adalet.az header logo
  • Bakı 7°C
15 Noyabr 2017 14:18
47860
MƏDƏNİYYƏT
A- A+

Repin İsa Peyğəmbəri

1996-ci ildə Mayk Taysonun Las-Veqasdakı çıxışından qayıdan Tupak Şakur yoldan keçən maşından açılan atəşlə güllələnərək öldürülmüşdür. Gənc zəncilərin belə tragedik ölümləri ABŞ-da adi hadisə sayılırdı, ancaq Tupakın həyatı heç də sıradan, bəsit deyildi.

Tupak Şakur XX əsrin 90-cı illərinin ən məşhur reperlərindən biridir. O, repin Tanrısı, İsa Məsihi idi... Bəziləri ona "Qara İsa” deyirdilər. Sadəcə bütün haqqları əlindən alınmış qara irqin yaşadığı, kasıblıq və aclığın, səfalətin hökm sürdüyü unudulmuş məhlələrdə, cinayət və günah dolu küçələrdə. O, insanları xilas etməyə, onlar üçün bir çıxış yolu yaratmağa göndərilmiş, insanların ürəyindəki son ümid qırıntılarını canlandırmış, İsa peyğəmbərə dönmüşdü "aşağı təbəqə” xalqın gözündə. Tək fərq, burda dinlərin belə ağ insanlarla gəldiyi qanunu pozmuşdu Tanrı, xilaskarı qara irqdən seçmişdi. 

Bəziləri üçün o lider idi. Kənarda qalmış ghettolarda kasıb həyat yaşayan, baş qaldıran, təslim olmayan insanların həyatını bütün dünyaya göstərən, küçələrdəki amansız və arası kəsilməz cinayət axınını qaydaya salaraq azaldan, türmələrdə yaşayan insanlardan belə onlara başçılıq etmək təklifi alan bir lider idi. Kimlərəsə görə qatil, sadəcə zərər verə bilən, insanları şiddətə çəkmək istəyən, pis xasiyyətli biri. Və bilinən tərəfləri ilə eyni zamanda ölmək üzrə olan bir uşağın ailəsindən uşağın həyatının son zamanları olduğunu və ən böyük arzusunun onu görmək olduğuna aid bir məktub aldıqdan sonra vaxt itirmədən təyyarə ilə Marylanda uçub onunla vaxt keçirəcək qədər, Los Angelesin kasıb hissəsində yaşayan insanlara paylanılsın deyə yarım milyon dollarlıq yemək hazırlatdıracaq qədər, House Of Bluesda olduğu bir gün hamı rəqs edərkən əlil arabasında olan bir qadının kənarda qaldığını görəndə 4 saat durmadan onunla vaxt keçirib rəqs edəcək qədər, kimsəsizlərin baxımına aid olan evlərə öz büdcəsindən fond ayıracaq qədər də humanist bir insan. Sözün həqiqi mənasında insan. Və daha nələr-nələr. Qısaca saysaq; repçi, şair, ssenarist, prodüsser, aktyor və sonda bütün həyatı boyunca musiqisiylə, aktyorluğuyla və hətta adi davranışlarında, düşüncələrində belə güclülər tərəfindən əzilən, zülm görən insanların yanında olub onları qoruyan bir siyasətçi. Dünyanın gözündən baxmaq lazım olsa, Tupak Amaru Şakur, 2 Pac, Makaveli və ya sadəcə Pac. Haqqında yazmaqla çox kiçik bir hissəsi belə anlaşılmayacaq, hərflərlə ifadə edilə bilməyəcək nadir insanlardan biri...

1971-ci ilin 16 iyununda anadan olan Tupakın ilk adı Lesane Parish Crooks olur. Lakin sonradan anası adını dəyişdirərək "Tupak Amaru Şakur” qoyur.


Hüceyrələrim həbsxanada yaranıb…

Tupak anasının bətnində olanda o hakimiyyətə qarşı olan fəaliyyətinə görə həbs cəzası çəkirdi və oğlunun türmədə doğulmasından narahat idi. Afeni Şakur məhkəmədə vəkildən imtina edir və özü özünü müdafiə edərək Tupak doğulmazdan əvvəl azadlığa çıxır.

Əslində Tupak, reperin doğum adı deyildi. 1 yaşı olarkən onun anası İslam dinini qəbul edir və aktivist Mutulu Şakura ərə gedir. Bundan sonra o oğlunun adını dəyişib Tupak Amaru Şakur qoyur. Onun doğma atası ilə əlaqəsi kəsilir. Bu gələcək reperin ərköyün və sərbəst böyüməsi ilə nəticələnir.

Tupak Amaru, hind dilində parıldayan ilan, Şakur isə ərəbcə şükür deməkdir. Uşaqlığı Amerikada yaşayan, və hələ bir də "Amerikada yaşamağı bəs deyilmiş kimi” zənci olan hər bir insanın həyatı kimi çətin keçir. Anası "Qara Panteralar” adlı qrupun fəal üzvlərindən olduğu üçün həbs edilir və ailəvi problemlər üçün ilk gənclik illərində 3 dəfə fərqli yerlərə köçüb yeni həyata başlamağa məcbur olurlar. İlk illərdə Digital Underground adlı bir qrupa daxil olur, bu qrupda səhnə işçisi və arxa fon rəqqası olaraq işləməyə başlayır. Zamanla uşaqlığından gələn istedadın biraz da üzə çıxmasıyla MC olaraq fəaliyyətinə başlayır və Digital Underground-da ilk mahnısı olan Same Song-u çıxarır. Ardından 2 Pacalypse Now albomunu tamamlayan Tupac Shakur ilk rəsmi albomuna imzasını atmış olur. Yəqin ki o vaxt onda olan sevinci təsəvvür etmək mümkün olmaz, albom çox səs gətirməsə, tanınmasa belə içində sosial mövzularda tracklar olduğu üçün məlum bir kütləyə demək istədiklərini çatdıra bilir. Və o gündən də gələcəyin ilklərinə adını yazdıracaq bir dahinin adı küçələrdə yayılmağa başlayır. Albomlar və filmlər çıxır, Tupak üçün hər şeyi etməyə hazır olan insanlar yaranır. Lakin zirvəyə çıxmaq ondakı azad ruhu öldürməyə bəs eləmir. Elə buna görə də ilk albomundan sonuncuya qədər mahnılarında sosial problemlər, irqçilik, kasıb məhlələrdəki çətinliklər, polis və dövlət şiddəti, güclülərin zəiflər üstündə əstirdiyi terror öz əksini tapır, heç vaxt insanların problemlərini unutmur, bunları bütün dünya ilə paylaşmaq üçün əlindən gələni edir.


Bir zəncinin məni vuracağına inanmazdım

1993-cü ilin noyabrında bir otel otağında qadına təcavüz etməkdə günahlandırılan Şakur məhkəməlik olur. Sonuna qədər bu iddiaları qəbul etmir, hadisələrin könüllü şəkildə olduğunu deyir, (ki Amerikanın bütün ghettolarındakı qadınları üçün əlçatmaz olan Şakurun bir qadına təcavüz edə biləcəyinə çox az adam inana bilib yəqin ki indiyə qədər) və heç bir sübut olunmadan günahkar göstərilir. Bu məhkəmə sona çatmadan bir gün əvvəl New York-dakı studiosunun önündə 5 güllə ilə vurularaq yaralanır. Həyatda qalmağı bacarsa da insanlara və ən əsası qara irqə olan inamını itirir. Köhnə müsahibələrin birində "bu hadisə olana qədər heç vaxt bir zəncinin məni vuracağına inanmazdım” deyirdi. Vurulmağında Biggie və Sean Combsun səbəbkar olduğunu fikirləşən Pak həyatı qorunmadığı üçün xəstəxanadan həkimlər icazə verməmiş çıxır və evə qayıdır.


Həbs və şöhrət

1995-in 14 fevralında həbs edilir və həbsdə Me Against the World albomunu çıxarır. Bu albom Tupac-a həyatının ən xoşbəxt anlarını yaşadan, 4həftə boyunca reytinqdə birinciliyi qoruyub saxlayan və o günə qədər 1 həftə ərzində ən çox satılan kişi rapçi albomu elan edilir. Bir müddət sonra isə Death Row Records-un sahibi Suge Knight-ın ödədiyi pul və zaminliyi ilə sərbəst buraxılan Tupac, Knight-la razılaşır, və bunun qarşılığında onun şirkətində 3albom çıxaracağını deyir. Sonralar çox möhkəm bir dostluğun başlanğıcı da elə burdan yaranır. Death Row Records-un tərkibində olduğu vaxt Outlaw İmmortalz adında yeni bir qrup yaradır. California Love bu qrupun ilk mahnısı olur. Ardından All Eyez On Me adlı albomu bitirir. Albom iki diskdən ibarət olur (bir ilk olaraq) və anlaşmadakı 3 albomdan 2sinin tamamlandığına sübut olur. Problemləri gündən günə artsa da aralıqsız olaraq işləməyə davam edir və yüzlərcə mahnı yazır. Buna görə də elə ölümündən çox sonralar da yeni-yeni işıq üzü görən mahnıları ortaya çıxır. 4 iyul 1996-cı ildə dünya RAP tarixinin ən sərt və tanınmış diss-i olan möhtəşəm mahnını, "Hit Em Up”u çıxarır. Bullet, Gridlock'd və Gang Related filmlərinə çəkilir.

