adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Noyabr 2017 18:22
12091
MƏMLƏKƏT
A- A+

Bilik Fondu Dövlət bayramlarına mühazirələr həsr edib

Azərbaycan Prezidenti yanında Bilik Fondu əhalinin maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətini maarifləndirici proqramlar əsasında qurub.

Fonddan Adalet.az-a verilən məlumata görə, elmi, iqtisadi, mədəni, hüquqi, tibbi, ekoloji maarifləndirmə proqramları çərçivəsində görülən işlər müxtəlif layihələri özündə ehtiva edir. Xüsusən dövlət bayramları günlərində Bilik Fondu müxtəlif elm, təhsil müəssisələrində, idarə və təşkilatlarda tanınmış ictimai-siyasi xadimlərin maarifləndirici görüşlərini, yerli və xarici alimlərin mühazirələrini təşkil edir.

Bilik Fondu 9 noyabr – Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibəti ilə tədbirlər hazırlayaraq, bu dəfə də ənənəsinə sadiq qalıb. Tədbirlər Fondun əməkdaşlıq etdiyi elm-təhsil ocaqlarında, rəsmi dövlət qurumlarında, o cümlədən rayon nümayəndəliklərində, Bilik Evlərində keçirilib. Görüşlər canlı, dinamik və interaktiv olmaları ilə fərqlənib, iştirakçılar qonaqlarla ünsiyyət qurub, onları maraqlandıran suallara ətraflı cavablar alıblar.

Bakı Biznes Universitetində dövlət bayramlarına həsr olunan görüş "Azərbaycan Respublikasının Konstitusiyası – dövlət müstəqilliyinin hüquqi əsasıdır” mövzusunda olub.

Tədbiri universitetin prorektoru dosent Sabir Əmirxanov açıb. Prorektor Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev gənclərin hərtərəfli formalaşmasında belə tədbirlərin əhəmiyyətindən bəhs edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Vüsal Hüseynov "Azərbaycan Respublikasının Konstitusiyası – dövlət müstəqilliyinin hüquqi əsasıdır” mövzusunda söylədiyi mühazirədə Konstitusiya Aktının qəbuluna qədər ölkənin keçdiyi tarixi yola diqqət çəkib, Konstitusiyada əksini tapan qanunların xalqın rifahı, firavanlığı, biliklənməsinə birbaşa xidmət göstərdiyni deyib.

Növbəti tədbir Azərbaycan Universitetində gerçəkləşib. Tədbiri Bilik Fondunun Ölkədaxili layihələr sektorunun əməkdaşı, dosent Elnarə Əliyeva açaraq, Fondun layihələri barədə məlumat verib. Təmsil etdiyi qurumla Azərbaycan Universiteti arasında anlaşma memorandumu imzalandığını diqqətə çatdıran natiq birgə tədbirlərin mahiyyətindən söz açıb.

Görüşdə Fondun Lektorlar qrupunun üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov mühazirə söyləyib. Dövlət bayrağı və Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixindən danışan professor çıxışında bildirib ki, üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq, Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

Bilik Fondunun lektoru 23 aylıq AXC dövründə Konstitusiyanın qəbul olunmadığını diqqətə çatdıraraq, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyasının qəbul edildiyini vurğulayıb.

Gədəbəy məktəbliləri də Dövlət bayrağı və Konstitusiyanın dövlətin təşəkkül tapmasında, cəmiyyətin inkişafında daşıdığı önəmli rolun mahiyyətini bir daha aydınlığı ilə öyrənmək imkanı qazanıblar. N.Gəncəvi adına Kiçik Qaramurad kənd tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə tədbir keçirilib. Fondun nümayəndəsi, məktəbin direktoru E. Hüseynov, direktor müavini F.Cabbarov, ədəbiyyat müəllimi T.Musayev iştirakçılara Dövlət bayrağı haqqında ətraflı bilgilər veriblər.

Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Əhməd Cavad adına tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə olub. Zaqatala rayonu Akademik Zərifə Əliyeva adına liseydə də eyni məzmunlu tədbir keçirilib, şagirdlərin hər iki günə həsr olunan çıxışları dinlənilib.

Fondun Şamaxı rayon nümayəndəliyi Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Dəmirçi kənd tam orta məktəbində "Bayrağımız qürurumuzdur" adlı tədbir keçirib. Tədbirdə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Anar Osmanov, məktəbin direktoru Şahmar Quliyev, Fondun nümayəndəsi Gülnurə Babaşova, məktəbin müəllimləri Emil Rzayev, Novruz Heydərov, Səyyad Sarıyev çıxış ediblər.

Astara Bilik Evində olan görüşdə İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova çıxış edərək, üçrəngli bayrağımızın tarixindən, Ümummilli lider Heydər Əliyevin dövlət atributlarına sonsuz hörmət və ehtiramından, ölkə başçısı cənab İlham Əliyevin milli-mənəvi dəyərlərə bağlılığından ətraflı söhbət açıb.

Tədbirdə Astara YAP rayon təşkilatının sədri Firudin Əhmədov, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov maraqlı fikirlər səsləndiriblər. İştirakçılar Gənclər Evində fəaliyyət göstərən Bayraq Muzeyinə ekskursiya ediblər.

Oğuz Bilik Evində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Yusif Naxçıvanski, Etibar Yusifov, Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov və Oğuz Bilik Evinin kollektivi iştirak ediblər.

Fondun Oğuz rayon üzrə nümayəndəsi A.Məcidov "Bayrağımız qürur mənbəyimizdir” mövzusunda mühazirə söyləyib, İcra Hakimiyyəti başçısının müavini Y. Naxçıvanski iştirakçılara dəyərli tövsiyələr verib.

İsmayıllı Regional Bilik Evinin təşkilatçılığı, rayon Uşaq Kitabxanasında və İsmayıllı Mərkəzi Kitabxana Sisteminin dəstəyi ilə "12 noyabr Konstitusiya Günüdür" mövzusunda tədbir keçirilib.

Dövlət bayramları Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən digər Bilik evlərində, Fond nümayəndələrinin çalışdıqları orta məktəblərdə də geniş şəkildə qeyd olunub.