adalet.az header logo
  • Bakı 7°C
21 Noyabr 2017 16:43
25562
MƏDƏNİYYƏT
A- A+

2 milyon dolu çamadana harda rast gəldim?

Əlimdə qoşa lülə qayalıqların arasında uzaqda ceyranları nişan almışam. Diqqətlə onları seyr edirəm. Atəş səsi qulaqlarımı cingildədir. Ceyranlardan birini yaralayıram. Hava isti, bürkülüdür. Qayalıqlardan aşağı düşürəm. Uzun çöl... Ceyranın qan izləri torpağa rənglənib. Uzaqdan bir neçə maşın gözə dəyir. Qanrılıb maşınların dayandığı yerə yollanıram. Az keçmir gördüklərim heyrətə gətirir məni. Maşınların şüşələri sınmış, al-qana bulanmış cəsədlər burada savaş olduğundan xəbər verir. "Jeep” markalı maşının baqajı narkotik kisələriylə doludur. Barmağımı dişləyirəm: burda mafiyanın rolu var. Maşının əyləcindən səsi çətinliklə eşidiləcək fəryad eşidirəm. Açıb görsəm nə yaxşıdı: can verən bir meksikalı su deyə inildəyir. Onun istəyini qulaq ardına vurub maşının qapısını üzünə çırpıram.

Narkotik varsa, deməli pul da olmalıdır. Çölün şimal-qərb bölgəsinə baxan tərəfində qocaman ağac diqqətimi çəkir. Qoşa lüləm əlimdə hazırdı. Ağacın dibində ölü yatan bir adam da var. Yanında da qara çamadan. Çamadanı ehtiyatla götürüb açıram. İçi dolu dollar.

Əşyaları, pulları maşınıma yerbəyer edib evə üz tuturam. Arvadım əlimdəki çamadanı görüb soruşur:

- O çamadan nədi, içində pul var?

- Hə, pul var.

- Silahı hardan aldın?

- Tapdım.

Çamadanı evdə gizlədib televizora baxan arvadımın yanına keçirəm.

- Harda idin? Niyə gec gəldin?

- Nə çox sual verisən, bəlkə susasan...

Bu danışdığım əhvalat nə mənim, nə dostumun, nə də Rusiyada yaşayan qohumlarımın başına gəlib. Bu sadəcə "Qocalara burda yer yoxdur” filmindəndir. Rejissorlar Koen qardaşları bu filmlə zirvəyə çatıblar desəm yanılmaram. Üç obrazın fonundan kirlənmiş dünya, pula görə bir-birinin canını didməyə hazırlaşan insanlar, hətta uşaqlar...

Filmin giriş hissəsi polis şefinin səsiylə başlayır. Atası, babası da Texasda polis olub. Ancaq hələ də Texasa təhlükəsiz, rahat bir həyat təmin edə bilməyib, insanları qatillərdən, mafiyadan təmizləyə bilməyiblər.

2 milyondan çox pul tapan adam ovçudu, evlidi. Viyetnam müharibəsinin də iştirakçısı olmuşdur. Birdən-birə içində milyon dollar çamadan tapsan gecə rahat yatmaq olarmı? Ovçuda gecənin yarısında çarpayısından sıçrayır. Tez-tez paltarlarını geyinir, balaca "bardaçok”a da su doldurur ki, getsin yaralı meksikalıya su versin. Arvadı hara getdiyini soruşur:

- Gecə vaxı hara belə?

- Bir işim var, həll edib gələcəm. Gələ bilməsəm anama onu çox sevdiyimi deyərsən...

- Axı anan dünyadan köçüb.

- Onda mən ona çatdıraram.

Texasın uzanan qaranlıq çölü. Ovçu həyəcanla maşına yaxınlaşır. Görür ki, can çəkən canını çoxdan tapşırıb. Təpənin üstündə saxladığı maşının yanında başqa bir maşın da var. Qorxduğundan nə edəcəyini bilmir, təpədəki maşın gur işıqla aşağıya sürətlə enir. Ovçunun yerini müəyyənləşdirirlər, qaçmağa başlayır. Arxasından açılan güllələrdən biri kürəyinə dəyir. Özünü uçurumdan aşağı dığırlayır. Meksika mafiyası olan adamlar ovçunu tezliklə öldürmək istəyirlər. Ovçu özünü çaya atır. Ardınca da pitbul cinsli vəhşi köpək onu parçalamaq üçün çaya özünü atır. Ovçu sudan çıxıb qoşa lüləsini düzəldib iti öldürə bilir.


Filmdə üç obraz var: yaşlı polis, ovçu və professional qatil. Qatil obrazını yaradan aktyor Xaviyer Bardem elə tükürpədici, elə vahiməli qatil obrazına bürünüb ki, adam filmi izlədikcə təsir altına düşür. Eynən qatil tamaşaçının psixologiyasına ciddi təsir göstərir. Filmin davamını danışmaq istəmirəm. İti öldürmək səhnəsində filmi dondururam. Yəni ki, klavituramla "stop” edirəm. Siz oxucu-tamaşaçılara isə filmi tapıb izləmək qalır. Mütləq ki, sizi düşündürəcək detallarla zəngin, həm də həyəcanda saxlayacaq əsl sənət əsəridir.

Filmdə pul hər qapını aça bilən bir açar kimi göstərilir. Həm də ki, yeni dünyanın çirkləndiyini, kapitalizmin insanları necə vəhşiləşdirməyi filmdə əskini tapır.

Koen qardaşlarının Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller. 2008-ci ilin "Oskar”a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə.