adalet.az header logo
  • Bakı 7°C
17 Noyabr 2017 13:56
21615
ƏDƏBİYYAT
A- A+

QUZEYƏ KÖÇ MÖVSÜMÜ

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir). Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib.Adalet.az həmin tərcümədən bəzi parçaları öz oxucularına təqdim edir.

ÜÇÜNCÜ FƏSİL

İsti iyul gecəsiydi. Nil heç vaxt indiki kimi daşmamışdı: onun suyu iyirmi-otuz ildən bir bu qədər hündürə qalxaraq nəsillərdən nəsillərə keçən çoxsaylı əfsanələrin yaranmasına səbəb olur. Yalnız gölməçələrin arasında adda-budda qaralan balaca adacıqlardan başqa səhraya qədər uzanan bütün yerlər suyun altında qalmış, kəndləri sel basmışdı. Kəndlilər həmin adacıqlara üzə-üzə və ya çatdaq-çatdaq olmuş köhnə qayıqlarla gedirdilər.

Daşqın vaxtı mən Xartumdaydım, qayıdanda atam dedi ki, bir gün axşam namazından sonra qəflətən kəndi çox dəhşətli və kədərli ah-nalə səsi bürüdü. Qışqıran qadın idi. Adamlar nə baş verdiyini öyrənmək üçün səs gələn tərəfə axışdılar və məlum oldu ki, qışqırtı sədası Mustafa Səidin evindən gəlir.

Adətən, Mustafa Səid gün batandan sonra evə gəlirdi, ancaq bu dəfə arvadı onu nahaq gözləyirmiş. O, ərinin yerini öyrənmək üçün qonşuları bir-bir dolaşır, onu görüb-görmədiklərini soruşurdu. Bəziləri sahədə gördüyünü söyləyir, bəziləri sahədən kəndə qayıtdığını təsdiqləyirdilər. Üçüncülərsə, and-aman edirdilər ki, o, sahədə olmayıb və ümumiyyətlə, bu gün onu heç kim görməyib.

Tezliklə camaatın hamısı evdən çıxdı. Kişilər əllərində fənər qayıqlara mindilər.

Səhərədək Mustafanı axtardılar. Nildən aşağı çay boyu Kareymaya kimi bütün polis məntəqələrinə zəng elədilər. Onun cəsədi çayda boğulan və suyun vurub sahilə çıxardığı meyitlərin arasında da yox idi.

Buna baxmayaraq, hamı bu nəticəyə gəldi ki, Mustafa boğulub, bədənisə daşmış çayda qaynaşan timsahların qəniməti olub.

Məni şübhə bürüdü. Mustafa Səidin əla üzgüçü olduğunu bilirdim. Onun mənə ingiliscə şeir oxuduğu gecə yaşadığım hisslər yenidən qəlbimə doldu. Şərab badəsini barmaqları arasında tutaraq ayaqlarını necə irəli uzatması və küləkdən gizlənməyə çalışan adam kimi necə kresloya söykənməsi olduğu kimi gözlərimin qabağında canlandı. Onun sifətinə lampanın solğun işığı düşür, gözlərisə sanki öz qəlbinin dərinliklərini görməyə doğru can atırdı. Ətrafı bürüyən zülmət getdikcə sıxlaşır, sanki naməlum şər qüvvələrin bizim lampanın işığına sahib olmaq uğrunda mübahisəsi başlayır. Bəzən mənə elə gəlirdi ki, Mustafa Səid adlı bir kimsə heç vaxt mövcud olmayıb. Onun haqqında deyilənlər gecənin qaranlığında kənd sakinlərini öz ağuşua alan, sübh obaşdan, yəni günəşin ilk şəfəqləri yer üzünə düşər-düşməz ilim-ilim itib yox olan fantaziyadan, vahiməli yuxudan, qızdırmalı kabusdan və qarabasmadan başqa bir şey deyil...

Mən Mustafa Səiddən ayrılarkən səhər açılırdı. Görünür, xeyli vaxt eyni pozada oturduğuma görə küçəyə çıxarkən çox yorğun və əzgin idim. Ancaq qətiyyən yatmaq istəmirdim. Hava hələ çox sərin idi, güllərin şirin qoxusu ətrafı bürümüşdü. Küçədə məndən başqa bir kimsə yox idi. Uzun müddət dar, əyri-üyrü cığırlarla boş-boşuna dolaşdıqca gecə mehinin təmiz nəfəsi yanaqlarımı yalayırdı. Külək şimaldan əsdiyi üçün özüylə bir sərinlik, gündüzün dəhşətli istisindən sonra canına nəmlik çəkmiş torpaq ətri, çiçəkləyən akasiyaların, yetişməkdə olan qarğıdalıların, limon ağaclarının xoş ətrinə qarışmış peyin qoxusu gətirmişdi.

Kənd sükuta qərq olmuşdu. Bu sükutu yalnız sahildəki su nasoslarının çaq-çuqu, itlərin hürüşməsi və səmanın çəhrayı çalar almasından xeyli əvvəl sübhün gəlişinin müjdəçisi kimi öz uzaq həmcinsləriylə səs-səsə verib banlayan xoruzların səsi pozurdu.

Mən Vad ər-Rəisin düz yolun döngəsində torpağa qısılan alçaq evinin yanından keçdim. Pəncərədə zəif işıq şüaları bərq vururdu. Birdən batıq qadın səsi eşitdim. Özümü itirdim, qeyri-iradi olaraq yad adamların gözləri və qulaqları üçün nəzərdə tutulmamuş özgə bir həyata boylanım. Bütün abırlı insanların yatdığı bir vaxtda kim küçədə gəzər ki!

Mən bu kəndi, onun hər küçəsini, hər evini beş barmağım kimi tanıyıram. Kəndin arxasındakı qəbirstanlıqdan, səhranın başladığı yerdən ucalan on qübbəni də həmçinin. Qəbirstanlıqdakı bütün qəbirlərə də yaxşı bələdəm. Atamla ora tez-tez baş çəkmiş, anamla çox getmiş, babamı müşayiət eləmişəm. Orda əbədi məskən salmış adamların hamısını tanıyıram: atamın doğuluşundan xeyli əvvəl ölənləri də, özüm dünyaya göz açandan sonra həyatdan gedənləri də. Yüzlərlə adamı son mənzilə yola salmış, qəbir qazmağa kömək eləmiş, onun kənarına toplaşmış kütlənin arasında dayanaraq mərhumun üstünə daşların necə düzülməsinə, qəbrin torpaqla necə doldurulmasına baxmışam. Bu mərasimlər günün müxtəlif saatlarında, həm səhərlər, həm yayın isti günlərində, həm də axşamlar fənər və məşəllərin işığında baş tuturdu.

Əkin sahələri. Mən onları hələ üstlərində sakiyalar cırıldayan vaxtlardan tanıyıram. Adamlar quraqlıq ucbatından bu sahələri tərk eləyib başlı-başına buraxdığı vaxtlarda oraların nə hala düşdüklərini, bir müddət əvvəl bərəkət qoxuyan səxavətli, məhsuldar torpaqların öncə quruyub qaxaca döndüyünü, sonra cadar-cadar olaraq paralanıb üstündə şırımlar, dərin xəndəklər açılan düzəngaha, küləyin at oynatdığı, qumunu göyə sovurduğu bir düzəngaha çevrildiyini görmüşəm. Kəndimizdə ilk nasosların quraşdırıldığı, kooperativlərin yarandığı vaxtları yaxşı xatırlayıram. Onda torpaq yenidən cana gələrək münbitləşdi, yayda qarğıdalının, qışda buğdanın məhsuldarlığı çoxaldı... və quraqlıq dönəmində kəndi tərk eləyənlər geri qayıtdılar.

Burda nə varsa hamısı həyatımın ilk dövrlərindən mənə tanış və çox doğmadır. Ancaq indiyə kimi bu kəndin belə gec saatlarını görməmişdim. Budur, nəhəng mavi ulduz – dan ulduzu çıxdı. O hardasa yerlə göyün arasında asılıb qalıb. Səhərin bu erkən saatlarında göy adama xeyli hündür və yüngül görünür. Kəndsə elə bil öz zülmət qanadlarıyla ona doğru yüksəlir. Vad ər-Rəisin eviylə babamın evini sərhəd zolağı kimi dar bir keçid ayırır. Həmin keçiddən keçərkən Mustafa Səidin bütün təfərrüatıyla mənə təsvir elədiyi və xəcalət çəkə-çəkə qulaq asdığım bir səhnə çox aydın surətdə düz gözlərimin qarşısında peyda oldu. Qəfildən Vad ər-Rəisin arvadıyla söhbətini eşitdim və eyniylə həmin xəcalət hissi yenidən varlığıma hakim kəsildi.

Babamın evindən gələn səsini eşidərkən daxili bir yüngüllük hiss elədim. O, sözləri uzada-uzada Quran oxuyur, sanki sübh namazından qabaq səsini yoxlayırdı. Görəsən, bu kişi nə vaxt yatır, axı? Axşamlar yuxuya gedəndə eşitdiyim son səs də onun ahıllaşmış, daim yorğunluq tökülən səsidir, səhər yuxudan oyananda qulağıma çatan ilk səs də. Yalnız bundan sonra başqa səsləri eşitməyə başlayırdım. Ağlım kəsəndən həmişə belə olub. Bu dünyada heç nə dəyişmir, itib-batmır!

Beynim yaddan çıxıb söndürülməyən maşın kimi işləyirdi. Qəfildən ruhumun sanki uzun və ağır iztirablardan sonra necə canlandığını, yeni həyata doğru necə can atdığını hiss elədim. Mustafa Səidin etiraflarıın qəlbimdə oyatdığı qara fikirlər harasa uzaqlara, çox uzaqlara çəkildi. Beynim açıldı, şüuruma qeyri-adi bir aydınlıq doğdu.

Mənə elə gəldi ki, kəndimiz də başqa cür olmuş, təmiz sönmüş, hərəkətsizlikdən donub yerində qalmışdı. Daha o, yüksəklərə can atmır, öz əvvəlki yerində sayır. Ağaclar da, ucsuz-bucaqsız səmanın altındakı adi ağaclardır. Aman allah, doğrudanmı, belə bir bədbəxtlik məni də məhv eləyə bilər? Ancaq o məni inandırdı ki, baş verənlər hamısı yalandır. O, yəni Mustafa Səid yalnız illüziyadır, təbiətin şıltaqlığıdır. Bəs mən? Mən kiməm? Məndəmi illüziyayam? Yox, yox... min dəfə yox. Ətim bu kəndin ətindən, qanım da qanındandır. Mən burda böyümüşəm. Məgər bu az şeydir?! Yox, mən, sadəcə olaraq, bu adamlarla yanaşı yaşamamışam. Və mən guya onlarla yanaşı mövcud olduğumu, necə deyərlər, onları sevmədən, onlara nifrət eləmədən onlarla eyni planetdə yaşadığımı göstərməyə üstünlük verərək çoxdan bildiyim, ancaq etiraf eləməyə qorxduğum bir şeyi dərk elədim. Mən bu balaca kəndə etimad göstərmədim, inanmadım, özümə qapanıb qaldım. Guya ətrafda nə baş verdiyini anlamayan şəhər sakini ona necə baxırdısa, mən də elə baxıram deyə özüm öz qarşımda riyakarlıq elədim. Hətta Londonda da güclü yay fırtınasından sonra təmiz yuyulmuş havada bəzən öz kəndimizin qoxusunu duyurdum. Qürub çağı qəfil mənə elə gəlirdi ki,qarşımda tanış damları görürəm. Temza çayının üstündə yerləşən və mənim vətənimə o qədər də oxşamayan bu şəhərdə əcnəbi dildə eşitdyim danışıqlar, yabançı səslər qulağıma öz yaxınlarımın səsi kimi çatırdı. Harda olmağımdan asılı olmayaraq ürəyimdə bir şeyi çox dəqiq bilirdim: mən özünə yalnız bizim böyük planetin balaca bir guşəsində yuva qurmağı bacaran quşların cinsindənəm.

Düzdür, mən ingilis poeziyasını öyrəndim, buna çox gündüzlər, gecələr sərf elədim. Ancaq bunun elə bir əhəmiyyəti yoxdur. Mən dəqiq elmləri də, aqronomluğu və ya təbabəti də eyni uğurla öyrənə bilərdim. Onlar məni elə-belə, öz-özünəmi cəlb elədi? Xeyr, bu, dolanışıq vasitəsindən başqa bir şey deyildi. Yadıma sifətlər, yüzlərlə sifətlər düşür – qaralar, ağlar, sarılar, tanışlar, yadlar birdən gəlib düz gözlərimin qabağında dururlar. Yox, mənim vətənim buradır, həyətimizdəki bu hündür, şux palma ağacı kimi mən də həmin vətənə məxsusam. O burda boy atıb, burda yaşıllaşır və onun hardasa başqa bir yerdə bitməsini təsəvvür eləmək mümkün deyil.

Öz-özümdən soruşuram: ingilislər bizim ölkəyə niyə gəldilər? Onları bura nə gətirdi? Bilmirəm. Onların burdakı mövcudluğu bizim bu günümüzçün rüsvayçılıq, gələcəyimizçün qəm-qüssədirmi? Əsrlər boyu başqa ölkələri tərk eləmiş bütün çağrılmamış qonaqlar kimi onlar da gec, ya tez geri qayıdacaqlar. Bizim öz dəmir yolumuz, gəmilərimiz, xəstəxana, zavod və məktəblərimiz olacaq. Biz onlarla öz doğma dillərində danışırkən heç bir minnətdarlıq və xəcalət hissi keçirməyəcəyik. Biz necə varıqsa eləyik, hamı kimi adi bir xalqıq.

Səhər tezdən, hələ yerimdən qalxmamış beynimə dolan bu fikirlər Xartuma qədər bütün yol boyu məni tərk eləmədi. Xartumda mənə maarif departamentində iş təklif eləmişdilər.

Mustafa Səidin ölümündən iki ilə yaxın vaxt keçsə də, onun surəti tez-tez gözlərimin qarşısında canlanmaqda davam edir. Mən onun mövcudluğu haqqında heç nə bilmədən, bir dəfə də onunla görüşmədən iyirmi beş il yaşamışdım. Ancaq gün gəldi, belə bir görüşün baş tutması üçün ən az ehtimal olunan bir yerdə gözlənilmədən onunla rastlaşdım. O mənim iradəmin ziddinə olaraq həyatımın, məişətimin bir hissəciyinə, şüurumu deşən tilişkəyə, arxamca dolaşan kabusa, rahatlığıma qənim kəsilən qarabasmaya çevrildi. Görünür, mən elə bir yerdə qəlizlik axtarıram ki, əslində orda hər şey fikirləşdiyimdən çox sadədir. Axı, Mustafa Səid özü mənə dedi ki, onun sirləri babama məlumdur. Ağac böyüyür, böyüyür, hər şey öz axarıyla gedir. Babam öz ömrünü yaşayıb və hamı kimi öləcək. Həyatın qaydası belədir. Bəlkə, Mustafa Səidin məqsədi elə mənim sadəlövhlüyümə gülmək olub?

Bir dəfə təzəcə istefaya çıxmış bir məmurla eyni kupedə Xartumdan əl-Obeydə gedirdim. Biz söhbət edərkən o birdən öz məktəb illərini xatırladı. Yavaş-yavaş məlum oldu ki, indi mühüm vəzifələr tutan adamların çoxu vaxtilə onun sinif yoldaşları olub. Yol yoldaşım o illərdəki dost-tanışları – kənd təsərrüfatı nazirliyinin yüksək çinli məmuru, ondan bir sinif yuxarı oxuyan mühəndis, ən maymaq və zəif oxuyan şagird olsa da, müharibə illərində xeyli varlanmış ticarətçi, məktəblərinin ən yaxşı hücumçusu olan cərrah haqqında xeyli ətraflı danışdı.

