adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Noyabr 2017 00:19
16828
GÜNDƏM
A- A+

Əli İldırımoğlu adlı kitab


Azərbaycan mətbuatının və ədəbiyyatının tanınmış nümayəndələrindən biri, Əməkdar jurnalist, "Şöhrət" ordenli yazıçı-publisist Əli İldırımoğlunun 90 yaşı tamam oldu. Mədəniyyət və Turizm Nazirliyi bu münasibətlə Muğam Mərkəzində yubiley mərasimi təşkil etdi. 90 yaşlı yubilyarın başına toplaşan hökumət üzvləri, elm və mədəniyyət xadimləri, parlament üzvləri, həmkarları, ictimaiyyət nümayəndələri və oxucuları Əli İldırımoğluna təbriklərini çatdırdılar.

Əliquluuşağının xoş gələcəkli uşağı

Deyirlər ki, xalq öz taleyini, eyni zamanda özünəməxsus ədəbi yaradıcılığı ilə reallaşdırır. Onun inkişaf istiqamətləri, gələcəyə baxışı, ilk növbədə, bu bədii əsərlərdə toplanıb. Azərbaycan xalqının milli yaddaşını parlaq bədii predmetə çevirməyi bacaran qələm sahiblərindən biri də tanınmış yazıçı-publisist Əli İldırımoğludur. XX əsrin ikinci yarısından başlayaraq bu günümüzə qədər ədəbiyyatımız qarşısında böyük xidmətlər göstərən Əli İldırımoğlu öz yaradıcılığında milli-mənəvi özünüdərklə humanizmin, azadlığın və sosial ədalətin qarşılıqlı əlaqəsini qabarıq göstərməyə çalışır. Yazıçı əsərlərində bütün obrazlara humanizmlə, əxlaqi saflıq, estetik kamillik mövqeyində yanaşır.
Milli ədəbiyyatımıza dəyərli əsərlər bəxş edən Əli İldırımoğlu 1927-ci il noyabrın 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Gələcəyin tanınmış jurnalisti və yazıçısı çox erkən yaşlarından müxtəlif kəndlərdə müəllim kimi dərs deyib, sonra Qubadlı rayonunun qəzetində çalışıb, redaktor olub. İllər bir-birini əvəzlədikcə imzası respublika mətbuatında görünməyə başlayıb. 1955-91-ci illərdə o zamankı "Kommunist" qəzetinin Naxçıvan Muxtar Respublikasında, Qarabağ, Mil-Muğan və Sumqayıt-Quba bölgələrində xüsusi müxbiri kimi olduqca səmərəli fəaliyyət göstərib. Bir müddət isə "Həyat" qəzetində çalışıb.
Publisistik yazıları, hekayə, povest və romanlarından ibarət "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər", "Həmin adam", "Közərən sətirlər", "Zorən jurnalist", "Aqibət", "Qarlı gecələr", "Mənim rəncbər atam", "Daş yağan gün"... kitabları Əli İldırımoğluna həm geniş oxucu sevgisi və rəsmi təltiflər qazandırıb. Əməkdar jurnalist fəxri adına, "Şöhrət" ordeninə layiq görülüb. Əsərləri ölkəmizdən kənarda da işıq üzü görüb, Türkiyədə, Rumıniyada çap olunub.
Müxtəlif dövrlərdə Mirzə İbrahimov, Bayram Bayramov, Qulu Xəlilov, Cəmil Əlibəyov, Ramiz Rövşən, Nizami Cəfərov, Rəfael Hüseynov, Gəray Fəzli, Arif Əmrahoğlu, Əhəd Muxtar, Nizaməddin Şəmsizadə, Qurban Bayramov, Vaqif Yusifli, Ağacəfər Həsənli, Bəsti Əlibəyli və başqaları mətbuatda Əli İldırımoğlunun zəngin, çoxsahəli yaradıcılığı barədə fikirlərini bildiriblər.

Zorən jurnalist - həmin adam

Əli İldırımoğlunun 90 illik yubileyinə həsr edilən tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tanınmış yazıçı-publisistə təbrik və xoş sözlərini çatdırdı. Yubilyarın peşəkar jurnalist kimi fəaliyyətinə yüksək dəyər verən nazir, milli-mənəvi dəyərlərimizin mətbuatda və ədəbiyyatda təbliğinə görə Əlin İldırımoğluna təşəkkür etdi. Nazir Əbülfəs Qarayev bildirdi ki, Əli İldırımoğlu həm mətbu yazılarında, həm də bədii əsərlərində həmişə ana dilimizin saflığına və qorunmasına çalışıb.
Millət vəkili, parlamentin Mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov 90 yaşlı yubilyarın keçdiyi ömür yolu və zəngin ədəbi yaradıcılığı barədə geniş söhbət açdı, bildirdi ki, Əli İldırımoğlu mürəkkəb və çətin ömür yolu ilə bizlərə bir ibrət dərsi verir: "15 yaşından müəllim kimi çalışmağa başlayan Əli İldırımoğlu həm öyrənib, həm də öyrədib. Bu gün 90 yaşı olmasına baxmayaraq yenə də öyrənməkdə və öyrətməkdə davam edir. Əli müəllim uzun müddət jurnalist kimi çalışıb, bədii yaradıcılığa bir qədər gec başlayıb, amma onun əsərlərini oxuduqca hiss edirsən ki, bu müddət ərzində o, özünü yazıçılığa hazırlayırmış. Əli İldırımoğlu özü bir kitabdır, bu kitabdan öyrənməyə həmişə ehtiyac olacaq".
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Əli İldırımoğlunu rayon ictimaiyyəti adından təbrik etdi, yubilyara Əliquluuşağı kəndinə gedən yol, Bərgüşad çayı təsvir olunan tablo bağışladı.
Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Füzuli Hüseynov yazıçının əsərlərindən nümunələr ifa etdilər. Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri öz repertuarından musiqi nömrələri ifa etdi.
Sonda səhnəyə çıxan 90 yaşlı Əli İldırımoğlu yubiley mərasiminin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Yubiley mərasiminə gələnlərə tanınmış yazıçı-publisist Loğman Rəşidzadənin yeni çapdan çıxan "Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk" kitabı hədiyyə olundu. "Elm və Təhsil" nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru professor Rəhim Əliyev, rəyçiləri Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov, professorlar Nizaməddin Şəmsizadə, Nadir Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Səadət İldırımzadə və Qurban Bayramovdur.