Daşınmaz əmlakla bağlı YENİLİK - Mülki Məcəllə dəyişir
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər ediir.
Sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub.
Tikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır. Təminat qeydinin aparılmasının xüsusiyyətləri Mülki Məcəllənin 147-ci maddəsi ilə müəyyən olunur. Burada nəzərdə tutulan "qabaqcadan qeydiyyat” institutu təkmilləşdirilərək "torpaq sahəsi barədə təminat qeydi” institutu olaraq formalaşdırılıb. Mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparacaq. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçirilir.
Qanun layihəsinin üstünlüklərindən biri də tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyinin qoyula bilməməsi ilə bağlıdır. Bu zaman ödəmələr tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir.
Məcəlləyə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyyə olunub.