Birdən həmsöhbətimin sifətinin necə nura boyandığını, üzündəki qırışların hamarlandığını, gözlərinin işıq saçdığını gördüm. Sanki mühüm bir şey kəşf etmiş adam kimi əliylə alnını şappıldadaraq qışqırdı:

-Gör, bir onu necə də unutmuşam! Sinifdəki ən istedadlı uşağı. Düzdür, məktəbi qurtarandan sonra bir dəfə də olsa, üzünü görməmişəm, heç yadıma da düşməyib. Ancaq indi birdən... Mustafa Səid! Yox, beləsi əlçatmazdır! Axı, onun kimilər çox nadir tapıntıdır!

Yenidən qəlbimi qəribə duyğular bürüdü. Adətən, ən adi şeylər qəfildən, sanki sehrli çubuğun təsiriylə möcüzəyə çevriləndə adam buna bənzər hisslər keçirir.

Gözümün qabağı qaranlıq gətirdi və mən elə gəldi ki, kupe gözqamaşdırıcı pəncərəylə çulğalaşdı, həmsöhbətimin eynəyisə günün ən qaynar çağında od saçan cənub günəşi kimi pörtüb qıpqırmızı oldu. Sanki bütün dünya, dünyayla birlikdəsə mənim yol yoldaşımın həyat yolu nura boyandı.Yaşadığı və çoxdan unutduğu şeylər qəfildən yaddaşında canlanaraq, gözlərinin qarşısında dayandı. Bu adamı kupedə görərkən altmış yaşı olduğunu düşünmüşdüm. Ancaq gənclik xatirələri onu sanki cavanlaşdırdı – indi ona qırx yaşdan yuxarı verə bilmərəm.

-Hə, Mustafa Səid birinci şagird idi. Biz onunla bir sinifdə oxumuşuq. O məndən qabaqda, ancaq sol tərəfdəki başqa cərgədə otururdu. Əsl fenomen idi. Qəribədir, necə oldu ki, mən onu unutdum. Özünüz fikirləşin: Qordon kollecinin ən yaxşı şagirdi, futbol komandasının ümidi, ədəbi disputların ən alovlu natiqi, divar qəzetindəki əla məqalələrin müəllifi, dram dərnəyinin aparıcı aktyoru, bir sözlə, həmişə və hər sahədə birinci.

Üstəlik, bütün bunlara elə-belə, xüsusi səy göstərmədən nail olurdu. O özünü bir az qapalı aparır, bizdən kənar gəzir, tək-tənha dolanırdı. Sanki bizə yuxarıdan aşağı baxırdı. Boş vaxtlarını təklikdə keçirdir, ya öz otağına çəkilib kitab oxuyur, ya da hardasa itib-batırdı. Yaxın dostları yox idi. Deyilənə görə, uzaq yerlərdə gəzib-dolaşmğı çox sevirdi. Həmin günlərdə təkcə biz, yəni başqa yerlərlərdən gələn şagirdlər yox, şəhərdə yaşayan uşaqlar da bütün vaxtlarını internatda keçirdirdilər. O, demək olar ki, hər sahədə istedadlıydı və hər şeyə asanlıqla nail olurdu, sanki qeyri-adi dərrakəsi istənilən işin öhdəsindən gəlməyə qabil idi. Hətta müəllimlər də onunla bizimlə danışdıqları kimi danışmırdılar. Bu, ingilis dili dərsində özünü daha bariz şəkildə göstərirdi. Kənardan elə görünə bilərdi ki, ümumiyyətlə, sinifdə ondan başqa şagird yox idi – müəllim ancaq ona müraciət eləyirdi.

Məmur ani olaraq susdu. Mən özüm söhbətə başlaya, Mustafa Səidi tanıdığımı, taleyin hökmüylə bizim yollarımızın kəsişdiyini, bir dəfə, qaranlıq gecələrin birində öz həyat tarixçəsini mənə danışdığını, ömrünün son günlərini Nilin dirsəyində yerləşən ucqar bir kənddə keçirdiyini şöyləyə bilərdim. Deyə bilərdim ki, Mustafa Səid çayda boğulub, ola bilsin, hətta intihar eləyib, məhz məni öz iki uşağının qəyyumu seçib. Ancaq susdum və heç nə danışmadım.

-Mustafa Səid, – deyə məmur öz söhbətini davam elədi, – kolleci vaxtından əvvəl bitirdi. O sanki vaxtı ötüb keçmək, zamanı qabaqlamaq istəyirdi. Biz təzə-təzə elmin əlifbasını mənimsəməyə başlamışdıq ki, o artıq təqaüd alaraq əvvəl Qahirəyə, sonra Londona getdi. Düzünü desək, Mustafa Səid xaricdə təhsil almağa gedən ilk Sudanlıdır. Onu ingilislərin sevimlisi adlandırır və açığı, çox qibtə edirdik. Hamı onun böyük gələcəyinin olacağını düşünürdü. Biz ingilis sözlərini ərəbsayağı tələffüz edirdik – yanaşı gələn iki sait hər birimiz üçün keçilməz sədd idi. Ancaq ondan ötrü belə deyildi. Mustafa ağzını büzüşdürüb, dodaqlarını aralayanda, deyirdin əsl ingilisdir. Əlbəttə, biz çox acıqlanır, dilxor olurduq. Bir tərəfdən ona nifrət eləyir, digər tərəfdən onunla qürur duyurduq. Biz onu "qara ingilis” adlandırır, amma bu ayamanı dalınca söyləyirdik. Həmin vaxtlarda ingilis dilini bilmək gələcəyə geniş qapı açırdı. Bunsuz həyatda yaxşı yer tutmağa ümid bəsləməyin mənası yox idi. Bizim kollec mahiyyəti etibarıyla ibtidai məktəb idi və oranın diplomuyla yalnız idarəçilik ierarxiyasının ən aşağı pillələrində xırda məmur işləmək olardı. Mənə əl-Fəşar vilayətində mühasib-müfəttiş vəzifəsi təklif elədilər. Bu, uduşlu lotereya biletinə sahib olmaq kimi böyük bir uğur sayılırdı! Növbəti inzibati vəzifə tutmaqdan ötrü imtahan verməyə icazə almaqsa, çox çətin idi. Düz otuz il məmur müavini oldum. Otuz il elə bil bir gün idi. Təqaüdümə vur-tut bir il qalmış məni məmur qoydular. Taleyin nadir lütfü. Onda bizim mərkəzin[1] inspektoru ingilis idi. O sanki bütün Britaniya adasının rahat şəkildə yerləşdiyi böyük bir ərazinin allahıydı, hər şeyi müstəqil şəkildə, özü bildiyi kimi idarə eləyirdi. Küçənin böyük bir hissəsini tutan nəhəng bir sarayda əsgərlərin mühafizəsi altında yaşayırdı. Nökər və xidmətçilərlə dolu olan saray təmtəraqdan alışıb yanırdı. İngilislər istədikləri kimi ağalıq edirdilər. Yerli sakinlərdən olan bizim kimi xırda məmurlara lütfükarlıq göstərərək onlara vergi yığmağa icazə verirdilər. Adamlar deyinir, bizə nifrət eləyir və ingilis inspektorun yanına şikayətə gedirdilər. Osa hər şeyə qadir olduğunu nümayiş etdirməyi sevirdi. Kefim istəyir edam edirəm, kefim istəyir bağışlayıram. İngilislər insanların qəlbində bizə, onların həmvətənlərinə qarşı nifrət toxumu səpir, özlərinə, işğalçılara və müstəmləkəçilərə isə rəğbət aşılayırdılar. Yəqin ki, bütün bunlar sənə məlumdur, mənim oğlum. Ancaq budur, vətənimiz artıq müstəqillik qazanıb. İndi biz azadıq. Bilirsənmi, insanlar onlara nifrət eləyirdilər. Hətta yüksək vəzifə tutanlar da.

Beləliklə, Mustafa Səidin çox mühüm bir şəxs olacağına heç birimizi şübhə eləmirdik. Əslində, burda qəribə bir şey yox idi. Onun atası Misirlə Sudanın arasında yaşayan abadilər qəbiləsindən idi. Abadilər bir vaxtlar əl-Xəlif Abdamoha-ət-Təayişi nəslindən olan Səlahəddin paşanı ölkədən qovub çıxartmışdılar. Onlar Sudanın üstünə yürüyən Kitçenerin ordusuna bələdçilik eləmişdilər. Anasısa, deyilənə görə cənubluydu, bir allah bilir, zəndə, yoxsa bari qəbiləsindən olan kəniz idi. Ancaq ingilislərin vaxtında ən qaranlıq keçmişə və əsil-kökə məxsus insanlar hətta ən yüksək postlarda otura bilərdilər.

