ANA SƏHİFƏ / Layihə

MİLLİ ATLAS DÖVLƏTİN ÖNƏMLİ ATRİBUTUDUR

1822    |   2017-11-15 00:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Dinamik inkişaf yolunda olan Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə, siyasi, iqtisadi, informasiya və s. xarakterli amillərin əhəmiyyətini nəzərə alıb elmin bir çox sahələrinə, ələlxüsus kartoqrafiya elminin inkişafına xüsusi diqqət ayırır. Bu gün ölkəmizdə iqtisadiyyatın və sosial sferanın elə bir sahəsi yoxdur ki, orada kartoqrafiya elminin məhsulu olan xəritə və atlaslara müraciət olunmasın. Xəritə və atlasların ən önəmlilərindən biri də Milli Atlasdır. Müasir dövrdə Milli Atlas hər bir ölkə üçün onun siyasi-inzibati vəziyyətini, təbiətini, iqtisadiyyatını, flora və faunasını, kənd təsərrüfatını, sənayesini, təhsilini, səhiyyəsini, mədəniyyətini, tarixini və s. sahələrini kartoqrafik üsullarla əks etdirən önəmli atributlardan hesab olunur.
Son illərdə dövlət idarəçiliyində və iqtisadiyyatda kartoqrafiya materiallarına tələbatın artması səbəbindən xəritə və atlasın istehsalı üzrə bir sıra tədbirlər həyata keçirilmişdir. Məhz bu səbəbdən Milli Atlasın nəşrinə mühüm bir dövlət vəzifəsi kimi yanaşılmış və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Milli Atlası"nın çapının təmin edilməsi məqsədilə 20 aprel 2011-ci il tarixli1436 saylı Sərəncam imzalanmışdır.
Milli məkan məlumatları infrastrukturunun fundamenti hesab edilən Milli Atlas üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap edilmişdir. Ölkə rəhbəri Milli Atlasın nəşrini yüksək qiymətləndirmişdir: "Azərbaycan Respublikasının Milli Atlası ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir. Atlas özündə əhatəli elmi məlumatlar ehtiva etməklə ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır. Müxtəlif sahələrdə çalışan alimlərin və mütəxəssislərin uzunmüddətli əməyi nəticəsində ərsəyə gələn kitabın Azərbaycanla bağlı yüksək rəsmi nəşr statusu onun əhəmiyyətini daha da artırır".
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Milli Atlası 19 bölmədən, 444 səhifədən və 1000-ə yaxın xəritə, diaqramm, cədvəl, izahedici mətndən və digər vacib material və məlumatlardan ibarətdir. Atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir. Bununla belə respublikamız haqqında ümumi məlumatlar da kartoqrafik üsulla əks etdirilib.
"Ümumi səciyyə" adlı bölmədə ölkəmizin dünya siyasi xəritəsindəki mövqeyi əks edilmiş, yerləşdiyi region, onun qonşuları haqqında məlumatlar kartoqrafik üsulla təsvir edilmişdir. Eyni zamanda mətn formatında ölkəmizin coğrafiyası haqqında məlumtalar verilmişdir. Burada Azərbaycan Respubliksı ərazisinin Yerətrafı kosmik fəzada peykdən çəkilmiş fotosu, siyasi-inzibati, ümumi-coğrafi xəritələri, Azərbaycan Respublikasının türk dünyasındakı mövqeyini əks etdirən xəritəsi, Naxçıvan Muxtar Respublikasının siyasi-inzibati, ümumcoğrafi xəritələri, Abşeron yarmadasının ümumcoğrafi xəritəsi təsvir edilmişdir. Bölmədə həmçinin Azərbaycan Respublikasının təbii şəraitinin və təbii ehtiyatlarının qiymətləndirilməsi, iqtisadi rayonlaşdırma, ekoloji-coğrafi rayonlaşdırma, Azərbaycan Respublikasında ekoloji vəziyyətin qiymətləndirilməsini əks etdirən xəritələr mövcuddur. Ümumilikdə, bu bölmədə 18 adda xəritə materialı və izahedici mətn yerləşdirilmişdir.
