adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 16:17
10169
GÜNDƏM
A- A+

Nazirlikdən hərbçi olmaq istəyənlərə müraciət

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ümumi və ya tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar 11 dekabr 2017-ci il tarixdən 4 yanvar 2018-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər.

Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul edilirlər.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran namizədlərlə 3 (üç) il müddətinə könüllü qaydada əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri - 2 nüsxədə;
- nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- psixioloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə.

Qeyd edək ki, məhkumluğu olan, əvvəllər bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş hərbi vəzifəlilərin "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmurlar.
Orduda müddətdən artıq xidmət etmək istəyən şəxslərin müraciətləri dekabrın 11-dən 2018-ci il yanvarın 4-dək hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək qəbul olunacaq.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, "Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi).