adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Noyabr 2017 11:36
10344
GÜNDƏM
A- A+

Mətbuat Şurasından Altay Zahidov haqda NEKROLOQ

Mətbuat Şurası Altay Zahidov haqda nekroloq yayıb. Nekroloqda deyilir:

Tanınmış jurnalist və pedaqoq, professor Altay Zahidov dünyasını dəyişib. Azərbaycan Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri bu acı xəbərdən təəssüfləndiklərini bildirir, mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Altay Qulam oğlu Zahidov Azərbaycan jurnalistikasının inkişafına layiqli töhfələr vermiş, sözün əsl mənasında peşəsinin təəssübünü çəkən dəyərli həmkarlarımızdan idi.

1933-cü ildə Bakıda anadan olmuş Altay Zahidov uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (o zamankı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində) müxbir və şərhçi kimi fəaliyyət göstərib.

Özünəməxsus yaradıcılıq dəst-xəttinə malik A.Zahidovun jurnalistika sahəsindəki pedaqoji fəaliyyəti də diqqət çəkib. O, Qərb Universitetinin jurnalistika fakultəsində özünün bilik və bacarığını gənc nəslə çatdırıb.

Mərhum jurnalist media cameəsində baş verən proseslərdə aktiv iştirakı, müxtəlif məsələlərlə bağlı qətiyyətli və prinsipial mövqeyi ilə həmkarlarının rəğbətini qazanmağı bacarıb. Bu cəhət onu cəmiyyətə bütöv şəxsiyyət, dəyərli ziyalı kimi tanıtdırıb.

Peşəkarlığı ilə yanaşı, səmimiliyi, qayğıkeşliyi ilə qəlblərdə özünə əbədi yer tapmış Altay Zahidovun yoxluğu ümumilikdə jurnalistikamız üçün ağır itkidir.

Azərbaycan Mətbuat Şurası bir daha mərhumun ailə üzvlərinə, doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara Uca Tanrıdan səbr diləyir.

Allah rəhmət eləsin!