ANA SƏHİFƏ / YAZARLAR

SOYADLARIMIZ

Asif RÜSTƏMLİ

1114    |   2017-11-15 11:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə AYB Natəvan Klubunda "Şeyx Nizami" kitabının təqdimat mərasimində bir professor müəllifin nəvəsinə irad tutaraq ucadan səsləndi ki, babanızın soyadı "Axundov"dur, Siz niyə kitabınızda "Axundzadə" yazıb camaatı çaş-baş salırsınız? Həmin tədbirdə o professor böyük bir "kəşf" sahibi kimi AYB-ın katibinə də eyniməzmunlu iradını səsləndirməkdən özünü saxlaya bilmədi...

Son illər üzv olduğum Dissertasiya Şurasında da Mirzə Fətəli Axundovun niyə Axundzadə yazıldığına hətta opponent rəylərində də rast gəlinir.

2007-ci ilin Novruz bayramı ərəfəsində İnstitutumuzun direktoru, akademik Bəkir Nəbiyev məni iş otağına dəvət edərək "Soyadlarımız" haqqında bir arayış hazırlamağı tapşırdı. Direktor açıq bildirdi ki, sifarişi AMEA Rəyasət Heyətindən akademik-katib Ağamusa Axundov verib. Az keçmədi ki, Ağamusa müəllim özü də mənə zəng edərək televizorda çıxışımı dinlədiyini, mənim "Soyadlarımız" haqqında arayış hazırlamağımı Bəkir müəllimdən xahiş etdiyini bildirdi. Arayışı təqdim etdikdən bir müddət sonra Ağamusa müəllimə zəng edərək "Soyadlarımız"ın taleyi ilə maraqlandım. O dedi ki, arayışı AMEA-nın adından yuxarıya göndərdik. Mən soruşanda ki, o yazını çap etdirə bilərəmmi? Ağamusa müəllim gülərək dedi ki, çap etdirsən yuxarıda biləcəklər ki, o arayışı sən yazmısan. Bir az dayanıb sonra əlavə etdi: eybi yoxdur, çap etdir!

SOYADLARIMIZ
(AMEA Rəyasər Heyətinin sifarişi ilə)

Soyad hər bir xalqın milli mənsubiyyətinin göstəricisi, daşıyıcısı və atributlarından biridir. Milli mənlik şüuru yüksək olan xalqlar öz mədəniyyəti və mənsubiyyəti ilə həmişə fəxr edib. İri imperiyalar tarix boyu işğal etdikləri xırda ölkələrin üzərində hakimiyyətlərini uzunömürlü etmək üçün ilk növbədə yerli əhalinin mədəniyyətinə və milli mənsubiyyət atributlarına davamlı təcavüz etmişdir.
Xalqımızın milli mənsubiyyətinin ciddi nişanəsi, ailələrin möhürü olan soyadlarımız çoxəsrlik kəşməkəşli tariximizin dolanbaclarından, ziqzaqlarından keçərək zamanın nehrəsində bulanma və durulma mərhələlərini yaşayaraq özümüzə və özgələrə aid çoxkomponentli fərq və əlamətlərlə bu günümüzə gəlib çatmışdır. Dünənə, keçmişə boylandıqda belə qənaət hasil olur ki, yalnız özümüz sözümüzün, izimizin, lüğət xəzinəmizin yaradanı, yaşadanı, qədirşünaslarıyıq. Buna görə də özümüz milli sərvətimizin saflığı, təmizliyi keşiyində sərvaxt və istisnasız dayanmalıyıq. Özümüzün sözümüzdən, sözümüzün adımızdan, adımızın soyadımızdan ilkinliyi, birinciliyi şübhəsizdir.
Şumer mifologiyasından və qədim dini kitablardan bizə bəllidir ki, dünyanın ilk insanlarının - Adəmin, Həvvanın, Nuhun, Atropun, Vətanın, Hamın, Samın və s. soyadları olmayıb. Bəşər övladına verilən ilk adlarda diqqəti cəlb edən xüsusiyyətlərdən biri də bu isimlərin sadə olmasıdır. İnsanların və adların nisbəti baxımından birincilərin həndəsi rəqəmlərlə artımı düzəltmə və mürəkkəb adların meydana gəlməsinə səbəb olmuşdur. Şumerlərin beş min ildən çox yaşı olan "Bilqamıs” dastanında mürəkkəb və fərqləndirici komponentlərə malik insan adlarına rast gəlirik. Farsca "Oğuz dastanları”nın türklərin ilk ataları bölümündə isə Nuh peyğəmbərin oğlu Yafəsə türklər Ədülcə və ya Bulca xan da demişlər.
Xivəli Əbülqazi Bahadır xanın "Türkmənlərin şəcərəsi”ndə ("Şəcəreyi-tərakimə”) yazılır ki, Oğuz xanın böyük (uluğ) oğlunun adı Gün xan, ondan kiçiyinin adı Ay xan, ondan kiçiyinin adı Yulduz xan, ondan kiçiyinin adı Gök xan, ondan kiçiyinin adı Tağ xan, ondan kiçiyinin adı Tənggiz (Dəniz) xandır. Oğuz xanın bu oğullarından dünyaya gəlmiş nəvələrinin adları - Qayı, Bayat, Yazır, Yapar, Avşar, Bəydili, Bayındır, Salur, Eymur, İydir və b. bizə məlum olan türklərin ilk boy və soy adlarıdır. Oğuz türklərinin "qamus və namus kitabı” (prof. Y.V.Qarayev) adlandırılan "Kitabi-Dədə Qorqud”da çağdaş Azərbaycan türkləri üçün ənənəvi olan sabitləşmiş soyadlar sisteminə rast gəlirik. Qazan bəy oğlu Uruz bəy, Dirsə xan oğlu Buğac, Baybura oğlu Bamsı Beyrək, Bəkil oğlu İmran, Duxa Qoca oğlu Dəli Domrul, Qanlı Qoca oğlu Qanturalı, Doğsun oğlu Rüstəm və s.
Dünya mədəniyyətinin şah əsərində soyadlarımıza xas komponentlərdən "oğlu” ifadəsinin sıx yer alması təsadüfi deyildir. Yüksək əxlaqi-etik dəyərlərin formalaşdığı cəmiyyətdə şəxsiyyətin və milli mənsubiyyətin fərqləndirici atributu olaraq qohumluq dərəcəsini bildirən bu ifadə tarix boyu Azərbaycan türklərinin soyadında önəmli yer tutmuşdur. X əsr Azərbaycan şairi Bayrək Quşçuoğlu, XIII əsr sənətkarımız İzzəddin Həsənoğlu ədəbiyyat tarixində bu milli soyadları ilə qalmışlar.
XX əsr Azərbaycan ədəbi-ictimai fikrinin intibahında, milli-mənəvi dəyərlərin qorunmasında və yayılmasında, istiqlal və azadlıq ideyalarının təbliğində müstəsna xidmətləri olan görkəmli mütəfəkkir, mühərrir, müəllim, müstəşar, milliyyətçi və mücahid Əhməd bəy Ağayev 1908-ci ildə Türkiyəyə mühacirət etdikdən sonra soyadının sonundakı "yev” şəkilçisini Rusiya imperiyasının köləlik nişanəsi kimi tarixin zibilliyinə atdı və "Kitabi-Dədə Qorqud” boylarında dönə-dönə xatırlanan "oğlu” sözündən yararlanaraq Ağaoğlu oldu. Bu söz kişi cinsini bildirməkdən əlavə, soyad sonluğuna çevrildi. Hətta, Əhməd bəyin qızı, Türkiyənin və Azərbaycanın ilk ali təhsilli hüquqşünas qadını Sürəyya xanım da Ağaoğlu soyadı ilə tanınmışdır. Bu gün də soyadının sonluğu "oğlu” sözü ilə bitən tanınmış xanım sənətkarlarımız var (Aygün Həsənoğlu, Novella Cəfəroğlu və s.).
Azərbaycan Yazıçılar Birliyinin 125-dən çox üzvü rəsmi və ya qeyri-rəsmi "oğlu” sözü ilə sonuclanan soyadla yazıb-yaradır və ya tanınır (Doğrudur, bunlardan bəziləri təxəllüsdür: məsələn - Azəroğlu, Vətənoğlu, Kürdoğlu və s.).
Çağdaş mətbuatımızda isə saysız-hesabsız belə soyadlara təsadüf olunur. Soyadlarımıza qoşulan "oğlu” sözü Azərbaycan türklərinin milli mənsubiyyətini beynəlxalq aləmdə tanıdan ən xarakterik və uğurlu komponentlərdən biridir.
Xalqımızın təkamül mərhələlərində qoşmasız və şəkilçisiz soyadların da tarixi qədim dövrlərə gedib çıxır. Bu qism nümunələrə yenə də "Kitabi-Dədə Qorqud”da rast gəlirik. Məsələn, Salur Qazan, Dədə Qorqud və s. Qazan bəyin adından öncə gələn "Salur” sözü, şübhəsiz ki, onun oğuzların Salur boyundan olduğuna işarədir və soyad funksiyası daşıyır. Soyad yerində işlənən müxtəlif mənalı isimlərin şəkilçisiz və qoşmasız şəxs adları ilə qoşa çəkilməsinin tarixi qaynaqlarda şahidi oluruq. Bunlar əsasən söz sahibləri tərəfindən müxtəlif şəxslərə verilmiş ləqəb, ayama və təxəllüslərdir. "Kitabi-Dədə Qorqud”da Qaraca Çoban, Şöklü Məlik, Dəli Dondar, Dələk Uran, Soğan Sarı və s. bu qəbil adlardandır. Orta əsrlərdən bu günümüzədək Azərbaycan ziyalıları arasında ləqəb və təxəllüslər geniş yayılmışdır. Məsələn, Qazi Bürhanəddin, Şah Qasim Ənvar, Molla Pənah Vaqif, Məhəmmədhüseyin Şəhriyar, Xəlil Rza Ulutürk.
"Kitabi-Dədə Qorqud”da özgə, yabançı soyad sonluqlarına təsadüf olunmur. Lakin, sonrakı əsrlərdə xüsusilə Azərbaycan türklərinin farsların təsir dairəsinə düşdüyü dövrlərdən onlara məxsus milli xüsusiyyətləri soyadlarının sonluğunda daşımalarının şahidi oluruq: Gəncəvi, Şəbüstəri, Nəsimi, Əməni, Fədai, Məsihi, Bakuvi, Nəsiri və s.
XIX yüzilliyin əvvəllərində Rusiya– İran müharibələri nəticəsində "Gülüstan” (1813) və "Türkmənçay” (1828) müqavilələri ilə ikiyə parçalanan Azərbaycanın güneyində fars, quzeyində isə rus köləlik damğaları özünü qabarıq büruzə verirdi. Rusiya işğalına qədər Azərbaycanda mürəkkəb adlardan, ata adından, dini titullardan, ləqəb və təxəllüslərdən geniş istifadə olunurdusa, işğaldan sonra qədim və zəngin mədəniyyətə malik olan xalqı "özəlləşdirmək”, təbəəyə çevirmək, əridib yox etmək məqsədilə soyadların sonuna kütləvi olaraq "ov”, "yev” və "ski” şəkilçiləri yapışdırılmışdır. Mirzə Fətəli kimi görkəmli dramaturq, mütəfəkkir, qələm sahibi əsərlərini çap etdirərkən soyadını "Axundzadə” yazsa da, çar imperiyasının məmuru kimi dövlət sənədlərində o, "Axundov” kimi tanınırdı və ömrünün sonunadək bu yabançı sonluqlu soyadı dəyişməyə nail ola bilmədi.
