adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Noyabr 2017 00:32
12380
GÜNDƏM
A- A+

YAXŞILAR VƏ YAXŞILIQ UNUDULMUR

Sona Məmməd qızı Çərkəz
BDU-nun Baş müəllimi,
Yazıçılar Birliyinin üzvü,
"Qızıl qələm" media mükafatı
laureatı

Uzun illərdir BDU-nun rəhbərliyinin, müəllimlərə və tələbələrə yaratdığı minlərlə gözəl şəraitlərin cərgəsində Quba Tədris-Təcrübə və İstirahət mərkəzinin də xüsusi yeri vardır. Bir sözlə, Bakı Dövlət Universitetinin rəhbərliyi hər zaman əməkdaşlarının və tələbələrinin qayğısına cani-könüldən qalmaqdadır. Başda rektorumuz akademik Abel Məhərrəmov olmaqla, bütün rəhbərliyə, Həmkarlar təşkilatının sədri Fikrət müəllimə uzun illər Bakı Dövlət Universitetində işləyən bir müəllim kimi kafedramızın əməkdaşları və öz adımdan minlərcə kərə təşəkkür etmək istəyirəm.
Həyatda yaxşıdan və yaxşılıqdan yazmaqdan çox zövq alıram. Ona görə ki, bu dünya yaxşıların üzünə öz yerindədir. Yamanlar isə yaxşıların kölgəsində itməkdədir. Biz insanlar min yamanı bir yaxşıya keçirik. Mən hər zaman yazılarımda anamın ifadələrini işlədərkən sanki o yazıda bütün fikirlərim tamamlanmış kimi oluram. Hər zaman öyüd-nəsihətinin içərisində işlətdiyi bir ifadəni qeyd edəcəyəm - "Bala, sən yaxşılığında ol, qoy o birisi yamanlığında qalsın. Axı, atalar deyib "min acını bir şirinlə udarlar"". Həqiqətən yamanlıq insanı hər kəsdən uzaqlaşdırır, nüfuzdan salır, gözdən uzaq, könüldən iraq edir. Allah bozüzlü insanlarla şeytanı bərabər tutur. Çünki şeytan əməli bozsifət adamların əməli ilə hər zaman çox üst-üstə düşür. Nə isə... Biz pisləri unutmaq, utandırmaq üçün yaxşılığı və yaxşıları qabartmaq niyyətindən geri durmamalıyıq. Yaxşılardan qısqanclıqla deyil, məhəbbətlə söz açmağa çalışmalıyıq. Məncə, xeyirxahlıqdan söz açmaq nankor və naxələfə meydan oxumaq deməkdir, məncə. Odur ki, tanıdığım bir xanımdan yazı yazmaq fikri məni xeyli vaxtdır rahat buraxmır. Təskirə İskakova - onu illərdir tanıyıram. Sadə, xoşrəftar olduğunu da bilirəm. Amma ataların gözəl bir deyimi var - "Qardaşının xasiyyəti necədir?" soruşana cavab verilir ki, "onunla yol yoldaşı olmamışam". Yəni insanla ünsiyyətdə olarkən onun bütün müsbət və mənfi cəhətləri tanınır.
Əslində, bu yay BDU-nun Qubada yerləşən Tədris-Təcrübə və İstirahət mərkəzində olarkən bu yazını yazmaq qərarına gəlmişdim. Çünki bir neçə il əvvəllər də olduğu kimi, kafedramızın xanımlarıyla bu yay da burada dincəlməyə qərar verdik. Və beləcə bu yay gördüklərimdən.
BDU-nun Qubada yerləşən Tədris-təcrübə və İstirahət Mərkəzi 2013-cü ildə təhvil verilib və o gündən bu günə Bakı Dövlət Universitetinin əməkdaşlarının və tələbələrinin ən çox üz tutduqları, istirahət etdikləri və təcrübə keçdikləri bir məkana çevrilib. Zəhmətkeş, mehriban, universitet həmkarlarını bağrına basan Təskirə xanım bu istirahət mərkəzində bütün gücü, bacarığı və məsuliyyəti ilə gecə-gündüz iş başındadır. O, bu mərkəzin həm baş inzibatçısı, həm bağ-bağat aşiqi-vurğunu olan bağbanı, həm də ümumi nəzarətçisidir desəm, daha dəqiq olar. Təskirə xanım sözün böyük mənasında bu mərkəzi göz-bəbəyi kimi qoruyur. Kiçik bir nöqtəycən pəncərədəki ləkə, dibçəkdəki solan bir yarpaq, ağacın quruyan budağı Təskirə xanımın təbini dəyişər, gözündən yayınmaz. İşinə vurğunluğun, səmimiyyətin, mehribançılığın altında çox böyük bir fədakarlıq və canıyanımlığı da vardır. Yəni istirahət mərkəzinin qonaqlarını qəbul edib yerləşdirən, onların istək və arzularını nəzərə alan, istirahələrini təşkil etmək səmtində çox böyük zəhmət çəkəndir bu zərif xanım. Əslində, ağır və məsuliyyətli işi var Təskirə xanım İskakovanın. Ora gələn hər kəsin istəyi, tələbi öz boyu və xarakteri qədərdir. Bütün bunları çox soyuqqanlılıqla qarşılayan, səsinin tonunu dəyişmədən, hamını eyni gözlə görüb, eyni sevgiylə, daha doğrusu, insanlığa yaraşıq olan hövsələ ilə yerbəyer etməyə çalışır. Yeri gələndə, tənbeh də eləyir, qayda-qanuna riayət etməyə də çağırır qonaqlarını. Deyir ki, "bura gələn hər kəs buranın türklər demiş, kurallarına-qanunlarına uymaq zorundadır". Səliqə-səhmana və sakitliyə riayət bu istirahət mərkəzinin əsas qayda-qanunlardan biridir. Kənardan bütün bunlara nəzarət etmək bəlkə də çox asan görünür, amma belə deyildir. Zəmanə elə gətirib ki, bir evə üçdən artıq qonaq gələndə ev sahibi çaşır. Əlbəttə, bu, köməkçi saxlayanlara aid deyil. Burada istirahətə gələn hər ailənin öz istəyi var. Maşınlarını harada saxlamaqdan tutmuş, gəzməyə haraya getməklərinə qədər arzularını da Təskirə xanım reallaşdırmağa can atır və elə anındaca həll edir. Bu işgüzar qadını illər boyu Bakı Dövlət Universitetindən (orada çalışarkən) hər kəs çox sevdiyindən çox da ərk eyləyir, onun bu məkanda ən güclü xarakteri olduğunu dərk edir. Doğrusu, onun işgüzarlığını universitetin tədris hissəsində işləyərkən mən də müşahidə etmişdim, görmüşdüm, işinə bələd idim, təşkilatçılığını bilirdim. Amma burada bu iş tamam ayrı formatdadır. Onun Qubada yerləşən Təlim-Tədris mərkəzindəki fəaliyyəti geniş və çoxşaxəlidir desəm, fikrimi daha dəqiq ifadə etmiş olaram. Məncə, təşkilatçılıq da vergidir, həm də qadın üçün. Onun burada geniş fəaliyyəti, gördüyü işlər, idarəetmə qabiliyyəti, yüksək bacarığından xəbər verir. Gözəl-göyçək, dilli-dilavər bu xanım zəhmətkeş ana, nənə və ömür-gün yoldaşının üzərində hər zaman qayğısı olan bir xanımdır. Onun həyat yoldaşı Ravxad da onunla bərabər çalışır bu mərkəzdə. Onlar hər ikisi bu mərkəzi öz evləri, ailələri qədər doğma bilir və buralara çox məsuliyyətlə yanaşırlar. Bu cütlük, yəni Təskirə xanımla Ravxad Quba əhli ilə qaynayıb-qarışıblar, bir sözlə, doğmalaşıblar. Bunu oradakı müşahidələrimdən aydın görə bildim. Mənə elə gəldi ki, Nüvədi kəndində onlara hər kəs öz doğmaları kimi baxır və onlar hər bir qapıdan doğma insan kimi içəri daxil ola bilərlər, yəni Qubanın şərəfli sakinləri cərgəsindədirlər. Ömrünü insanlarla ünsiyyətdə keçirən adamların xarakterinin istiqanlılığından və xoşxasiyyətliliyindən irəli gəlir bu doğmalıq.
Yeri gəlmişkən, burada direktor müavini işləyən Əlipaşa Əlipaşayevi xatırlamaq da çox yerinə düşər. Sakitliyi və mehribançılığı ilə istirahətə gələnlərin də, təcrübə keçmək üçün bura üz tutan tələbələrin də hər birinə xüsusi ehtiramla yanaşan Əlipaşa müəllim çox təvazökar və diqqətcil insandır. Bura yolu düşənlərin qəlbində o da hər zaman silinməz izlər buraxa bilir.
BDU-nun Təlim-Tədris və İstirahət Mərkəzinin komendantı Səlahəddini yada salmaya bilmərəm, hətta ondan söz açmasam, yəqin ki, günah etmiş olaram. Ona çox ərk eləyirdim, nəvəm Çərkəzə elədiyim qədər. Həkim lazım olanda, maşına ehtiyac duyanda, şəhərə gəlmək üçün təlaşlananda, öz otağımda nəyəsə ehtiyacım olanda mütləq Səlahəddini arayardım. Və bir az keçmiş Səlahəddin tək mənim deyil, onun köməyinə ehtiyac duyan hər kəsin yanında idi.
Diqqətcil, ailəcanlı, işini sevən, valideynlərinə ləyaqətli övlad olan Səlahəddini də bu mərkəzə dincəlməyə gələn hər kəs çox sevir. İnsan sevgini də, hörməti də, məhəbbəti də davranışı, ağlı və xarakteri ilə özü qazanır ömür boyu.
Ümumiyyətlə, bu mərkəzdə çox qəribə isti bir ab-hava hökm sürür. Bu da buranın əməkdaşlarının, başda Əlipaşa müəllim, Təskirə xanım və Səlahəddin olmaqla, xadiməsindən mətbəx işçilərinə qədər hər birinin öz işinə məsuliyyətlə yanaşmasına görədir.
Mən bu istirahət mərkəzinə dəfələrlə nəvələrimlə də dincəlməyə gəldiyim üçün, diqqət gördüyüm üçün minnətdarlıq əlaməti olaraq bu yazını qələmə almağı özümə borc bildim.