adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Noyabr 2017 14:40
22765
MƏMLƏKƏT
A- A+

«AZƏRİSTİLİKTƏCHİZAT» CAMAATLA MƏZƏLƏNİR

Hər il noyabr ayının 15-i Bakıda əhali böyük səbrsizliklə gözləyir. Xüsusən də havalar soyuq keçəndə insanlar bu anları, bu məqamları hər dəqiqə düşünürlər. Çünki noyabrın 15-dən aprelin 15-nə kimi mənzillərə istilik verilir. Əlbəttə, ekoloji cəhətdən «Azəristiliktəchizat» tərəfindən əhaliyə verilən bu istilik digərlərindən daha sərfəlidir. Birincisi, mənzillərdə istilmik verilərkən heç bir təhlükə gözlənilmir. İkincisi də hər hansı yanacaq istilik sistemləri kimi evi yaxşı qızdırmır. Onlar hamısı gözləniləndir.

Gözlənilməyən odur ki, noyabr ayının 14-də «Azəristiliktəchizat»ın məsul əməkdaşı televiziya kanallarında çıxış edərək əhaliyə bildirdi ki, günü sabahdan, yəni noyabrın 15-dən Bakıdakı yaşayış binalarına, məktəblərə, xəstəxanalara istilik veriləcək. Camaat da bu şad xəbəri eşidib sevincək oldu. Yəni düşündülər ki, şükür Allaha, bir gündən sonra evimizdə istilik olacaq. Noyabrın 15-i oldu, əksər binalara istilik verilmədi. 16-sı başa çatdı, yenə bir səs-səmir çıxmadı. Və bu gün noyabrın17-dir. İndi də əksər binalara istilik verilmir ki, verilmir.

Yeni Günəşli yaşayış sahəsinin «D» massivində binalara istilik verilib-verilməməsi ilə maraqlandıq. Aydınlaşdı ki, massivin heç bir binasına hələ bu günə kimi istilik verilməyib. 13 nömrəli binanın sakini Cümşüd Cəfərovla evlərinə istilik verilib-verilməməsini soruşduq. O da əsəbi halda dilləndi:

- Özüm xəstə adamam, evimiz də betondandı. Evi elektrik sobasıyla qızdırmaq mümkün olmur. Cəmi 15 gün elektrik sobasından istifadə eləmişik, bu cihaz 60 manat pul yazıb. İndi mən üçotaqlı evin hər mənzilində elektrik sobası işlətsəm, bu bir ayda 120 manata yaxın pul eləyir. Mənim təqaüdüm isə 150 manatdı. Uşaqlarımın isə heç biri işləmir. Soyuqladığım üçün dava-dərmana bir ətək pul xərcləmişəm. Düşünürdüm ki, noyabrın 15-də evlərə istilik veriləcək və mən də narahat olmayacağam. Amma bu gün ayın 17-dir, istilik sistemlərimiz bumbuzdur. Hərdənbir şırıltı səsi gəlir. Bu da yəqin ki, soyuq sudur. İnanmırısınız, gəlin istilik sisteminə baxın!

Biz də eləmədik tənbəllik Cümşüd kişinin mənzilinə baş çəkdik. Əlimizi istilik sisteminə vurduq. Dedik kişi bəlkə düz demir, gördük bumbuzdu və istilik sistemi işləmir.

On altıncı binanın sakini Nəsifə Məmmədova da istilik sistemi ilə bağlı narazılığını bildirdi:

- Oğul, mənim 75 yaşım var. Evdə soyuqdan donuram. İndi adyala bürünüb oturmuşam. Nəvəm olub, onu da soyuqdan bilmirik nətəhər qoruyaq. Evdə iki elektrik sobası işlədirik. Neyləyək? Qorxuruq uşaq sətəlcam olar. Bu böyüklər nə qədər yalan danışır? O gün televizora baxıram, o idarənin böyüklərindən birinin ağzına çullu dovşan sığışmırdı. Deyirdi ki, ayın 15-də mənzillərə istilik veriləcək. Biz də 3 gündü gözləyirik, hələ ki, bir səs-səmir çıxmır. Utanmırlar ey, yekə kişidilər, televizorda yalan danışırlar. Biz də onların yalanlarına inanırıq. Vallah, onlar elə bil bizim kimi insanlarla məzələnirlər. Amma pul yığmaq lazım olanda səhərdən axşama qədər qapıdan əl çəkmirlər. Qapını elə döyürlər ki, elə bil dədələrinin qapısıdır. Necə olur, qapını döyüb pul ala bilirsiniz, amma camaata istilik vermək gələndə can-dərdi, can-haray yanaşırsınız?! Vallah, bunu Allah götürməz!..

Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki 12, 14, 15, 16, 17, 18, 19, 20, 21-ci binaların da bu günə kimi istilik verilməyib. İstilik verilməməsi ilə bağlı 12-ci binanın yaxınlığındakı qazanxanaya baş çəkdik. Qazanxanada işləyən əməkdaşlardan biri dedi ki, qardaş, bu gedişlə biz çətin ki, yaxın günlərdə istilik verə bilək. Çünki bizə təbii qaz verilmir. Gərək qaz olsun ki, biz də istilik verək. Qazanxananın «Azəriqaz»a borcu var. Bax, səhər-səhər də yaxınlıqdakı binanın sakinləri gəlib bizi topa-tüfəngə tutur ki, niyə istilik vermirsiniz? Biz də fəhlə adamıq, əlimizdən nə gəlir?! Gərək qaz olsun ki, istilk də verilsin!

«Azəristiliktəchizat» ASC-nin maaşını isə Yaşar Həsənov alır. Axı, bu günə kimi bu cəmiyyətin kimlərəsə borcu var idisə, onlar ya ödənməli idi, ya da bu quruma möhlət verilməliydi. Hansı ki, dövlət tərəfindən «Azəristiliktəchizat»a yenidən istilik sistemlərinin və qazanxanaların müasir üslubda qurulması üçün milyonlarla vəsait ayrılıb. Belə baxanda qazanxanalar əsaslı surtədə yenidən tikilib və müasir texnika və avadanlıqla təchiz edilib. Bəs onda hörmətli Yaşar müəllim bu millətlə, bu xalqla niyə məzələnir? Onlar birinci dəfə deyil, dəfələrlə əhaliyə istiliyi vaxtından gec verirlər. Amma pulunu əhalidən həmişə alırlar.

Məsələn, ötən il də Yeni Günəşli yaşayış sahəsinin əksər binalarına istilik dekabrın 1-2-də verilib. Üstəlik, istiliyin kəsilməsi isə həmin yaşayış sahəsindəki binada aprelin 1-də həyata keçirilib. Yəni «Azəristiliktəchizat» sehirbazlıq eləyib əhaliyə bir ay istilik verməyib. Bayaq dediyimiz kimi isə onun pulunu əhalidən alıb.

Ümumiyyətlə, bizdəki xidmət sahələri əhaliyə bir o qədər də yüksək xidmət göstərmirlər. Yəni onlar xidmətdən çox insanlardan pul qoparmaq haqqında düşünürlər. Bir vaxtlar Bakıda «Barmek» fəaliyyət göstərirdi. O, «Barmek»ə də bir «maşennik» - Hüseyn Arabul rəhbərlik edirdi. Ağıllarına və ağızlarına gələn şişirdilmiş rəqəmləri yazıb əhaliyə göndərirdilər. Hətta bir komissiya yaratmışdılar və o komissiya da camaatdaın işlətmədiyi enerjinin pulunu çığırda-çığırda aldılar. O pulu verməyənlərin isə işığı kəsilirdi. Hüseyn Arabul Bakıda elektrik şəbəkəsini yaman günə qoydu, özü də milyonları yığıb Türkiyəyə qaçdı!..

