adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Noyabr 2017 00:16
25697
GÜNDƏM
A- A+

İNCİLƏR BƏXŞ EDƏN VƏTƏN TORPAĞI

(Zaqatalada keçirilən Fındıq festivalından reportaj)

...Sonbahar dediyimiz payız fəsli, başqa fəsillərdən fərqli ikinci bir statusa - "qızıl dövrə" də malikdir. Yarpaqları qızarıb-saralan ağacların canlı tablosuna, bəlkə də bu tablonun həzin bir melodiyasına bənzəyir "qızıl payız". Sən bu tablonun ən gözəlini görmək, bu melodiyanın ən sevimlisini dinləmək istərdinmi? Bu istək, bu arzu səni xoş bir ovqata səsləyərsə, lap eləcə təhrik edərsə, güzarın tərəddüdsüz Zaqatalaya düşsün. Burada yaşayacaqsan o əsrarəngiz, nağılvari, əfsanəvi "qızıl payız"ı.
Bax həmin o "qızıl payız"ın pik günlərindən biridir. "Qızıl payız"ın belə günləri uzaqbaşı 2-3 gün çəkər, sonra... ilıq nəfəsi, qızıl telləri bir qədər öləziyər, bir az adiləşər.
Təbiətin özü qədər gözəl, inci bir şəhəri dağlar da sanki qolları arasına alıb bağrına basar; bir-birindən gözəl binalarını, küçə və meydanlarını, park və bağlarını, adamlarını və ağaclarını doğma bir duyğu ilə oxşayar, əzizləyər. Zaqatala adlı bu gözəl məkan, bax bu şəhər, bu təbiət füsunkarlığı ilə hamını, hamını... al-əlvan, gül-çiçəkli, barlı-bəhrəli bir şölənə səsləyər. Zaqatalaya qızıl güllər diyarı da deyirlər axı! Onun bu şirin qoxusunu, şirin ətrini birlikdə duyaqmı, bu bayram səhərinin sevinclərinə qoşulaqmı?

