ANA SƏHİFƏ / MƏMLƏKƏT

TÜSTÜ-BACALAR TƏMİZLƏNMƏSƏ…

Onda dəm qazından ölənlərin sayı daha da çoxalacaq

1789    |   2017-11-14 13:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün ölkəmizdə qazla işləyən müxtəlif sobalardan əhali daha geniş istifadə edir. Düzdür, əvvəllər məmləkətimizdə kömür, odun sobalarından kifayət qədər insanlar yararlanırdı. Bu gün isə həyat tamamilə başqa bir axarda davam eləyir. Yəni təbii qazla işləyən sobalar məmləkətimizin ticarət mərkəzlərində və mağazalarında istənilən qədərdir. Aydındır ki, buna da əhalinin böyük bir hissəsi maraq göstərir.

Amma gəlin onunla razılaşaq ki, qazla işləyən sobalar evi nə qədər yaxşı istidir, qızdırırsa, onun bir o qədər də təhlükəsi var. Əlbəttə, bir qədər ehtiyatlı, məsuliyyətli davranan insanlar həmin sobaların təhlükəsizlik məsələlərini həmişə diqqət mərkəzində saxlayırlar. Başqa sözlə demiş olsaq, bu cür sobaların «dilini» tapmağı bacarırlar.

İndi qayıdaq əsas məsələnin üstünə. Yəni Bakıda və digər şəhərlərdə, rayonlarda, yaşayış sahələrində qaz sobalarının necə quraşdırılmasına. Bir çoxları deyir ki, İran sobaları çox təhlükəlidir. Bu nə dərəcədə doğrudur, ya doğru deyil, onu həmin sobalardan istifadə edən insanlar daha yaxşı bilirlər. Bir də görürsən ki, hansısa inhisarçı ölkəmizə külli miqdarda qaz sobaları gətizdirdi və onun da bir göz qırpımında televiziya kanallarında fasiləsiz reklamına başlandı. Guya həmin məhsullar brenddir və onun tayı-bərabəri yoxdur. Bu məhsullar reklam olunanda əvvəllər gətirilmiş qaz sobaları gözdən salınır və hətta bildirilir ki, bunlar həyat üçün çox təhlükəlidir.

Bax, bununla razılaşmayan çoxlu sayda insanlar var. Mənim yaxın dostlarımdan biri deyir ki, düz 15 ildir mənzilimdə qazla işləyən İran sobası quraşdırmışam. İndiyə qədər bu sobanın heç bir problemi yaranmayıb. Sadəcə olaraq məhsul haranın olmasından asılı olmayaraq, onu düzgün quraşdırmaq lazımdır. Bizim də sobanı mütəxəssis o qədər dəqiq və yaxşı quraşdırıb ki, bu 15 ildə heç bir çətinlik yaşamamışıq. Çətinlik çəkənlər bir məsələni unudurlar: onlar sobanın texniki hissəsinə müdaxilə edir, ordakı avadanlığı çıxarır və guya bu yaxşı işləyəcək. Təbii ki, qaz sobasına da müdaxilə edəndə istər-istəməz müəyyən problemlər yaşanır.

Dəm qazından boğulmanın bir neçə səbəbləri var. Onun əsas iki səbəbini oxucuların diqqətinə çatdırırq: birinci səbəb tüstü-bacaların vaxtında təmizlənməməsidirsə, ikinci səbəb qaz sobalarının düzgün quraşdırılmamasıdır. Bax, bu iki səbəb həmin vaxt istər-istəməz özünü göstərir. Və təsadüfi deyil ki, hər il ölkəmizdə dəm qazından dünyasını dəyişən insanların sayı onlarladır. Sanki bu dəm qazı insanlara meydan oxuyur.

Düzdür, bir çox təhlükəsizlik tədbirləri görmək üçün payız və qış mövsümündə Fövqəladə Hallar Nazirliyi əhalini maarifləndirir. Aydındır ki, bu təbliğatdan nəticə çıxaranlar da var, onu qulaqardına vuranlar da. Məsələn, nəticə çıxaranlar mövsümqabağı bir daha tüstü bacalarını təmizlətdirir, qaz sobaların texniki qüsurlarını aradan qaldırır. Nəticə çıxarmayanlar isə yastığı başının altına qoyub yatırlar. Elə yatırlar ki, bəzən heç yuxudan oyanmırlar. Yəni evə dolan dəm qazı onları boğur və nəticədə o insanlar həyatla vidalaşmalı olurlar.


Xüsusən dəm qazından Bakı şəhrində boğulanların sayı daha çoxdur. Bu da bayaq dediyimiz səbəblərlə bağlıdır. Bəs indi necə etmək lazımdır ki, ölkəmizdə dəm qazından boğulanların sayı azalsın, yaxud onun qarşısı tamamilə alınsın. Səmimi demiş olsaq, bu cür boğulmaların qarşısını tamamilə almaq o qədər də asan deyil. İndi biz ona çalışmalıyıq ki, mövcud problemləri necə aradan qaldırmaq mümkündür.

İlk növbədə qarşıda duran əsas vəzifə tüstü-bacaların təmizlənməsidir. Sovet dönəmində bu işi Mənzil İstismar İdarələri icra edirdi. Artıq mənzil istismar sahələri ölü bir vəziyyətə gətirilib və can üstündədir. 30-40 ilin binaları isə son 20 ildə bir dəfə də olusun tüstü bacaları təmizlənməyib.

Məsələn, Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki 13 nömrəli binada tüstü-bacalarda 20 ildən çoxdur ki, təmizlənmə işləri aparılmayıb. Mənzil Kooperativ Təşkilatının sədri Mənsim Məmmədov çox bacarıqlı və işgüzar bir insandır. Amma bununla məsəldə həll olunmur. Çünki özəl qurumlar bir tüstü-bacanın təimzlənməsinə 20-30 manat pul istəyir. Və 13 nömrəli binada da 16 tüstü- baca var. Bunun da təmizlənmə qiyməti 360 manat yaxın pul eləyir.İndi yazıq sədr bu pulu hardan tapıb versin? Mənzil sahibləri də deyir, onların biri də irəli durub 5 manat pul vermir. Belə olan halda isə tüstü-bacalar təimzlənməmiş qalır.

Yeni Günəşlidə əksər binaların tüstü-bacaları uzun illərdir təmizlənmir. Çox nadir bina tapılar ki, o binada yaşayanlar pul yığırlar və tüstü-bacaları vaxtında qaydaya salırlar. İndi bu məsələlərlə özəl qurumlar məşğuldur. Özəl quruma da pul verməsən heç kəs gəlib sənin binanda tüstü-bacanı təmizləməyəcək. Düzdür, indi «JEK»-lər oyundan kənar vəziyyətə düşəndən sonra bu işlə özəl qurumlar maraqlanır. Onların da bayaq dediyimiz kimi, dünya vecinə deyil. Yəni loru dildə demiş olsaq, «Araz aşığından, Kür də topuğundandır». Ona görə də bizim fikrimizcə, özəl qurumlarla yanaşı, bu məsələlərlə məşğul olan bir dövlət təşkilatı da yaradılmalıdır. Heç olmasa həmin dövlət təşkilatı cüzi bir məbləğlə gəlib mənzillərin tüstü-bacasını təmizləsə dünya dağılmaz ki?!

Hər halda, biz mövcud problemlə bağlı fikir və təkliflərimizi səsləndiririk. Çünki hər il payız və qış mövsümlərində tüstü-bacaların və qaz sobalarının düzgün işləməməsi nəticəsində bayaq dediyimiz kimi, ölkəmizdə onlarla insan dəm qazından boğularaq dünyalarını dəyişirlər. Kim bilir, bu il nə qədər insanın, şər deməsən xeyir gəlməz, dəm qazından boğulmaq ehtimalı var. Özü də heç kim deyə bilməz ki, o dəm qazından boğulacaq adam mənim, sənin və bizim hamımızın yaxın qozumu olmayacaq.

Ona görə də «Ədalət» qəzeti olaraq biz həyəcan təbili çalır, insanları bu ölüm kabusundan xilas etməyə çağırırıq. Ən azından ona görə ki, bir nəfərin xilas edilməsi o ailənin xoşbəxtliyi deməkdir. Bir nəfərin dünyasını dəyişməsi isə hər hansı ailənin göz yaşı, kədəri, qəmidir. Gəlin, bu payız və qış mövsümü kimlərinsə göz yaşı tökməyinə və qəlblərinə kədər çökməyinə imkan verməyəyin!..


Faiq QİSMƏTOĞLU


İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK