adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Noyabr 2017 16:12
27606
MƏDƏNİYYƏT
A- A+

RUSİYANIN ƏN DÜRÜST SƏSİ BATDI

Sükut... O danışana qədər də hər kəs susurdu, danışanda da dinməzcə dinlədilər, dünyasını dəyişəndə də səslər qısıldı. Onun dilə gətirdiyi faktlara cavab vermək mümkün deyildi, çünki ondan başqası danışsaydı, başına nələr gələcəyini bir Allah, bir də KQB bilirdi. Amma onun zarafata salıb dediyi sözlərə elə özünün də gözlədiyi cavab bu olurdu – gülüş və sükut. Düz sözü də elə zarafatla deyərlər... SSRİ-nin və varisi Rusiyanın ən dürüst səsi – Mixail Zadornov əbədi susdu. Çoxları onun belə cəsarətli olmasının səbəbini Sovet idarəçiliyində yüksək vəzifə tutmuş qayınatasına (Latviya Kommunist Partiyasının I katibi Yan Kalnberzin) və sonralar yaxın dostu olmuş Rusiya prezidenti Boris Yeltsinə arxalanmasında görürdülər. Amma Yeltsinə qədər də susdurula bilməyən Zadornov, SSRİ-nin bütün çatışmazlıqlarını dilinə dolayırdı. Qayınatasına arxalanmağına gəlincə, əslində iynəyələyici satirasını işə salması ilə vəzifədə olan kişinin "arxa”sını kürsüdən asanlıqla tərpədə bilirdi. Yox! Zadornov nə özünü, nə yüksək rütbəli qohumunu, dostunu düşünmədən danışırdı. Xalq üçün danışırdı, yatanları ayıldırdı. Xalqın ona olan rəğbəti idi ki, 1991-ci ildə ənənəvi Yeni il müraciətində hamının gözlədiyi kimi prezident deyil, məhz Zadornov xalqa müraciət etmişdi. Bu SSRİ və Rusiya tarixində görünməmiş bir hadisə idi!

Zadornov kim idi?

Onun həyatı söz üzərində qurulmuşdu. SSRİ-nin tanınmış yazıçıları ailəsində boya-başa çatmış Mixailin nənəsi Vera Zadornova, atası Nikolay Zadornov, böyük bacısı Lyudmila Zadornova da qələmə bağlı insanlar olub. Gözünü açandan dünya ədəbiyyatının içində "səyahət” edən Zadornov sonralar təkcə yazmaqla kifayətlənmədi. Sözə azadlıq verdi, sözü musiqiyə çevirdi. Bu da yetmədi. Əlinə əsa alıb dünyanı dolaşdı. Mixail Zadornov həm də tanınmış səyyahdır. Bu günə qədər istər coğrafi, tarixi, istərsə də ədəbi səpkili 10-dan artıq kitabı işıq üzü görüb. Satirik, yazıçı, yumorist, dramaturq, bəstəkar, linqvist, tarixçi, coğrafiyaşünas və daha neçə sahəni əlində cəmləşdirdi. Yorulmadı, külüngünü hər sahədə çaldı, gözünün götürmədiyi, ağlına batmadığı nə vardısa ələ saldı. SSRİ-nin süqutu çoxları kimi Zadornovu da sonralar nostaljiyə bağladı. Hərçənd rejimin çatışmazlıqlarından ən çox o gileylənərdi. Amma xatirələr və yaşanmışlar dərin olanda, kələ-kötür qüsurlar zamanla hamarlanır. "Yeni dünya”nın yoluxdurduğu yeni həyata uyğunlaşmaq istəmədi, başqalarını da soyutmağa çalışdı. Əsərlərinin, çıxışlarının çoxu qərb həyat tərzinə qarşı idi.

Zadornov haqqında maraqlı məlumatlar

Rusiya ərazisində dahi Puşkinin bəlkə də yüzlərlə büstü, heykəli var. Amma böyük insanın sonralar şair olmasında rolu olan dayəsi Arina Rodionovnaya heykəli məhz Mixail Zadornov qoydurub, həm də şəxsi hesabına.

Zadornov tənqidi fikirlərinə görə ABŞ və Ukraynada Persona Non Qrata elan olunmuşdu.

2009-cu ildə plagiatlıqda ittiham olunub. Yəhudi yazıçı Viktoriya Rayxerin əsərini mənimsədiyinə görə üztr istəməli və 100 min rubl kompensasiya ödəməli olub.

2010-cu ildə Vladivostok qadınlarını alçaltdığına görə (Burada yaşayan qadınların fahişə kimi geyindiyini çıxışlarının birində söyləmişdi) tezliklə sərt təpkiylə qarşılaşır: tualet kağızlarının üstündə Zadornovun şəkli çap olunaraq kütləvi istifadəyə çıxarılır.

Zadornov bir müddət öncə şamanlığa meyl salaraq xristianlıqdan imtina etsə də, ötən ilin sonlarında yenidən pravoslavlığa geri dönmüşdü.

Böyük satirikin xatirəsinə

"O, heç bir siyasətçinin deyə bilmədiklərini dilə gətirdi. Belə insanlar dünyadan gedəndə adamın inanmağı gəlmir”, – İosif Kobzon, SSRİ Xalq Artisti.

"İnanılmazdır. Dünya sadəcə bir insan itirmədi. Eyni zamanda yazıçı, alim, aktyor itirdi. Bizimsə daha bir dostumuz aramızdan getdi”, – yumorist Vladimir Vinokur.

"O, 50 yaşından sonra ətdən imtina etmiş, vegeterianlığa keçmişdi. Deyirdi əsl sağlam həyat budur. Bizi də cəlb etmək istəyirdi. Amma ömrünün ən gözəl günlərində amansız xəstəlik onun yaxasından yapışdı. Çox heyif...”, – İqor Nikolayev, bəstəkar-müğənni.

Xatırladaq ki, Mixail Zadornov noyabrın 9-da 69 yaşında dünyasını dəyişib. Satirik ötən ildən bəri beyin xərçəngindən əziyyət çəkirdi.

Zadornovun hikməti

"Əgər sizin xoşbəxtliyiniz bir gündən artıq çəkirsə, deməli, sizdən nəyisə gizlədirlər”.

"Özümüzü başqalarından ağıllı saydığımıza görə, həmişə axmaq durumlara düşürük”.

"Həyat yoldaşına yalan danışmaq – ləyaqətsizlikdir. İş yoldaşlarına, müştərilərinə yalan danışmaq – dələduzluqdur. Xalqa yalan danışmaq isə – siyasətdir!”

"Qadınlar yaşa dolduqca kosmetikanın, kişilər isə zarafatın içində itib-batırlar”.

"Əgər kimsə səni təhqir edirsə, cavab vermə – axı it sənə hürəndə qayıdıb ona hürmürsən...”

"Tanrı bu dünyada üç halda zühur edir: təbiət, məhəbbət və zarafat. Təbiət yaşadır, məhəbbət dirçəldir, zarafat isə dözməyə vadar edir”.

Şəfiqə ŞƏFA