Onun bu «təcrübəsindən» digər xidmət sahələri də istifadə etməyə başladı. Və bu gün də həmin «tərübədən» «Azəristiliktəchizat» istifadə eləyir. Çox uzağa getməyək, elə bu sətirlərin müəllifinə 55 manat borc yazıblar. Hansı ki, «Azəristiliktəchizat» Yeni Günəşliyə 4 ildir ki, istilik verir və biz də işlətdiyimiz istiliyin pullarını ödəmişik və həmin qəbzləri də saxlamışıq. Evə gələn nəzarətçi xanım deyir ki, vallah, bizdə günah yoxdur. Günah kompüterdədi. Kompüterdə nə yazılıbsa, biz də gəlib həmin pulu istəyirik. Deyirik ki, ay xanım, o kompüterə də informasiyanı insanlar ötürürlər. Kompüter özbaşına nəsə yaza bilməz. Bu sözü deyəndən sonra xanım çiynini çəkdi və boynunu büküb durdu. Axı biz bütün pulları vaxtında ödəmişik. Əgər bütün pullar vaxtında ödənilibsə, məlum qurumun əməkdaşlarının müxtəlif hoqqabazlıqdan çıxmağına nə ad vermək olar?!

Düzdür, elə abonentlər var ki, işlətdikləri istilik pulunu ödəməyiblər. Əgər bu dörd ildə o pulu kim ödəməyibsə, həmin pulun da hüquqi müstəvidə alınma yolları mövcuddur. Yəni «Azəristiliktəchizat» məhkəmə müraciət edə bilər və məhkəmədə də bu məsələ gündəmdə olar. Yoxsa, onun-bunun qapısını döyməklə şiridilmiş borcları yığmaq və əhalidən tələb etmək birmənalı olaraq cinayət tərkibidir. Hələ biz onu demirik ki, mövcud qanunla «Azəristiliktəchizat» abonentlərlə müqavilə bağlamalıdır. Yəni hər iki tərəfin öz öhdəlikləri olmalıdır. Bir də görürsən ki, istilik çox zəif gəlir və bəzən də bir neçə gün verilmir. Bu hadisələr hətta qışın oğlan çağlarında dəfələrlə təkrarlanır. Amma pula gələndə isə əhaliyə heç bir güzəşt olunmur və bu məsələlər nəzərə alınmır.

İndi qayıdaq camaatın mənzillərinə istilik verilməməsinin üzərinə. Tək Yeni Günəşlidə deyil, Köhnə Günəşlidə, Əhmədlidə, Badamdarda və digər yaşayış sahələrində də əksər binalara bu günə kimi istilik verilməyib. Əgər istilik verilməyibsə, onda yenə məsuliyyət məlum qurumun üzərinə düşür. «Azəristiliktəchizat» isə maaşını ASC-nin sədri Yaşar Həsənov alır. Halal xoşu olsun, qoy maaşı da alsın, amma işləri də görsün! Hələ nə yaxşı ki, Allahın bizə yazığı gəldiyinə görə, havalar oktyabr ayının əvvəlində olduğu kimi çox soyuq keçmir. Yəni belə normal havada bir az soyuğa dözmək olar. Amma vay o günə ki, havanın temperaturu 5 dərəcəyə ensin, soyuqlar düşsün, bax, onda mənzillərdə yaşayan insanlar çətinliklərlə üzləşsinlər.

Hər halda, camaat ümidini üzməyib. Heç olmasa beş-on günə mənzillərə istilik verilsə, bəlkə bir balaca insanlar sakitləşələr. Ancaq bu gedişlə çətin ki, Bakıdakı bütün binaları qısa zaman kəsiyində istiliklə təchiz etmək mümkün olsun. Çünkr ataların belə bir məsəli var: «Acın toxdan xəbəri olmaz». Bunu müasirləşdirib bu formada da demək mümkündü: «İsti otaqda oturanın soyuq mənzildə donandan xəbəri yoxdu». Yeməkdən ümid yaxşıdı. Gəlin, bir az da gözləyək!..


Faiq QİSMƏTOĞLU