adalet.az header logo
  • Bakı 7°C
15 Noyabr 2017 15:00
23754
ƏDƏBİYYAT
A- A+

ƏDƏBİ ADLAR: Stiven KİNQ

"Dəhşətlər kralı” adı Stiven Kinqə sadəcə soyadının "kral” olduğuna görə verilməyib. İlk hərfindən son hərfinə qədər bu ada layiq olan amerikalı yazıçı indiyədək bağrını yarmadığı oxucu və ya tamaşaçı qoymayıb. Əsərlərinə ən çox film çəkilmiş yazıçılardan biridir, hətta birincisidir. Mən bu yazıçı və ssenaristi 12 yaşımda tanımışam – "Ev heyvanlarının məzarlığı” filmi ilə. Böyük qardaşıma sığınaraq ürəyimi ağzıma gətirən bu filmdən sonra "Məxfi materiallar” serialının tükürpədici faktları ilə müəllifi izləməyə başlamışdım. Nəinki izləməyə, birbaşa təqibə! Müxtəlif illərdə onun vahimə leysanı yağdıran əsərlərində "islan”dım. O, "Horror” (dəhşət), mistika ilə zəngin ədəbi siyahıma başçılıq edən müəlliflərdəndir (Edqar Po-dan sonra. Maraqlıdır ki, Kinq də Po-nu özünə ustad hesab edir).

Stiven Kinq əsərlərində yaratdığı qəhrəmanlar kimi özü də psixi pozuntulardan əziyyət çəkmiş bir insandır. Uşaqlıq illərinin dəhşəti onun sonrakı həyatını və yaradıcılığını müəyyənləşdirib. Atasızlıq, yoxsulluq, kimsəsizlikdən qapıldığı vahiməli kitablar heç yetkin yaşında da ondan əl çəkməyib. Bəlkə də bu səbəbdən içki və narkotik maddə aludəçisi olaraq, uzun müddət bundan müalicə olunub. Ümumiyyətlə, özünün də etiraf etdiyinə görə ayıq başla yazdığı nadir əsərlər var ki, onlar da uğursuz hesab olunur. Yəni kralın baş tacı hesab olunan əsərləri spirt və narkotik dəstəyi ilə ərsəyə gəlib.

Bir insan necə qorxu və vahimədən ilhamlanar? Hərənin buna istədiyi kimi cavab verməyə haqqı var. Qeyd etdiyim kimi, onun sevgi və qayğıdan yoxsul uşaqlığı bütün maddi çatışmazlıqları üstələyə bilmişdi. Hələ iki yaşındaykən ailəni tərk edən atası ilə bağlı sonralar suallarına anası belə cavab vermişdi: "Atanı Marsdan gələn yadplanetlilər aparıb”. Halbuki qadın özü də yaxşı bilirdi ki, əri evi tərk edəndən sonra daha gənc, braziliyalı bir qadınla yaşayır. Marslılara olan nifrət və marağından Kinq onlar haqqında yazılmış əsərlərə meyl göstərir. Marslıları ən yaxşı kim təsvir edə bilər? Əlbəttə ki Rey Bredberi! Bu yazıçının təkcə fantastikaya deyil, həm də mistikaya həvəsli olduğunu nəzərə alsaq, o zaman Stivenin kimin təsirinə düşüb bu qorxunc ədəbiyyatı yaratdığını anlayarıq. Rey Bredberinin əsərlərinin 70 faizini Azərbaycan dilinə tərcümə etmiş biri kimi deyə bilərəm ki, onun mistik hekayələrini soyuqqanlı oxumaq mümkün deyil. Nəinki yetkin insanlardan, hətta yeni doğulmuş körpədən belə insanı diksindirən bu yazıçının məktəbli oğlana necə təsir etdiyini anlamaq çətin olmaz.

"Hər bir insanın daxilində bir külüng gizlənir. Həyatının elə ilk gərginliyində, ilk enişində külüngü ələ alıb duyğularını, fikirlərini dəlməyə başlayır. Nə qədər ki həmin məşum günlər başlamayıb, o külüngdən azad olun. Yoxsa beyninizdə dəlib-dəlib açdığınız çatlar yarğana çevriləcək, tezliklə hər gecə özünüzlə baş-başa qalmaq istəyəndə cütlənəcəksiniz – həmin yarğandan çıxan kabuslarla!” – desə də özü külüngünü həmişə əl altında saxlayıb. Uşaqlığından dəlib açdığı yarğanlardan buraxdığı kabusları neçə-neçə oxucunun – potensial psixi xəstələrin canına daraşdırıb. Bəllidir ki, insanlar mistikaya meyillidirlər. Elm və texnika nə qədər inkişaf edirsə etsin, insan övladı işıq gələn tərəfə deyil, qaranlığa daha çox maraq göstərir. Çünki işığın olduğu yerdə hər şey aydındır. Bəs görəsən, qaranlıqda nə var? Bax, Stiven Kinq kimi peşəkar qələm ustaları bundan məharətlə yararlanırlar. Rahatlıqla deə bilərik ki, Kinq kütlənin damarını tuta bilib. Bu damardan da istədiyi qədər qara qanlar axıtmaqla şöhrətini və sərvətini artırıb.

Özünün mistika "sənayesi”ni 1980-ci ildə ekranlaşdırılmış "Parıltı” filmi ilə qurub. O vaxtdan bəri isə bir-birinin ardınca demək olar ki, bütün əsərlərinə film və ya seriallar çəkilib. Amma bununla belə müasirlərinin rəğbətini qazana bilməyib. Əksər qərb yazıçıları Kinqi qeyri-ciddi yazıçı hesab edirlər. Deyirlər ki, çoxsaylı oxucunun diqqətini dərhal özünə çəkən yazıçı ciddi yazıçı deyil, sadəcə vəziyyəti yaxşı dəyərləndirən ustadır. Çünki bu oxucular keyfiyyətli ədəbiyyatla maraqlanmırlar. Onların çoxu batil inanclarla zəngin olan mistik hadisələrə meyillidirlər ki, bu da cahillikdən irəli gəlir. Belə məharətli yazıçılar da kütlənin zəif damarını tutaraq cəmiyyətin aşağı təbəqəsinin zövqünü oxşayırlar.

Bu ədəbiyyat təmsilçiləri arasında ən çox diqqəti çəkən fikri professor, ədəbi tənqidçi Harold Blum irəli sürüb. Qılınclayıb desəm, daha uyğun söz olar. ABŞ Milli Kitab Fondunun mükafatına layiq görülən Kinq Blumun səbr kasasını daşırmağı bacardı: "İndiyədək Stiven Kinqi ucuz dəhşət hekayətləri yaradan bir yazıçı hesab edirdim. Səhv etmişəm. Onu ümumiyyətlə yazıçı hesab etmək olmaz, hər sətrində, hər abzasında insanları ələ salan, aldadan biridir. Kinq ciddi oxucunun diqqətinə layiq deyil. Necə ola bilər ki, Ceyms Coysu, Folkneri, Prustu oxuyan oxucu Kinqə nəzər salsın?!”

Hətta Stiven Kinqlə əməkdaşlıq etmiş, onun "Qara ev” romanının həmmüəllifi Piter Straub da qılıncını işə salıb: "Bəzən Kinqi Edqar Po, Artur Konan Doyl, Brem Stokerlə bir sıraya qoyurlar. Kinq nə zaman o sıraya qalxa bildi?”

Sual yarana bilər ki, bəs yuxarı sıraya layiq bilmədiyi bir yazıçı ilə niyə əməkdaşlıq edirdi? Bu yazıçıları qıcıqlandıran nədir? Bu sualı ədəbi tənqidçi Cavanşir Yusifliyə ünvanladım. Tənqidçi ümumiyyətlə yazıçıların ciddi və ya qeyri-ciddi bölgüyə ayrılmasının tərəfdarı deyil. Onun fikrincə, qərb yazıçılarını dilə gətirən səbəb sadəcə ədəbiyyatətrafı danışmaq həvəsidir: "Bu cür söhbətlər çoxlarına stimul verir. İnsanların içində güclü danışmağa və susmağa hazır toxumları var”. Alt qatda hansı səbəblərin gizləndiyi qaranlıq qalsa da, Cavanşir Yusifli Kinqin əsərlərinin yaxşı satılması və ekranlaşdırılmasının da digərlərində qıcıq yarada biləcəyini istisna etmir. Kinqin qərbdə bu qədər oxunmasının səbəbini isə sadəcə yazıçı xarakterində və üslubunda görür.

