adalet.az header logo
  • Bakı 19°C
20 Noyabr 2017 14:20
11341
MƏMLƏKƏT
A- A+

«AY RƏHMƏTLİYİN UŞAQLARI, QOYUN DOLANAQ»

Payızda havalar tez-tez dəyişir. Xüsusən də Bakı şəhərində tez-tez dəyişən hava şəritinə daha çox təsadüf olunur. Yəni Bakıda bir gün payız qışa oxşuyur, bir gün yaza, bir gün yaya və bir gün də özünə. İndi gəl, belə havadan baş çıxar görüm necə çıxarırsan. Payızın «çaldığı havaya» biz oynamağı bacarmalıyıq. Ələlxüsus da respublikanın avtomobil yollarında nəqliyat vasitələrini idarə edən sürücülər belə bir mürəkkəb durumda çıxış yolu tapmalıdılar.

Bir də görürsən ki, yağış yağdı, yollar daha təhlükəli oldu. Eyni zamanda, qəfil dumanlı-çənli hava şəraiti hökm sürdü. Bax, belə bir havada avtomobili idarə etmək sürücüdən çox böyük məharət, təcrübə və səbr tələb edir. Çünki bir də görürsən ki, dumanlı havada yolu görməyən sürücü yaxın məsafəli işığı yandırmır və özü də çalışır ki, ondan əvvəlki avtomobili ötüb keçsin. Təbii ki, belə anlarda sürücü çox təhlükəli şəraitlə – qəza anıyla üzləşir. Qəza anındansa sağ-salamat çıxmaq hər sürücüyə qismət olmur. Məhz buna görə də dumanlı hava şəraitində respublikanın avtomobil yollarında sürücülər ara məsafəsi saxlamalı qabaq işıqları yandırmalı və daha çox diqqətli olmalıdılar. Ona görə ki, bu cür mürəkkəb havalarda sürücülərin səhlankarlığı üzündən qəzalar qaçılmaz olur.


Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da mürəkkəb hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görürlər. Öncə dumanlı havada bir çox sürücülər yol polisi tərəfindən saxlanılır və onlara xəbərdarlıq edilir ki, diqqətli olsunlar. Aydındır ki, bu xəbərdarlıqlar da öz bəhrəsini verir . Belə bir çətin hava şəraitində baş verə biləcək qəzaların qarşısı öncədən maarifləndirmə yolu ilə alınır.

Ümumiyyətlə, 6-cı tağımın əməkdaşları ağır qəzaların qarşısının alınması üçün sutkanın 24 saatında öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirilər. Məhz keçirilən reydlərdə də kobud qayda pozuntularının qarşısının alınması önəmli əhəmiyyət kəsb edir. Təəssüf ki, bir çox sürücülər yol polisinin apardığı təbliğat və təşviqat işlərinə baxmayaraq, yenə yol hərəkəti qaydalarını pozmaqda davam edirlər.

Reyd zamanı Rusiya istehsalı olan avtomobilin sürücüsü yolun sağ hissəsinə manevr edərək arxadan gələn nəqliyyat vasitəsi üçün təhlükə törətdi. Bunu görən yol polisi əməkdaşı polis serjantı Əşrəf Orucov maşına «saxla!» işarəsi verdi. Sürücü maşını bir qədər sürüb sonra yaxınlıqdakı postda saxladı. Yol polisi əməkdaşı ona qəza şəraiti yaratdığını bildirəndə sürücü dilləndi:

- Ay rəhmətliyin uşaqları, qoyun dolanaq da. Görürsünüz ki, taksi fəaliyəti ilə məşğulam. Balalarımın çörəyini çox çətinliklə çıxarıram. İndi siz məni cərimə eləsəniz elə bil ki, balalarımın başını kəsirsiniz. Düzdür, qəza şəraiti yaratdım, amma buraxın gedim!


Təbii ki, yol polisi əməkdaşı sürücünü qanunu pozduğuna görə, maarifləndirdi və dedi ki, sükan arxasında əyləşəndə qəza baxmır ki, sən çörək qazanırsan, yaxud da balalarını dolandırmaq istəyirsən. Mən səni başa düşürəm və bu dəfə də cərimə eləmirəm. Ancaq təkrarən bir də belə bir şərait yaratsan, mütləq barəndə protokol tərtib edəcəyəm.

Sürücü polis baş serjantı Əşrəf Orucovun ona olan səmimi münasibətindən və diqqətindən razı qaldı. Dedi ki, sənin kimi adamı başa düşən insanlara can qurbandır. Vallah, bir də siz olmasanız bu yollarda qan su yerinə axar. Nə yaxşı ki, siz varsınız.

Polis baş serjantları Əhliman Məmmədov və Anar İbrahimov isə mikroavtobus markalı maşını saxlatdırdılar. Bu maşının da sürücüsü maşının yuxarı yük yerində normadan artıq yük aparırdı. Sürücünün nəzərinə bu nöqsanlar çatdırıldı və sürücü də bildirdi ki, bir daha belə hallara yol verməyəcək.


