adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 12:46
9387
HADİSƏ
A- A+

Bu il 39 nəfər avtobus qəzasında yaralanıb

"Bu ilin 10 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına nəqliyyat hadisəsi səbəbindən 1937 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1691 nəfər hospitalizasiya olunub”.

Adalet.az xəbər verir ki, bunu Stansiya baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva deyib. Onun sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı ilin hesabat dövründə baş verən 2020 nəqliyyat hadisələri nəticəsində 1771 nəfər hospitalizasiya olunub. Bu da avtoqəzaların sayında 83, hospitalizasiyada isə 80 halda azalma deməkdir.

İradə Əliyeva bildirib ki, ötən illə müqayisədə ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən avtoqəzalar zamanı xəsarət alanların sayındakı azalma nəzərə çarpır: "Belə ki, ötən avtobus qəzalarında xəsarət alanların sayı 79 idisə, bu il həmin rəqəm 39-a düşüb. Həmçinin kütləvi avtoqəzalar zamanı xəsarət alanların sayı da azalaraq 285-dən 202-ə enib”.

O, qeyd edib ki, bayram və istirahət günləri və axşam saatlarında qaranlıq düşdükdən sonra avtoqəzalar daha çox baş verir: "Bu da həmin zaman nəqliyyat vasitələrinin sayının çoxluğu, həmçinin magistral yollarda hərəkətin intensivliyi ilə izah olunur. Axşam saatlarında avtoqəzaların sayının artmasına nəqliyyat vasitəsini idarə edən şəxslərin iş gününün sonunda yorğunluğu və bəzi yollarda işıqlandırmanın kifayət qədər olmaması da öz təsirini göstərir”.(azvision.az)