Bəs Azərbaycanda Stiven Kinq nə dərəcədə oxunur? Dəqiq cavab vermək mümkün olmasa da, ən azından dilimizə tərcümə olunmuş əsərlərinin azlığından bunu təxmin etmək olar. Amma çoxları onun əsərlərinə çəkilmiş filmlərdən də bu müəllifin gücünü görə biliblər. Məsələn, yazıçı Qan Turalı onu daha çox filmləri ilə tanıdığını deyir. Ümumilikdə dedektiv ədəbiyyatı ciddi hesab etməyən Qan Turalı Kinqi istisna edir. Və əlavə edir ki, onun gücü gözəl mövzular tapmasındadır.

Doğrudan axı, oxucular bu yazıçını niyə oxusunlar? Əsərləri bestseller olduğuna görə? Daha çox ekranlaşdırıldığına görə? Kitabları rəflərdə tozdan don geyinən o qədər yaxşı yazıçılar var ki! Deməli başqa səbəblər axtarmaq lazımdır. Tapılan səbəbləri isə belə sıralamaq olar:

* Onun əsərləri vahimə saçsa da birbaşa buna diqqət kəsilmək lazım deyil. Çünki qorxunun arxasında daha ibrətamiz mesajlar oxumaq olar. O, gənclərə həyata çəhrayı eynəkdən baxmamağı, reallığı görməyi tövsiyə edir. Kinq həyatında narkotikdən tutmuş, yoxsulluğa, var-dövlətə və şöhrətə qədər hər şeyi görüb. Deməli onun reallığa əsaslanan təcrübəsi var.

* Kinq uşaqları yaxşı tanıyır. Bir çox əsərlərinin qəhrəmanının uşaq olması da təsadüfi deyil. O, uzun illər orta məktəbdə müəllim işləyib, uşaqlarla çox vaxt keçirib, onları necə lazımdı müşahidə edib. Onun əsərlərində yeniyetmələri narahat edən özünütəsdiq, valideynlərlə anlaşılmazlıq və ilk məhəbbət ağrıları geniş yer tutur.

* Kinq düzgün məsləhətlər verir. Yəqin ki, "Dəhşətlər kralı”nın kitablarını övladlarından gizlədən valideynlərə bu cümlə qəribə görünə bilər. Bütün qorxunc dolaylardan keçən əsərlər sonda sevgi, dostluq, sədaqət haqqında mesajlar verir. Məsələn, "Kerri” əsərini oxuyan yeniyetmələr çətin ki, zəif sinif yoldaşlarına lağ eləsinlər.

Yeri gəlmişkən, Stiven Kinq 200-dən artıq əsər yazmasına, hər gününün çox hissəsini yazıya həsr etməsinə baxmayaraq, özü də "kitab qurdu”dur. Deyir, uğurlu yazıçının prinsipi çox oxumaq və çox yazmaqdır. Özü də buna sidq ürəklə əməl edir. Oxuduğu kitablar haqqında məqalələr yazmaqla yanaşı, həm də sosial şəbəkələrdə fikirlərini bölüşür, tövsiyələr verir. Hərçənd belə bir deyim var: açar dəliyindən baxma ki, pis şeylər görməyəsən. Kinq deyir ki, insanlıq tarixinin ən böyük "açar dəliyi” internetdir. Buna baxmayaraq, həmin "açar dəliyi”ni vaxtaşırı genişləndirməkdən çəkinmir. Bu da daha bir mesaj: pisi görməlisən ki, yaxşının da qədrini biləsən.


Şəfiqə ŞƏFA