Polis baş serjantı Abbas Abdullayev isə qanun pozuntusuna yol verən minik maşınını saxlatdırdı. Məlum oldu ki, maşın texniki baxışdan keçməyib. Nəqliyyat vasitəsinin sürücüsü barəsində polis baş serjantı inzibati protokol tərtib etdi. Heç bundan sürücü də incimədi. Dedi ki, əvvəllər bu barədə mənə xərərdarlıq edilmişdi. Ancaq özüm səhlankarlıq edib avtomobili texniki baxışdan keçirmirdim. Elə günü sabah maşını texniki baxışdan keçirəcəm.

Polis leytenantı Araz Həşimov da kobud qayda pozuntularına qarşı fəal mübarizə aparan əməkdaşlardandır. O, gənc olmasına baxmayaraq, çox təcrübəli, bacarıqlı , savadlı bir ziyalıdır. Çünki Araz ziyalı ailəsində tərbiyə alıb və rəhmətlik atası da uzun müddət yol polisində çalışıb, hətta komandir vəzifəsini daşıyıb. Bu gün Araz Həşimov Elmin Məmmədovla birlikdə yükdaşıma qaydalarını pozan sürücülərə qarşı fəal mübarizə aparırlar. Onlar hər bir sürücü ilə qanunauyğun dildə davranır, öz tövsiyə və tapşırıqlarını verirlər. Söhbət zamanı bildirirlər ki, yük daşıyan sürücü hər an diqqətli olmalıdır.

Yükdaşıma dedim yadıma polis baş leytenantı İlyas Vəliyevin muxtəlif markalı sürücülərlə bağlı gördüyü tədbirlər düşdü. Çünki İlyas Vəliyevi çoxları yükdaşıma qaydalarını pozan sürücülərin qənimi kimi tanıyır. Hətta onlara qarşı sərt mövqe tutduğuna görə, bir neçə dəfə qanunu kobud surətdə pozan iritutumlu yuk maşınlarının sürücüləri avtomobili onun üzərinə sürüblər. Amma bu təyziqlər və təqiblər heç vaxt polis baş leytenatını qorxutmayıb. Əksinə, İlyas Vəliyev özündənrazı, gözünü qan örtmüş sürücülərə qarşı daha sərt mövqe tutub və onlar barəsində inzibati protokol tərtib edib. Bir neçə avtoxuliqan sürücü isə Qaradağ rayon Pois Şöbəsinə təhvil verilib.

Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, son vaxtlar kobud qayda pozuntularına qarşı mübarizə daha geniş vüsət alıb. Sirr deyil ki, bəzi sürücülər hətta qaydaları pozmaqla cəmiyyətə hörmətsizlik etməkdən belə çəkinmirlər. Guya bu hərəkətləri ilə onlar kimlərinsə diqqətində qalmaq istəyirlər. Amma biz kimliyindən asılı olmayaraq, belə ərköyün sürücülərə qarşı daha ciddi tədbirlər görürük. Düzdür, bizə onlara görə xahiş də olunur, təyziq də edilir. Lakin bunların heç birisi keçərli olmur. Çünki rəhbərlik bizim qarşımızda mühüm vəzifə qoyub ki, kobud qayda pozuntularına qarşı mübarizə gücləndirilməlidir. Təbii ki, biz də bu mübarizəni diqqətdə saxlayır və qarşıya qoyulmuş vəzifəni məsuliyyətlə yeriən yetirməyə çalışırq.

Reyd zamanı onlarla müxtəlif qayda pozuntusuna yol vermiş sürücülər barəsində inzibati protokol tərtib edildi. Hətta onların bir çoxuna polis əməkdaşları tərəfindən axırıncı dəfə xəbərdarlıq olundu. Onlara bildirildi ki, bu cür qayda pozuntuları davam edərsə, daha ciddi tədbir görüləcəkdir.

Bir neçə gündür ki, müddəti başa satmış pərdələrdən istifadə edən sürücülər saxlanılır. Bu cərimənin məbləği isə nə az, nə çox 150 manat civarındadır. Ona görə də 6-cı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bir daha sürücülərə xəbərdarlıq edərək bildirir ki, müddəti başa çatdığına görə, onlar pərdələri maşınlardan açılmalıdırlar. Əks təqdirdə, bu, bayaq dediyimiz kimi yüksək məbləğdə cərimə ilə sona çata bilər. Deməli, hər bir sürücü yol hərəkəti qaydalarına əməl etməli, onlara edilən xəbərdarlıqları diqqətdə saxlamalıdılar.

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru; Elçin ORUCOV – 6-cı tağımın polis kaptanı, baş inspektor; Qalib RZAYEV – 6-cı tağımın polis kapitanı, baş inspektor; İlyas VƏLİYEV - polis baş leytenantı, baş inspektor; Əşrəf ORUCOV – 6-cı tağımın polis baş serjantı, inspektor, Abbas ABDULLAYEV – 6-cı tağımın baş serjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı