adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"BU MİLLƏT ALLAHIN MÖCÜZƏSİDİR..."

FƏRİDƏ RƏHİMLİ
19742 | 2017-11-18 00:32
Millətimin bütün sahələrdə qeyri-adi istedadı olduğu hər addımda görünməkdədir. Söhbət elmi ixtiralardan getmir, amma bunu da görməzdən gəlmək olmaz. İstedad var, sadəcə doğru səmtə yönəldilməyib. Məsələn, hələ sovet vaxtından elektrikə qənaət etmək üçün lap ucqar kəndlərdə belə, evlərə sayğac qoyulmuşdu. İndikindən daha primitiv olsa da, zamanına görə işə yarayırdı. Bu cihazı "on beş qardaş respublika"nın hamısında istifadə edirdilər, amma bəlkə də on dörd respublikanın insanlarında bizdəkilərinki qədər fərasət yox idi. Bizimkilər o sayğaclara elə fırıldaqlar qururdular ki, ixtiraçı görsə, Ginnesin rekordlar kitabına salmağı təklif edərdi. O qədər qorxu-hürkünün içində, beş qəpik üstə həbsə alınma təhlükəsi olduğu bir zamanda bunu edən ürək sahibləri vardı. Vardı deyəndə ki, elə indi də var. İstənilən ixtiranın başına öz "ixtiraları"yla elə oyunlar gətirirlr ki, məətəl qalırsan.
İllər öncə "Barmek"in rəhbəri, türkiyəli iş adamı Hüseyn Arabul televiziya ilə çıxış edərkən gülümsəyərək çox məmnun, özündənrazı halda söylədi ki, indiyə qədər cihazlara müxtəlif yollarla müdaxilə olunurdu, indi ölkəyə yeni cihazlar gətirmişik və vətəndaş barmağını sayğaca toxunduran an biz burda xəbər tutacağıq. Az keçmədi, sex işlədənlərin belə, elektrik qəbzində bir qəpik sərfiyyat görsənmədi. Və "Barmek" sahibi anladı ki, "Bu xına o xınadan deyil" və bu millətə heç bir ixtira tab gətirə bilməz. Çünki, bizdə əks-kəşfiyyat daha fəal işləyir. Bu bir faktdı. İxtiralar təkcə elektriklə bitmir.
Belə lətifələr yaranıb son zamanlar: oğru aşkarlayib tutan cihaz kəşf olunur. Əvvəl almanlara göndərilir, cihaz heç bir fakt tapmır, sonra ruslara tətbiq olunur, üç-dörd nəfər yaxalanır. Cihaz Azərbaycana gətirilir, beş dəqiqədən sonra cihazı tapa bilmirlər. Belə lətifələrə gülürük, amma əslində vəziyyət heç də ürəkaçan deyil. Millətin mənəviyyatında sürətlə aşınma gedir.
Avropalaşma adıyla millətimizə sırınan naqisliklər, mentalitetdən uzaqlaşdırmalar, milli adət-ənənəyə xor baxmalar və bunların (eyni zamanda ehtiyacın) yaratdığı yaltaqlıq, yalan, fırıldaq, yarınmalar, namərdliklər, riyakarlıqlar, vicdansızlıq, valideynin üzünə ağ olmaq, ağsaqqala saymazlıq nümayişi, zorlama hadisələri və sair baş alıb gedir. Hər vəchlə Şərqin, müsəlmanların mədəniyyətinə, mənəviyyatına zərər vurmağa çalışan qüvvələr sapı özümüzdən olan baltalarla birləşib istəklərinə nail olurlar. Və bunlar da daha fərqli mənəviyyatsızlıqlara yol açır. Son zamanlar diqqət çəkən - şadlıq evlərində baş verən fırıldaqlar da bunlardan biridir.
Xalqımızın ən dəyərli mərasimlərindən biri toydur ki, hər valideynin arzusu bunu görməkdir və adətimizə görə övlad qarşısında bir borc olaraq yerinə yetirilir. Məlumdur ki, toy edənlər külli miqdarda maddi vəsait sərf edirlər. Adət-ənənələrimizin bu sayaq israfçılığa tədricən döndüyünün fərqində olmadıq və bir də baxdıq ki, "qonşudan qalma dala" prinsipi ilə bu axına qoşulub gedirik. Qız sahibisənsə cehiz dərdi, oğul sahibisənsə ev, qızıl, toy xərci dərdi...
Bunun üzərinə isə, yuxarıda yazdığım kimi, şadlıq evlərində baş verən fırıldaqları da gəlsək tam olar. Əslində bu hadisənin salon sahibləri, yoxsa bir fırıldaqçı dəstə tərəfindən edildiyi mənim üçün müəmma olaraq qalır.
