adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Noyabr 2017 15:19
16310
MƏMLƏKƏT
A- A+

AVTOBUSLARDA İNFEKSİYA MƏNBƏYİ…

Sirr deyil ki, bu gün əhalinin böyük bir hissəsi ictimai nəqliyyatdan – metro və avtobuslardan istifadə eləyirlər. Aydındır ki, bu nəqliyyat növləri insanların həyatına çoxdan daxil olub. Hətta bəzi şəxsi avtomobilləri olan adamlar günün «çaspik» vaxtlarında rahat mənzil başına çatmaq üçün öz maşınlarından deyil, metrodan daha çox istifadə etməyə üstünlük verirlər. Hamı da yaxşı bilir ki, metro ilə həm vaxta qənaət etmək mümkündür, həm də mənzil başına təhlükəsiz çatmaq olar.

Bu mənada Bakı şəhərində fəaliyyət göstərən avtobuslara da bayaq dediyimiz kimi, sərnişinlər böyük önəm verirlər. İndi gəlin görək şəhərin müxtəlif istiqamətlərinə hərəkət edən avtobusların hamısında sanitar qaydalara və təmizliyə riayət edilirmi? Təbii ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Hətta rəyini soruşduğumuz sərnişinlər də avtobus xidməti ilə bağlı çox fərqli cavablar səsləndirirlər.

Gəlin onunla razılaşaq ki, bu gün Bakıda əhaliyə nümunəvi xidmət edən neçə-neçə marşrutlar fəaliyyət göstərir. Xüsusən də «Bakbus»un avtobusları dünya standartlarına tam cavab verir və bu avtobuslarla mənzilbaşına sərnişinlər daha rahat, təhlükəsiz çata bilirlər. Üstəlik də bu avtobuslarda sanitar qaydalara və təmizliyə yüksək səviyyədə əməl olunur. O avtobusların sürücülərinin mədəniyyətinə və peşəkarlığına da söz ola bilməz. Artıq əhali bu avtobuslarda yaradılmış nizam-intizama yavaş-yavaş öyrəşir.

Yəni dayanacaqdan kənarda sürücülər avtobusları saxlamır və sərnişinlər də heç bunu indi tələb eləmirlər. Düzdür, əvvəllər bu marşrutlar fəaliyyətə başlayanda bir çox sərnişinlər elə bilirdilər ki, digər avtobusların sürücüləri kimi bu avtobusları da idarə edənlər onu harda gəldi saxlayacaqlar. Amma bir müddətdən sonra gördülər ki, bu avtobuslarda tam, dəqiq rejim var və bu rejimə uyğun da sürücülər nəqliyyat vasitəsini idarə edirlər. Yəni avtobusları ancaq sürücülər dayanacaqda saxlayırlar.

Biz Bakıda bəzi avtobus marşrutlarında mövcud olan sanitar-gigiyenik qaydaların və təmizliyin tez-tez pozulmasına diqqət yönəltmək istəyirik. Çünki bu marşrutlardan istifadə edən sərnişinlər çox yaxşı bilirlər ki, bəzi avtobuslar necə çirkli olur və bir çox halda avtobusların salonuna toz-torpaq əlindən girmək mümkün olmur. Çox təəssüf ki, belə avtobuslar adiyyəti qurumların gözü qarşısında hərəkət edir və onlar da bu nöqsanlara bir çox halda göz yumurlar.

Məsələn, Bakıda bizim müşahidə etdiyimiz 36, 39, 49, 50, 64 və digər marşrutlarda çox təəssüf ki, avtobuslar bir o qədər də səliqə-səhmanlı olmurlar. Mövcud qaydalara əsasən hər bir avtobus xəttə çıxmamışdan öncə texniki baxışdan keçirilməlidir, təmizlənməlidir, dizenfeksiya olunmalıdır,səliqə-səhman yaranmalıdır və bundan sonra həmin avtobus sərnişin daşımalıdır. Bununla yanaşı, avtobusu idarə edən sürücülər hər gün səhər-səhər həkim müayinəsindən keçməlidir və onların özləri səliqə-səhmanlı olmalı, sərnişinlərlə mədəni rəftar etməlidilər.

Çox təəssüf ki, bunu yuxarıda göstərdiyimiz avtobuslarda həmişə görmək mümkün deyil. Məsələn, metronun «Neftçilər» stansiyasından Suraxanı rayon Yeni Günəşli yaşayış sahəsində işləyən 50 və 64 nömrəli marşrutlarda bir qayda olaraq kobud qanun pozuntularına yol verilir. Birincisi, 50 nömrəli marşrutda işləyən bir-iki avtobusdan başqa əksəriyyəti texniki cəhətdən köhnədir və müasir tələblərə cavab vermir. Bununla yanaşı, həmin avtobuslarda sərnişinlər yayda istidən əziyyət çəkirlər, qışda da soyuqdan üşüyürlər. Çünki həmin maşınların kondisioner və eləcə də istilik sistemləri yoxdur.

Buna görə də sərnişinlər bu avtobuslara minəndə çox böyük narazılıq eləyir və hətta şirkətinin ünvanına deyirlər ki, nə vaxta qədər bu şirkət bizim əsəblərimzilə oynayacaq? Hansı ki, digər marşrutlarda köhnə avtobuslar yenisiylə çoxdan əvəzlənib. Amma bu ortatutumlu avtobuslar sərnişinlərin daşınması üçün çox əlverişsizdir. Üstəlik də, texniki cəhətdən nasaz olduğu üçün onlar bəzi hallarda yolun ortasında sıradan çıxır və dayanır. Məhz sərnişinlər də bu vaxt nasaz avtobusdan düşüb başqa avtobus gözləməyə məcbur olurlar. Yayda bunu başa düşmək olar. Amma payızın və qışın soyuğunda sərnişinlərin hansı çətinliklər yaşadığını bir onların özləri bilir, bir də Allah.

Bu avtobuslarda sanitar qaydalara, təmizliyə də əməl olunmur. Sanki çox vaxt avtobusların salonu və oturacaqları yuyulub təmizlənmir. Çünki əlini oturacaqlara vuranda orda tozun-toprağın hopduğunu hiss edirsən. Hətta tutacaqlar çox vaxt çirkli oulr. Payız və qış mövsümündə isə müxtəlif infeksion xəstəliklər baş alıb gedir. Bu avtobuslarda təmizlik işləri mütəmadi olaraq aparılmadığı üçün sərnişinlərdən kiminsə hər hansı infeksiyaya yoluxmayacağına heç kim zəmanət verə bilməz. Onsuz da ictimai nəqliyyatda çox vaxt basabas olur. Mütəxəssislər bildirirlər ki, orda bir adamın infeksiyaya yoluxması bəs eləyir ki, o, öskürəndə və asqıranda salondakı əksər adamlar bu infeksiyaya yoluxsun.

Bir daha həkimlər və mütəxəssislər bildirir ki, ictimai nəqliyyatdan istifadə edəndən sonra sərnişinlər əllərini sabunla möhkəm-möhkəm yumalıdılar. Çünki çirkli əllə bir çoxları yemək yemək yeyir, yaxud ağzını silir. Bu isə o deməkdir ki, həmin adam hər an müxtəlif xəstəliyə yoluxa bilər.

Bizim sözümüzün canı ondan ibarətdir ki, bir çox avtobus şirkətləri və o cümlədən 50 nömrəli marşrutun sahibi sərəncamlarında olan nəqliyyat vasitələrində gigiyenik və sanitar qaydalara əməl etməyə borcludurlar. Onlar zəhmət çəkib əhalidən yaxşı pul qazandıqları kimi, həmin avtobusları səhər saatlarında qarajdan çıxmamışdın öncə tam təmizlətməli, dizenfeksiya etdirməli və təhlükəsiz vəziyyətə gətirməlidilər.

50 nömrəli marşurutun sürücülərindən biri deyir ki, mən axşamlar avtobusu qarajda yox, evimin yaxınlığında saxlayıram. Təbii ki, evin yanında saxlanılan avtobus yuyulub təmizlənməyəcək və dizenfeksiya da edilməyəcək. Hələ biz sürücünün sağlamlığının nə yerdə olduğunu demirik. Çünki 16 saat sükan arxasında əyləşib Bakının tıxaclı yollarında sərnişin daşımaq o qədər də asan deyil.

Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, sərnişinlər bizə avtobusların təmizliyi ilə bağlı müraciət edəndə biz də araşdırmalar aparırıq. Əgər deyilənlər düzdüsə, həmin marşrutların sahiblərinə xəbərdarlıq olunur və mövcud nöqsanların aradan qaldırılması tələb edilir.

Göründüyü kimi, daşıyıcı şirkətlər sərnişinlərin avtobuslarda səliqə-səhman, təmizlik görməsi üçün bütün işləri məsuliyyətlə yerinə yetirməlidilər. Yəni sərnişin avtobusun salonuna daxil olanda orda səliqə-səhman görməli, özünü tozun, palçığın içində hiss etməməlidir. Ən azından ona görə ki, hər bir sərnişin avtobusa minib mənzilbaşına gedərkən gediş haqqı ödəyir. Gediş haqqını alan hər hansı daşıyıcısa zəhmət çəkib sərnişinlərə yüksək səviyyədə xidmət etməlidir. Yəni avtobuslar səliqə-səhmanlı olmalı, insanlarsa mənzilbaşına təhlükəsiz çatdırılmalıdır.


Faiq QİSMƏTOĞLU