Heç bilirsən, sənin bu vətənin necə gözəl və şöhrətlidir? Dünyanın ən seçilmişlərinin Azərbaycana məxsusluğunu bilirsən? Hələ təkcə meyvələrdən söz açası olsaq, lap elə kiçik nümunələr göstərsək, bəs edər könül xoşluğumuz üçün. Göyçay narı, Qəbələ-İsmayıllı Qızıləhmədi alması, ən ləziz və qiymətli şabalıd və fındıq... Zaqatala fındığının isə dünyada tayı-bərabəri yoxdur. Bütövlükdə Şəki-Zaqatala bölgəsindəki fındıq bağlarının, burada yetişən dünya şöhrətli meyvələrin, həqiqətən oxşarı belə yoxdur. Özəlliklə Zaqatalanın qeyri-adi fındıq bağlarının, bol və dadlı meyvələrinin. Belə götürəndə, fındıq yer üzündə o qədər də çox yayılmayıb. Avropanın, Asiyanın və Şimali Amerikanın bəzi meşə zonalarında 20 növü ola-olmaya. Azərbaycanda da cəmi 3 növü məlumdur. Geniş mənada tozağacıkimilər fəsiləsinə aid olan fındığın kol və yaxud ağac adlandırılması onun "qızıl qiymətini" müəyyənləşdirmir. Azərbaycan fındığı və xüsusilə Zaqatala fındığı oxşarsız və rəqabətsiz-filansız dünyada birincidir ki var. Rayonda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri məhz fındıqçılıqdır. Cənab Prezidentin tapşırığına əsasən ötən ilin payızında 2560 hektar, bu ilin yazında isə 598 hektar sahədə yeni fındıq bağları salınaraq rayonda ümumi fındıq bağlarının sahəsi 17017 hektara çatdırılmışdır. Bu ilin payız mövsümündə isə daha 1100 hektar sahədə fındıq bağları salınması proqnozlaşdırılıb və artıq müəyyən işlər görülməkdədir. Sahənin inkişafına elmi yanaşmanın təmin edilməsi üçün rayonda fəaliyyət göstərən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bağçılıq dayaq məntəqəsində sınaq məqsədli 5 hektar yeni bağ salınaraq gələcəkdə əkilməsi üçün "Ata-baba" fındıq sortuna aid 8000 ədəd ting yetişdirilir. Rayonda bu il fındıq tingliyi təsərrüfatı da yaradılmışdır. Burada 300 min ədəd ting yetişdirilərək, yaxın zamanlarda əlavə 600 hektar sahəyə əkiləcəkdir. Yəni gələcəkdə qızıl güllər diyarının fındıq bağlarında bu qiymətli meyvənin daha bol məhsulu ilə yanaşı şöhrətinin də yüksələcəyi günlərin şahidi olacağıq.
...İndi bu "qızıl payız" günündə isə biz də Zaqatalada keçirilən fındıq festivalının iştirakçısıyıq.
Şəhər büsbütün ilk dəfə keçirilən festivala köklənib. Onsuz da həmişə səliqə-sahmanı və yaraşığı ilə seçilən Zaqatala bu gün daha füsunkar görünür. Respublikanın paytaxtından, ayrı-ayrı şəhər və rayonlardan gələn qonaqlar mehriban və gülərüz zaqatalalılara qoşularaq festivalın mərkəzləşdiyi böyük Dədə Qorqud meydanına gəlirlər. Meydanın yaxınlığındakı Heydər Əliyev parkı da izdihamlıdır. Rəsmilər və festival iştirakçılarının nümayəndələri burada ucalan abidənin qarşısına gül-çiçək dəstələri düzərək ulu öndəri hörmət və məhəbbətlə yad edirlər. Dahi insanın, böyük Azərbaycan oğlunun vətən, xalq və onun gələcəyi haqqında arzu və istəklərinin çiçəkləndiyi günlərdir bu bayramlar, bu festivallar...
Festivalın mərkəzi tədbirləri üçün Dədə Qorqud meydanı da əbəs yerə seçilməyib. Burada müdrik Dədə Qorqud babamız sanki öz qopuzunun qədim səsi, qədim ahəngi ilə yaşanan, paylaşılan bu şölənə bir əbədilik arzulayır. Festivaldakı bölmələr, guşələr də xüsusi bir zövqlə qurulub. Meyvələrin və qızıl güllərin timsalı geyimlər, müxtəlif əl işləri, fındıqlarla hazırlanmış qeyri-adi görüntülər, əşyalar... Musiqi, rəqs, müxtəlif yarışmalar və digər şənlik məqamları gün ərzində bir-birinə qovuşacaq.
İndi Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edir. O, qonaqları və bütün festival iştirakçılarını bayram münasibəti ilə salamlayır. Mübariz Əhmədzadə çıxışında vurğulayır: "Azərbaycanımızda həyatımızın elə bir sahəsi olmaz ki, orada inkişaf, tərəqqi yüksək səviyyədə davam etməsin. Zaqatala rayonu da bu gün respublikamızda sürətlə inkişaf edən bölgələrdəndir. Fındıqçılıq bu rayonun simvollarından biridir. XIX əsrdən başlayaraq Zaqatalada fındıq istehsalı ənənəvi sahələrdən birinə çevrilmiş, 1932-ci ildə burada ilk fındıqçılıq sovxozu yaradılmışdır. Bütün sahələrdə olduğu kimi fındıqçılığın da ən uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahə üzrə Zaqatalada son illər çox işlər görülüb və cənab Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr, Dövlət Proqramları da fındıqçılığın inkişafında əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza 8 dəfə səfər edib. Onun hər səfəri Zaqatalanın sürətli inkişafı, yüksəlişi ilə bağlı amillərlə daha əlamətdar olub. Ölkə prezidenti bu ilin avqust ayının 3-də rayonumuza səfəri zamanı bir sıra açılışlarda iştirak edərkən Zaqatalanın inkişafını xüsusi bildirdi. Cənab Prezident rayonda tütünçülük, baramaçılıq, gülçülük və fındıqçılığın inkişafına dair maraqlı fikirlərini çatdırdı. Ölkə rəhbərinin məhz fındıqçılıq sahəsinin inkişafı istiqamətində verdiyi tapşırıqlar uğurla icra olunur və rayonumuzda fındıq bağları ilbəil artırılır".
Mübariz Əhmədzadə daha sonra ötən illərin inkişafını bir sıra önəmli rəqəmlərlə ifadə edərək təkcə 2016-cı ildə emal müəssisələri tərəfindən 91,1 milyon manatlıq fındıq məhsulu ixrac olunduğunu bildirir.
Sonda rayon icra hakimiyyətinin başçısı qonaqları və bütün festival iştirakçılarını bir daha təbrik edərək Yaponiyanın ölkəmizdəki səfiri və digər rəsmi şəxslərlə birlikdə müxtəlif guşələrlə tanış olur, fındıqdan hazırlanmış çeşidli məhsullar barədə qonaqlara özü də məlumat verir. Bunun bir səbəbi də ondadır ki, Mübariz müəllim bu bölgədə doğulub boya-başa çatmışdır. O, elə Qax və Zaqatala rayonlarında yaşayıb çalışmaqla sadə və zəhmətkeş ömrü, bacarıqlı təşkilatçılıq və idarəetmə fəaliyyəti ilə bərabər, vətənpərvər bir ziyalı olaraq da bölgənin adət-ənənələrinə sadiq qalmışdır.
...Milli rəqslər, şən mahnılar bir-birini əvəz edir. Festival iştirakçıları müxtəlif guşələrdə fındıqdan hazırlanmış rəsm və əl işləri sərgisi, ən gözəl fındıq xonçası, ən gözəl fındıq geyimi, fındıqla bağlı ən zəngin məlumat lövhəsi, şirniyyat məhsulları ilə tanış olur, müxtəlif yarış və müsabiqələrə qoşulurlar. Bölgəyə məxsus "Kənd evi" interyeri də maraq doğurur, iştirakçıları cəlb edir. Eləcə fındıq yığımında və təmizlənməsində istifadə edilən müasir texniki avadanlıqlardan ibarət sərgi də.

Zaqatalada ilk dəfə keçirilən fındıq festivalı böyük konsert proqramı ilə sona çatır.