ANA SƏHİFƏ / YAZARLAR

Yaddaşımı təzələyən ZƏLZƏLƏ

9612    |   2017-11-16 12:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən axşam məmləkətimizin bir çox yerində zəlzələ oldu. Yaddaşım 2000-ci ildə yaşadığım ilk zəlzələ qorxusunu dartıb çıxardı. 10 yaşım vardı. Həmin gün də noyabr ayına təsadüf etmişdi. Qonağımız da vardı. Çayından bəh-bəhlə içib atamla sənətdən, siyasətdən söhbət edirdilər. Az keçmədi qonağı yola saldıq. Anam beli ağradığından çarpayısına uzandı. Mən də qonağın getməyindən istifadə edib pürrəngi çay süzdüm. Elə təzə stolun arxasına keçmişdim ki, çilçiraq silkələnməyə başladı. Həyəcanla ayaqlandım. Anamın sözünü bu gün belə unutmuram: "Ayxan kravatın altındadı? Niyə kravatı silkləyir? Çıx görüm ordan...” Atam bacımı qucağına alıb, qaçın zəlzələdi deyə bağırdı.

Hamıdan zirək olduğumdan qapını açıb dəhlizə çıxdıq. Əvvala qarşılaşdığım mənzərəni danışım: Qapını açanda başı şampunlu, çılpaq, sısqa bir kişi paltarını geyinməyə çalışırdı. Əlləri əsdiyindən şalvarını geyinə bilmirdi. Gördüyüm mənzərə heç bir hiss yaratmamışdı. Ancaq içimdəki qorxu bağrımı deşirdi. Pillələri tullana-tullana düşüb, özümü küçəyə atdım. Bir qadın gözümə sataşdı. Eynən müharibə mövzusunda çəkilmiş filmlərdəki əzablı qadın obrazına bənzəyirdi. Binanın qarşısında dayanıb əllərini üzünə dolamış, ağlayırdı. Onun hıçqırıqları küləkli gecənin bətninə sancılırdı.

Ev paltarlarımızla özümüzü küçəyə atmışdıq. Üstəlik də ayaqyalın. Hava da buz kəsirdi, qış qapımızdaydı. Kişilər damaqlarında siqaret püfüldədərək zəlzələdən danışrıdılar. Mən zəlzələni böyük əjdahaya bənzətdim. Yerin altında yaşayan, hirslənəndə yeri silkələyən vəhşiyə... İstədim ki, siqaret çəkən kişilərə yaxınlaşıb deyəm, ay əmilər gedin yeri qazın, əjdahanı öldürün, rahat evimizə gedək. Ancaq bu yerdə maşınların səsi, işıqlar, uşaqların səsləri fikrimi yayındırdı. Atamgilin yanında büzüşüb, key-key ətrafa tamaşa edirdim.

- Dədə, biz öləcəyik?

- Elə şey olar, indi evə gedəcəyik...

Binanın qarşısı qarışqa misalı adamlarla qaynayırdı. Hamımızın gözü pəncərələrdə gəzirdi. Qorxu xofu virus kimi hamıya yayılırdı. Evlərdə pul, zinyət əşyaları, qır-qızıl vardı. Onları götürmək gərəkli idi. Kişilər bu işə yaxın durmadı. Anam və dəstəsi evlərə üz tutdular. Bu kadr da mənə cizgi filmlərini xatırlatdı. Anamgilin dəstəsinin adını "Qorxusuz arvadlar” adlandırdım. Tunel yolu ilə getdiklərini təsəvvür etdim. Məxfiliklərini qoruyan dəstə üzvləri evdəki pulları zərərsiz şəkildə götürmüşdülər. Bu dəstənin ilk uğurlu əməliyyatıydı.

Atamın əlləri saçlarımda gəzişdi. Qardaşım, bacım, anam adamların içində bənizi solğun, qorxmuş cüyürə bənzədilər. Atamın arxasına düşüb, pay-piyadə yola düşdük. Qonşunun qohumunun həyət evi vardı. Bizim evdən məsafəsi 10 kilometr idi. Qaranlıq küçələr, tələsən adamlar, şəhərin közərən işıqları, bir-bir arxada qalırdı. Biz məhəlləmizdən uzaqlaşdıqca...

Həyət evinə çatanda ev əhli də təlaşlı görünürdü. Başa düşdüm ki, qorxu insanlarda birlik, həmrəylik hissləri yaradır. Bəlkə də bu ölüm qorxusuydu?!

İçəri keçib döşəməyə sərilmiş böyük xalçanın üstünə uzandıq. Biz uşaqlar donuq gözlərimizlə gecənin səhərini düşünürdük. Radioda deyilirdi ki, ikinci dalğa gözlənilir. Zəlzələ yenə ola bilər! Bu bizim üçün ikiqat qorxu idi. Dan yeri ağarana yaxın mürgülədik. Səhər dərsə getməliydik. Hava bom-boz, bədbin adamlar kimi boynunu bükmüşdü. Qorxumuzdan həmin gün məktəbə getmədik. Evimizə gəlmişdik. Divarlara, çilçirağımıza baxdım. Hər şey qaydasında görünürdü. Birdən ağlıma qonuşuluğumuzdakı lüt kişi gəldi, görəsən hardadı deyə, özüm üçün xəyallar qurdum...




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK