ANA SƏHİFƏ / GÜNDƏM

MƏĞLUBİYYƏTİN REVANŞ ŞANSI DA VAR

2732    |   2017-11-13 16:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mətbuata nəzər salsaq hazırda iki «oğru dünyası»nın apardığı amansız mübarizənin şahidi oluruq. Bir tərəfdən «siyasi oğrular» dünyasının – ABŞ, Rusiya, Çin və aparıcı Avropa dövlətləri, digər tərəfdə isə «qanuni oğrular» dünyasının kriminal avtoritetləri nüfuz dairələrini genişləndirmək iddialarını ortaya qoyublar. Hər iki «cəbhədə» «sxodkalar» gərginliyi ilə davam etməkdədi.

Artıq Yaxın Şərqdə və müsəlman ölkələrində müharibə ocaqlarını alovlandıran Birləşmiş Ştatların prezidenti Donald Tramp Asiyaya da özünün «yeni siyasətini» təqdim etmək üçün turnesinin sonuncu nöqtəsi Filippinə gedib. Bundan əvvəl Yaponiyada və Çində olan ABŞ liderinin Şimali Koreyaya qarşı birgə mübarizə aparmaq üçün koalisiya yaratmaq cəhdləri alınmadı. Turnenin nəticələri göstərir ki, Asiyanın bu regionunda Çinin liderliyi danılmazdı. ABŞ isə burda öz nüfuzunu itirməkdədi.

Birləşmiş Ştatların Şərqi Asiya rejionunu qarışdırmaq siyasəti də nəticəsiz qalır. Belə ki, Pekinə təzyiqi gücləndirmək məqsədilə qonşu dövlətlərin Çinə qarşı ərazi məsələlərinin qabardılması təklifi də Filippinin lideri tərəfindən rədd edildi. Ümumiyyətlə, region dövlətləri bütün mübahisəli məsələləri Vaşinqtonun iştirakı olmadan öz aralarında danışıqlar yolu ilə həll edilməsini daha münasib hesab edirlər. ABŞ-ın isə nüfuz dairəsini bərpa etmək üçün yeganə yolu Şimali Koreyaya qarşı müharibəyə başlamaqdır ki, onun da ağır nəticələrinin ola biləcəyi təhlükəsi hələ ki belə bir müharibəyə başlamaq imkanı vermir.

«Qanuni oğru»lar dünyasında da bir nömrəli qanuni oğru kreslosu uğrunda mübarizə getdikcə daha da gərginləşməkdədi. Rusiya kriminal mafiyasının hazırki lideri Zaxarya Kalaşovun (Şarko Molodoy) kriminal klanı onun həbsdə olmasını nəzərə alaraq bu «kresloya» varis axtarışındadı. Əsas namizəd Vasya Voskres (Vasili Xristoforov) həmin kreslonu tutmaq üçün artıq özünə Gela Kardova və Vaqif Bakinski kimi tərəfdaşlar toplamış qanuni oğru Edik Osetrina ilə amansız müharibə aparmalıdı.

Vaqif Bakinski kriminal aləmdə geniş maliyyə imkanlarına malik olsa da, ətrafı o qədər də geniş deyil. Ona görə də o, bu yaxınlarda 22 illik həbs həyatından sonra azadlığa çıxmış Nadir Səlifovla (lotu Quli) koalisiya yaratmaq məcburiyyətindədi. Kriminal aləmdə böyük nüfuz sahibi Quli artıq ətrafını genişləndirmək məqsədilə fəaliyyətə başlayıb. Və tədricən kriminal dünyanın liderliyini ələ almaqdadı. Hazırda Türkiyədə məskunlaşan Nadir Səlifov öz kriminal klanını formalaşdıraraq nüfuz dairəsini ələ almaq üçün müharibəyə hazırlaşır.

Yəni kriminal dünya da nüfuz dairəsini genişləndirmək üçün müharibəyə hazırlaşır, siyasi dünya da. Lakin heç kim düşünmür ki, bu qanlı müharibələrdə qaliblər olmur. Müvəqqəti qalibiyyətlər isə elə müvəqqəti xarakter daşıyır. Çünki hər bir məğlubiyyətin revanş şansı da var.

Rüstəm HACIYEV




İmza:
SON XƏBƏRLƏR
2017-11-24


VİDEO