Ləqəbini Makaveli olaraq dəyişdirməsinin səbəbi həbsdə olduğu müddətdə oxuduğu Niccolo Machiavellinin kitabları olur ki, bu əsərlər onda çox böyük təsir qoyur. Elə bu adla, yəni Makaveli adı ilə, "The Don Killuminati: The 7 Day Theory” albomunu çıxarır. Bu albomdakı mahnıların yazılması 3 gün, stuidoda tamamlanması isə 4 gün vaxt aparır və nəticə olaraq 7 gün içində tarixin ən dahiyanə albomlarından biri tamamlanmış olur.

Heç vaxt sadəcə rep yazmaq üçün qələmi əlinə almayan bu insanın dünya tərəfindən tanınmağı da fərqli olur. Kasıb məhlələrdə yaşayan, polis terroruna qurban gedən insanlar Pakı bir qurtarıcı, xilaskar kimi görür, dövlət insanları, iqtidar, polis və dövlət təşkilatları isə güclü bir düşmənlə qarşı-qarşıya olduqlarını hiss edir, hər yolla adını qaralamağa, önünü kəsməyə çalışırlar. Lakin alınmır. Yenə də Tupak Amaru Şakur adı bütün dünyada əzab görənlərin, kimsəsizlərin öz dərdlərini paylaşdığı bir insana çevrilir.



Faciəli ölümü

Bir insanın ölümü, bir əfsanənin yenidən doğulduğu ilə gəldikdə isə; 7 sentyabrda Tupak, Suge Knight və Death Row Records qrupu Las Vegasda MGM Grand otelində Mayk Taysonu izləməyə gedirlər. Tupaka qardaş kimi yaxın olan Maykın çıxışından sonra otelin önündə Crips küçə qrupunun bir üzvü ilə dava çıxır və Death Row grupu Orlando Andersonu döyür. Bundan sonra Tupac və Suge Knigt Club662 adlı kluba getmək üçün yola çıxırlar. Suge Knight-ın sürdüyü BMW 750iL marka avtomobilin qabaq tərəfində oturmuşdu, və arxalarından dostlarının, cangüdənlərinin olduğu maşınlar gəlirdi. Vurulmağına 20 dəqiqə qalmış qırmızı işıqda durarkən bir fotoqraf Tupac-ın ölümündən əvvəlki o son şəklini çəkir. Saat 23:15-də maşın qırmızı işıqda dayananda ağ Cadillac yaxınlaşaraq Suge və Tupac-ın yanında dayanır, arxa tərəfdə oturmuş naməlum şəxs isə maşına ard-arda güllələr yağdırmağa başlayır. 4 güllə Tupac-a dəyir. Yaraların ən ağırı ağciyərinə dəyən güllə olur, və Suge Knight isə başından kiçik bir yara alır. Xəstəxanaya yerləşdirilən Pac bir neçə əməliyyatdan keçir. İç qanaxmanı dayandırmaq üçün həkimlərin son çarəsi sağ ağciyərini kəsib götürmək olur ki bunu edirlər. Tupacın vəziyyəti ölümcül olaraq qalmağa davam edirdi. 6 günlük həyatla ölüm mübarizəsinin sonunda Tupakın vücudu tamamilə gücdən düşür və 13 sentyabr 1996-cı il saat 16:03-də dünyasını dəyişir. Rəsmi ölüm səbəbi olaraq birdən çox güllə yarasının yaratdığı nəfəs və ürək çatışmazlığı göstərilir. Bədəni yandırılaraq anası tərəfindən küllərinin bir hissəsi Los Angelesin, yəni Tupakın o sevdiyi şəhərin üstünə səpilir.


Tupakın düşündürücü fikirləri

Fikirlərinizi cəmləşdirin, ancaq heç vaxt mediya ilə bölüşməyin.

Bu soyuq küçələrdə sevgi yoxdu, mərhəmət yoxdu, dostluq yoxdu.

Uşaq vaxtı dostlarımla oynadığım dövrlərə getmək istərdim, ancaq zaman həmin zaman deyil artıq.

Anamın bir axmaq böyütmədiyini, hamı gördü.

Dünyada sülhə nail olmazdan əvvəl, küçələrdə sülhü təmin etmək lazımdır.Ölməkdən qorxursan? Yoxsa əbədi olaraq yaşamaq istəyirsən?

Mənim olan bir şey üçün döyüşmək, günahdır?

Tanrının nəzərində mən ölümsüzəm, rahat şəkildə məzarımda yatıram.

Tək dostum kasıblığımdır.

Müharibə etmək lazım olanda pul tapılır, kasıbları doyurmaq lazım olanda isə tapılmır.

Məni iki uzaq dost əvəzinə, bir yaxının kimi gör.