adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Noyabr 2017 12:48
154208
RUBRİKA
A- A+

Yuxular mənim vətənimdir... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Cavid Zeynallıdır. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxunun mənasız bir şey olmağı ilə razı deyiləm. Ən azı ona görə ki, yuxu ədəbi fakta çevrilib. Yuxu mistik bir təzahürdür. Mistika da ədəbiyyatın vazkeçilməzidir. Bizim ədəbiyyatda da, dünya ədəbiyyatında da yuxu ilə bağlı çoxlu əsərlər var. Mən tutaq ki, Oblomovun yuxusunu dünya ədəbiyyatının ən maraqlı yuxusu hesab edirəm. Biz yuxu görməyəndə yarımçıq oluruq. Bütün arzularımızın saxlanc yeridir yuxu. Hərdən xəyallarımıza o yuxular vasitəsilə çatırıq. Bu mənada yuxu bizi xoşbəxt edir.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Yuxuya görə dəyişir bu. Bəzən yuxu məni depressiyaya salır, bəzən isə üzümü güldürür. O yuxunun ləzzəti ilə yaşayıram bir günü. Amma planlamağa gələndə isə belə bir xasiyyətimin olduğunu xatırlamıram. Mən yuxu ilə bağlı "Dərd qapını tapmır” adlı hekayəm var. Hekayəni danışmaq istəmirəm, sadəcə, oxumağınızı istəyirəm.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsınız?

- Uşaqlıqda, yeniyetməlikdə olurdu. Bəzən indi də olur. İnternetdə nə çox yuxuyozmalar... Yozmaq da yaradıcılıq işidir. O yozumlar mənə hansısa mövzu verə bilər. Həm də bu yozumlar yuxumun təsir gücünü artırmaqda, yaxud azaltmaqda mənə kömək eləyər. Uşaq vaxtı hamının nənəsi deyirdi ki, get, yuxunu suya danış. Suya danışmaqdan yuxularımız suya düşdü. Mən bəzən yuxularımı itirirəm. Səhər durub ha yadıma salıram, bir şey çıxmır. Gecə gördüyüm yuxu kəsik-kəsik gələn səs kimi başımın içində fırlanır.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Mənə görə, mistik hadisədir. Amma bəzən belə də olmur. Bir günün içində beyninə yığdığın fikirlər gecə yıxılıb yatanda canlanır, bir filmə çevrilir və sən oturub ona baxırsan. O film montajsız olur, yaxşı qurulmur, ssenarisindən əyər-əksiklər tapılır, ancaq yenə də sənə doğma gəlir.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Bir dəfə yuxuda gördüm ki, dayım əyninə qara qadın paltarı keçirib. 7-ci ya da 8-ci sinifdə oxuyardım. Səhər yuxudan durdum, xəbər gəldi ki, xalam dünyasını dəyişib.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- O qədər olub ki... Amma pisi odur, yadda qalmırlar. Səhər duran kimi maraqlı yuxuları yazmaq lazımdır. Sizə sonuncu yuxumu danışa bilərəm. Görürəm ki, pulsuzam, maaş kartımı bankomata salıb pul çıxarmalıyam. Nə illah edirəm, şifrəni xatırlaya bilmirəm. Çox çətin vəziyyətə düşmüşdüm. Səhər yuxudan qalxdım. Yoldaşım dedi, krediti mən köçürərəm, sən kartı ver mənə. Kartı verdim, soruşdu ki, şifrəsi neçədir? Yuxum yadıma düşdü və tərslikdən reallıqda da şifrəni xatırlaya bilmədim. Yaxşı ki, telefona yazmışdım.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Mənim də yuxularım rəngsiz olur. Hərdən yuxularımı "Şindlerin siyahısı”na bənzədirəm. O filmdəki qırmızı ətəkli qız kimi hərdən ağ-qara yuxuma bir rəng qarışır. İşıqlı yuxularımı isə xatırlaya bilmirəm. Yadıma düşmür. Ağ-qara yuxular isə mənim xəyallarımın vətənidir. Bəlkə də xəyallarım o qədər miskindir ki, onu yuxuda rənglərlə ifadə etmək olmur.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Yəqin ki, bütün doğmalarım yuxularımın qonağı olub.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Yuxu mənə görə, həyatla ölüm arasındakı fasilədir. Bu fasilənin adına Herakl başqa bir dünya deyir. Doğrudur, yuxu başqa bir aləmdir. Biz həyatda nə qədər aciziksə, yuxuda o qədər cəsarətli və bəxtəvərik.


- Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Yadıma bircə nəfər düşür. O da Knut Hamsundur. Yuxuda söz atır ki, "Günəşi gözləyənləri” "Aclıq”dan çırpışdırmısan. Mən də deyirəm, məsələni çox dramatikləşdirmə, sadəcə, təsirlənmişəm. Bığaltı gülüb barmağını silkələdi və çıxıb getdi.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Həqiqət də nisbi anlayışdır. Bilmirəm, yuxunun bizə apardığı həqiqət hansı həqiqətdir?