Qatar ingilislərin 1926-cı ildə tikdiyi Sennar su anbarının yanından keçəndə məmur yol yoldaşım şirin yuxuya dalaraq ahəstə-ahəstə xoruldayırdı. Biz dibsiz uçurumun üstündən atılan kəndir körpü kimi səhrayla uzanan yeganə dəmiryoluyla qərbə, əl-Obeydə tərəf şütüyürdük. Ancaq burda uçurumu qum əvəz eləyirdi.

Zavallı Mustafa Səid! Sən demə, məktəb yoldaşların sənin inspektor və məmurlar ierarxiyasında yüksək mənsəb sahibi olacağını gözləyirmişlər. Ancaq milyon kvadrat mil ərazidə yerləşən bir ölkədə sən özünə bir qəbir yeri də əldə edə bilmədin. Old-Beylidə ona hökm oxuyan hakimin sözləri yadıma düşdü: "Mister Mustafa Səid, savadına və bəzi elmi xidmətlərinə baxmayaraq, çox məhdud adamsan, adi sağlam düşüncədən məhrumsan. Sənin ruhi aləmində anlaşılmaz boşluqlar var. Sən allahın insana bəxş elədiyi ən səmimi, ən ali qabiliyyəti, sevmək qabiliyyətini boş yerə sərf eləmisən”. Bundan başqa, yadıma düşdü ki, mən Mustafa Səidin evindən çıxdığım həmin gecə ay kiçilməkdəydi. Onun nazilmiş hilalının şərq tərəfdə düz üfüqdən sallandığını görəndə fikirləşmişdim ki, ay kəsilmiş dırnaqdır.

Keçmiş məmurla söhbətimdən heç bir ay keçməmiş Xartumda yenidən Mustafa Səidin kabusu qarşıma çıxdı. Sanki şüşədən buraxılmış cin məni təqib edir, bədxahcasına qulağıma əzab və həyəcanla dolu şeylər pıçıldayırdı.

Qışın lap əvvəllərində necə oldusa təsadüfən paytaxt universitetində mühazirə oxuyan sudanlı bir alimin evinə düşdüm. Ora vaxtilə İngiltərədə oxuyarkən tanış olmuş və illərlə bir yerdə gün keçirmiş xeyli adam yığışmışdı. Aramızda maliyyə nazirliyində məsləhətçi işləyən bir ingilis də var idi. Söhbət qarışıq kəbindən düşdü. Həmişə olduğu kimi ümumi mülahizə və mübahisələrdən sonra konkret misallara keçdilər: Sudanlılardan kim Avropalı, məsələn, ingilis qadınla evlənib, kim birinci olub...

Müxtəlif adlar çəkilən kimi etirazlar başlayırdı: yox... yox... o yox. Birdən qulağıma bir səs dəydi: "Mustafa Səid!” Bu adı ev sahibi çəkdi və dərhal hiss elədim ki, onun üzü mənim təsadüfi yol yoldaşım olan məmurun sifəti kimi işıqlaşdı. Ev sahibi də Xartumun səmasına səpələnmiş ulduzların altında qatardakı qoca məmurun söhbətini davam etdirməyə başladı:

-Mustafa Səid təkcə ingilis qızıyla evlənən yox, ümumiyyətlə, Avropalı qadınla kəbin kəsdirən ilk Sudanlıdır. Yəqin, siz onun haqqında eşitməmisiniz. O, hələ uzun illər bundan qabaq İngiltərəyə köçmüş və ingilis vətəndaşlığı almışdı. Qəribədir, burda heç kim onu xatırlamadı, hərçənd, o, otuzuncu illərin axırlarında ingilislərin Sudana qarşı sui-qəsdində az rol oynamamışdı. Lütfən, ingilislərin bu dərəcədə inanılmış və sədaqətli köməkçiləri çox az idi. İngiltərə xarici işlər nazirliyi Yaxın Şərqdə kifayət qədər şübhə doğuran bir çox plan və tapşırıqlarını həyata keçirməkdə ondan dəfələrlə istifadə etmişdi. Məsələn, otuz altıncı ildə Londında toplanan konqresin katiblərindən biri Mustafa Səid olmuşdu. İndi yəqin ki, çoxdan milyonçu olub və özünün İngilitərədəki malikanəsində yaşayır.

Özümdən asılı olmayaraq onun sözünü kəsdim:

-Mustafa Səid öz ölümündən sonra altı fəddan torpaq, üç inək, bir öküz, iki eşşək, on bir keçi, beş qoyun, otuz xurma ağacı, iyirmi üç müxtəlif növ ağac: akasiya, Nil akasiyası, otuz beş limon və bir o qədər apelsin ağacı, doqquz ərdəb buğda, doqquz ərdəb arpa, qonaq otağı, uzun, divarları bişmiş kərpicdən hörülmüş və malalanmamış, yaşıl şüşədən pəncərələri olan, tavanı başqa otaqlardakı kimi yastı yox, öküz belinə oxşayan qübbəli qonaq otağıyla birlikdə beş otaqlı ev qoyub gedib. Nəğd kapitalısa doqquz yüz otuz yeddi funt sterlinq, üç quruş və beş millimamdan ibarət idi.

Qarşımda oturan gənc oğlanın gözlərindən qorxu qığılcımları çaxdı. Onun dodaqları titrədi. Qorxu və heyrət hissinin təsirindən özünü necə itirdisə, çaşqınlıq içində məndən soruşdu:

-Sən onun oğlusan?

Axı, o mənim kim olduğumu çox yaxşı bilirdi. Biz İngiltərədə bir vaxtda yaşamışdıq. Ayrı-ayrı universitetlərdə oxusaq da, gah axşam ziyafətlərində, gah pivəxana və kafelərdə dəfələrlə görüşmüşdük.

Bax, mən yenidən bu cür gözlənilməz bir şəraitdə Mustafa Səidlə "toqquşdum”. Onunla qohumluğuma gəlincə, eyni məntiqlə həmsöhbətimin özü də Mustafa Səidin oğlu, qardaşı, nəhayət, qohumu ola bilərdi.

Qəfildən güldüm və nizamı pozulmuş dünya yenidən tarazlığını bərpa elədi. Başımın üstündə Xartumun ulduzlu səması bərq vururdu. Bu səma, adətən, qışın əvvəllərində belə olurdu. Ətrafımdasa konkret adları, soyadları, peşələri olan tam real, canlı insanlar deyib-gülürdülər.

Ev sahibi də güldü:

-Yox, yəqin ki, mən qarışdırmışam, – deyə gülüşünə ara verib dedi. – Sən necə Mustafa Səidin oğlu ola bilərsən ki, əvvəllər onun haqqında heç eşitməmişdın də. Mən bir anlıq unutdum ki, sən şairlər, xəyalpərəstlər, fantaziyaçılar qəbiləsindənsən!

Təəssüf ki, çox adam məni şair hesab eləyirdi. Görünür, bir vaxtlar, unudulmuş bir ingilis şairinin həyatı barədə düz üç il sərasər material topladığıma, ibtidai məktəbə inspektor təyin olunmamışdan qabaq cahiliyyə dövrünün poeziyası barədə dərs dediyimə görə belə fikirləşirdilər.

Bu vaxt ingilis danışmağa başladı. Dedi ki, Mustafa Səidin ingilislərin Sudan siyasətinin həyata keçirilməsində vasitəçi rolu oynaması barədə deyilənlərin nə qədər həqiqət olduğunu bilmir. Ancaq Mustafa Səidin həqiqətən böyük iqtisadçı olmasıyla bağlı fikirlərlə heç cürə razılaşmaq mümkün deyil.

-Mən onun imperializmin iqtisadiyyatına həsr olunmuş bəzi işləriylə tanışam. Ordakı bir rəqəmə də inanmaq olmaz! Mustafa Səid fabilərin tərəfdarıydı. Fabilərsə, məlumdur ki, populyarlıq bəhanəsilə faktlardan və rəqəmlərdən qaçırdılar. Ədalət, bərabərlik, sosializm! Bütün bunlar sözdən başqa bir şey deyil. İqtisadçı Çarlz Dikkens sayaq yazıçı və yaxud Ruzvelt kimi siyasətçi deyil. İqtisadçı faktlar və rəqəmlərlə, statistik məlumatlarla işləyən maşındır. Bunlarsız o bir qara qəpiyə də dəyməz. İqtisadçı yaxşı halda bir həqiqətlə başqa həqiqət, bir rəqəmlə digər rəqəm arasında əlaqə qura bilər. Bundan artığını eləyə bilməz. Rəqəmləri nəsə başqa şey danışmağa məcbur eləmək! Bağışlayın, bu artıq siyasətçilərin, hakimiyyətdəkilərin vəzifəsidir. Mən qəti deyirəm ki, Mustafa Səid heç vaxt ciddi iqtisadçı olmayıb.

Ondan Mustafa Səidlə tanış olub-olmadığını soruşdum.

-Yox. Mustafa Səid Oksfordu bitirəndən sonra mən ora daxil olmuşam. Ancaq onun haqqında az eşitməmişəm. Görünür, o əsl donjuan olub. Onun adı əfsanələrə bürünüb. Bundan ötrü özü də az iş görməyib. Qaradərili, yaraşıqlı bir oğlan, bohemaların sevimlisi. İyirminci illərdə və otuzuncu illərin əvvəllərində bu dairələrə məxsus olan insanların öz demokratizmini, hər cür xurafatdan azad adam olduqlarını nümayiş etdirmələri dəb idi. Mustafa da bununçün əla bəhanəydi. Deyirdilər ki, o lord H-in dostu, lord X-nin yaxın yoldaşıdır. O həm özününkülər, həm də ingilis solları arasında məşhur idi. Ancaq buna yalnız təəssüflənmək lazımdır. Yeri gəlmişkən, gəzən söz-söhbətlərə görə o heç də axmaq adam olmayıb. Bizim aristokratlar Mustafa Səidi qəbul etməklə, əslində, sadəlik və səmimilik oyunu oynayırdılar. Geniş dünyagörüşünə malik olduqlarını, hər şeyə dözümlü yanaşdıqlarını göstərir və bununla lovğalanırdılar: "Bax, görürsən, bizim stolda Afrikalı oturub, biz onu da özümüz kimi bir insan sayırıq. Biz onu özümüzə tay tutaraq qızlarımızdan birini ona ərə vermişik. O bizimlə çiyin-çiyinə işləyir”. Məncə bu cür demokratiya oyunu Cənubi Afrikada və ya ABŞ-ın Cənubunda ağların təbii üstünlüklərinə olan möhkəm inamdan doğan azğın rasizmdən az təhlükəli deyil. Hər ikisi ifratçılıqdır. Əgər Mustafa elmlə ciddi məşğul olsaydı, həm ağların, həm də qaraların, həm ingilislərin və almanların, həm də ərəblərin və Afrikalıların arasında xeyli həqiqi dostlar tapa bilər, üstəlik, öz ölkəsinə necə xeyir verə bilərdi! Onun biliyi xurafat və mövhumata qarşı gedən yürüşün başında durmasına kömək eləyərdi. Hətta siz də, sizin kimi savadlı insanlar da hər cür yalan-palana inanırsınız. Sizin öz həqiqətiniz var. Siz bütün ərəbləri birləşdirmək kimi ağlasığmaz miflərə inanırsınız. Afrika birliyi haqqındakı xülyalarınızdansa heç danışmağa dəyməz! Sadəlövh uşaqlar kimi elə bilirsiniz ki, yerin altı hər cür sərvətlərlə doludur və siz əlinizi əlinizin üstünə qoymadan bu sərvətlərə sahib olacaqsınız. Bir göz qırpımında bütün problemləri həll edəcək və hər tərəfdə cənnət bağları salacaqsınız. Boş sayıqlamalardır. Şirin xəyallardır. Birdəfəlik bilin ki, rəqəmlər, hesablamalar, aksiomlar ona görə mövcuddur ki, insanlar gerçəkliyi olduğu kimi görə bilsinlər.Əgər nəsə alababat bir dəyişiklik baş verəcəksə, bu yalnız sizin imkanlarınız daxilində mümkün olacaq. Bununla yanaşı, Mustafa Səid kimi bir adam İngiltərədəki bir ovuc idiotun əlində oyuncağa, təlxəyə çevrilməsəydi, öz imkanlarıyla bu cür işlərdə mühüm rol oynaya bilərdi.

Hiss eləyirdim ki, Mansur Riçardın aşının suyunu verməkdən ötrü zəncir gəmirir. Ancaq məncə ona baş qoşmağa dəyməzdi. Axı, Riçardın özü də bu və ya digər dərəcədə bütün insanlara xas olan fanatizm mərəzindən xali deyil. Bax, tutalım, biz hamımız onun burda dedikləriylə razılaşırıq, amma dərinə gedəndə məlum olacaq ki, əslində o, sadəcə olaraq, öz versiyalarının əsiridir.

-Statistuka! İndi bu müasir səslənir, çox dəbdədir. Nə olsun? Biz allaha inanırıq – qoy, o əbədi olaraq öz qüdrətini saxlasın. Ancaq statistikaya gəlincə, allah xətrinə, buraxın...

Ağlar bizi həddindən çox idarə elədiklərinə görə hələ uzun müddət bizə ikrahla yanaşacaqlar, özlərini bizdən üstün sayacaqlar. Bu, güclülərin zəiflərə bəslədikləri nifrətdir. Mustafa Səid onlara deyirdi: "Mən sizin yanınızda istilaçı kimi, qalib kimi peyda olmuşam”. Melodramdırmı? Əlbəttə. Xüsusilə son illərdə Avropa işğalının faciə və fəlakətləri çox şişirdilir. Ancaq bu, avropalıların iddia etdikləri kimi bizim nicatımız da olmayıb. Tarixin bütün gərdişi öz-özlüyündə zaman keçdikcə əfsanələşən, rəvayətlərə bürünən melodramdır.

Mansurun Riçardı necə qandırmağa çalışdığını eşitdim:

-Siz özünüzlə birlikdə bütün bədbəxtlik və mərəzlərinizi gətirdiniz. Öz iqtisadiyyatınızın bütün xəstəliklərini. Uzun illərdir ki, qanımızı içən və doymaq bilməyən bir neçə inhisarçıdan başqa bizə nə verdiniz, axı?!

-Siz bizsiz yaşaya bilməzsiniz, – deyə Riçard etiraz elədi. – Siz bizim köməyimizi söyür, yamanlayırdız. Ancaq biz elə getməyə bənd idik ki, siz gizli, maskalanmış imperializm haqqında əfsanələr uydurmağa başladınız. Yox, bu çox heyrətamiz bir şeydir! Axı məndən də yaxşı bilirsiniz ki, bizim burda olmağımız sizə hava və su kimi lazımdır. Bax, məsələ bundadır.

Onların heç biri, nə Mənsur, nə də Riçard özlərinə nəzarət hissini itirməmişdilər. Axı, bu onların ilk söhbətləri deyildi, onlar, demək olar ki, öz mübahisələrinin ekvatoruna çatmışdılar. Tarixin özü onların arasında keçilməz uçurum yaratmışdı.

DÖRDÜNCÜ FƏSİL

Əziz dostlar, lütfən, nəticə çıxarmağa tələsməyin. Əgər hesab edirsinizsə ki, Mustafa Səidin kölgəsi mənim əbədi yol yoldaşımdır, yanılırsınız. Bəzən o heç aylarla yadıma da düşmür. O ölüb. Ya çayda boğulub, ya da intihar eləyib. Hər gün minlərlə adam ölür. Əgər hər adamın niyə, nədən öldüyünü bütün incəliyinədək araşdırmağa çalışsaq, bizim yer üzündəki həyatımız necə bir cəhənnəmə çevrildiyini təsəvvür edə bilməssiniz.

