adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Noyabr 2017 00:01
10157
GÜNDƏM
A- A+

Bir dəqiqəlik sükut

20 noyabr Azərbaycanın tarixinə bir faciə günü kimi yazıldı. 1991-ci ilin həmin günü Qarakənd faciəsi baş verdi. Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus "Mi-8" hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vuruldu. Vertolyotun sərnişinləri sıradan birisi deyildilər. Onlar Azərbaycanın ən nüfuzlu, sayılıb-seçilən, xalqın sevgisini və rəğbətini qazanmış insanlar idilər.
Əslində bu faciənin işərisində çox faciələr var idi. Faciə içərisindəki faciələrdən biri məhz bu cür şəxsiyyətlərin əyləşdiyi "Mi-8" hərbi vertolyotunun heç bir mühafizə olmadan odun-alovun içərisinə uçması idi.
Bu faciənin içərisindəki faciələrdən biri də terror baş verdikdən, yəni "Mi-8" hərbi vertolyotu yerə düşdükdən sonra həmin əraziyə Azərbaycan nümayəndələrinin buraxılmaması idi. Və bəlkə də faciənin ən əsas yeri məhz budur. Çünki müsahibələri, çəkilişləri izlədikdə insanda belə bir fikir formalaşır ki, bəlkə də vaxtında hadisə yerinə Azərbaycan tərəfindən kimlərsə gedib çıxa bilsəydi, bir çox müəmmalara aydınlıq gətirmək olardı.
Faciənin içindəki faciələrdən biri də qara qutuyla bağlı idi. Qara günü özündə saxlayan qara qutu. Onun da taleyi faciəli oldu. Ordaca məhv olsaydı bunu faciə kimi qiymətləndirməmək olardı. Qara qutu hadisə yerinə bir sutkaya yaxın vaxtdan sonra gedib çıxa bilmiş Azərbaycan nümayəndələri tərəfindən tapılsa da sonradan açılması üçün Moskvaya göndərildi. Əlimizdə olan bir dəlilin 100 faiz məhv ediləcəyini bilə-bilə kiməsə təhvil vermək - bax, əsl faciə bu idi.
Bu faciənin içərisindəki faciələrdən biri də informasiya faciəsi idi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulur. Faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə saat 15:30-da yayımlanır. Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verir. Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu bu barədə danışır. Ancaq bizim Prezident Aparatına məlumat saat 19:55-də çatır. Və əfsuslar olsun ki, Azərbaycanın informasiya məkanı da bunu "qəza" kimi təqdim edir. Baxmayaraq ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusuiya Aktı qəbul edilmişdi, artıq Moskva ilə vidalaşmışdıq, bəzi insanların nankorluğundan faciə terror kimi yox, qəza kimi Azərbaycan ictimaiyyətinə çatdırıldı. Faciənin şahidi olmuş bir çoban oğlunun şahid kim verdiyi video müsahibə də yoxa çıxır. Və sonradan həmin çoban oğlu qətlə yetirilir.
Bütün faciələrin miqyası olur. Bu faciənin miqyası bir ailəni, bir eli, bir obanı, bir regionu yarıb bütün millətin, sözün həqiqi mənasında, azərbaycanlı olanların içinə dolmuşdu. Hər kəs bir faciə yaşayırdı içində. Və hər kəs bu faciənin içində yanırdı.
Bu faciədən 26-il ötür. Bu 26 ilin yarasının qanı dayanmır. Bu gün də hər kəsin içində o faciə var. Bu gün də o faciə bizləri yandırır, ağladır.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam, 3-ü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi. Onları bir daha xatırlayaq. Nə qədər ki, varıq, xatırlayaq.
P.S. Bu gün hər biriniz evinizdə bir dəqiqəlik ayağa durun. Bir sükut yaşayın. Yad edin onları.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.