adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 18:40
13968
SİYASƏT
A- A+

Politoloqlar Lavrovun səfərini dəyərləndirdilər

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlı politoloqlar öz fikirlərini bölüşüblər.


Politoloq Rasim Musabəyov deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər etməsində iki əsas məsələ var. Azərbaycan - Rusiya diplomatik əlaqələrinin 25 illiyinin tamam olması onun Bakıya səfər etməsində bir bəhanə idi. Səfərdə əsas məqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Dağlıq Qarabağ məsələsinin dalandan çıxarılması ilə bağlı hansısa bir təkliflərdir". Deputat bildirib ki, Dağlıq Qarabağ məsələsinin dalandan çıxarılması ilə bağlı bu vaxta qədər səylər olub: "Tərəflər razılaşmanın bir addımlığında olublar. Ancaq bu addımı irəliyə yox, geriyə atıblar. Bu baxımdan pessimist olmağa xeyli əsaslar var. Nə zamansa bu tilsim qırılmalıdır. Ona görə də bu istiqamətdə səylər çox vacibdir. Amma nəticəyə gətirib-gətirməyəcəyi sınaqdan keçirilməlidir. Mən nəticənin yaxşı olacağına bir o dərəcədə ümidli deyiləm".

Millət vəkiliAzər Badamovda görüş barəsində fikirlərini bildirib. Qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın gələcək prespektivləri ilə əlaqədardır". Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələr inkişaf mərhələsindədir: "Ölkələrarası ticarət dövriyyəsi dinamik artımdadır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur və ümumi bir məxrəcə gəlmək ətrafında fikir mübadiləsi də aparılır. Çünki, Cənubi Qafqazın ən böyük və hər an alovlana biləcək problemi Azərbaycanın işğaldakı torpaqları ilə bağlı ola bilər. Ona görə də regionun sabitliyi üçün bu problem tezliklə həll olunmalıdır. Lavrov Azərbaycandan sonra Ermənistana da səfər edəcək. Orada da münaqişənin həlli ilə bağlı danışıqlar aparacaq. Münaqişənin düyününün açılması Rusiyanın əlindədir və düşünürəm ki, Rusiya Ermənilərə ciddi təsir metoduna keçərsə məsələ də öz həllini tapar və regiona sabitlik gələr".

Ədil Ədilzadə