Həyat bir yerdə dayanıb durmur. Həyat inkişaf edir, istəsək də, istəməsək də irəliyə doğru hərəkət eləyir. Mən də bütün canlılar kimi əbədi hərəkətdəyəm. Mən gah yamacla yuxarı qalxan, gah dövrə vurub aşağı enən, gah da hardasa düşərgə salaraq bir neçə saat dayanıb dincini alandan sonra yenidən yoluna davam eləyən böyük bir karvanla addımlayıram.

Neyləmək olar, həyat o qədər də pis şey deyil. Siz özünüz də bunu məndən pis bilmirsiniz.

Gündüzlər göydən alov saçan günəşin altında yerimək əsl it əzabıdır: səhra qarşında nəhayətsiz bir dəniz kimi uzanıb gedir. Yorğunluq və susuzluq hamını əldən salıb, addımlarımız getdikcə tam taqətdən düşür. Gücümüz təmiz tükənib... Günəş batan kimi yer üzü sərinlik çadırıyla örtülür. Səma milyonlarla ulduzun işıqları altında alışıb yanır. Biz yemək-içməyə otururuq. Karvan müğənnisi öz mahnısını oxumağa başlayır. Şeyxin arxasında toplaşmış bir dəstə adam namaz qılır. Başqaları dairə vurub oxuyur, rəqs eləyir, eyni ahənglə əl çalırdılar.

Başımızın üstündə əsrarəngiz bir səma var idi. Bəzən gecələr də yolumuza davam edirdik. Bu necə də xoş idi! Şərqdə səma qızarmağa və sübh şəfəqləri gecəni əvəzləməyə tələsəndə biz deyirdik: "Dan yeri sökülən kimi adamlar gecə səyahətini tərifləməyə başlayırlar”.

Hərçənd, bəzən şər ilğımı bizimlə zarafatlaşır, bürkü və susuzluq müqəddəs arzularımızı puç edir, amma eybi yox! Sübh şəfəqlərinin doğmasıyla birlikdə gecənin kabusu da yox olur. Axşamın yüngül mehisə gündüzün istisindən sonrakı yorğunluğun aradan qalxmasına kömək eləyir.

İlin iki ayını mən Nilin düz bucaq kimi sınaraq sərt dirsək əmələ gətirdiyi sahilində yerləşən balaca bir kənddə keçirdirəm. Burdan başlayaraq çay öz sularını qərbdən şərqə doğru axıdır. Nil burda həm enli, həm də dərindir. Onun səthindəki kiçik adacıqlar yaşıllaşır, ağ quşlar gah onların üstündə fırlanır, gah da hərəkətsiz halda havada donub qalırdılar.

Sahillərdə palma meşəliyi, yumru, hündür sakiyə və su nasosları görünürdü. Uzun şalvar geyinmiş kişilər sinələrini günəşə doğru açaraq torpaqla əlləşir, məhsul əkir və yığırdılar. Budur, Nilin sularında üzən qalaya oxşayan gəmi görünür və adamlar işlərini saxlayaraq qədd-qamətlərini düzəldir, ani olaraq sual işarəsi şəklində yerlərində donub qalaraq maraqla gəmiyə baxır, sonra yenidən işləməyə başlayırlar. Gəmi kəndin yanından, adətən, səhərlər və təxminən həftədə bir dəfə keçir. Gəmi getdikcə onun dalından qalxan dalğalar palmaların sudakı əksini sındırır və onlar əyri-üyrü parçalara çevrilərək qeyri-adi görkəm alır, xırda ləpələr kimi ora-bura qaçışırlar.

Xırıltılı fit səsi gəlirdi. Onu mənim doğmalarım da eşidirdi. Səhərin çox erkən çağı olsa da, onlar çoxdan durmuşdular və yəqin ki, indi ilk fincan kofelərini içirdilər.

Budur, artıq iskələ görünür. O əvvəlcə tutqun zolaq kimi nəzərə çarpçasa da, tezliklə tamam aydın şəkildə üzə çıxır, əncir ağacları əkilmiş sahil yamacları ağarmağa başlayır. Hər iki sahildə bir canlanma hökm sürür. Adamlar eşşəklərin belində və ya piyada hərəkət edirlər. Qayıq və kiçik yelkənli gəmi karvanları iskələdən qarşı sahilə doğru üzür. Gəmi geniş çevrə cızaraq bu karvanın başına fırlanıb keçir. Sahilə doluşan qadınlar və kişilər bizim nə vaxt iskələyə yan alacağımızı gözləyirlər. Həmin adamların arasında atamı, əmilərimi və onların uşaqlarını görürəm. Eşşəklər əncir ağaclarına bağlanıb. Bu dəfə aramıza duman çökməyib, hər tərəf aydın görünür. Mən Xartumdan qayıdıram. Evdən çıxdığım cəmi-cümlətanı səkkiz aydır. Artıq burdakıların hamısı mənə tanışdır, iskələdə dayananları bircə-bircə tanıyıram. Təmiz, ağappaq qələbiyələr, ondan daha ağ rəngli çalmalar. Gah uzun, gah qısa bığlar – şabalıdı, qara, qızılı, ağ. Bəziləri saqqllı, bəziləri də saqqalını təzə uzatmağa başlayırlar – baxanda elə bilirsən üzlərini qırxmayıblar.

Qara ləkəli bir eşşək başqalarından kəskin şəkildə fərqlənir. Beləsini hələ görməmişdim.

Bizi qarşılayanlar gəmiyə süni bir laqeydliklə baxırdılar, ancaq sahilə yan alan kimi onlar mənimlə, arvadım və qızımla görüşmək üçün özlərini tələm-tələsik trapın yanına saldılar. Mənim əlimi məhrəm-məhrəm silkələyir, arvadımın əlini nəzakət xətrinə sıxır, qızımısa öpüşlərə qərq edirdilər. Biz eşşəklərə minirik; bütün yol boyu qızımı qucaqlarına alıb əldən-ələ ötürürlər. Məktəbdə oxuduğum illərdə məni belə sevinclə qarşılayardılar. Yəqin ki, xeyli vaxtdır görmədiklərinə görə . Ancaq bu barədə artıq danışmışam.

Yolda bu qara eşşəyi hardan tapdıqlarını soruşdum. Atam dedi:

-Bir köçəri ərəb əmini hərifləyib verib. Əvəzində, yəqin xatırlayırsan, bizim ağ eşşəyi alıb, üstəlik, beş funt da əlavə pul.

Əmilərimdən hansının aldadıldığını bilmədən tərəddüdlə yan-yörəmə baxdım və bu zaman Əbdül-Kərim əmimin səsini eşitdim:

-Bütün müqəddəslərə and olsun ki, mahalda ona tay olan bir dənə də eşşək yoxdur! Məgər bu eşşəkdir? Xeyr! Əsl cıdır atıdır. İstəsəm bu dəqiqə onu otuz funta, bəlkə də daha baha sataram.

-Bəli, düz deyir, başqa cins atlar da onu yanında heç nədir. Ancaq bala vermir ki, vermir. Qoduqlamayan dişi heyvanın nə xeyri var, axı? – deyə Əbdürrəhman əmi güldü.

-Əvvəlcədən nə cavab eşidəcəyimi bilə-bilə çox nəzakətlə xurma bağlarının məhsuldarlığıyla maraqlandım. "Çox pis”, – deyə hər il bu mövzuda söhbət düşərkən hamısı bir səslə deyirdi. Hərçənd, dəqiq bilirdim ki, bu o qədər də həqiqətə uyğun deyil. Sahildə qırmızı kərpicdən tikilən bir bina gördüm və bunun nə olduğunu soruşdum.

-Aptek, – deyə Əbdül-Mannan əmi dedi. – Ancaq gördüyün kimi heç cür tikib başa çatdıra bilmirlər. Hakimiyyətin əlindən boş-boş danışmaqdan başqa bir şey gəlmir.