Atlasın ən geniş, əhatəli bölmələrindən biri "Tarix" bölməsidir. Azərbaycan xalqının tarixi keçmişini yüksək səviyyədə aça bilən bu bölmənin xəritə və mətnləri hazırlanarkən tarix elminin ictimai rəyin formalaşmasında mühüm əhəmiyyəti nəzərə alınmışdır. Ölkəmizin müstəqilliyinin əldə edilməsinə qədər tarixi inkişaf mərhələləri xəritələrdə öz əksini tapmışdır. Azərbaycan ərazisinin ən qədim dövrlərin tarixi xəritələrdəki təsvirləri, bu ərazidə eramızdan əvvəl yaranmış dövlətlər, qədim tayfa birlikləri qədim Daş dövrü abidələri, Tünc dövrü abidələri haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, ərəb xilafətinin Azərbaycan ərazisində yayılması, Xürrəmilər hərəkatı, Atabəylər dövləti, Hülakilər dövləti, Naxçıvan və Qarabağın XIII-XIV əsrlərdəki vəziyyəti haqqında xəritələr xronoloji ardıcıllıqla yerləşdirilmişdir. Orta əsrlərdə mövcud olmuş Qaraqoyunlu, Ağqoyunlu dövlətləri haqqında xəritələr, Səfəvilər dövlətinin yaranmasının və inkişafının əsas mərhələlərini, eləcə də Nadir şah Əfşarın imperiyasının hüdudlarını əks etdirən xəritələr çox maraqlıdır. Azərbaycanın xanlıqlar dövrü ayrıca xəritələrlə təsvir edilmişdir. Burada Qarabağ, Naxçıvan, İrəvan, Quba və s. xanlıqların xəritələri həmin dövrlərdəki baş vermiş tarixi hadisələr haqqında təsəvvür yaradır.
Azərbaycan Rusiya imperiyası tərəfindən işğalını əks etdirən xəritələr həmin dövrdəki tarixi hadisələri əhatə edir. Bu xəritələr qədim Azərbaycan torpaqlarına İran və Türkiyədən ermənilərin Rusiya imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi haqqında aydın təsəvvür yaradır. Ermənilərin çar Rusiyası zamanında azərbaycanlılara və müsəlmanlara qarşı törətdikləri qətliamlar, Bakıda və Bakı ətrafında baş vermiş qırğınlar xəritədə göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSRİ-nin yaranması və inkişaf mərhələləri də xəritədə təsvir edilmişdir. Böyük Vətən Müharibəsində Azərbaycan neftinin əhəmiyyətini nəzərə alaraq iki xəritə, bir sıra fotoşəkillər, mətnlər verilmişdir. Azərbaycan Respublikasına qarşı Ermənistanın 1988-1993-cü illər ərzində təcavüzünə dair xəritələr həmin dövrdə baş vermiş faciələri əks etdirir. Burada işğal edilmiş ərazilər, qaçqın və məcburi köçkünləri kütləvi köçü, talanların və qırğınların baş verdiyi ərazilər, etnik təmizləmələr və sair haqqında tam təsəvvür yaradılır. Azərbaycan ərazisində qədim dövrlərdən başlayaraq indiki dövrə qədər dövriyyədə olmuş pul nişanları, qədim zərbxanalar, əsginazlar, sikkələr təsvir və xəritələrlə göstərilmişdir. Azərbaycan Respublikasının son dövrlərdə tədavüldə olan pul nişanları haqqında da ətraflı məlumat verilir. Tarix bölməsi üzrə ümumilikdə 54 xəritə hazırlanmışdır.
Xəzər dənizinin Azərbaycan Respublikasının iqtisadi və sosial həyatında, onun inkişafında çox böyük rolu var. Xəzər dənizinin ölkəmiz üçün həyati əhəmiyyəti eyni adlı bölmədə xəritə və mətnlərdə təsvir edilmişdir. Burada Xəzər dənizinin coğrafi xəritəsi, Xəzər dənizinin sutoplama hövzəsi, Xəzər dənizində ilin qış dövründə buzların dreyfi, Xəzər dənizinin geomorfologiyası, burada günəş radiasiyası, su səthində axınlar, küləklər, dalğalanmalar, temperatur rejimi, buxarlanma, sahil küləkləri və sair haqqında xəritələr Milli Atlasa daxil edilmişdir. Xəzər dənizində neft və qaz yataqları dənizin ekologiyası haqqında olan xəritələr maraqlıdır. Bölmədə ümumilikdə 27 kartoqrafik material, mətn, slayd və sair materiallar verilmişdir.
Ölkəmizin geoloji quruluşunun xüsusiyyətləri, yeraltı və yerüsitü sərvətlərinin yayılması atlasın "geoloji quruluş və yer təkinin ehtiyatları" bölməsində 31 xəritə, mətn və sair materiallar əks edilmişdir. Burada Azərbaycan Respublikası ərazisinin geoloji quruluşu ayrıca xəritədə göstərilmişdir. Abşeron yarımadasının respublikanın iqtisadi həyatında əhəmiyyətini nəzərə alaraq bu yarımadanın və Naxçıvan Muxtar Respublikasının ərazisinin geoloji quruluşu ayrıca xəritələrdə göstərilmişdir. Bu bölmənin xəritələri ərazidə tektonik rayonlaşma, Yer qabığının müasir, şaquli və üfüqi hərəkətləri, netektonika, zəlzələlər, maqnit sahəsi, qrabimaqnit, anomaliyalar, raioaktivlik, müxtəlif filiz və qeyri-filiz yataqları və sairə haqqında məlumtaları əhatə edir.

(ardı gələn sayımızda)

Nicat NOVRUZOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


İmza:
SON XƏBƏRLƏR
2017-11-24


VİDEO