Cəfər Cabbarlı çar Rusiyası zamanı çap etdirdiyi əsərlərini "Cabbarzadə” soyadı ilə imzalasa da, bu dövrdə onun rəsmi sənədlərində, xüsusilə ali-ibtidai məktəbdən verilən "Şagird bileti”ndə, arayış və şəhadətnamədə "Cabbarov” yazılmışdır. Bəzi sənət adamları "ov”-"yev" şəkilçilərinə etirazlarını qəribə səslənən ləqəblər qəbul etməklə bildirirdi. Məsələn, müqtədir faciə aktyoru Hüseyn Bala Məmməd oğlu Xələfov "Ərəblinski” ləqəbini qəbul etməklə soyadlar sahəsində vəziyyətin faciəvi olduğunu vurğulayırdı. Milli dəyərlərimizə yad şəkilçi ilə sonuclanan "Sarabski”, "Ağdamski”, "Kazımovski”, "Hacınski”, "Şuşinski”, "Şıxlinski” və s. ilk zamanlar yabançı soyadlara etiraz niyyətilə qəbul edilmiş, sonralar isə bu adlara xüsusilə sovet dövründə məlum səbəblərə görə loyal münasibət bəslənmişdir.
Soyadlarımızda sıx-sıx təsadüf edilən sonluqlardan biri də "zadə” kəlməsidir. Farsca "zad” sözündən olub "doğulmuş”, "törəmiş” mənasını verən "zadə” dilimizə gəlmə olsa da orfoqrafiya lüğətimizdə vətəndaşlıq hüququ qazanmışdır. Qədim türk mənşəli "bəy”, "xan” sözlərinə "zadə” əlavə etməklə vaxtikən geniş işlənən düzəltmə sözlərin dilimizdə doğmalaşdığının şahidi oluruq. "Zadə” fars sözü olsa da, farsların soyadının sonluğunda işlədilməsi ənənəvi deyildir. Bu soyad sonluğundan İranda əsasən Azərbaycan türkləri istifadə edir. Quzey Azərbaycanda isə istər çar Rusiyası, istərsə də sovet dövründə rus milli mənsubiyyətinə xas "ov”, "yev”, "ski” şəkilçilərini soyada birləşdirməyə etiraz olaraq, ziyalılarımız "zadə” sözündən istifadə etmişlər. Məsələn, Axundzadə, Ünsizadə, Əfəndizadə, Rəsulzadə, Qənizadə, Məhəmmədzadə, Tağızadə, Vahabzadə. Sonluğu "zadə” ilə bitən soyadlar bu gün də dünyaya səpələnmiş Azərbaycan türkləri arasında geniş yayılmışdır.
Sonluğu "-lı, -li, -lu, -lü” şəkilçiləri ilə bitən soyadlara qədim türk mənbələrində də rast gəlinir. Xivəli Əbülqazi Bahadır xanın "Türkmənlərin şəcərəsi”ndə ("Şəcəreyi-tərakimə”də) göstərilir ki, Oğuz xanın altı oğlundan dünyaya gələn nəvələri, özlərindən sonra nəslin soy kötüyünə çevrilən nümayəndələrindən bir qismi belə adlanırdı: Turbatlı, Kəraylı, Sultanlı, Oklı, Kökli, Suçlı...
Orta əsrlərdə "-lı, -li, -lu, -lü” şəkilçisinin yer adlarına əlavə edilərək şəxs adları ilə qoşa çəklidiyini, soyad yerində işləndiyini müşahidə edirik və şəxsin haradan olduğu haqqında ilkin təsəvvür yaranır: Yusif Balasaqunlu, Arif Ərdəbilli, Abbas Tufarqanlı, Xəstə Qasım Tikmədaşlı. Bu şəkilçilərin fars variantı isə (-i, -vi) orta əsrlər Azərbaycanında və müasir Cənubi Azərbaycanda geniş yayılmışdır.
Respublikamızda ilk dəfə soyad sonluğunun "-lı, -li, -lu, -lü” şəkilçisi ilə verilməsinin qızğın tərəfdarı, bu eksperimenti öz üzərində sınaqdan keçirən, dilimizin saflığı uğrunda müstəsna xidmətlər göstərən, bir sıra adların və terminlərin yaradıcısı, yenilikçi sənətkarımız Cəfər Cabbarlı olub. 1920-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin 1-ci kursuna qəbul olunduğuna görə fakültənin dekanı, professor A.M.Levin tələbəsinin təkidilə ona təqdim etdiyi 524 saylı "Zaçot kitabçası”nda Cəfər Qafar oğlunun soyadını "Cabbarov” və ya "Cabbar¬zadə” yox, ilk dəfə "Cabbarlı” yazmışdır. Sovet dönəmində belə şəkilçili soyadlar geniş yayılmasa da ondan istifadə edənlər var idi: Hacıbaba Nəzərli, Böyükağa Talıblı, Ənvər Məmmədxanlı.
Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mədəniyyətə və kökə bağlılığa, milli şüurun inkişafına, milli mənsubiyyətimizə, soyadlarımızın yenidən nəzərdən keçirilməsinə diqqət artdı. Azərbaycan Milli Məclisinin 1992-ci ildə soyadlarımız barədə qəbul etdiyi qərar problemi tam həll etmək gücündə olmadı. Son 15 ildə milli kökə söykənən soyadlarımızın geniş və çeşidli spektri yaransa da, bütövlükdə, soydaşlarımız türk mədəniyyətinə, məfkurəsinə, adət-ənənəsinə zidd, yabançı adlardan, soyadlardan və soyad sonluqlarından xilas ola bilməyiblər. Bu sahədə Türkiyə Cümhuriyyətinin təcrübəsindən faydalanmanğımız səmərəli olardı. TBMM-in 21 iyun 1934-cü ildə qəbul etdiyi "Soyadı” qanununun ilk maddələrində hər bir türkün öz adından başqa soyadı da daşıması, adın soyaddan öndə gəlməsi, yabançı irqə və millətə aid isimlərin, eləcə də iyrənc və gülünc adların və soyadların istifadəsinin mümkünsüzlüyü vurğulanmışdı. Bu qanununun icrası o vaxt Türkiyədə iki ilə yerinə yetirilmişdi.
Azərbaycanda soyadlarımızın kökə, milli mənsubiyyətə uyğunlaşdırılması məsələsinin nəzərdən keçirməyin, özgə, yabançı adlardan, soyadlarından və soyad şəkilçilərindən birdəfəlik imtina etməyin artıq vaxtı çatmışdır. Rus mənşəli "-ov(a), -yev(a), -ski”, fars mənşəli "-i, -vi, -an, -yan” və s. şəkilçilərin türk mənşəli isimlərə birləşdirərək soyad yaradılması qanunla qadağan edilə, bu qüsurların aradan qaldırılması üçün müddət göstərilə bilər. Soyadlarımız milli mənsubiyyətimizin atributlarından biri olduğu üçün kökümüzə, mədəniyyətimizə, adət-ənənəmizə, tarixi təcrübəmizə uyğun formalaşmalıdır. Bunun üçün yuxarıda deyilənlərə əsaslanaraq təcrübədə özünü doğrultmuş aşağıdakı variantları nəzərdən keçirmək olar:
1. Şəkilçisiz və qoşmasız qəbul edilən soyadlar: Əhməd Cavad, Rəsul Rza, Hüseyn Arif, Abbas Abdulla, Oqtay Rza, Bəhlul Abdulla, Rəşad Məcid...
2. Atanın və ya babanın adının sonuna "oğlu” sözünü artırmaqla yaranan soyadlar: Abdulla bəy Divanbəyoğlu, Əhməd Cəfəroğlu, Gülhüseyn Hüseynoğlu, Arif Əmrahoğlu, Çingiz Əlioğlu...
3. Təxəllüsün soyad yerində işlədilməsi: Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Əli Nazim...
4. Adların sonuna "soy”, "gil” artırmaqla yaranan soyadlar: Firidun Qurbansoy, Möhsün Nağısoy, Aslan Salmansoy, Fərəc Ulusoy, Akif Əhmədgil...
5. Adların sonuna "zadə” əlavə etməklə yaranan soyadlar: Məhəmməd Əmin Rəsulzadə, Əli Bəy Hüseynzadə, Mirzağa Quluzadə, Məmməd Arif Dadaşzadə, Bəxtiyar Vahabzadə, Nizaməddin Şəmsizadə...
6. Adların sonuna "-lı, -li, -lu, -lü” şəkilçisi əlavə etməklə yaranan soyadlar: Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Məmmədkazım Ələkbərli, Mikayıl Rəfili, Osman Sarıvəlli... Asif RÜSTƏMLİ

"Şeyx Nizami" kitabının təqdimat mərasimindən çıxanda milli şairimiz Oqtay Rza dedi: Açıq bəyan edirəm, soyadının sonluğu "ov", "yev" ilə bitən heç bir şairin, yazıçının, publisistin, alimin yazısını bu gündən sonra oxumayacağam!!!

Bakı, 15.11.2017





İmza:

YAZARIN ARXİVİ

2017-11-24 : İti və atası
2017-11-22 : Yeni nəşrlər
2017-11-18 : DEYİLƏM
2017-11-15 : SOYADLARIMIZ
2017-11-14 : Kim güclüdür?
2017-11-09 : Ailə sirri
2017-11-06 : ƏT UCUZLAŞDI…
SON XƏBƏRLƏR
2017-11-24


VİDEO