Bildirdim ki, vur-tut yeddi ay bundan əvvəl buralarda olmuşam və həmin vaxt orda heç nə yox idi. Belə bir binanın tikilib ərsəyə gəlməyi üçünsə yarım il az müddətdir. Ancaq Əbdül-Mannan öz fikrindən dönmədi:

-Boşboğazlıq eləməkdən başqa bir şey bilmirlər! – deyə o əsəbi şəkildə yerində qurdalandı. – İki ildən bir öz maşınlarıyla və boş-boş şüarlarla dəstə-tifaq yığışıb tökülürlər bura... Yaşasın kimsə, nəsə! Rədd olsun kimsə, nəsə!... Belə cəfəngiyyatları ingilislərin vaxtında da çox görmüşdük.

Həqiqətən də, neçə dəfə kəndin içindən cingiltisi hər yanı başına götürmüş köhnə yük maşınlarının keçdiyinin, həmin maşınların banında olan on, bəzən iyirmi nəfər adamın ara vermədən "Yaşasın xalq demokrat partiyası!” – deyə qışqıdıqlarının şahidi olmuşuq. Qəribədir, doğrudanmı, kitablarda məhz bu adamları "kəndlilər” adlandırırlar? Babama desəm ki, onun adından inqilab eləyir, hökumət yaradır və iclas keçirdirlər ürəkdən qəhqəhə çəkib gülər. Həqiqətən, bu fikir ilk baxışda heç nəyə uyğun gəlmir. Ancaq nümunə üçün Mustafa Səidin həyatını, onun mənasız ölümünü xatırlayaq. Axı, burda da hər şeyin doğrudan da belə olduğuna adamın dərhal inanmağı gəlmir. Mustafa Səid müntəzəm olaraq məscidə gedir, bir namazını da ötürmürdü. Özü üçün seçdiyi fərqli həyat tərzinin müqabilində bu cür canfəşanlıq nəyə lazım idi?

Günlərin gözəl bir günündə o, ruhi dinclik axtara-axtara bizim kəndə gəlib çıxmışdı. Bu tərəflər onu nəylə özünə cəlb eləmişdi. Bəlkə bu sualın cavabı Mustafadan başqa heç kimin girmədiyi həmin uzun otaqda gizlənir? Fal açmaq nəyə lazım... Əslində, bilmirəm bu sualı kimə verirəm. Mustafayamı? Doğrudanmı, onu alatoranlıqda tək-tənha kresloya sığınmış halda bir də görə biləcəm? Yoxsa, onu dar ağacından qopartmaq mənim bəxtimə düşüb? O mənə məktub yazıb qoyub. Surqutlu möhürü olan konvertdə. Görəsən, onu yazmağa necə imkan tapıb?

"Mən öz arvadımı, iki uşağımı və həyatın sədəqəsi olan əmlakımı sənin himayənə verirəm. Sənin vicdanına həvalə edirəm. Bilirəm ki, sənə güvənmək mümkündür. Yeri gəlmişkən, mənim arvadım öz işlərini apara bilər. O, mal-mülkü öz bildiyi kimi idarə eləməkdə sərbəstdir, onun ağlına inanıram. Xahiş edirəm səninlə yaxından tanış olmaq xoşbəxtliyinə qovuşa bilməmiş adama son xidmətini əsirgəmə: mənim ailəmə qayğı göstər, onu öz gücün daxilində hər cür bəlalardan qoru. Onu öz himayən altına al, uşaqlarımın tərbiyəçisi, müdafiəçisi ol, onları fəlakətlərdən hifz elə. Onların həyatını yüngülləşdir. Onlara kömək elə. Qoy onlar sadə, normal adamlar olsunlar. Onları faydalı işə öyrət. Öz kabinetimin açarını sənə qoyuram. Ola bilsin ki, axtardığını orda tapacaqsan. Bilirəm ki, mənim haqqımda hər şeyi öyrənmək marağı səni üzüb əldən salıb, hərçənd, açığını desəm, bu marağın hardan qaynaqlandığını tam anlaya bilmirəm. Mənim həyatım istənilən halda heç kim üçün ibrətamiz örnək ola bilməz. Əgər bilsəydim ki, həmkəndlilərin mənim keçmişimi biləndən sonra onların arasında yaşamağıma maneçilik törətməyəcəklər, inanın ki, əsl həqiqəti gizlətməyimə lüzum olmazdı. Yeri gəlmişkən, səni həmin gecə içdiyin anddan azad eləyirəm. Nə istəsən danışa bilərsən. Əgər marağın tam sönməyibsə, məndən başqa heç kimin girmədiyi otaqda çox şeylər tapa bilərsən: qeydlər, yazılar, xatirələrin eskizləri. Ümid edirəm ki, bunlar mənim kim olduğumu başa düşməkdə sənə müəyyən qədər kömək edəcək. Bağışla ki, bununçün başqa üsul seçmədim. Otağın açarını uşaqlarıma nə vaxt vermək, hər şeyi lazım olduğu kimi başa düşmələri üçün mənim həyat həqiqətlərimi onlara nə vaxt danışmaq barədə qərar qəbul eləməyi sənin öz öhdənə buraxıram.

Onların öz atalarının əslində necə adam olduqlarını bilmələri məndən ötrü çox vacibdir – şübhəsiz ki, mümkün olan qədər. İstəyirəm ki, onlar məni olduğum kimi təsəvvür eləsinlər. Başqa cür tanınmaq mənə lazım deyil. Çünki mənim haqqımda həqiqətləri bilmələri özlərini dərk eləməkdə onlara kömək eləyəcək.

Əlbəttə, bunun vaxtındın əvvəl yox, övladlarımın həmin olaylardan faydalanmaq qabiliyyəti formalaşandan sonra baş verməsi daha yaxşı olardı. Əgər onlar bu kənddə böyüsələr, onun havasını canlarına hopdursalar, kənd sakinlərinin sifətlərini və kənd həyatının nizamını pozan dəhşətli sel haqqında xatirələri, eləcə də onun tarlalarından yığılan məhsulları əbədi olaraq yaddaşlarında saxlaya bilsələr, deməli, mən bura əbəs yerə qayıtmamışammış.

Bilmirəm uşaqlarım indi mənim barəmdə nə düşünürlər. Bəlkə, qəm-qüssə içindədirlər və ağlayırlar? Yoxsa, məni qəhrəman gözündə görürlər? Hələ ki, bu elə də vacib deyil. Ancaq mənim həyat tarixçəmin dərd-bəla və əzab gətirən əcinnə kimi qatı zülmət içindən qəfil çıxıb onların qarşısında açılmasına imkan vermək olmaz. Necə də onları tərk eləməmək, onlarla bir yerdə qalmaq istəyərdim. Onların böyüməsini, yekə oğlan olmasını izləyərdim. Ancaq bilmirəm hansı daha böyük xudbinlik olardı: onlarla birgə qalmaq, yoxsa itib yox olmaq, yollarından çəkilmək.

Sənə kələk gəlmək fikrim yoxdur: əgər həmin axşam dediklərimi xatırlayırsansa, yəqin ki, mənim nə istədiyimi, nədən ötrü çalışdığımı başa düşərsən. Səni aldatmaq axmaqlıqdır, mənasız işdir.

Qulaqlarımda həmişə möhkəm, ara verməyən bir çağırış səsi eşidilir, uzaq və qüdrətli bir səda səslənirdi. Mənə elə gəlirdi ki, həyatım burda, bu kənddədir, nəhayət, mənim evlənməyim həmin səsi susmağa məcbur edəcək. Ancaq yox! Görünür, bu, sadəcə, təxəyyülümün məhsuluymuş. Yoxsa taleyim belədir? Bilmirəm və heç nə anlamıram. Ağlımla özümü necə aparmaq, nəyi nə vaxt eləmək lazım olduğunu dərk edirəm. İnan ki, bunu mən yalnız burda, bu kənddə, bu xoşbəxt adamların yanında öyrənmişəm. Ancaq qəlbimdə, qanımda qeyri-müəyyən, dərk edilməyən, əvvəlki kimi məni çağırıb rahatlıq verməyən, məni uzaq yerlərə dartıb aparmaq istəyən nəsə var.