Bildiyiniz kimi, toy salonlarında qapı ağzına qonaqların hədiyyə olaraq pul saldıqları və açarı da toy sahibində olan qutu qoyulur. Toyun sonunda isə pullar sayılarkən toy sahibi 100-200 manat əksik olduğunu aşkarlayır. İlk anda anlamasa da, sonradan filankəs də gəlmişdi adı yoxdu burda, düşünərək əl altdan soruşub öyrənir ki, o adam toya, məsələn, 50 manat yazdırıb, amma pul ortada yoxdur.
Bir haşiyə çıxım: Biri, toyda acgözlüklə yemək yeyən digərindən soruşur ki, sən qız evindənsən, oğlan evindən? O da ətrafa nəzər salıb yavaşca deyir ki: "Əşi, ayrı-seçkilik salma, bir tikə çörək yeyib gedəcəm". Belələri də çoxalıb, istənilən bir salonda tanımadığı adamların toy şənliyinə girərək yeyib içib gedirlər.
Bu yaxınlarda öz başıma gələn hadisə, yəni toy salonlarında pulların qeyb olması ilə bağlı məsələ marağıma səbəb oldu. Bir neçə şadlıq evində eyni hadisə ilə rastlaşanlarla söhbətim məni şübhələndirdi. Sentyabrın 11-də Xocahəsən qəsəbəsində yerləşən "Firavan" şadlıq evində "Oğlan evi" qutusuna atdığım 100 manat yağlı əppək olub göyə çəkildi. Toy sahibi olan qonşum özü soruşmağa utansa da, başqa qonşular vasitəsilə xəbər mənə çatdı. Qonşuma şadlıq evinin administratoruna yaxınlaşıb məsələyə aydınlıq gətirməsini istəməsini məsləhət gördüm. Administrator isə qonşuma "Əşşi, elələri çox olur, gəlib yeyib-içirlər, sonra da pul yazdırmayıb gedirlər, yalandan da deyirlər ki, 100 manat atdım qutuya... " deyib.
Bundan sonra özüm getməyə məcbur oldum və şadlıq evinin rəhbərlərindən kamera qeydlərini tələb etdim, - "Müdir Türkiyədədir, otağı bağlıdır, kameranın görüntülərini yalnız onun otağından görmək mümkündür"- dedilər. Və qonşuma yuxarıdakı sözləri deyən administrator mənə: "Toy sahiblərinin adamları, hansı ki, pulları qutudan çıxarırlar, onlar oğurlayırlar..." dedi. Səbirlə müdiri gözlədim. Üç-dörd dəfə zəng edib, gəlib-gəlmədiyini soruşdum. Axırıncı zəngimdə çoxdan gəlib dedilər (halbuki nömrə vermişdik, gələndə zəng edin, demişdik - F.R) və həmin toy edən qonşunu, pulları yeşikdən boşaldan qohumlarını da özümüzlə gətirməyimizi istədilər. Mən isə sadəcə kamera qeydində özümün qutuya pul salarkən olan hissəni çəkib götürəcəyimi və bunun üçün kimisə narahat etmək istəmədiyimi dedim və "Firavan"a yollandım. Bəli, "Firavan"ın üz-gözündə firavanlıq əlaməti olmayan işçiləri ilə firavan görünüşlü foyesindən, gizli otaqların arasından keçib müdir bəyin otağına təşrif buyurduq. O, özünəməxsus olmadığı aydın sezilən bir az ciddi, bir az "ağayana" təmkinlə bizi qəbul edib, videonun pultunu istədi və ağızucu da: Toy sahibini gətirdinizmi? - soruşdu. İndi də məni maraqlandırır ki, toy sahibinin gəlməsi onun nəyinə gərəkdi? Mən sadəcə kamera qeydlərinə baxacaqdım və burda bir şübhəli iş yoxdusa, nədən bu qədər ləngidildi beş dəqiqəlik iş? Mənimlə bərabər gedənlərlə maraqla, səbirsizliklə nəzərlərimizi ekrana zillədik və...
Qeydlər silinmişdi! Bizi, üstəlik qonşuları da oraya nədən çağırmalarının səbəbini hələ də anlamamışam...
Hər yanda fırıldaq, əyrilik, riyakarlıq, ikiüzlülük... inanılası bir qurum, bir toplum, bir cəmiyyət, bir insan göstərin bu millətin hələ tamamilə məhv olmadığına inanım!
P.S. Yazımı şair Qürbət Əzizin misrası ilə sizə təqdim etdim və bir daha deyirəm: doğrudan bu millət Allahın möcüzəsidir!


TƏQVİM / ARXİV