adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Noyabr 2017 11:05
14456
SİYASƏT
A- A+

Beş saata sığmayan Qarabağ saniyəsi

"Əks halda gözümüz onun-bunun üzündə, qulağımız başqalarının ağzında, Qarabağ da ermənidə qalacaq..."

Bir az səbirli, hövsələli olub Rusiya prezidenti ilə Türkiyə prezidentinin görüşünə olan reaksiyaları izlədim və görüşdən əvvəl gəldiyim nəticələrin faktiki olaraq dəyişmədiyi məlum oldu. Bu görüşdə Qarabağ probleminin müzakirə edilib-edilməyəcəyi bizim üçün daha çox maraq kəsb edirdi, nəinki Rusiya-Türkiyə münasibətləri. Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan bu il 17 dəfə söhbət ediblər, 12 dəfə telefonla, beş dəfə üzbəüz. Və bu dostluqdan irəli gələn mehribançılıq deyil, əksinə, bir-birlərinə, daha çox Rusiyanın Türkiyəyə yaratdığı problemdən qaynaqlanır.

Məqsəd Putin - Ərdoğan görüşünün siyasi şərhini vermək deyil, çünki bu görüş dünyanın diqqətində olan bir hadisə idi və yalnız iki ölkənin mətbuatı deyil, nüfuzlu nəşrlər, siyasətçilər NATO üzvü Türkiyə ilə Rusiya arasında münasibətləri, əlaqələri çeşidli mövqelərdən işıqlandırırlar. Bizim umacağımız Qarabağ idi, amma daha ayıq, soyuqqanlı olanlar bu istiqamətdə heç nə ummur və gözləmirdi.
Türkiyə prezidenti ilə Rusiya rəhbərinin hər görüşündən əvvəl də, sonra da Azərbaycan mətbuatı ürəyindən keçəni dilinə gətirib Qarabağ probleminin də dövlət başçıları arasında mümkün müzakirəsindən və nikbin proqnozlardan yazanda, amma nəticədə türkiyəlilər demiş, ”hayal kırıklığına uğrayanda”, Dostoyevskinin "Alçaldılmışlar və təhqir olunmuşlar” əsərindəki qoca və Azorka haqqında "biz qocayıq, qoca, ilahi, biz necə də qocayıq!” məşhur ifadəsi yadıma düşdü və "biz yazığıq, yazıq, ilahi, biz necə də yazığıq” şəklində yeddi qatımdan keçdi...

Bu dəfəki görüşə günlər qala Qarabağla bağlı mümkün variantlar, təkliflər ciddi müzakirə olundu, hətta Rusiya, Ermənistan mətbuatı da reaksiyalar göstərdi, amma bizim nikbinliyimiz kimi yox, daha çox ironiya şəklində. Türkiyə prezidentinin Qarabağla bağlı Bakıda verdiyi son bəyanatlar isə bəzi ekspert və yazarlarımızı o qədər ilhamlandırmışdı ki, Qarabağ probleminin bizim xeyrimizə, bizim marağımıza uyğun olaraq artıq həll olunduğunu, artıq neçənci dəfə ermənilərin təlaşda olduqlarını dilə gətirib nikbin fikirlər söyləmişdilər. Qınamaq da olmur. 30 ildir millət Qarabağdan bir xoş xəbər almağın ehtiyacı içindədir, qulaqları səsdədir. Səs gəlir, amma onun istədiyi səs yoxdur, hətta pıçıltı da...

Görüş beş saata yaxın çəkdi. Nadir hallarda ölkə başçıları bu qədər uzun çəkən danışıqlar aparırlar. Mətbuatdan və görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransından məlum oldu ki, beş saat ərzində hər iki tərəfi narahat edən siyasi, iqtisadi məsələlər müzakirə olunub. Türkiyə tomatı, "Türk axını”, Akkuyu atom elektrik stansiyası, Suriya konfliktinin çeşidli tərəfləri - İdlibdəki Türk hərbçiləri, kürdlərin nəzarət etdiyi Afrin bölgəsi, İraq Kürdüstanı, ordan gələn neft, C-400 raket kompleksi, Tehran xətti - xülasə, Türkiyəni, Rusiyanı maraqlandıran, narahat edən, həllinin vacib olduğu məsələlər. Beş saata sığışıbsa böyük nəticədir. Müzakirə isə hələ nəticə əldə etmək anlamına gəlmir. Xüsusilə, " kürd” məsələsində.
Qarabağın məxfi, ya aşkara müzakirəsi olmadı. Putin Qarabağ probleminin Türkiyə ilə heç formal müzakrəsinə imkan vermədi, o ki, qala problemi həll edə. Ərdoğanın Qarabağa aid Bakıdakı bəyanatı reallıqdan uzaq, amma bizə xoş gələn sözlər idi və məhz xoş gəlmək üçün də deyilmişdi. Rusiya ilə Türkiyənin beş saatlıq müzakirələrə sığmayan problemləri bir daha təsdiq etdi ki, Qarabağa heç saniyə də ayrılmayacaq. İki daşın arasında 30 illik problemin çözülməsinin effekti olardımı? Ərdoğanın ürəyindən keçərdi, istəyərdi bizim bir nömrəli problemimizi Putinlə müzakirə etsin, amma buna nə Rusiya prezidenti şərait yaradasıydı, nə də Türkiyənin yuxarıda qeyd etdiyimiz saysız-hesabsız problemlərinin müzakirəsi imkan verəsiydi...

Bəzi ekspertlər yenə də deyirlər ki, Qarabağ məsələsi müzakirə olunub, amma məxfi saxlayırlar. Niyə gizli saxlanmalıdır? Müharibə etmək qərara alınıb ki, gizli saxlansın? Bizdən gizlədirlərsə, deməli bizim ziyanımızadır, marağımıza uyğun deyil. Erməni tərəf açıq deyir ki, "Qarabağ söhbəti masaya gəlmədi”. Qarşı tərəf arxayındır. Biz necə? Bizim heç birimiz arxayın deyilik. Qarabağ müzakirə olunubsa da arxayın deyilik, müzakirə olunmayıbsa da.

Hətta, noyabrın 15-də Sarkisyanın Moskvaya gedişini, Lavrovun noyabrın 20-də İrəvan və Bakıya səfərlərini bu görüşün davamı kimi qiymətləndirib cəmiyyəti çaşdırmaqdan çəkinməyənlər nə məqsəd güdürlər? Sarkisyanın Moskvaya səfər edəcəyi az qala bir aydan çox məlum idi ki, Rusiyada Ermənistan mədəniyyəti günlərinin açılışında iştirak etmək üçün gedəcək (yeri gəlmişkən, mədəniyyət günləri iki ay davam edəcək). Lavrov isə Azərbaycan və Ermənistanla Rusiya Federasiyasının diplomatik əlaqələrinin yaranmasının 25 illik yubileyi ilə əlaqədar gəlir. Sonuncunun səfərində "yubiley” bəhanə ola bilər, Qarabağla bağlı hər iki tərəflə nələrisə müzakirə edə bilər, amma bunun Ərdoğan - Putin görüşü ilə heç bir əlaqəsi yoxdur. Lavrovdan bizə xeyir gələsi deyil, çox güman ki, Rusiyanın Cənubi Qafqazda, konkret olaraq Azərbaycan və Ermənistanda maraqlarını gözləmək şərtilə hansısa plan ortaya qoysun. 24 noyabrda Brüsseldə Şərq tərəfdaşlığı sammitində Ermənistanın Avropa İttifaqı ilə çərçivə sazişi imzalayacağı ərəfəsində satellitinə hansısa korrektələr edəcəyi barədə tapşırıqlar da versin və sairə. Yəni, Rusiya bu saat Ermənistan haqqında, Qarabağ haqqında Türkiyə ilə separat danışıqlar aparsı deyil. Televiziya və mətbuatdan söylənən "şirin " yalan təbliğat kimə yönəlib? Bu təbliğat nə erməniyə, nə Rusiyaya qarşı yönəlməyib, çünki onların heç bu təbliğatdan xəbəri yoxdur, olsa da yalnız istehza yaradar. Deməli, təbliğat bizə yönəlib...

Nikbinlik yaxşı əlamətdir, amma az da olsa reallığa söykənməlidir. Biz də dövlət və millət olaraq yazıq günlərə qalmamağımız üçün real nəticəsi olacaq diplomatiya ilə məşğul olmalıyıq, hərbi potensialımızı daha da gücləndirməliyik, bu problemin açarını və ümidini kənarda axtarmamalıyıq. Putin və Rusiya maraqları bu gün əleyhimizədir. Sabaha hazırlaşmalıyıq. "Güc doğandadır”. Gücümüzü dövlət və millət həmrəyliyi üstündə qurub özümüzə arxalanmalıyıq. Bizi güclü görəndə yanımızda da olanların sayı və sanbalı artacaq, düşmən də hesabını götürəcək. O zaman hansısa görüşlərə ümid bağlamaq əvəzinə öz içimizdəki ziddiyyətlərə son verib həqiqi həmrəyliyə nail olmaq lazımdır. Əks halda gözümüz onun-bunun üzündə, qulağımız başqalarının ağzında olacaq. Qarabağ da ermənidə...

İlham İsmayıl