Böyüyəndə uşaqlarımdan hansındasa, hələ demirəm ikisində də, yaşayış yerlərini dəyişmək adlı bu yoluxucu xəstəliyin mikroblarının aşkarlana biləcəyini və onlarini öz vətənlərini tərk eləmək istəyəcəklərini düşünmək məndən ötrü çox ağırdır.

Qısası, çiyinlərinə ağır yük qoyur, səni qayğılarla yükləyirəm. Ancaq mənə elə gəlir ki, sənə inanmaqda yanılmamışam, çünki sən babana çox oxşayırsan. Dostum, səni nə vaxt tərk edəcəyimi bilmirəm, ancaq hiss eləyirəm ki, bu anlar çox da uzaqda deyil. Əlvida”.

Bax, Mustafa Səid ömür yolunun sonunu göstərən vaxtı beləcə müəyyənləşdirdi. Onun öz həyat hekayəsinə xeyli melodram qatdığını da inkar eləmək olmaz. Nəzərə alsaq ki, təbiət Mustafa Səidin arzularına iltifat və mərhəmət göstərərək ona özünün həsrətlə axtardığı sonluğu nəsib eləyib, deməli, bəxti çox gətirib.

İyul ayının cah-cəlallı yay günlərini bir anlıq təsəvvürünüzdə canlandırın. Öz sakit axarıyla axan çay birdən şişib qabararaq daşır və bütün ətrafı basır. Artıq otuz ildir ki, buralarda belə sel olmayıb. Bir müddət əvvəl əkin altında olan sahələrdə tutqun su gölməçələri uzanıb gedir. Kimin ağlına gələ bilərdi ki, burda Mustafa Səidin həyaının son akkordları çalınacaq. Ola bilsin ki, o hələ orda, uzaq şimal ölkəsində olan vaxtlada özündən ötrü inadla bu cür sonluq axtarırmış. Hər şeyin pis, korlanmış, qorxulu bir hava şəraitində, ulduzsuz göyün altında, ona, onun həyatına heç bir dəxli olmayan adamların gözü qarşısında başa çamasını istəyirmiş. Budur qalib işğalçıların taleyi! Ancaq hamı, demək olar ki, hamı – andlılar da, şahidlər də, prokurorlar da, vəkillər də, hakimlər də ona həyatla haqq-hesabını çürütməsinə, özüyçün səliqə-sahmanla hazırladığı finalın baş tutmasına imkan verməmək üçün sanki öz aralarında razılığa gəlmişdilər.

"Andlılar qarşılarında gördüyü adamı, bəli, zərrə qədər də yaşamaq arzusu olmayan bu adamı görəndə – deyə Mustafa Səid danışırdı, – özləri müdafiə olunmağı fikirləşirdilər. Həmin gecə Ceyn göz yaşları içində mənə pıçıldadı: "Gedək mənimlə, birlikdə gedək”, – ancaq mən hələ tərəddüd edirdim. Hərçənd, həmin gecə həyatım tam bitmiş, sonadək tükənmişdi və artıq gözləməli bir şey qalmamışdı. Ancaq şübhələr məni üzürdü. Etiraf edirəm, son, həlledici anda bərk qorxdum.

İçimdə elə bir ümid oyandı ki, özümün gücüm çatmayan şeyi məhkəmə məndən ötrü eləyəcək. Ancaq onlar mənim sanki nə istədiyimi bilirmiş kimi son arzumun gerçəkləşməsinə imkan verməməyi qərara aldılar.

Hətta mənim ölümümü məndən də çox istədiyini güman elədiyim polkovnik Himmend birdən Liverpulda qonağı olduğum günlərdə onda necə xoş təəssürat oyatdığımı danışmağa başladı. Polkovnik hərbçi səmimiyyətiylə bəyan elədi ki, özünü dözümlü, qərəzsiz adam hesab eləsə də, realistdir və buna görə də qızının mənimlə izdivacının xoşbəxt, uğurlu olmayacağını əvvəlcədən bilirdi.

O bunu da əlavə eləməyi unutmadı ki, Oksfordda oxuyarkən şərq fəlsəfəsiylə maraqlanan qızı Enn buddizmi qəbul etmək, yoxsa islamın üzərində dayanmaq barədə seçim edə bilmirdi. Polkovnik deyirdi: "Mən bilmirəm ki, qızımı intihara sövq eləyən səbəb nə idi? Mustafa Səidin ona xəyanət etməsindən qəfil agah olması, yoxsa keçirdiyi mənəvi böhran?”

Enn onun yeganə qızıydı. Onunla tanış olanda heç iyirmi yaşı yox idi. Mən onu başdan çıxartdım və aldatdım. O vaxt ona dediyim söz indi də yadımdadır: "Gəl, evlənək. Bizim izdivac şimalla cənub arasında körpü olacaq”. Mən onun arzularını məhv elədim, onun inamını qırdım. Bununla belə, həmin qızın atası, onu həyata gətirən adam tamamilə sakit bir tərzdə, səsində zərrə qədər də titrəyiş olmadan məhkəmədə bəyan eləyir ki, onun intiharının əsl səbəbini deyə bilməz”.

Bu, ədalət məhkəməsidir? Lənətə gəlmiş düzgün oyun qaydaları budur? Yox, bu daha çox müharibə aparmaq, müharibə vaxtı neytrallığı saxlamaq qaydalarına oxşayır! Bu, rəhm və mərhəmət maskası taxmış zoraklıqdır. Mustafa Səidi yeddi il həbs cəzasına məhkum elədilər. Bəli, bəli, cəmi yeddi il! Hər şey elə də sadə olmadı. Heç kim onu qərar qəbul eləmək zəhmətindən azad etməyi öz üzərinə götürmədi. Çıxış yolunu o özü tapmalıydı, onun əvəzinə başqa heç kim bunu edə bilməzdi, eləmək istəməzdi.

Həbs vaxtı bitəndən sonra Mustafa bir müddət dünyanı dolaşdı. Parisdən Kopanhagenə, sonra Dehliyə, Banqkoka getdi, harda olurdusa taleyindən qaçmaq üçün nədənsə yapışmağa cəhd edirdi.

Ancaq həyatın epiloqu onu Nilin sahilində yerləşən, heç kimin tanımadığı balaca bir kənddə gözləyirdi. Heç kim Mustafa Səidin ölümünün bədbəxt hadisə olduğunu əminliklə söyləyə bilməz. Ancaq onun pərdəni öz əlləriylə endirdiyini də iddia edə biləni bir kimsə yoxdur.

Yeri gəlmişkən, mən bura Mustafa Səid haqqında xatirələrə dalmaqdan ötrü təşrif gətirməmişəm. Palçıqdan və çiy kərpicdən tikilmiş, hər döngədə sanki bizə tərəf burulub arxamızca baxan balaca evlər burda məni çoxdan gözləyirdi.

Birdən eşşəklər bir az yeyin addımlamağa başladı. Görünür, burunlarına yonca, ot və su iyi gəlməyə başladı. Səhranın lap kənarındakı evlər yeni yaşayış məskənləri axtarmağa yollanmış ibtidai insanların qəfil hər şeyi başlı-başına buraxıb tərk elədiyi obaları xatırladırdı. Heç kim onun başıyla ayağını ayırd edə bilməzdi.

Çayın parıltılı səthindən yayılan nəm sərinlik sanki səhranın qatı istisinin üzərinə su səpir, onu az da olsa yumşaldırdı. Bu, yalanlar dünyasına soxulan həqiqətdir. İnsanların səsi, quşların cəh-cəhi eşidilir. Nasoslar yeknəsək səslə taqqıldayır. Qabaqda çaydır. Solda və sağda çaydır. Əgər bu çay olmasaydı nə başlanğıc, nə də son olardı. Çay yer üzündə nə varsa hamısına qarşı etinasızlıq nümayiş etdirərək sakit-sakit öz suyunu şimala daşıyır. Yolunu dağ kəsir, o, dövrə vurur. Qarşısına vadi çıxır, o daha da genişlənir və sərbəstləşir. Ancaq gec-tez o öz yeganə yolunu tapır və yenidən şimala, dənizə doğru can atır.



[1] İnzibati vahid mənasında.


Yazının əvəllini BURADAN oxuya bilərsiniz