adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 12:20
10766
GÜNDƏM
A- A+

İlham Əliyev: “Məsum övladlarımızın qanı yerdə qalmayacaq”

Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Forumunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir.

Adalet.az xəbər verir ki, forumda Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubu oxunub. Məktubu Baş nazirin müavini Əli Əhmədov oxuyub. Məktubda deyilir:

- Hörmətli Forum iştirakçıları, əziz uşaqlar!

Sizi Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı çatdırır, hər birinizə can sağlığı, xoşbəxtlik və gələcək həyatınızda nailiyyətlər arzulayıram.

Ümumimilli lider Heydər Əliyevin "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətimizin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim qayğı xüsusi göstərilməlidir” sözləri bir an belə unudulmadan ölkəmizdə uşaq hüquqlarının ən etibarlı şəkildə qorunması üçün zəruri şərait yaradılıb.

Övladlarımızın yüksək mənəvi və sosial müdafiə mühitində böyüməsi, müasir standartlara uyğun, keyfiyyətli təhsilə, tibbi xidmətlərlə təmin edilməsi və xalqımızın milli dəyərlərə sadiq, mənən zəngin formalaşması Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətinin başlıca prinsipləridir.

Uğurla icra olunan çox saylı sosial yönümlü layihələr də bu amala xidmət göstərir. Uşaqların müdafiəsi ölkə konstitusiyasında, qanunvericilik və normativ hüquqi – aktlarla tənzimlənir.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni min illiyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Bu ölkənin illərlə daha güclü, daha qüvvətli olması sizin gələcək xoşbəxt və firavan həyatınızın təminatı deməkdir. Azərbaycan sürətli inkişaf yolundadır. İndiki nəsil qüdrətli Azərbaycanı sizə etibar edəcək. Qətiyyətlə deyə bilərəm ki, siz istedadınızı və yaradıcılıq potensialınızı üzə çıxarmağınız üçün geniş imkanlara maliksiniz. Dövlətimiz Azərbaycan – Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları kobud sürətdə pozulmuş qaçqın və məcburi köçkünlərimizin, onların uşaqlarının müdafiəsi naminə öz qüvvəsini səfərbər edib. Əminəm ki, düşmən təxribatına qurban olmuş məsum övladlarımızın qanı yerdə qalmayacaq, erməni təcavüzünə son qoyulacaq. Azərbaycanın haqq işi qalib gələcək və ədalət bərqərar olacaq. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin layiqincə həyata keçirilməsi işinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, Forumda Azərbaycanın bütün rayon və şəhərlərindən fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası 380 uşaq iştirak edir. Burada həmçinin xüsusi qayğıya ehtiyac olan, sağlamlıq imkanları məhdud olan, qaçqın və məcburi köçkün ailələrindən olan, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş uşaqların təmsilçiliyinə də xüsusi önəm verilir.

Forumlar uşaq hüquqlarının qorunması və təbliği , uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması, uşaqlara öz problemlərini səsləndirmək, eləcə də KİV-in diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir.