adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Noyabr 2017 00:26
9584
GÜNDƏM
A- A+

ULDUZLARA YAXIN OLMAQ...

Müstəqilliyini qazanmış gənc respublikamızın həyatında elə bir dövr gəlib yetişdi ki, indi onun ərazisində "ucqar", "uzaq" və başqa bu kimi ifadələr işlənmir. Azərbaycanın hansı guşəsinə qədəm qoysan, yalnız abadlığın, infrastruktur müasirliyinin, sosial-iqtisadi və mədəni inkişafın şahidi olub qürur hissi keçirirsən. Son 15-20 ilin bu cür irəliləyişi arxalı düşmənin paxıl gözlərini əbəs yerə çaş salmır da. Rahat magistrallar, dəmir yolu və hava nəqliyyatı istənilən vaxt səni qısa müddət ərzində mənzil başına çatdırır, rahat ovqat yaradır. İnkişafın dinamikliyini təmin edən dövlət qayğısı, cənab Prezidentin icrası uğurla davam etdirilən mühüm sərəncamları ölkəmizin parlaq gələcəyini müəyyənləşdirir. Balakən rayonu da bu nümunələrdən biridir. İki xarici dövlətin sərhədində yerləşən işıqlı, gözəl və müasir Balakən... Vətənin xaricə açılan qapılarından, yollarından biri də buradadır. Bu yoldan təbii ki, dost da, bizi istəməyən də keçib gedir. (Belə bir yanaşmanı vətənini və xalqını canından artıq sevən çox dəyərli və ziyalı bir dostun ali bir məqamda daha mükəmməl və obrazlı ifadə edərək bölgə üçün əlavə qayğı göstərilməsinin bir növ ideya müəllifi olmuşdur).
Bir zamanlar boz və cansıxıcı görüntüsü ilə məhz ucqarlığı ifadə edən Balakən şəhərini indi nə az, nə çox Azərbaycanın İsveçrəsi adlandıranlar da az deyil. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev söhbətlərimiz zamanı qeyd edir ki, Balakənə göstərilən dövlət qayğısı misilsizdir. Bu səbəbdəndir ki, bütün rayon sakinləri cənab Prezidentimizə həmişə minnətdar olduqlarını bildirirlər. Elə bu yaxınlarda rayonda keçirilən 2017-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqda da vətənə yeni töhfələr vermək arzuları ifadə olunmuşdur.
Yığıncaqda məruzə ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev demişdir:
- Hesabatını verdiyimiz cari ilin ötən dövrü balakənlilərin yaddaşında çox əlamətdar hadisə ilə qaldı. Ölkə Prezidenti cənab İlham Əliyev Balakən rayonuna beşinci dəfə səfər etdi. Son beş ildə ölkə başçısının rayona ikinci dəfə gəlməsi onun rayona diqqət və qayğısı, balakənlilərin Prezidentə böyük məhəbbəti hesab olunmalıdır. Avqustun 3-də baş tutan növbəti səfəri zamanı ölkə başçısı Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun və ABAD mərkəzinin açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, görülmüş işləri yüksək qiymətləndirmişdir.
Ölkə başçısı Balakən rayonuna bundan əvvəlki hər gəlişindən sonra Balakən rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli istiqamətində mühüm Sərəncamlar imzalanmışdır. Bu dəfə də bu ənənə davam etdirilmiş, cənab Prezident tərəfindən Balakən rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı üç Sərəncam imzalanmışdır.
5 avqust 2017-ci ildə imzalanan, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında, həmçinin, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 km olan Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri barədə Sərəncam yolların yenidən qurulması layihəsi kimi xüsusi əhəmiyyət kəsb edir.
Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı imzalanmış Sərəncam rayon ictimaiyyətinin, xüsusilə mədəniyyət işçiləri və musiqisevərlərin ürəyincə olmuşdur.
Ölkə Prezidentinin rayonumuza səfəri hesabatını verdiyimiz dövrün sözsüz ki, ən önəmli hadisəsidir və 2017-ci ilin illik hesabatını verərkən bu barədə daha ətraflı məlumat veriləcəkdir. Odur ki, mən rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında ötən dövr ərzində görülən işlər və əldə olunan nəticələr barədə, həmçinin, digər sahələrdə görülən işlər barədə məlumat verəcəyəm...
İ.Rzayevin çıxışında deyildiyi kimi ölkə Prezidenti İlham Əliyevin kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılması ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrasının təmin edilməsi məqsədilə rayonda baramaçılığın, tütünçülüyün və fındıqçılığın daha da inkişaf etdirilməsi sahəsində ardıcıl işlər aparılmış, bələdiyyə, dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrindən səmərəli istifadə edilməsi üçün tədbirlər görülmüşdür. İlin əvvəlindən etibarən baramaçılıq, tütünçülük, eləcə də fındıqçılıq sahəsində prioritetlər və hədəflər, əkin aparılacaq sahələr müəyyənləşdirilmiş və şumlanaraq tütün, fındıq və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi təmin olunmuşdur.
Ötən dövr ərzində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı zəruri hazırlıq işləri aparılmış, emal müəssisələri olan "İntertabacco" MMC və "İlham" MMC ilə müqavilələrin bağlanması təmin edilmişdir. 241 ha sahədə Virciniya, 8 ha sahədə Berley və 279 ha sahədə isə İtiyarpaq növ olmaqla cəmi 528 ha sahədə tütün əkilmişdir. Tütün əkilmiş sahələrin becərilməsi, suvarılması, istehsalçıların texnikaya, mineral gübrələrə olan tələbatının ödənilməsi, həmçinin, sahələrdə bitki xəstəliklərinə və zərərvericilərə qarşı mübarizə aparılması üçün tədbirlər görülmüşdür. Artıq 1147,5 ton Virciniya növü, 96,0 ton quru tütün tədarük olunaraq qəbul məntəqələrinə təhvil verilmişdir. Hazırda təsərrüfatlarda tütün qırımı davam etdirilir.
2018-ci ildə 720 ha sahədə tütün əkilməsi proqnozlaşdırılmışdır. Əkin sahələrinin suvarılması üçün İnterçaydan suvarma kanalı çəkilmiş, əlavə artezianların qazılması nəzərdə tutulmuşdur.
Cari ildə rayonda 12,5 ton barama istehsal edilməsi nəzərdə tutulmuş və bu məqsədlə ilkin hazırlıq işləri görülməklə 250 qutu ipəkqurdu gətirilərək 115 istehsalçıya paylanılmışdır. Nəticədə 11,5 ton barama istehsal olunmuşdur ki, bu da keçən ilə nisbətən 3,7 dəfə çoxdur. Son illərdə baramaçılığın yem bazasının yaxşılaşdırılması üçün tut tinglərinin əkilməsi təmin olunmuş, mövcud tut ağaclarının inventarizasiyası aparılmış, məhsuldarlığın artırılması üçün tədbirlər görülmüşdür.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