adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Noyabr 2017 17:20
14264
MƏMLƏKƏT
A- A+

YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlıya səfər təşkil edib

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Səbail rayon təşkilatının və Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil olunub.

Adalet.az-ın məlumatına görə, Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin rəhbərliyi ilə partiya fəallarından, o cümlədən rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrindən ibarət 90 nəfər iştirak edib.

Səfərin iştirakçıları əvvəlcə Füzuli rayonunda yerləşən "N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Görüş zamanı aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin, həyatını itirmiş mülki şəxslərin və həmin hərbi hissənin 19 şəhid hərbi qulluqçusunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyini əsgərlərlə birlikdə qeyd etmək üçün Cocuq Mərcanlıya gələn YAP Səbail rayon təşkilatı nümayəndə heyətinə təşəkkürünü bildirən korpus komandirinin müavini, zabit Elşad Əbilov əlamətdar hadisə münasibətilə hər kəsi təbrik edib, şəxsi heyətin xidməti-döyüş hazırlığı barədə məlumat verib. Bildirib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi qüdrətini də gündən-günə artırır. Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Döyüş hazırlığına ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda istər quruda, istər havada, istərsə də dənizdə istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd edib ki, Orduda xidmət hər bir Azərbaycan gənci üçün şərəf və qürur mənbəyidir. Bu gün Ordumuzun hər bir əsgər və zabiti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın ərazi bütövlüyünün bərpası, torpaqlarımızı işğalçılardan azad etməyə tam qadirdir və buna hazırdır.

Şəmsəddin Hacıyev 2016-cı ilin aprel döyüşlərindən də danışaraq diqqətə çatdırıb ki, Milli Ordumuz tərəfindən həyata keçirilən sürətli əks-həmlə zamanı Ermənistanın hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bir neçə istiqamətində yarılıb. Nəticədə Ordumuz strateji əhəmiyyətə malik yüksəklikləri və yaşayış məntəqələrini düşməndən tam azad edib. Aprel döyüşləri Azərbaycan hərb tarixinə ən şərəfli hadisələrdən biri kimi yazılıb və düşmən üzərində parlaq qələbə bu hərbi hissənin göstərdiyi qəhrəmanlıqlar nəticəsində qazanılıb.

"Bu gün Azərbaycan əsgəri və gəncliyi, ümumən bütün xalqımız öz əzəli torpaqlarını azad etmək üçün Ali Baş Komandanımızın əmrinə tam hazırdır. Amma biz istəyirik ki, məsələni beynəlxalq hüquq normalarına uyğun olaraq, sülh yolu ilə həll edək. Ali Baş Komandanımızın da dediyi kimi, status-kvo qəbul olunmazdır və biz öz ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik, bir qarış torpağımızı da güzəştə getməyəcəyik”, - deyə Ş.Hacıyev vurğulayıb.

Qeyd olunub ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünü nəinki düşmənə, eləcə də bütün dünyaya göstərdi. Ölkəmiz gündən-günə güclənir, iqtisadiyyatımız inkişaf edir. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsindən çoxdur. Respublikamızda elm və təhsilə ayrılan vəsait Ermənistanın dövlət büdcəsinin yarısı qədərdir.

Diqqətə çatdırılıb ki, son iki ayda Azərbaycan mühüm müqavilələrə, transmilli layihələrə imza atıb. "Əsrin müqaviləsi”nin davamı olaraq, "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin açılması ilə bağlı hazırlıq işləri Azərbaycanın gücünün, iqtisadi və hərbi qüdrətinin əsas göstəriciləridir. Bütün bu layihələrdən təcrid olunan Ermənistan özünü daha da acınacaqlı vəziyyətə salıb.

Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Ş.Hacıyev deyib ki, bu, iqtisadiyyatımızın inkişafı ilə bilavasitə bağlıdır. İqtisadiyyat güclü olanda, ordu da güclü olur.

"Bu gün bütün Azərbaycan xalqı sizinlədir. Biz bu gün sizin aranızda olmaqdan böyük qürur hissi duyur və sizə möhtəşəm qələbələr arzulayırıq. İnanırıq ki, üçrəngli bayrağımızın Ağdərədə, Xankəndidə, Şuşada dalğalanacağı gün uzaqda deyil. Əldə etdiyimiz bu uğurlar, Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasəti nəticəsində Qələbə Günü getdikcə yaxınlaşır. Əgər məsələ sülh yolu ilə həll olunmasa, biz torpaqlarımızı döyüşərək geri qaytaracağıq”, - deyə Ş.Hacıyev qeyd edib.

Sonra YAP Səbail rayon təşkilatının və rayon icra hakimiyyətinin adından hərbi hissəyə xatirə hədiyyələri təqdim olunub.

Bakı Bələdiyyə Teatrının hazırladığı səhnəciklər əsgər və zabitlərimizdə xoş ovqat yaradıb. Teatrın üzvləri əsgərlərlə birlikdə rəqs ediblər.

Azərbaycan əsgərinin görüşünə gələn Cocuq Mərcanlı məktəblilərinin səsləndirdikləri şeirlər tədbirə rəngarənglik qatıb.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupuna fəxri fərmanlar verilib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev hərbi qulluqçuların mükafatlandırılması mərasimində çıxış edərək Ordumuzun şücaətlərindən danışıb.

Sonra nümayəndə heyətinin üzvləri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər.

Cocuq Mərcanlıda şəhid Novruz Aslanov adına tam orta məktəbə gələn qonaqlar sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə maraqlanıb, müəllim və şagirdlərlə həmsöhbət olublar.

Məktəbə müxtəlif hədiyyələr və kompyuter dəsti təqdim edilib.

Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidlə tanışlıq da qonaqlarda unudulmaz təəssürat yaradıb.

Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlıda düşmənlə sərhəd postlarında növbə çəkən əsgərlərin şəraiti ilə yaxından tanış olublar.