ət köşklərində kəsilən heyvanların əti səhər saatlarında baytar nəzarətindən keçirmi? Əhmədlidəki və Günəşlidəki bir neçə ət köşkünə baş çəkdik. Orda ətin satışı ilə maraqlandıq. Qəsablardan birii saat 7 radələrində dedi ki, heyvanları kəsmişəm, doğramışam da. Hamısını da yuxarıdan asmışam. Baytar həkim gələndə möhür vuracaq.

Axı, bu ətin xeyli hissəsini satıbsınız. Bəs bu qanun pozuntusu deyilmi?

Qəssab əsəbləşdi və dilləndi:

- Ay kişinin oğlu, sənə ət lazımdı, de ətini verim rədd ol get! Tay nə durub mənə dastan açırsan? Biz özümüz bilərik, həkim gələcək, gəlməyəcək. Bir də bilmirsən ki, həkimlər necə işləyir? Bir azdan gəlib pulunu alacaq, peçatını da vuracaq. Hələ üstəlik üç-dörd kilo da ət götürəcək.

Qəssab diqqətlə mənə baxıb sözünə davam elədi:

- Üst-başından demoqoq adama oxşayırsan. Gəl sənə də müftə bir kilo ət verim. Yoxsa gedib orda-burda ağzına gələni danışmayasan.

Qəssabın təklifinə rədd cavab verəndən sonra o, möhkəm əsəbləşdi. Əlini baltaya atdı və cin vurdu başına:

- Vallah, səni bu balta ilə tikə-tikə doğrayaram. Səhər-səhər mazqimi niyə pozursan? Bilmirsən ki, biz qəssabların əsəbləri yerində deyil? O günü biri gəlib sarsaqladı, qulağının dibinə bir yumuruq ilişdirdim özündən getdi. İndi elə eləmə ki, əlimdən xəta çıxsın...

Həmin yerdən uzaqlaşıb başqa bir ət köşkünə yaxınlaşdıq. Orda isə başqa mənzərənin şahidi olduq. Qəssabın üzü tüklü idi, əynində də xalatı yox idi. Bu iradları ona bildirəndə qəssab çox sakit halda:

- Əmioğlu, noolsun ki, üzüm tüklüdü. Zato kəsdiyim ət çiçək kimi təimzdi. Görürsən, nə qədər adam növbəyə durub. Bu elə-belə ət deyil ey, Qarabağın otunu yemiş, suyunu içmiş, havasını udmuş dananın ətidi. Elə bilirsən on bir manata dana əti verirlər? Gedib o yarmarkadan qocalmış camış ətinin kiloqramını dörd-beş manata alırsınız, elə bilirsiniz ki, yönlü ət yeyirsiniz. Bəs bilmirsiniz, ucuz ətin şorbası olmaz?

Digər ət köşkündə isə vəziyyət başqa cür idi. Burda alıcılar qəsaba deyirdi ki , ay kişi, səndən 300 metr kənarda bir qəssab dana ətinin kiloqramını 11 manata satır, sən isə bizi hərifləyib 11 manat yarıma verirsən. Heç insafın yoxdur? Özün də əlləm-qəlləm adama oxşayırsan, tərəzin də düz deyil. Keçən dəfə səndən iki kilo ət aldım, evdə arvadım tərəzidə çəkdi, 300 qram əksik gəldi. Arvad da başıma bir qapaz ilişdirib dedi ki, ay kişi, mən səni belə fərsiz bilmirdim. Allahın bir qəssabı səni aldadır. Duxu var, məni aldatsın görüm necə aldadır? Onun bu barmağımla iki gözünü basıb çıxararam.

Heyvanların özünün də hüquqları var. Onları küçənin ortasında, uşaqların gözünün qabağında böyürdə-böyürdə kəsmək vallah, böyük günahdı. Çünki böyürdülə-böyürdülə kəsilən dananın qanı axanda o uşaqlar bu səhnəni görür. Bu səhnəni görən uşaqlar isə hansı anlar yaşayırlar, onu bir Allah bilir. Bu səhnəni görən uşaq sabah, birisi gün qorxudan sarılıq xəstəliyinə də tutula bilər.

Qətiyyən bu qəssab əmilərin, qəssab dayıların vecinə deyil. Görün, ölkəmizdə nə qədər nəzarət orqanları var. Heç olmasa barı qəssabların vecinə olmasa da, həmin nəzarət orqanında işləyən vəzifəli şəxslərin vecinə olsun. Yəni onlar hərəkətə gəlib bu qanunsuzluqların qarşısını alısnlar, ət satışındakı özbaşınalıqlara bir nöqtə qoysunlar.

Faiq QİSMƏTOĞLU